Göyoğlanın hekayəti

Göyoğlanın hekayəti

(Nağıl)

Birinci qardaş Göyoğlan Gəncə məmləkəti haqqında hekayətinə belə başladı:

-Müqəddəs Günəş ana! Mən göylərdən od-alovu, tüstünü, dumanı təmizləmək üçün üstünü qara duman almış Gəncə məmləkətində oldum.

Gördüklərimdən dəhşətə gəldim. Kaş ki, görər gözlərim kor olaydı, belə dəhşəti görməyəydim. Kaş ki, eşidər qulaqlarım kar olaydı belə nankorluq haqda eşitməyəydim.

Məmləkət od tutub yanırdı. El-oba qan ağlayırdı. Hər yan xarabalığa çevrilmişdi.

Kimdən nə soruşdumsa, mənə cavab verən olmadı. Hamı qaçhaqaçda idi.

Bir də gördüm ki, bir kişi başını dayayıb şəhərin bir tay qalmış darvazasına, hönkür çəkib ağlayır. Ona yaxınlaşıb soruşdum:

- Ey allah bəndəsi, nə baş verib bu məmləkətdə ki, hər tərəf od tutub yanır, hamı təlaş içərisində o tərəf, bu tərəfə qaçır? Bu qaçhaqaçda bəs sən niyə başını dayamısan bu tay qalmış darvazaya, zülüm-zülüm ağlayırsan? Bütün bunlardan məni agah et, mən göylərin oğluyam, adım da Göyoğlandır. Ruhumda müqəddəslik var, bəlkə bu başıbəlalı məmləkətin camaatına köməyim dəyə bildi.

-Ey Göyoğlan ! Ruhundakı müqəddəslik qarşısında baş əyirəm. Amma mənim elimə, obama indi heç kəsin köməyi dəyə bilməz, - deyə kişi gözlərinin yaşını dayanmadan tökdü.

-Ümidini Tanrıdan qırma ! Başına gələnləri mənə də danış. Peşiman olmazsan. Əvvəlcə de görüm, sən kimsən, niyə sənin məmləkətin bu haldadır? – soruşub, kişinin gözlərini sildim.

Kişi el-obasının başına gələn müsibətləri danışmağa başladı:

-Üzünün nurundan qəlbi təmiz adama oxşayırsan. Geyimindən qərib qonağa bənzədirəm səni. Qərib, bil və agah ol. Bizim Gəncə məmləkəti həmişə çox gözəl və zəngin bir diyar olub. Dörd bir tərəfimizdə yaşayan acgöz qonşu hökmdarlar onun var-dövlətini ələ keçirmək üçün daima müharibələr edib, camaatımızı qırıblar. Bax, indi qırdıqları kimi. Tayı-bərabəri olmayan şəhərimizi dağıdıblar, bax, indi dağıtdıqları kimi.

Mən ustayam. Adım İbrahim Osmandır. Cavanlıqdan bəri sidq ürəklə məmləkətimizi əllərimin zəhmətilə bəzəmişəm. Yeddi-səkkiz il öncə Gəncəmiz bəzəkli gəlinə bənzəyirdi. İndi isə gördüyün gündədir. Bax, indi bir tayı qalmış dəmir darvazanı da mən bu sınmış əllərimlə bura bərkitmişəm. Onun üstünün bəzəklərini min bir həvəslə işləmişəm. Gecələri yatmamışam, gündüzləri dincəlməmişəm, gözəl məmləkətimizi pis niyyətlə gələnlərdən qorumaq üçün bu darvazanı düzəltmişəm.

Məmləkətimizin üstündə çox davalar olub, çox qırğınlar olub, qonşu məmələkətin gürcü çarı Demetrenin və onun əsgərlərinin qəddarlığı isə elimə-camaatıma lap dağ çəkib. Qulaq as, danışım, sən də bil.

Bu gün bir ay olar ki, başımıza müsibət gəlib. Məmləkətimizdə böyük zəlzələ olub. Torpaq aralanıb, üç yüz minə qədər adamımızı udub. Camaat özünə gəlməmiş gürcü çarı məmləkətin üstünə qoşun göndərib ki, şəhəri talan edib, qənimət əldə eləsinlər. Bütün varımızı-dövlətimizi yığıb-yığışdırıblar. Apardıqları azmış kimi acgöz gürcü çarının əmri ilə əsgərlər bu darvazanın da bir tayını çıxarıb aparıblar.

Usta elə ağlayırdı ki, gözlərindən elə bil yaş əvəzinə qan tökülürdü. Mən baxdım ki, dəmir darvazanın naxışları doğrudan da çox gözəldir. Darvazanın üstündə xırda-xırda naxışlarla biri-birindən gözəl mələklərin əksi işlənmişdi. Amma mənim üçün maraqlı idi ki, niyə qarətçilər qapının təkcə bir tayını aparıblar, ona görə də ustanın sözünü kəsdim:

-Bəs onlar nə əcəb qapının təkcə bir tayını aparıblar, o biri tayına dəyməyiblər?

