Çəhrayın hekayəti
(Nağıl)
Günəş daha sonra üzünü göylər oğlu Çəhraya tutub dedi:
-Cahanın ən gözəl rəngi olan çəhrayı rəng! Aləmə bərəkət verən torpaq rəngli Çəhray! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin dəyişdi, bozardın? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Altıncı qardaş Çəhrayın Qaraçı haqqında hekayəti
-Ey göyləri,yerləri nura qərq edən Günəş ana! Gördüklərim dəhşət idi. Mən müsibətlər gördüm, acılar çəkdim. Kaş kar olaydım, onları eşitməyəydim, kor olaydım, onları görməməyəydim. Eşidin, gördüklərimi sizə də danışım.
Mən üstünü alov, od almış Mərcan adasına getdim. Adaya ancaq gəmi ilə getmək olur deyə, mən də gəmi ilə gedib adaya çatdım. Bura ada olsa da böyük bir məmləkət idi. Adaya yaxınlaşanda gördüm meşələr od tutub yanır.
Gəmidən təzəcə düşmüşdüm ki, üzü bağlı bir qız məni qırağa çəkib dedi:
-Ey insan, cavansan, sənə yazığım gəlir. Ona görə də sənə deyirəm, tez buradan çıxıb getməsən, səni böyük faciə gözləyir.
Mən ondan soruşdum:
-Qız, mən heç bir faciədən qorxmuram, danış görüm niyə belə qorxa-qorxa danışırsan? Nə baş verib buralarda, niyə hər tərəfdə meşələr od tutub yanır?
-Özünə yazığın gəlsin, cavan. Mən başımıza gələnləri sənə danışana qədər gəlib səni aparıb allahlara qurban kəsəcəklər,- deyib, məni qorxutmaq istədi.
Mən onu sakitləşdirdim:
-Sən nə danışırsan, heç adamı da allahlara qurban kəsərlər? Hansı vəhşiləşmiş məxluq özündən belə əməl çıxardıb? Tanrı birdir və onun yaratdığı hər bir insanın canını onun özündən başqa kimsə ala bilməz.
Mən bunu deyəndə qız lap ürəkləndi:
-Ey cavan, and iç ki, mənim sirrimi bu adada heç kəsə açmayacaqsan.
Bunu deyəndə mən bu üzü bağlı qızdan daha heç nə gizlətmədim:
-Məndən heç nə gizlətməyə bilərsən. Mən göylər oğluyam, sizin köməyinizə gəlmişəm. Hər şeyin düzünü mənə deməlisən ki, məmləkətinizi qan-qadadan qurtara bilim.
Qız bunu eşidən kimi üzünü açdı. Öz adını və kim olduğunu dedi. Bu məmləkətin əvvəlki başçısı gözəl Asiman idi. Asimandan məmləkətdə baş verənlərdən danışmasını xahiş etdim. Qız göz yaşları içərisində danışmağa başladı:
-Ey göylər oğlu! Mənim məmləkətim ən gözəl diyarlardan biri idi. Hamı gözəl yaşayırdı. Bir gün balıqçılar balıq tutanda dəryadan bir sandıq tapdılar. Sandığı açanda içərisindən bir qara oğlan çıxdı. Onun on yaşı olardı. O, bizim danışığımızı, biz də onun danışığını başa düşmürdük. Qara oğlanı apardılar başçının, yüəni mənim atamın yanına. O, köməkçilərinə əmr etdi ki, oğlanı yedirtsinlər və yavaş-yavaş ona dilimizi öyrətsinlər.
Bir müddətdən sonra oğlan dilimizi öyrəndi, başçıya dedi ki, mən qaraçı tayfasındanam və məni atamın düşmənləri qoyublar sandığa atıblar dənizə. Elə o vaxtdan da oğlanın adı Qaraçı qaldı.
İllər keçdi, oğlan böyüyüb on altı yaşlı yaraşıqlı bir oğlan oldu. Mən, bu axmaq başımla bir könüldən min könülə oğlana aşiq oldum. Atam bizə xeyir-dua verib, toyumuzu elədi.
Atam çox qocalmışdı. Bir müddət keçəndən sonra o öldü və vəsiyyət elədi ki, yerinə mən başçı olum. Atam ölən kimi tayfa başçıları yığılıb məni başçı seçdilər. Amma elə ki, hamilə oldum, ərim Qaraçı mənə dedi:
-Sən hamiləsən. Belə vəziyyətdə tayfalara başçılıq eləməyin həm ayıbdır, həm də günahdır. Ona görə də bütün tayfa başçılarını yığ, onlara de ki, tayfalara başçılığı mənə tapşırırsan.
Mən Qaraçıya inanırdım və onu çox sevirdim. Onun sözünü yerə salmadım. Bütün ada əhlini bir yerə toplayıb əyan etdim:
-Ey ada əhli! Mən bu gündən belə, adaya başçılığı Qaraçıya tapşırıram. Hamı onun əmrinə itaət eləməlidir.
Sözümdən çıxmayıb hamı mənimlə razılaşdı. Həmin gündən Qaraçı tayfalara böyüklük elədi. Elə o gündən də gözəl diyarımızın qara günləri başladı.
Adada gündə bir-iki adam yoxa çıxırdı. Bu sirrdən heç kəsin başı çıxmırdı.
