Sarıoğlanın hekayəti

Sarıoğlanın hekayəti

(Nağıl)

Yeddinci qardaş Sarıoğlanın Siciliya məmləkətində od palçığı (etna) püskürməsi haqqında hekayəti

-Hər yeri nura qərq edən Günəş ana! Qulaq as, başıma gələnləri sənə danışım,- deyə Sarıoğlan hekayətinə başladı.

-Mən, məmləkətinin üstündə tüstü yox, od görünən Siciliya diyarında oldum. Məmləkət elə bil allahın qəzəbinə gəlmişdi. Gördüm ki, burada Yer aralanıb, yerin altından od püskürür. Bir böyük mahal və yüz minlərlə adam qalıb od palçığının altında. Yaxınlaşıb qolu sarıqlı bir qocadan soruşdum:

-Nə baş verib sizin məmləkətdə? Bu nə bəladır, Tanrı tərəfindən Sizə göndərilib?

Qoca mənə cavab verməyərək gözlərinin yaşını tökdü. Mənim ürəyim dözmədi, ona açıb söylədim ki, mən göylərdən gəlmişəm ki, sizə kömək edim. Məndən heç nə gizlətmə. Bunu deyəndən sonra qoca mənim ayaqlarıma düşdü:

-Ey göylər oğlu, yurdumun başına gələn bu fəlakətdən onu xilas eylə, yalvarıram sənə, qoy müqəddəs göylər bizim günahımızdan keçsin.

Mən qocanı ayağa qaldırıb sakitləşdirdim:

-Əvvəlcə danış görüm, siz bu bəlaya necə olub ki, düçar olmusunuz? Nə günahın sahibisiniz ki, başınıza od ələnir?

Qoca gözlərinin yaşını silib cavab verdi:

-Bu od palçığıdır. Buna başqa məmləkətlərdə vulkan deyirlər, biz isə ona etna deyirik. Məmləkətimiz allahın qəzəbinə düçar olub. Eşit gör, bu bəla başımıza necə gəlib.

Bizim çox qəddar bir hökmdarımız var idi. O, özündən gücsüz məmləkətləri həmişə işğal edər və həmin yerlərdən bizim diyara çoxlu əsir gətirib, onları qula çevirərdi. Əsirlərin arasında suriyalılar və kilikiyalılar daha çox idi. Hökmdarın amansızlığı hər yana yayılmışdı. Yerli camaat da qulları rəhmsizcəsinə işlədər, onlara yazıqları gəlməzdi. Qullar belə zülmdən artıq cana doymuşdular. Onlar son vaxtlar birləşib tez-tez üsyan edirdilər. Sonuncu dəfə isə iki yüz minə yaxın qul üsyan elədi. Onların başçısı çox yaraşıqlı və cəsur bir igid idi. Adı Afinion idi. Qulların dediyinə görə Afinion müqəddəs məxluq idi. Baş verən hər bir fəlakət ona qabaqcadan əyan olurdu.

Bir gün Afinion bütün qulları yığdı bir yerə və onlara dedi:

-Ey qullar, yatdığım gecə mən sizin hamınızı qan içərisində görmüşəm. Bundan başqa da görmüşəm ki, mən sizin qisasınızı alaraq düşmənlərimizin başına od palçığı səpirəm. Düşmənlərimiz yanıb külə dönür. Allaha dua edin və kim necə bacarırsa qaçıb canını qorusun.

Ertəsi günü Afinion deyən müsibət baş verdi. Əvvəlcə rəhmsiz hökmdarın əmri və Mani Akvilinin başçılığı ilə böyük bir ordu üsyan edən qulların hamısını rəhmsizcəsinə qılıncdan keçirtdi. Məmləkətdə qan, su yerinə axdı. Hökmdar qul üsyanından canı qurtardığına görə sevinib bayram etdi. Qulların meyitləri ortada ziyafətlər başlandı.

Aradan neçə vaxt keçdi. Günlərin bir günündə Siciliya məmləkətinin üstünü dəhşətli, heç yerdə görünməmiş bir bəla aldı. Qulların qanlarının ən çox töküldüyü yer aralandı, yerdən alovlu palçıq püskürüb, məmləkəti ağzına aldı. Od palçığı göylərə qədər püskürürdü. Onun hündürlüyü ən uca dağın zirvəsinə qədər idi. Odundan, istisindən həndəvərində belə dolaşmaq olmurdu.

