Ötən gecə bir röya gördüm. Röyamda gördüm, vətənimdə Ermənistandayam, hər tərəf əvvəlki kimi gül-çiçəkdir, hamı sevinir, şadlanır. Eşidirəm: “Sülh bayrağı qaldırın, biz səhv eləmişik, nəyə lazımdır müharibə, insan-insana qardaş olmalıdır. Hamı bir-birinə can-deyib, can eşitməlidir”, deyirlər.
Belə deyib göyə çoxlu ağ göyərçin buraxır, “Yaşasın azərbaycan-erməni dostluğu!” deyib qışqırırlar. Sən də de, deyirlər, sonra isə göyərçini göyə uçurt. Deyilənə qulaq asıram. Deyiləni mən də edirəm. Nəsə deyirəm, amma səsim çıxmır. Ağlayıram, gözümdən yaş əvəzinə qan tökülür. Köksümə sıxdığım göyərçini havaya buraxıram. Ağ göyərçin göydə ağ buludlara qarışır, buludlar yağışa dönüb şəhidlərimizin məzarına yağır. Mən isə EA (Ermənistan-Azərbaycan) səddindəki polad darvazanı açıb yavaşca sərhəddi keçirəm, sonra isə yenə darvazanı möhkəm bağlayıram. Səs həmişəlik kəsilir.