Boş səbət

Boş səbət

(Hekayə)

  Rəşad və Lalə hər yay tətilində kəndə gedirdilər. Kənddə onların günləri çox maraqlı keçirdi. Onlar hər gün bir əyləncə tapıb, vaxtlarını şən keçirirdilər. Bir gün çaydan balıq tutur, bir gün bağdan meyvə yığır, başqa bir gün quzuları otarır, beləcənə darıxmırdılar.

 Bir gün uşaqlar meşəyə, moruq yığmağa getdilər. Özləri ilə itləri - Qumralı da götürdülər. Qumral çox ağıllı it idi. Bütün kənd uşaqları onunla oynayır, küçüyün dərraksinə, mehribanlığına heyran olurdular.

 Yağışdan sonra moruq az olduğundan uşaqlar moruq yığa-yığa kənddən xeyli uzaqlaşdılar. Meşənin sıx yerinə çatana qədər dar cığırla yol getdilər. Çox çətinliklə balaca səbəti moruqla doldurdura bildilər. Geri qayıdanda isə nə qədər dolaşdılarsa da, gəldikləri cığırı tapa bilmədilər ki, bilmədilər.

 Qumral isə atılıb-düşür, uşaqların hara getmək istədiklərini başa düşmürdü. Bir xeyli yolu axtarandan sonra Rəşadla Lalə qərara gəldilər ki, gün doğan tərəfə getsinlər. Rəşad sıx kolları ağacla əyir, Lalə isə çətinliklə tikanlıqlardan keçirdi.

 Birdən uşaqlar Qumralın həyəcanla hürməsini eşidib səs gələn tərəfə getdilər. Yaxınlaşanda Qumralın bir maral balasının başı üstündə dayandığını gördülər. Körpə maral balası isə kolluqda qalıb yazıq səslə zarıyırdı. Lalə dedi:

 -Rəşad, maral balasına bax, deyəsən ilişib kolluqda qalıb, çıxa bilmir.

 Rəşad onun sözünü təsdiqlədi:

 - Düz deyirsən, Lalə, hələ onun gözlərinə, bax, elə bil baxışları ilə yalvarıb, adamdan kömək istəyir. Mən indi onu çıxararam!

 Rəşad ehtiyatla maral balasını kolluqdan çıxartdı.

 Lalə onun başını tumarladı, qızın qara, iri, gözləri yaşla doldu:

 -Rəşad, yəqin bu maral anasından da ayrı düşüb. Onu anasına çatdırmaq lazımdır.

 -Düz deyirsən, gəl, onun anasını axtaraq!- deyə, Rəşad qətiyyətlə cavab verdi.

 Lalə bala maralı qucağına aldı:

 -Darıxma, körpə maral, biz sənin ananı taparıq! - dedi.

 Rəşad razılaşdı, Lalənin cəsarətli olub-olmadığını yoxlamaq üçün soruşdu:

 - Axtaraq. Amma meşədə qaranlığa düşsək qorxmazsan ki?

 Lalə ürəklə:

 - Qorxmaram, - dedi.

 Rəşadla Lalə ana maralı axtarmağa başladılar. O qədər axtardılar ki, əldən düşdülər. Hava qaralırdı. Birdən Rəşadın ağlına bir fikir gəldi. O, maral balasını Qumralın burnuna yaxınlaşdırdı:

 - Qumral, bu maralın iyini qoxu, ya anasını, ya da yuvasını tap! - dedi.

 Qumral elə bil bunu gözləyirdi. O saat səmtini döndərib, başqa tərəfə cumdu. Bir az gedəndən sonra dağın döşündəki mağaraya girib orada hürməyə başladı. Uşaqlar da onun arxasınca mağaraya girdilər. Mağaranın dərinliyində bir maral var idi. Maral itin hürməsini eşitsə də, nədənsə yerindən tərpənmədi. Lalə ona diqqətlə baxanlan sonra dedi:

 - Bax, Rəşad, sən demə, yazıq heyvanın ayağı yaralanıb, ona görə də ayağa qalxa bilmir.

 Rəşad maralın ayağına diqqətlə baxandan sonra:

 - Vay, nə pis olub - deyib, başını buladı.

 Bu vaxt maral Rəşadın qucağındakı bala maralı yalamağa başladı. Uşaqlar başa düşəndə ki, o, bala maralın anasıdır, çox sevindilər.

 Lalə tez yaylığını maralın yarasının üstünə qoyub, lenti ilə yaranı sarıdı.

 Ana maral sızıltısını kəsdi, ayağa qalxdı. Bala maral elə bil bunu gözləyirdi, tez anasını əmməyə başladı. Uşaqlar yığdıqları moruğu marala yedirtdilər.

 Rəşadla Lalənin sevinclərinin həddi-hüdudu yox idi. Çünki onlar bala maralı tikanlıqdan xilas edib anasına çatdırmış, həm ana maralın ayağını sarımış, həm də balanı anaya çatdırmışdılar.

 Rəşadla Lalə kəndə boş səbətlə qayıtdılar. Amma uşaqlar fikir verdi ki, onlar meşədən boş qayıtmalarına baxmayaraq kefləri kökdür. Uşaqlar bunun səbəbini soruşanda Rəşadla Lalə başlarına gələni danışdılar.

 Bir azdan əhvalatı eşitmək üçün bütün kənd uşaqları Rəşadla Lalənin başına yığışmışdı.