Evcik-evcik

Yığışdı oyuncaqlar,
Qəşəng süfrə açdılar,
Məni də çağırdılar
Oldum onlara qonaq.
Gətirdilər, bal və yağ, 
Bişirdilər qayqanaq. 

Yeyəndən sonra dedim:
Hamınız yaxın gəlin!
Ağ ayı, boz canavar!
Qıvrımsaç kuklam Nigar!
Sarı pişiyim Məstan,
Atılıb-düşən dovşan!
Gəlin, hamı yığışaq, 
Evcik-evcik oynayaq!”.

“Uraaa” – hamımız dedik,
Sonra qəşəng geyindik. 
Başladı, böyük şənlik,
Oynadıq-evcik-evcik .

Hörümçək mağar qurdu,
Barama onu qəşəng, 
İpək sapla toxudu.
Ağacdələn nağara,
Cırcırama tar çaldı.
 Ayşən də Çəyirtkəylə, 
“Naz eyləmə”, oynadı.
Hamı doyunca gülüb,
Onları alqışladı.

Cücülər oxudular, 
“Cücələrim” mahnısını,
Cücələr də səs verdilər, 
“Cip-cip, cip-cip” elədilər.

Hər kəpənək bir bülbülün, 
Uçaraq boynuna qondu.
Bülbüllər çox məlahətli, 
Gözəl bir səslə oxudu: 
“Qoy həmişə Günəş olsun
Qoy həmişə anam olsun,
Qoy həmişə biz olaq!”. 

Düzüldülər göyərçinlər,
Göy üzünə birər-birər,
Ordan bütün dünyaya,
Sülh və sevgi göndərdilər.