Usta İbrahim Osman dedi:

- Qapının bu tayının bəndini torpağın çox dərininə basdırmışam deyə, onu çıxarda bilməyiblər. Göyoğlan, eşit, mən müsibətimizin gerisini sənə nağıl edim.

Mən ustanın dərdinə qulaq asmağa başladım. O, dərindən ah çəkib, söhbətini davam elədi:

-Zəlzələdən sonra məmləkətin ən hündür dağı, Kəpəz dağının bir tərəfi uçub, Ağsu çayının qarşısını bağlayıb. İndi o çay mənim elimə axmır, yurdum susuz qalıb. Çay axan səmtini dəyişib qonşu məmləkətə döndərib. Başı müsibətlər çəkmiş camaatımız bir tərəfdən də susuz qalıb. Bir-iki günə yəqin zəlzələdən, müharibədən sağ qalanlar susuzluqdan qırılmağa başlayacaqlar.

Bax, başımıza gələn müsibətlər bunlardır, mən buna görə hönkür-hönkür ağlayıram. Bilirəm ki, bu bəla bizlərə Tanrıdan gəlib, heç bir bəndə bizə kömək eləyə bilməz.

Məni də ağlamaq tutdu, ürəyi nazik bu qocanın titrəyən, qiymətli əllərindən tutub dedim:

-Usta, mən əlimdən gələni edəcəyəm ki, sənin elinə, camaatına köməklik göstərim.

Mənim sözlərimdən o, bir az da kövrəldi. Sonra mən üzümü göylərə tutub Sehr ulduzunu çağırdım və bu məmləkətə kömək üçün ondan sehr istədim. Hər şeyi İbrahim Osmanın danışdığı kimi ona danışdım. Sehr ulduzu qəzəbləndi:

-Mən elə bu zamandan sehr duası oxuyub Gəncə məmləkətinə qonşu olan bütün məmləkətlərin bərəkətlərini alıb bu yurdun üstünə tökəcəyəm. Qoy onların acgöz camaatı ömürləri boyu dayanmadan işləsinlər, amma heç bir var-dövlət sahibi olmasınlar. Gəncə məmləkəti isə günü-gündən varlansın, acgöz qonşuları onlara baxıb paxıllıqdan yansınlar. Camaatın isə susuz qalmaması üçün böyük bir göl yaradacağam.

Mən məətəl-məətəl Sehr ulduzuna baxdım:

-Əgər su axıb başqa məmləkətə gedirsə, sən gölü necə yaradacaqsan?

İndi görərsən, deyib Sehr ulduzu par-par parıldadı. Bu vaxt uzaqdan görünən hündür bir dağ iki yerə bölünüb aralandı.

-Bu bizim ən hündür dağımız - Kəpəz dağıdır. Ey sehrli varlıqlar, mənə deyin görüm, niyə Kəpəz dağı iki yerə bölündü, - deyə İbrahim Osman soruşdu.

Sehr ulduzu cavab verdi:

-İki yerə bölünmüş Kəpəz dağı indi Ağsu çayının axan səmtini dəyişəcək və orada böyük bir göl əmələ gələcəkdir. Həmin göl də daşanda sənin məmləkətinə axacaqdır. Bununla da camaat susuz qalmayacaq.

Bundan sonra Sehr ulduzunun bütün dedikləri bir anda baş verdi. Kəpəz dağının uçulduğu yerdə elə bil tufan başladı ki, yerin torpağı göyə sovruldu. Torpağı sovrulmuş yerdə böyük boş yer yarandı. Çayın suyu axıb həmin boş yerə tökülməyə və oradan da məmləkətin məhəllələrinə axmağa başladı.

Usta İbrahim Osman suyu görən kimi sevincək oldu və mənim əllərimdən tutub öpdü, minnətdarlıq bildirdi:

-Mənim elimi susuzluqdan qurtardığına görə çox sağ ol, ey nəcib cavan. Bir də izn ver, bu gölün adını sənin adınla Göy-göl qoyum.

Mən razılığımı bildirdim. İbrahim Osmanla görüşüb ayrıldım. Ayrılanda ona məmləkətlərində bir daha qara günlər olmamasını arzuladım.

Mənim gördüklərim bunlar oldu, Günəş ana, kaş ki, görməz olaydım. Eşitdiklərim bunlar oldu, Gözəl ana, kaş ki, eşitməz olaydım.

-Düz deyirsən, Göyoğlan, bu məmləkətin başına gələnlər mənim də qəlbimi göynətdi. Sən çox düzgün eləmisən ki, onları susuz qoymamısan. Mən öz istimi bu məmləkətin üstündən heç vaxt əskik eləməyəcəyəm. Qoy bizim müqəddəs ulduzlarımız da də bu məmləkətin camaatının başı üstündə olsun.

Qoy Ulu Tanrı özü də Gəncə elinin həmişə başının üstündə olsun, onu pislərdən, xainlərdən və acgözlərdən qorusun!

Ardı var ...