Bağışla məni, Sonam

Bağışla məni, Sonam

(Hekayə)

-Sonam, ay Sonam, dursana ayağa, gecikərsən dərsinə !

Sonadan səs çıxmadığını görən atası gəlib qızı yatan divan-çarpayının üstündə oturub, balasının ipək kimi sarışın saçlarını tumarlaya-tumarlaya, yuxudan oyatmağa başladı.

Sona ərköyün-ərköyün əsnəyib, ağ, ipək kimi tükləri olan dovşan oyuncağını bərkdən sinəsinə sıxıb, yuxulu-yuxulu atasına yalvarmağa başladı:

-Ay ata, qurban olum sənə, heç olmasa beşcə dəqiqə yatım, dururam.

Atasının xasiyyətinə bələd olan Sona bilirdi ki, bundan sonra mütləq atası durub gedəcək o biri otağa və Sona da heç olmasa ən azı on dəqiqə yata biləcək.

Doğrudan da ata qızının bu sözlərindən sonra onun yanağındakı xalından öpüb, «şeytanın biri şeytan» deyib qonaq otağına keçdi.

Kənddə heç kəs Əhədin dediyini iki eləməzdi. O, çox ağıllı, işgüzar və hökmlü idi. Bircə dünyada ona ən əziz olan balasının qarşısında aciz idi. Onun hər nazına dözür, bircə balasının ağzından çıxan hər istəyini yerinə yetirməyə çalışırdı.

Uzun müddət kənd sovetinin sədri işləmiş Əhəd , sovetliyin fəaliyyətinə xitam veriləndən sonra da işsiz dayanmamış, özünün şəxsi fermasını açaraq, orada mal-qara saxlamaqla məşğul olmağa başlamışdı. Özü də «çörək verən» olduğundan kənd camaatı onun xətrini çox istəyərdi.

Amma bu zabitəli kişinin bir kövrək yeri var idi. O da onun yeganə qızı Sona idi. Sona uzun müddət ata-anasının gözünü yolda qoyub, on ildən sonra dünyaya gəlmişdi. Qız doğulan kimi valideynlərinə sonsuz sevinc bəxş eləmişdi. Anası Şərqiyənin məhəbbəti öz yerində, atası bir gün belə Sonasız qalanda az qalırdı dəli olsun. Qonşularında bir ağbirçək Şərəf arvad var idi, həmişə Əhədə nəsihət edərdi:

- Uşağı belə çox əzizləyib, sevməzlər, allah eləməmiş valideynlərdən birinə bir şey olsa, onda uşaq özünə qəsd edər.

- Ay Şərəf xala, indiki uşaqlar həyatı bizdən yaxşı başa düşürlər, onlar bilirlər ki, heç bir valideynin ömrü əbədi deyil,- deyə Əhəd Şərəf xalanın dediyinə əhəmiyyət verməmişdi.

Yeddinci sinfi qurtaranda Sonanı on günlüyə yaylağa, nənəsinin yanına göndərdilər ki, bir az orda qalıb dincəlsin. Buna Əhəd özü razılıq vermişdi. Aradan üç gün keçdi. Amma bu üç günü ata necə başa vurdu, allah göstərməsin.

Sona evdə olmayanda o evə girə bilmirdi. Həyətdə əsəbiliklə elə var-gəl edirdi ki, elə bil Sona harasa uzaq bir yerə həmişəlik yaşamağa getmişdi. Elə həyətdəcənə oturar, yuxusu gözlərindən töküləndə evə, yatmağa girərdi.

Ondan sonra Əhəd qızından ayrı qala bilməmiş, üç gündən sonra yaylağa gedən sürücü Mustafaya tapşırmışdı ki, onun qızını da yaylaqdan gətirsin.

Əhəd boynuna almaq istəməsə də hamı başa düşmüşdü ki, o qızı Sonasız bir yerdə qərar tuta bilmir.

Bundan sonra mehriban ata bir gün belə qızından ayrılmaz, uzaq yerə gedəndə sevimli balasını da özü ilə aparardı.

Əhədin həyat yoldaşı, Sonanın anası Şərqiyyə kənddə müəlliməydi. O, Sonanı da özü kimi qabiliyyətli, işgüzar, böyük-kiçik yeri bilən öyrətmişdi. Ana qızının hərtərəfli savadlı olması üçün əlindən gələni eləmişdi.