Hökmdarımız saray əhli ilə birgə elə sarayqarışıq od palçığının altında qaldılar. Deyilənə görə od palçığı altında qalaraq yanıb kül olanların sayı iki yüz minə qədər olardı. Bu vaxtilə qırılan qulların sayına bərabər idi. Camaat bunu «Afinionun qisası» adlandırdılar.

Yerdən çıxan bu od palçığı (siciliyalıların dili ilə desəm, etna) hələ də püskürür.

Mən Sehr ulduzunu köməyə çağırdım. Çox təəsüf ki, Sehr ulduzu da bu od palçığı qarşısında aciz qaldı. Günəş ana! Məmləkəti od fəlakətindən qurtarmaq üçün onlara sənin köməyin lazımdır!

Günəş bir xeyli fikrə gedəndən sonra üz tutdu yerə. O, öz məlahətli səsi ilə Yer səltənətinin hökmdarını səslədi:

-Ey Yer səltənətinin hökmdarı! Böyük Tanrımız Göyləri mənə, yerləri isə sənə verib. Mənə hər yanı nur saçıb işıqlandırmağı, sənə də Yer səltənətinə sahib olmağı tapşırıb. Sənin varlığın cahanı yaşıdır. Bütün canlılar sənin torpağının bərəkətindən yeyərək yaşayırlar. Sənin üstündən axan çayların, bulaqlarından içib sənə dua edirlər. Həmişə var olasan Yer səltənəti! Torpaqların bərəkətli olsun!

Mənim bu gün sənin köməyinə ehtiyacım var. Son vaxtlar yerdən gələn istilər, tüstülər mənim istimi günü-gündən azaldır, şəfəq saçmağıma mane olur. Düzdür, mən Yer səltənəti hökmdarının işlərinə qarışmamalıyam, amma Böyük hökmdar! Səndən kiçik bir xahişim var, əgər mümkündürsə, Siciliya məmləkətindəki göylərə qədər püskürən od palçığını dayandır.

Günəş heç vaxt Yer səltənətinin hökmdarından bir şey xahiş eləməmişdi. Ona görə də Yer səltənətinin hökmdarı Günəşə qulaq asıb dedi:

-Yerləri, göyləri nura qərq eləyən Günəş! Bütün cahanı isidən varlıq! Bil ki, Siciliyalılar rəhmsizliklərinə görə lənətə gəliblər. Buna görə də cəza alırlar. Amma əziz Günəş! Heç olarmı mən sənin sözünü yerə salım. Bəçeşm, Günəş xanım! Mən bu saat sənin xahişini yerinə yetirib, onu azaldaram. Amma mən o odu tamam söndürməyəcəyəm. Qoy yolunu azmışlar bu etnanı yadlarında saxlayıb, bir də kimsəyə pislik eləməsinlər.

Yer səltənəti hökmdarının səsi kəsilən kimi Siciliya məmləkətində od palçığı püskürməsi get-gedə azalmağa başladı. Əhli məmləkət sevindiklərindən çalıb-oynamağa başladılar.

Günəş də rahatlandı. Sarıoğlan və Sehr ulduzu çox sevindilər.

Sonra isə Günəş bütün göy qurşağı qardaşlarının hamısına minnətdarlıq bildirib dedi:

-Ey müqəddəs qardaşlar! Biri-birindən gözəl rəngli göy qurşağı! Göylərimizin üstündən qara tüstüləri, dəhşət saçan dumanları, qan qoxularını təmizlədiyinizə görə sizə minnətdarlıq edirəm. Qoy sizin rəngləriniz heç vaxt solmasın, həmişə nur saçsın! Tanrı özü Göy səltənətini, Yer səltənətini, Müqəddəs su dəryalarımızı həmişə qorusun! İnsanlar isə öz varlıqları ilə həmin səltənətləri bəzəsinlər. Amin!

Göy qardaşları əl-ələ tutub bir səslə dedilər:

-Amin!, Amin!, Amin!

Sehr ulduzu qardaşları qaldırıb ən uca səmanın üstünə qoydu.

Bundan sonra Günəş daha da alışdı, yandı, şölələndi, parıldadı.

Qoy müqəddəs Günəşimiz daima nurlu, parıltılı olsun və başımızın üstünə həmişə şölə saçsın !!!

Ardı var ...

Günəşlə göy qurşağı qardaşlarının söhbəti
Göyoğlanın hekayəti
Ağoğlanın hekayəti
Qaraoğlanın hekayəti
Qırmızın hekayəti
Yaşılbaşın hekayəti
Çəhrayın hekayəti

Müəllif: Gülzar İbrahimova