Qırmızın hekayəti
(Nağıl)
Dördüncü qardaş Qırmızın Süleyman şah haqqında hekayəti
-Hər yeri nura qərq edən Günəş ana! Getdiyim diyarda çox müsibətlər gördüm, çox acılar çəkdim, amma şükr olsun qüdrətli Allahın kərəminə ki, sənin yanına üzüqara qayıtmadım. Getdiyim məmləkətin üstünü qara dumandan təmizlədim. İndi qulaq as, başıma gələnlərin hamısını sənə danışım.
Mən getdiyim məmləkət Süleyman şahın məmləkəti idi. Süleyman şah məmləkətində təzə doğulmuş bütün qız uşaqlarını məhv edir, onları tonqalda yandırırdı. Amma deyilənlərə görə o, vaxtilə çox ədalətli şah olubmuş.
Əvvəlcə öyrəndim ki, Süleyman şahın ən çox sevdiyi xanımı Hüri xatun ərinə xəyanət eləyərək, hər gecə şah yuxuya gedəndən sonra vəzirlə görüşürmüş.
Bundan şübhələnən şah bir gecə onları güdmək qərarına gəlir.
Gecə şah özünü yatmışlığa vurur. Huri xatun gözləyir, şah yuxuya gedəndən sonra yerindən qalxır və xəlvətcə yola düşür zirzəmiyə. Oradan yerin altına yol açılırmış. Huri xatun bu yolla gedir, gedir, gəlib çıxır böyük və yarıqaranlıq bir otağa. Burada hamı kefdə idi. Çalan kim, oynayan kim, bir sözlə hamı əylənirmiş. Vəzir də onların arasında imiş. O, Huri xatunu görən kimi hirslənir və ayağa durub ona möhkəm bir sillə vurur:
-Sən mənim lap zəhləmi tökmüsən. Hər gün görüşümə gecikirsən. Bundan lap təngə gəlmişəm. Sabahdan bir də görüşümə gəlmərsən.
Huri xatun bunu eşidəndə düşür vəzirin ayağına:
-Ey sahibim ! Yalvarıram sənə, belə qərar vermə ! Mən ölümümə razıyam, səndən ayrılmağıma yox. Mən nə günahın sahibiyəm ki, şah gec yuxuya gedir? Mən o yatandan sonra sənin görüşünə gələ bilirəm. Al, bu barmağımdakı üzüyü sənə verim, amma günahım varsa, keç günahımdan.
Vəzir hirsli-hirsli üzüyü alıb, bir yana tullayır:
-Bir şərtlə günahından keçərəm ki, ayağımın altından öpəsən.
Huri xatun sevinə-sevinə vəzirin ayaqlarının altından öpür.
Bu vaxt şah onların hər ikisini öldürmək qərarına gəlir. Nə qədər istəyir gizləndiyi yerdən ayağa qalxsın, qalxa bilmir. Elə bil qəlbinə qılınc saplanıbmış. Huşunu itirib gizləndiyi yerdəcə səhərə qədər qalır.
Səhər ayılanda həmin yerdə heç kəsi görmür. Xanımın yerdə qalmış üzüyünü görüb götürür və qayıdır taxtına çıxır.
Elə bu vaxt Huri xatun ağlaya-ağlaya gəlir.
-Şahım, mənim tacidarım! Haradaydın? Ürəyim az qala partlayacaqdı. Səndən çox nigaran qaldım. Mən ölümümə razıyam, amma səndən ayrı düşməyimə razı deyiləm,- deyə xatun istəyir şahın əlindən öpsün. Şah əlini çəkir.
Huri xatun başa düşür ki, şaha nəsə olub. Sakitcə bir tərəfə çəkilib gözləyir.
Şah əmr edir ki, camaat meydana yığılsın. Hamı meydana yığılır. Meydanda Süleyman şahın əmri ilə dar ağacı düzəldilir. Şah əmr edir ki, vəzir və Huri xatun asılsın. Meydandakılar bu işə məətəl qalırlar. Vəzirlə Huri xatun asılmaqlarının səbəbini soruşanda, şah ovcundakı üzüyü onlara göstərir. Müqəssirlər hər şeyi anlayırlar və şaha təzim edirlər. Xainlər edam edilirlər.