Həm ata, həm də ana gələcəkdə qızlarını bir neçə xarici dil bilən savadlı bir jurnalist görmək istəyirdilər. Əlbəttə ki, ermənilərin içərisində yox, öz ellilərinin içərisində, Bakıda. Bu peşəni onlar qızlarının arzusu ilə, onun ana dilinə olan sevgisini, qabliyyətini nəzərə alaraq seçmişdilər. Sona da var qüvvəsi ilə oxuyurdu ki, həm ata-anasının üzünü ağ eləsin, həm də Bakıda, özünün arzuladığı institutda oxusun.

Əhəd arvadı Şərqiyyəyə də tapşırmışdı ki, qıza ağır ev işləri gördürməsin, «qız qəbul imtahanlarına hazırlaşır, çətinlik çəkər», demişdi.

Onsuz da Şərqiyyə qızına ağır işlər gördürmürdü, çünki Sona özü də çox zərif qız idi. Məktəbi qurtarmağına az qalmasına baxmayaraq, yeddinci, səkkizinci sinfin şagirdinə oxşayırdı.

Amma bununla belə çox gözəl idi. Məktəbdə neçə oğlan bu ağıllı, gözəl qızın həsrətini ürəklərində çəkir, amma Qafarın qorxusundan heç kəs ona yaxın dura bilmirdi. Qafar isə artıq beş il olardı ki, Sonaya olan məhəbbətini ürəyində gəzdirir, qızın məktəbi qurtarmasını gözləyirdi ki, ona elçi düşsün. Sona isə hələlik bu aşiqlərin heç birinə məhəl qoymur, təkcə oxumaq haqqında fikirləşirdi. Sona üçün bir müqəddəs sevgi var idisə, o da anasına, atasına olan sevgi idi.

Son bir ildə bütün kənd camaatı nigarançılıq içərisində yaşayırdı. Kəndlərində erməni yaşamasa da, qonşu kənd və Yerevan ermənilərinin altdan-altdan gizli düşmənçiliyə başlamağı onların qulaqlarına çatırdı. Səksəkə içərisində yaşasalar da, heç bir yerə köçmək istəmir, obalarını, yurdlarını, min bir əzab-əziyyətlə əkib-becərdikləri torpaqlarını ermənilərə qoyub getməyə ürəkləri gəlmirdi.

Axır günlərdə isə cürbəcür qara xəbərlər eşidirdilər. Erməni saqqallıları Yerevanın yaxınlığında yerləşən azərbaycanlılar yaşayan kəndlərə basqınlar edir, onlardan dədə-baba yurdlarından təcili çıxmaqlarını tələb edirdilər. Ermənistan hökumətinin rəhbərləri isə bu xəbərləri efir vasitəsilə təkzib edir, onları şaiyə, dedi-qodu adlandıraraq, azərbaycanlıları arxayın salırdılar.

Ermənilərin murdarlığına bələd olanlar yavaş-yavaş köçməyə hazırlaşırdılar, ermənilərə allahın yaratdığı bir adi insan kimi baxanlar isə həyatın axarı ilə yaşamaqlarına davam edirdilər.

Hələ onda heç kəsin ağlına belə gəlməzdi ki, qonşuluqdakı Vahan kəndinin erməniləri, bir vaxt süfrələrində çörək kəsdikləri, azərbaycanlıların Xanəli kəndini viran qoyacaq, vəhşicəsinə öldürdüklərini heç basdırmağa belə imkan verməyəcəklər.

Hər tərəf dağlarla əhatə olunduğundan Xanəli kəndinin qışı çox soyuq keçərdi. Dekabrın son günləri idi deyə, şaxta lap sərtləşmişdi. Belə gündə Sona isti evdən bayıra çıxmaq istəmir, yorğana bürünüb yatmaq arzulayırdı.

Əhəd axırıncı dəfə Sonaya yaxınlaşıb, onu zorla ayağa qaldırdı:

-Quzum mənim, dərsin başlanmağına az qalır, tələs, gecikərsən.

Sona yuxulu-yuxulu ayağa qalxdı. Anasının yanında da bir az uzanmaq, onu qucaqlayıb öpmək üçün o biri yataq otağına keçdi. Gördü anası yerində yoxdur. Yadına düşdü ki, o axşamdan hazırlaşırdı məktəbə tez getsin. Qız kor-peşman, tənbəl-tənbəl yuyunmağa getdi.

Əhəd işə getməyə hazırlaşmışdı. Sona da yuyunub, başını daradı. Gəlib atasının üzündən öpüb, ona «sabahın xeyir» dedi və yeməyə oturdu. Ana sübh tezdən səhər yeməyini hazır qoyub işə getmişdi.