Bir gün gündoğandan adaya güclü bir qasırğa gəldi. Qasırğa bir neçə komanı dağıtdı.
Hava sakitləşən kimi Qaraçı hamını bir yerə toplayıb dedi:
-Siz adada yaşayırsınız, dünyadan xəbəriniz yoxdur. Heç vaxt allahlarımıza səcdə eləmirsiniz, onlara qurbanlar kəsmirsiniz. Ona görə də allahlar bizdən inciyiblər. Onlar yaxınlarda bu adanı dənizin dibinə göndərmək istəyirlər.
Mən ərimin qarşısında baş əyib dedim:
-Ey qüdrətli başçı! Biz Allahımıza inanırıq və həmişə ona dua edirik ki, bizi və adamızı qorusun!
Qaraçının hirsindən qara rəngi bir az da qaraldı, o dedi:
-Yox, mən həmişə allahlarla danışıram. Onlar bizlərdən incikdirlər. Su allahı inciyir ki, mən sizə bu boyda dəniz vermişəm, siz mənə qurban vermirsiniz. Torpaq allahı inciyir ki, mən sizə bu boyda ada vermişəm, hələ bu vaxta qədər siz mənə qurban verməmisiniz. Göy allahı ona qurban kəsmədiyimizə görə bizdən küsüb. Onlar hamısı mənə deyirlər ki, əgər bu günlərdə mənə çoxlu qurbanlar verməsəniz adanızı alt-üst edəcəyik. Qurbanlar isə ancaq adamlardan olmalıdır.
Bunu eşidən tayfa camaatı zülüm-zülüm ağlamağa başladılar. Başçıdan kömək istədilər. Mən ərimin üstünə qışqırdım:
-Sən nə danışırsan, heç adamdan da qurban olar?
Başçı bundan qəzəblənib əmr etdi ki, mənim əl-qolumu bağlayıb zirzəmiyə atsınlar. Onun əmri ilə məni zirzəmiyə saldılar. Mənim qorxudan və həyəcandan bətnimdəki körpə tələf oldu. Keşikçi yaxşı adam idi. Bunu görəndə mənə təskinlik verdi:
-Asiman, qoy Allah özü mənim günahımdan keçsin, amma məncə, atası Qaraçı olan bir övladın dünyaya gəlməməsi daha məsləhətdir.
Keşikçi çox sadiq adamdı. Gizlincə məni azad elədi. Mən də həmin vaxtdan bu balaca mağarada gizlənirəm. Keşikçi tez-tez adada olanlardan mənə xəbər gətirir.
Qaraçı camaatı aldadıb, inandırıb ki, allahlara mütləq qurban vermək lazımdır.
Qaraçının əmrinə görə hər tayfa başçısı ona gündə bir qurban gətirməlidir. Əgər başçılardan hansısa qurban gətirməsə, onda onun özünü allahlara qurban edirlər. Tayfa başçıları qorxudan onun əmrini yerinə yetirirlər. Camaat qorxudan qaçıb meşələrdə gizlənir. Bizim meşələr çox sıx olduğundan gizlənəni tapmaq çox çətin olur. Ona görə də Qaraçı əmr edib ki, meşələri yandırsınlar. İndi mənim məmləkətim od tutub yanır. Mən necə ağlamayım?
Asiman bütün bunları göz yaşları içərisində danışdı
Mən Asimana ümid verdim ki, onun məmləkətini Qaraçının zülmündən qurtaracağam. Sonra isə Sehr ulduzunu köməyə çağırdım. Ona hər şeyi danışdım. Sehr ulduzu bir anda şimşək çaxdırdı. Şimşək elə şiddətli idi ki, ada bərkdən silkələndi. Adanın ən hündür yerində yerləşən qəsr şimşəyin odundan yanmağa başladı. Qəsrdəkilərin hamısı qaçıb canın qurtardı. Qaraçı qaçmaq istəyəndə isə ildırım çaxdı və onu elə vurdu ki, yerindəcə qapqara qaraldı və öldü. Bundan sonra yağış başlandı. Leysan yağış yanan meşələri söndürdü.
Asiman sevindiyindən ayaqlarıma düşüb, mənə minnətdarlıq bildirdi. Mən onu ayağa qaldırdım. Ada camaatı onu özünə təzədən başçı seçdi. Mən adanın adamları ilə halallaşıb ayrıldım. Özüm də onlara köməyim dəydiyinə çox sevindim. Üzümü göyə tutanda gördüm ki, Sehr ulduzu da sevindiyindən alışıb yanır.
Ey müqəddəs Günəş! Mən sənin tapşırığını yerinə yetirdiyimə və göylərimizi qan-qadalı tüstüdən azad elədiyimə görə özümü xoşbəxt sayıram.
Günəş Çəhrayın bu sözlərindən daha da şölələndi.
Sonra isə Günəş üzünü Sarıoğlana tutub dedi:
-Qardaşlar içərisində ən nurlu rəng! Şəfəqlərimin rəngində olan Sarıoğlan!
De görüm, getdiyin yerlərdə nələr gördün, hansı qan-qadanı dayandırdın? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Ardı var ...
Günəşlə göy qurşağı qardaşlarının söhbəti
Göyoğlanın hekayəti
Ağoğlanın hekayəti
Qaraoğlanın hekayəti
Qırmızın hekayəti
Yaşılbaşın hekayəti
Sarıoğlanın hekayəti