Bundan sonra ədalətli Süleyman şah olur zülümkar şah. Əvvəlcə şah camaatı aldadaraq başa salır ki, əgər hankı bir kişininsə, birinci qız uşağı anadan olursa, həmin evdə xeyir-bərəkət olmaz. Ona görə də din yazılarına əsasən mütləq o körpə tonqalda yandırılmalı, ya da edam olunmalıdır.
Ondan sonra şahın qəddar əmri ilə evin ilki qız doğulurdusa, mütləq tonqalda yandırılırdı. Şahın camaatdan gizlin əmri ilə isə gündə bir qız uşağı yoxa çıxıb, öldürülürdü.
Mən, bütün bunlardan xəbər tutan kimi Süleyman şahın yanına getdim. Ona başa salmağa çalışdım ki, verdiyi qərar haqsız qərardır. Bu bir az da belə davam eləsə, onun camaatı get-gedə azalacaq, ölkəsinə başqaları sahib çıxacaqlar
Şah məni nəinki eşitmədi, hətta məni zindana da saldırdı. Yaxşı ki, zindanın balaca bir bacası vardı. Həmin bacadan mənim dara düşməyimi Sehr ulduzu gördü və məni gözəgörünməz edərək zindandan xilas etdi. Bir də gözümü açdım ki, sarayın darvazasının ağzındayam. Tez oradan aralanıb xəlvəti bir yer tapdım. Dizi üstə çöküb Sehr ulduzuna yalvardım:
-Ey qüdrətli Sehr ulduzu! Çətinə düşmüşəm, mənə yardım elə! Günəş ananın tapşırığını yerinə yetirə bilmirəm, Süleyman şah tərsin biridir. İpə-sapa yatmır ki, yatmır. Anadan olan bütün körpə qızları atıb tonqalda yandırır.
Bütün ulduzlardan parlaq olan Sehr ulduzu daha da alışıb yandı:
-Qırmız! Sən çox tərs bir hökmdarla rastlaşmısan. Amma biz, göylər səltənətinin məxluqları üçün hər şey asandır. Şah hər cümə axşamı dərvişi-libas olub gizlincə məzarıstana gedir. Orada Huri xanımın məzarı üstündə doyunca ağlayıb baş daşını öpür və yenə də saraya qayıdır. Şəh qəbir üstünə getməmişdən qabaq sən gedib Huri xanımın qəbrini taparsan, həmin qəbrin aşağı tərəfində bir sarı gül bitib. Onu dərərsən və sürtərsən baş daşına. Şah gəlib qəbir daşını öpəndə nəfəsi sarı çiçəkdən zəhərlənəcək.
Qorxudan tez soruşdum:
-Bəs zəhərli çiçək şahı öldürməz ki?
Sehr ulduzu məni sakitləşdirdi:
-Yox, sən qorxma, mən deyənləri elə, gerisi ilə işin yoxdur.
Mən, Sehr ulduzu deyən kimi elədim. Aradan iki gün keçdi, eşitdim ki, Süleyman şah ağır dərdə düçar olub, heç bir təbib, loğman dərdinə çarə tapa bilmir. Şahın carçısı şəhərdə car çəkməyə başladı:
-Ey məni eşidənlər! Eşidin,bilin və agah olun! Sevimli hökmdarımız Süleyman şah ağır dərdə mübtəla olmuşdur. Onun rəngi sap-sarı saralmış, özü də qızdırmadan od tutub yanır. Şahımız nəfəs ala bilmir, boğulur. Hər kim Süleyman şahın dərdinə çarə edə bilsə, şah ona özü ağırlığında qızıl verəcək. Eşidin, bilin və agah olun!
Mən başa düşdüm ki, bu azara səbəb qəbir üstündəki sarı çiçəkdir. Mən gecənin düşməyini gözlədim. Elə ki, ulduzlar göydə göründü, Sehr ulduzunu çağırdım:
-Ey qüdrətli Sehr ulduzu! Əvvəlin sən deyən kimi elədim, şah ağır dərdə mübtəla olub, bundan sonra nə edəcəyimi də söylə ! Şah yazıqdır, ölə bilər.