Əhəd qara dəridən olan bahalı paltosunu geyinib qapıdan çıxmaq istəyəndə Sona ayağa durdu, atasının boynuna sarılıb üzündən-gözündən öpdü. Əhəd işə getmək üçün həyətə düşdü.

Sona təzəcə çayını şirin eləmişdi ki, kənddə hay-küy, vay şivən qopdu. Avtomatdan açılan güllə səslərinin səsi aləmi götürdü. Qız yerindən dik atıldı. Əhəd özünü tez küçəyə atdı ki, görsün nə olub. Onun bayıra çıxmağı ilə qayıtmağı bir oldu. Arxasınca üç əli avtomatlı erməni əsgəri həyətə girdi. Onlardan ən yekəpəri avtomatın süngüsü ilə Əhədin başından elə vurdu ki, kişinin başından qan açıldı. Əhəd müqavimət göstərmək istəyəndə o biri qara saqqallı erməni arxadan, boynunun dalından onu yumruqla bərkdən vurdu. Əhəd səndələdi, amma yıxılmadı. O, ağrıdan dəhşətə gəlsə də, səsini çıxarmadı ki, Sona onun bu halını görməsin. Başını qaldırıb yuxarı baxanda aynabənddə Sonanın bərəlmiş gözlərini gördü. Bu ermənilərdən birinin gözündən yayınmadı. O, yaxınlaşıb yanındakı yekəpər erməninin qulağına nəsə pıçıldadı.

Bundan sonra gözləri qan çanağına dönmüş ermənilər Əhədi döyə-döyə aparıb anbar kimi istifadə olunan alt evlərin birində dəmir çarpayıya bağladılar. Yekəpər erməni evin pilləri ilə durub «pəncərədən baxan gözəl qızı» gətirməyə qalxdı. O, dörd otağın dördünü də ələk-fələk elədi, amma qızı tapa bilmədi ki, bilmədi. Axırda gözü çardağa çıxan pilləkənə sataşdı. Donquldana-donquldana pilləkənlərlə yuxarı, çardağa çıxmağa başladı. Pilləkən onun ağırlığına davam gətirməyib sındı. Erməni guppultu ilə yerə sərildi. Səsə aşağıdan qara, uzun saqqallı o biri erməni gəldi. O, özü kimi murdar yoldaşının bu halını görüb, ürəkdən qəh-qəhə çəkdi. Yıxılan erməni onu çardağa göndərdi və ermənicə tapşırdı ki, qıza dəyməsin, onundur.

Sona aynabənddən baxanda atasının halını görüb dəhşətə gəlmişdi. O, qorxudan atasının köməyinə çata bilməmişdi. Quduzlaşmış ermənilərdən qaçmağa yer axtaranda, ilk ağlına gələn çardaq olmuşdu. Qoyma pilləkənlə çardağa qalxmış, çardağın ən dar yerində bir küncə qısılmışdı. Qız allaha yalvara-yalvara bu dəhşətin qurtarmasını gözləyirdi ki, bir də gördü çardağın taxtadan düzəldilmiş qapısı cırıltı ilə açıldı. Atasını arxadan vuran saqqallı erməni onu barmağı ilə çağıraraq, azərbaycan dilində dedi:

-Durub öz xoşunla aşağı düşməsən, atanı öldürüb çıxıb gedəcəyik.

Qız oturduğu yerdə titrəyir, danışa bilmirdi. O, atasını dünyalar qədər çox istəyirdi. Ona görə də fikirləşmədən ayaqları əsə-əsə ayağa qalxdı. Sona elə bilirdi ki, ermənilər ya onları kənddən çıxartmaqdan ötəri, ya da, silahlarını almaqdan ötəri gəliblər.

Əhədin qoşalülə tüfəngi var idi. Neçə dəfə ermənilərin hərbi qərərgahından tüfəngi almaq üçün gəlsələr də, o silahı gizlətmiş, bir bəhanə ilə verməmişdi. Qız bu fikirlərlə durub erməninin qabağına düşüb atasının yanına getdi.

Atasını qan içərisində dəmir çarpayıya sarınmış görəndə az qaldı huşu başından çıxsın. Qışqırıb atasının boynuna sarıldı. Üst-başı onun al-qanına bulandı. Bu vaxt yekəpər erməni arxadan qıza yaxınlaşıb, atasından güclə araladı və onun gecə köynəyini və alt paltarlarını cırıb əynindən çıxartdı. Qız əyilib yerdən döşəmə silən əsgini götürüb çılpaq bədəninə tutmaq istədi. Bu dəfə yekəpər erməni ona bərk bir sillə ilişdirdi. Hələ uşaqlıqdan zəif Sona bu silləyə davam gətirməyib yerə yıxıldı. Qızın sarışın saçları döşəməyə dağıldı. Ən əvvəl ermənilərin üçü də aralıdan dayanıb qıza, qızın gözəlliyinə tamaşa eləməyə başladılar.

