Səsimə səs verin

Səsimə səs verin

Salam! Məni siz oxuyursuz. Buna görə təşəkkür edirəm. Yeni yazımı göndərirəm. Bu yazı qatillərə aiddir. Ümidvaram sənə aid deyil, Noy. Çünki inanmıram savadlı insan qatil ola. Qatil yalnız cahil ola bilər. Düşüncəm belədir. Yazıya nə cür istəsəniz ad qoya bilərsiz. Mənsur-hekayə, müraciət, ürəkdən gələn sətirlər və s. Ürəyimdən gəlib yazmışam.  Məsləhət bilsəniz təcrümə edib foruma qoyarsınız. Bir də sizdən xahişim var. Bizim uşaqların müharibədə başına gələnlərdən hekayələr yazıram. Siz də elə dəhşətli faktlar bilsəniz mənə göndərin, onlardan da yazım. Söz verirəm, nə yazsam sizə də göndərəcəyəm. Arin birini yazıb, uşaq vaxtı anası onu necə tərbiyə edib. Türk balasına daş atsan sənə dondurma alacağam, mən də ona hekayə yazıram. Tamam olan kimi sizə də göndərərəm.

 

 Bir gün mütləq Vətənimə - Ermənistana qayıdacağam!

 

Günəş isidir, dünyanı işıqlandırır, gözəlləşdirir.

İnsan yaşayır, yaradır, sevincə çatmağa can atır.

Körpə yeriyir, gülür, sevinir, ətrafda hamını sevindirir.

Bir çinar ucalıb budaqları ilə, bulaq qaynayıb, sərin suyu ilə ürəkləri sərinlədir.

Bir körpə ana qucağında isinir. Bir ana körpəsini yatağına uzadıb üzündən öpür.

Bir qara bulud Günəşin qarşısını kəsir. Şimşək səsi ilə ətrafa qorxu səpir.  

Bir körpə uzaqdan “ana” səsləyir, səsinə səs verən, fəryadına “can” deyən yox...

Körpə ölüm borusuna salınmış, sonu olmayan, havası çatmayan dəmir boruya.

Necə qıydın?

Ey ölüm qoxan, ölüm səpən! Hər tərəfə qaranlıq səpdin. Özün də sonra qaranlıqda qaldın. Gülürsən, sevinirsən, ürəkdə yox üzdə, yalandan.

İçir, hey içir, sərxoş da olmursan, çünki Tanrının sevgidən, sevgi ilə yaratdığını -  insan məhv eləmisən. Tanrı da qəzəblənib, sevincini əlindən alıb.

Ey Tanrının yaratdığı, şeytanın aldatdığı! Səni aldatdılar! Məhv elədiyin səni də məhv elədi. Üstünə qan tökdüyün torpaq daha lazımın olmadı. Çünki həmin torpaqda arxanca günahsız körpələrin ruhu gəzir.

Qorxutmuram səni... Sağ olmayan qorxmaz...

De, sən hər kəs kimi Ay işığında qorxmadan, dərdsiz-sərsiz uzanıb ulduzlara baxa bilərsənmi? 

Qan axıtdığın torpağın üstündə gəzəndə ürəkdən sevinə bilərsənmi?

Ayna qarşısında xəcalət çəkmədən özünə baxa bilərsənmi?

Yəqin özünlə tək qalmaqdan qorxursan. Şeytan dedi, sən də elədin. De, bəs həmin vaxt vicdanın hardaydı?

Ağılsız! Heç milyon qəbirlik torpağı da sevincə dəyişərlərmi? Qiyməti bir kəfən dəyərində olan torğaq üstündə də qan tökərlərmi?

Aynaya bax, gör bir-birimizə necə oxşayırıq? Niyə də oxşamayaq? Bir elin, bir torpağın balasıyıq. Tək bir fərqimiz var. Sən müharibə, mən sülh sevirəm, sən qatilsən, mən isə insan. Elə bir insan ki, düşmən balasını vura bilməyən yox, bir şillə belə vurmağa qıya bilməyən insan. Nə böyük fərqimiz var.

Biz bir adamıq. Bir Tanrının övladlarıyıq. Bizi ayıran təkcə din yox, həm də yüz illərlə ürəyində bəslədiyin kindi.

Qədimdə acgöz tayfaların yemək üstündə, var-dövlət üstündə, qarət məqsədilə uydurduqları din. Sənin dinini ərəblər dəyişə bilməyib. Mənimkini dəyişib. Biz döğma olmuşuq, sevincimiz, kədərimiz bir olub. Toyumuz, yasımız bir olub. Bacımız, qardaşımız bir olub. Sarı gəlinin bir hörüyü sən, bir hörüyü mən olmuşam. Hörüyü kəsib ananı gəlinsiz qoydun. Gör nəyi nəyə dəyişdin. Necə qıydın? Heç utandın?

Kinlə, nifrətlə, qan tökməklə torpağın da ola bilər, var-dövlətin də, şərabın da, eyş-işrətin də... Təkcə sevincdən və sevgidən başqa, hər şeyin... Deməli heç nəyin...   

Sən isə elə hey içirsən, qədəhin boşalıb sınana qədər, dərddən dolu, boş başın masaya çırpılana qədər.

İnan, nə qədər içsən də hər yanda şərab axtaracaq, elə hey axtaracaqsan.       

Saqqal basmış üzündən, çuxura düşmüş gözlərindən aynada özünü tanımayacaqsan. İnsan öldürəndən hər gün, hər an dəyişirsən, hər gün insanlıqdan uzaqlaşırsan. Dərdinə çarə yox, zavallı. Nə su səni yuyub pak eləyəcək, nə torpaq eyibini örtüb-basdıracaq!  

Yaşıdların sevinir, sənin isə həyatını həqiqətdə heç kəsə lazım olmayan torpaq uzaqlara aparıb. Gözlərindən yaş əvəzinə qan tökülür. Gözlərin məhv olmuş gəncliyinə, həyatına ağlayır.

Təəssüf, qələbənə ara qatan ruslardan savayı heç kəs sevinmir. Nə dost, nə düşmən, nə sən, nə mən... De, kimə lazım imiş kimsəyə lazım olmayan qələbən?... Sevincə dəyişdiyin “vətən”..?

Gecənin nəğməsinə qulaq as...

 Cırcırama susub, daha oxumur. Gecənin zülmətində eşitdiyin səs həmin uşaqların fəryadıdır. Eşidirsən?

Unutma! Hər kəs öz yaratdığını, yarada biləcəyini məhv edə bilər. Sən isə insan məhv eləmisən!!! 

 Güzgünü yerə vurub sındırır, çilik-çilik edirsən. Sınmış güzgü parçalarında uşaqlar çoxalır,  hamısı “ana” çağırır. Qulaqlarını tutsan da günahsız uşaqların fəryad səslərini eşidirsən, çünki səslər içindən gəlir.

Ey insan öldürən! Səsimə səs ver! İnsan öldürüb sonra insan kimi yaşamaq olarmu?  

Bir gün mütləq vətənimə - Ermənistana qayıdacağam! Sizə, “Ayıb olsun!” – demək üçün qayıdacağam!

Ey “Open Armeniya” forum iştirakçıları və Vətənimi qan ilə suvaranlar! Səsimə səs verin! İnsan öldürüb sonra insan kimi yaşamaq olarmı?