-Ürəyi rəhmli Qırmız! Şəhərin günbatan tərəfdən çıxacağında üç yol ayrıcı var. Həmin yol ayrıcında çadralı bir qız uşağı oturub dilənir. Qızın adı Gövhərdir. Gövhərin özündən kiçik bacısı doğulanda Süleyman şahın əmri ilə körpəni tonqalda yandırmışdılar. Bundan sonra Gövhərin anası havalanmış, atasının isə ürəyi partlamışdı. Kimsəsi olmayan Gövhər ac qalmasın deyə, dilənməyə başlamışdı. Süleyman şahın yanına gedərsən. Ona deyərsən ki, dərdinə dərman bir qız uşağındadır.
Həmin qız uşağı müqəddəs Qurani-Kərimi şahın başı üstünə tutarsa, şahın nəfəsi açılar və dərdinə dərman olar. Onda sən şahla əvvəlcədən şərt kəsərsən, istəyini ona bildirərsən. Qoy Süleyman şah hamının yanında söz versin ki, bir də qız uşaqlarını məhv etməyəcək. Şahın başqa əlacı olmadığından şərtinlə razılaşacaq.
-Bəçeşm, qüdrətli və sehrli ulduzum! Elə həmən, ərz elədiklərini gedib Süleyman şaha çatdıracağam,- deyə mən xeyirxah Sehr ulduzuna baş əydim.
Bundan sonra mən yola düşüb saraya gəldim. Biləndə ki, mən şahı sağaltmağa gəlmişəm, tez məni şahın hüzuruna gətirdilər. Şah nəfəs ala bilmir, az qala boğulurdu. Mən, Sehr ulduzunun mənə dediklərini olduğu kimi şaha çatdırdım. Şah bir xeyli fikirləşəndən sonra çox çətinliklə danışmağa başladı:
-Mən sən dediyinlə bu şərtlə razıyam ki, sən məni sağaldasan. Əgər dediklərin yalan çıxsa, özünü əvvəlcədən dar ağacından asılmış bil !
Dedim:
-Şah sağ olsun, əvvəla səni mən yox, o dediyim qızcığaz sağaldacaq, özü də Qurani-Kərimin köməkliyi ilə. Yox, əgər dediklərim yanlış olarsa, mən dar ağacından asılmağa hazıram.
Süleyman şah mənim bu sözlərimi eşidən kimi nökərlərinə əmr etdi ki, həmən qızı tapıb saraya gətirsinlər.
Çox keçmədi ki, Gövhəri tapıb saraya gətirdilər. Sən demə, Gövhər də tərsin biriymiş. Şahı sağaltmaq adı gələndə qız hövrləndi və əyilib mənim qulağıma dedi:
-Mənim əlimdən naxoş sağaltmaq gəlmir, əgər gəlsəydi də, mən ata-anamın və körpə bacımın qatilini sağaltmazdım.
Mən birtəhərlə qıza hər şeyi başa saldım. O, çox ağıllı qıza oxşayırdı. Məni tez başa düşüb yola gəldi. Quran gətizdirib ona verdim. Qız quranı götürüb şahın başı üstünə tutdu. Elə o saat şahın nəfəsi açıldı. Qızdırması düşdü. Oldu əvvəlki kimi sap-sağlam. Saray əyanları bu möcüzəyə heyran qaldılar. Hamı mənə «əhsən» dedi.
Süleyman şah əmr etdi ki, bir imarət tikib Gövhərə versinlər. Mənə verdiyi sözə də əməl edib, hamının qarşısında söz verdi ki, bir də körpə qızları tonqalda yandırmayacaq.
Bundan sonra Süleyman şah yenə də əvvəllərdə olduğu kimi rəiyyəti ədalətlə idarə etməyə başladı. Mən də bütün məkanlardan gözəl olan öz məkanıma,- göy səltənətimə qayıdıb gəldim.
Günəş Qırmızın hekayətinə qulaq asıb, ona «afərin» söylədi.
Sonra isə Günəş üzünü Yaşılbaşa tutub dedi:
-Ey, yaşıl rəngli göy qurşağı! Sən cümlə-cahana yaşıllıq verən yeganə rəngsən. Rəngini görən bütün canlıların gözlərinə nur ələnir.
Yaşılbaş, de görüm, getdiyin yerlərdə nələr gördün, hansı qan-qadanı dayandırdın? Kimlərə ümid verdin? Kimlərə həyat verdin? Kimləri məyus etdin? Özünə dostmu qazandın, yoxsa düşmən? Çörək verməyəmi bais oldun, yoxsa çörək almağa? Əhli məmləkət sənin gəlişindən şad oldumu, yoxsa yasa batdımı?
Ardı var ...