Əhəd qızının bu halını görməməkçün gözlərini yumdu. O, gözləri yumulu halda zarıyır və erməni dilində danışaraq, qızına dəyməmələri üçün düşmənlərinə yalvarırdı. Ermənilər isə bundan xüsusi zövq alaraq, vəhşiliklərini davam eləyirdilər.

Bayaqdan məğrur-məğrur ermənilərin qarşısında əyilməyən Əhədin elə bil bircə anda beli sındı. Onun boynu aşağı elə əyildi ki, sanki birdən qırıldı. Gözlərindən gildir-gildir süzən yaş isə ara vermirdi.

Küçə tərəfdən gələn səslərin çoxaldığından yekəpər erməni aralarındakı cavan ermənini darvazanın ağzına keşik çəkməyə göndərdi. Oğlan dodağının altında nəsə deyinə-deyinə evdən çıxıb darvazaya tərəf getdi.

Yekəpər erməni isə Sonanın çılpaq, bakirə vücudunun üstünə uzanıb onu vəhşicəsinə öpməyə başladı. Əhəd gözlərini yuman kimi saqqallı erməni onun barmağını taxçadan götürdüyü kəlbətinlə elə sıxırdı ki, kişinin ağrıdan gözləri bərələ qalır, öz yazıq balasına, bir dənəsinə verilən zülmü görməli olurdu.

O, görürdü ki, murdar erməni tüpürcəyi ağzından tökülə-tökülə necə onun ciyərparasını öpür, bədbəxt ata görürdü ki, qızın həmişə yanağındakı xaldan öpməyi xoşlayan atanın gözü qarşısında erməni həmin xalı necə murdarlayır, o görürdü ki, bu murdar məxluq onun bakirə qızının namusunu necə korlayır. Ata ölmür, onun ürəyi partlamır, bunların hamısını görürdü.

Əhəd bu müdhiş anın qurtarmasını gözləyir, ürəyində dönə-dönə «kaş gördüklərim yuxu olaydı» deyir, bir an dayanıb baxır, sonra yenə də hönkür-hönkür ağlayırdı.

Əhəd yetimçiliklə böyümüş, həyatın çətinliyi onu bərkitmişdi. Onun bu vaxta qədər ağlamağı yadına gəlmirdi. Amma indi o, ağlayırdı, zülüm-zülüm, hönkür çəkib ağlayırdı. Balasına «can, ürəyimin parçası, can», «can, Sonam mənim», «kor olasan Şərqiyə, haradasan, gəl gül balamızın gününə bax», deyib zar-zar zarıldayır, gözəl-göyçək Sonasını diri ikən oxşayıb ağlayırdı.

Bədbəxt ana isə səs-küydən qorxaraq məktəbdən qayıdıb gəlməmiş, qorxudan boş siniflərin birində paltar şkafına girib gizlənmişdi.

Nəhayət ki, Sona özü bu müdhiş anın qurtarmağına səbəb oldu. Erməninin qolları arasında huşunu itirən qızı, vəhşi məxluq hirsindən yerə çırpdı. Onlar dilxor olub atanın əllərini açdılar, onu yenidən döyüb ölümcül hala saldılar və bundan sonra rahatlaşıb, çıxıb getdilər.

Biçarə ata güclə ayağa qalxaraq, al-qanına boyanmış qızını qolları üstünə aldı. Onu evə, ikinci mərtəbəyə çıxardıb, yatağına qoydu. Əsgini yaş eləyib, bədəninin qanını təmizlədi. Əyninə anasının xalatını geyindirdi. Qızın tərpəndiyini görüb, ona bir az bundan əvvəl özünün düzəltdiyi, zəhərə dönmüş şirin çayını içirtdi.

Sona özünə gələn kimi yorğanı üzünə çəkdi ki, atasını görməsin. Bu an o xəcalətindən yerə girmək istədi. Ağlamaq istədi, utandığından onu da edə bilmədi. İndi o özündən çox atasını fikirləşirdi. Bir an ürəyindən keçdi ki, durub özünü öldürsün. Tez də bu fikrindən yan keçdi. Fikirləşdi ki, əgər özünü öldürsə, atası onsuz yaşamayacaq, mütləq məhv olacaq. Ona görə də özünü bir az toplayıb, murdar bədənini yuyub təmizləmək üçün həyətdəki hamama getdi.

