Ağoğlanın hekayəti

Ağoğlanın hekayəti

(Nağıl)

Bundan sonra Günəş üzünü Ağoğlana tutdu:

-Göyümüzün ağ rəngi, yaraşıqlı göy qurşağı Ağoğlan! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin dəyişdi? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?

İkinci qardaş Ağoğlanın romalıların karfogenlilərlə müharibəsi haqqında hekayəti

-Cahanı nurlandıran ana! Səndən qeyrisi məni belə bir buyruğa göndərsəydi, mən ölümümə razı olardım, amma belə qəddar insanların arasına getməyimə razı olmazdım. Qulaq asın, başıma gələnləri sizə nağıl edim.

Mən, üstünü ən çox qara duman almış Roma məmləkətinə yollandım. Roma hökmdarı müharibə edərək, başqa yurdları viran qoymaqdan yorulmaz, var-dövlət yığmaqdan doymazdı. Onun Varron adlı qaniçməkdən doymayan bir qoşun başçısı var idi. O, hər dəfə müharibədən qayıdanda ölkəsinə minlərlə əsir gətirər, onları qula çevirərdi. Ölkə camaatını müharibələr bezdirmişdi.

Bunula belə, Roma hökmdarı yenə də növbəti müharibəyə hazırlaşırdı.

Bir gün şahın carçısı car çəkir ki, sübh tezdən bütün kişilər bir nəfər kimi qoşun başçısının yanında olsunlar. Bunu eşidən camaatın fəryadı göyə yüksəlir. Arvadlar ağlamağa, şivən qoparmağa başlayırlar. Amma bu ah-vayın heç bir köməyi olmur. Sübh tezdən məmləkətin döyüşə bilən bütün kişiləri meydana toplaşırlar.

Roma qoşunları karfagenlilərlə müharibə etməyə, onların torpaqlarını almaq üçün hücuma keçməyə hazırlaşırdı.

Karfagenlilər dinc yaşamağı xoşlar, qonşu ölkələrlə də mehriban münasibətlər saxlamağa çalışardılar. Onlar müharibəyə hazır deyildilər və qoşunları da romalılardan çox az idi.

Müharibə istəməyən karfagenlilərin başçısı Roma hökmdarına xəbər göndərir ki, nahaq yerə qan tökülməsi hələ heç bir hökmdara şan-höhrət gətirməyib. Nə qədər ki, gec deyil, bu yoldan geri dönsün.

Amma Roma hökmdarı bu xahişə məhəl qoymadan karfagenliləri döyüşə çağırır.

Mən o vaxt yetişdim ki, hər iki qoşun İtalyano şəhərinin Kanna kəndində üz-üzə dayanmışdılar. Onlar döyüşün başlanması əmrini gözləyirdilər. Mən əvvəlcə Roma hökmdarına və onun qoşun başçısı Varrona yaxınlaşdım və dedim:

-Ey böyük hökmdar! Mən göylər oğluyam, göylərdən gəlmişəm. Məqsədim qan-qadanı dayandırmaq, adamlara kömək etməkdir. Yerləri və göyləri ah-nalədən qorumaqdır. Bilmək olarmı ki, müharibə etməkdə sizin məqsəd-məramınız nədir?

Roma hökmdarı mənim sözlərimə uğunub getdi. Cavabı isə qoşun başçısı Varron verdi:

-Roma hökmranlığından başqa dünyada heç bir hökmranlıq olmamalıdır. Karfagenlilər isə bizə itaət etmək istəmir, torpaqlarını öz xoşları ilə bizə vermək istəmirlər. Buna görə də onlar bizim qulumuza çevrilməlidirlər.

Mən onları bu səhv addımdan çəkindirmək istədim:

-Bəlkə nə qədər ki gec deyil, bu nahaq qan tökməni dayandırasınız?

Sözlərimdən qəzəblənən Varron qılıncı mənim başım üstünə qaldırıb dedi:

-Sən öz sözlərinlə bu muharibədə birinci qurban olmağa layiqsən!

Elə qılıncı başıma endirmək istəyəndə bu vaxt Sehr ulduzu vaxtında mənim köməyimə çatıb, məni yox elədi.

Sonra mən karfagenlilərin hökmdarının hüzurunda baş əyib dedim:

-Ey böyük hökmdar! Mən göylər oğluyam, göylərdən gəlmişəm. Məqsədim qan-qadanı dayandırmaq, adamlara kömək etməkdir. Yerləri və göyləri ah-nalədən qorumaqdır. Bilmək olarmı ki, müharibə etməkdə sizin məqsəd-məramınız nədir?

Hökmdar olmağına baxmayaraq, o da mənə baş əydi və dedi:

-Əgər sən həqiqətən də göylər oğlusansa, sən müqəddəssən, mən və mənim qoşunum sənin qarşında baş əyirik və sənə əyan edirik ki, bizim müharibədə bircə məqsədimiz var. Üstündə gəzdiyimiz və əkib-becərdiyimiz torpaqlarımızı düşməndən qoruyaq. Biz onlardan çox azıq. Amma qırılsaq da gərək torpağımızı qoruyaq. Qoy göydəki Tanrımız bizi qorusun.

Bu sözləri eşidəndən sonra mən Sehr ulduzundan xahiş etdim ki, göydəki ulduzları karfagenlilərin başları üzərinə səpələsin.

Özüm isə göylərə qayıdıb oradan bu dəhşətə tamaşa elədim. Döyüş cəmi bircə gün çəkdi. Çox qüdrətli roma əsgərləri bu döyüşdə yetmiş min əsgərdən əlli minini bircə gündə itirdilər.

Karfagenlilər döyüşdən qalib çıxdılar. Dünya hökmdarları bu müharibəyə möcüzə kimi baxdılar.

Həmin gündən darmadağın olan Romalıların daha heç bir ölkəyə hücum etməyə gücləri qalmadı. Başqa ölkələrin canı da bu qaniçənlərdən qurtardı. Bizim də göylərimiz ərşə qalxan müharibə tüstülərindən təmizləndi.

Cahana nur verən ana! Mən özümü bəxtiyar sanıram ki, sənin tapşırığını yerinə yetirdim.

Günəş Ağoğlanın hekayətindən sonra qəmgin oldu.

Ağoğlan soruşdu:

-Niyə kefin pozuldu, Günəş ana?

-Gör bircə günün içərisində nə qədər adam məhv oldu. Bir acgöz hökmdarın ucbatından. Sən düz eləmisən ki, ulduzları karfagenlilərin başlarının üstünə səpmisən. Başqa çarə yox imiş. Romalılar qalib çıxsaydılar, karfagenliləri qıracaq, sonra isə başqa ölkəyə hücum edəcəkdilər.

Günəş məyus-məyus üzünü göylər oğlu Qaraoğlana tutdu:

-Sakit gecələrimizin qara rəngi, Qaraoğlan ! De görüm, getdiyin yerdə nələr gördün? İnsanların arasında başına nələr gəldi ki, rəngin belə bozardı? Getdiyin məmləkətdə qan-qadanı silə bildinmi? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?

Ardı var ...