Hamamın sobası yandırılmadığından su buz kimi idi. Sona duşu tam gücü ilə açıb, buz kimi soyuq suyun altında dayandı. Qızın hissiyyatı elə vəziyyətdə idi ki, o suyun soyuqluğunu hiss eləmirdi. Sonanın göz yaşları bədənindən axan qana qarışdı. Yarım saatdan çox heç bir soyuqluq hiss eləmədən buz kimi suyun altında dayandı.

Birdən Sona hamamın bayır tərəfdən qapısının açıldığını eşitdi. Heç azca keçməmiş içəri qapı da açıldı. Qapıda atasının qap-qara olmuş sifətini gördü. Onun sifətində nifrətdən başqa heç bir ifadə yox idi. Sona başa düşdü ki, atası bu ləkənin üstünü torpaqla örtmək istəyir. Əhədin əlində qoşalülə tüfəng var idi. Tüfəngin lüləsi Sonaya tuşlanmışdı. Amma Əhədin əlləri titrəyir, çaxmağı çəkməyə ürək eləmirdi.

Sona bircə bunu deyə bildi:

-Mən ölmək istəmirəm, ata, çünki mən ölsəm, sən yaşaya bilməyəcəksən, ona görə ölmək istəmirəm.

Əhəd səsi titrəyə-titrəyə dedi:

-Bağışla məni, Sonam! Bağışla məni!

Bərkdən çaxan şimşəyin səsi qoşalülənin qulaqbatırıcı səsini itirib batırdı.

- * -

Hadisədən on il keçmişdi. Yayın isti günlərindən biri idi. Gecənin yarısı olardı. Dəniz tənbəl-tənbəl dalğalanırdı. «Xəzri» sanotoriyasında məskunlaşmış qaçqınlar yatmışdılar. Bircə Əhəddən başqa. O, ayaqyalın dənizin kənarı ilə gəzir, hərdən də ləpələr onun ayaqlarını isladırdı. Əhəd, yayın istisinə baxmayaraq, əyninə qara, dəri palto geyinmişdi. Palto vaxtilə bahalı palto olsa da indi cırıq-cındır içərisində idi. Şərqiyə nə qədər eləyərdisə də, Əhəd paltonu əynindən çıxartmazdı ki, paltoda Sonamın iyi qalıb.

Son dəfə Sona atasının boynuna sarılanda palto Əhədin əynində olmuşdu deyə, bədbəxt ata yayın ən qızmar istisində də o paltoda gəzərdi.

Gecənin qaranlığında yaşından çox-çox qoca görünən, saçları ağappaq ağarmış Şərqiyə dənizə lap yaxın yerdə var-gəl edən və öz-özü ilə danışan ərini çağırdı:

-Əhəd, ay Əhəd! Bədəbəxt oğlu bədbəxt, gəlib heç olmasa beşcə dəqiqə uzanıb yatsana. Nə danışırsan bu qədər dəniznən?

Əhəd o qədər öz-özünə danışmışdı ki, ağzının qıraqları ağ köpük bağlamışdı. O, arvadının tənbehindən hirsləndi 

-Sən bilmirsən ki, mən Sonamla danışıram? Niyə məni danlayırsan? Niyə məni heç kəs başa düşmək istəmir? Mən Sonamla danışıram, yadında birdəfəlik saxla! Mən dəli deyiləm ki, öz-özümlə danışım. Mən onunla danışmasam, ölərəm...

Əhəd birnəfəsə əsəbi-əsəbi bərkdən danışır və hönkür çəkib ağlayırdı. Şərqiyə onu danlamağına peşman oldu. Bu sözləri də çox eşitmişdi deyə, dayanıb ona qulaq asmadı. Ağlaya-ağlaya çıxıb getdi. Əhəd isə heydən düşənə qədər danışdı... O, hər kəlməsinin başında «Bağışla məni, Sonam» deyirdi. Hər dəfə də bu sözləri deyəndə onun qaşları çatılır, günəşdən yanmış qapqara, tüklü sifətində elə bir ifadə yaranırdı ki, sanki həqiqətən Sona onun qarşısında dayanmışdı. Əhəd dönə-dönə təkrar edirdi:

-Bağışla məni, Sonam, bağışla məni!

Sübh tezdən balıq tutmağa gələn balıqçılar uzaqdan dənizin kənarındakı qaraltını gördülər. Heç kəs təəcüblənmədi. Hamı bilirdi ki, bu kişi sevimli qızını güllələyəndən sonra başına hava gəlmiş Əhəddir.

Qara dəri paltosu əynində büzüşüb yatmış, dəli Əhəd.