Ən qiymətli hədiyyə

Ən qiymətli hədiyyə

(Hekayə)

  Qədim zamanlarda Əbdül Mütəllib adlı Məkkə hakimi var idi. O çox yaxşı hakim idi.

 Əbdül Mütəllibin on iki oğlu var idi. Onun oğlanları içərisində dərin zəkası ilə seçilən Əbdullah öz qəbiləsindən Aminə adlı bir qızı seçib onunla evləndi. Evlənəndən bir müddət sonra isə səfərə çıxdı.

        Bir müddət sonra Yəmənin Həbəş

hökmdarı Əbrəhə böyük bir ordu ilə Məkkəyə daxil oldu. O, Kəbəni yerlə-yeksan etmək istəyirdi. Xəbəri eşidən qocalar, qadınlar, uşaqlar ev-eşiklərini atıb üz tutdular qaçıb canlarını qurtarmağa. Həmin vaxt Aminə hamilə idi. O da qaçmaq istədi, amma bu, hamilə qadın üçün çox çətin olduğundan yıxıldı. Qarnını qucaqlayıb ağladı:

        - Bağışla məni övladım, səni qoruya bilmədim!

Elə bunu demişdi ki, birdən düşmənlərin başları üstündə qəribə, ecazkar quşlar göründü. Quşlar Əbrəhənin döyüşçülərinin başlarına daşlar yağdırmağa başladılar. Torpağa dəyən daşlar alışıb-yanır, ətrafa dəhşətli bir xəstəlik yayılırdı. Az bir vaxtda Əbrəhə ordusu məhv oldu. Məkkəlilər bu möcüzəyə mat qaldılar.

        Bu hadisədən əlli beş gün sonra Aminənin oğlu oldu. Uşağın adını Məhəmməd qoydular. Bu ad Aminəyə yuxuda əyan olmuşdu.

        Səfərdən geri qayıdarkən yolda xəstələnən Əbdullah doğulduğu oğlunu görməmiş dünyasını dəyişdi. Bu acı xəbərdən sonra Aminə də xəstələnib yatağa düşdü və az sonra o da vəfat elədi. 5 yaşında yetim qalan Məhəmmədi babası tərbiyə etməyə başladı.

Məhəmməd kiçik olanda dayəsi onu kəndə apardı ki, uşaq təmiz havada böyüsün.

Təbiətən həssas olan Məhəmməd dayənin uşaqları ilə qoyun otarmağa gedər, orda açıq havada oturub dünya hadisələri haqda fikirləşərdi.

Ona baxan dayənin üç oğlu vardı. Bir dəfə oğlanlar qoyun otaranda iki ağ, qanadlı məxluq Məhəmmədə yaxınlaşdı. Uşaqlar qorxdular, qaçıb əhvalatı analarına danışdılar.

        - Onlar kim idi? – dayə Məhəmməddən soruşdu. - Sənə heç bir xətər toxundurmadılar ki?

 -Yox, yox, - Məhəmməd cavab verdi, - onlar mələklər idi. Mənim qəlbimi nurla doldurmağa gəlmişdilər.

 Məhəmmədin babası Kəbə ətrafındakı tayfaların rəhbərləri ilə vacib məsələləri müzakirə edəndə balaca Məhəmməd də onun yanında oturardı.

Bir müddət sonra Məhəmməd babasını da itirdi. Balaca Məhəmmədi əmisi Əbu Talib tərbiyə etməyə başladı.

 Əbu Talib Məhəmmədin qayğısını çəkdi. Həmin zamanlarda adamlar karvanlarla səyahətə çıxardılar. Məhəmməd də on iki yaşında əmisinə qoşulub karvanla Dəməşqə səyahətə yollandı.

        Səyahət zamanı kahinlərdən Boheyra adlı birisi gördü ki, göydə bulud parçası Məhəmmədin başı üstündə fırlanıb onu Günəşin şüalarından qoruyur. Bu qeyri-adi hal Boheyranı maraqlandırdı.

 Məhəmmədə baxanda Boheyra onun iki kürəyinin arasında göyərçin yumurtası boyda bir xal aşkar elədi. «Bu Ərəbistanda gözlənilən Peyğəmbərdi», deyə fikirləşdi.

 Bir azdan Boheyra sevinclə Əbu Talibə dedi: «Özüdür ki, var, bu İsanın dediyi Peyğəmbərdir. Bir baxın, bu xal Peyğəmbərlik əlamətidir. Uşaqdan muğayat olun, onu xata-baladan qoruyun», dedi.

        Günlər keçdi, Məhəmməd böyüyüb yaraşıqlı, ağıllı bir cavan oldu. O, çox ədalətli, mərd olduğuna görə adamlar onu «Əl-Əmin» - yəni «İnanılmış» adlandırırdılar.

        Ömründə Məhəmmədin dilinə yalan gəlməzdi. Buna görə ona həm də «Sadiq» - yəni «Düzdanışan» deyirdilər. Allahın əmri ilə Məhəmməd böyük Peyğəmbərlərə xas olan keyfiyyətlərə malik idi.

 Yazı-pozu savadı olmayan Məhəmməd danışarkən elə bil ağzından söz əvəzinə dürr tökürdü. Məhəmmədin gözəl danışığı hamını təəccüb qoyurdu. Məhəmməd öyrədirdi ki, hamı mehriban yaşasın, insaflı olsun, qadınları, uşaqları incitməsinlər. Yalan danışmasınlar, qarət etməsinlər, yetimlərin malını mənimsəməsinlər. Dövrün ağıllı adamları Məhəmmədi tərif etməkdən doymurdular. Ağzından çıxan hər kəlməni əzbərləməyə çalışırdılar. Yaza bilənlər yazdıqlarını başqalarına paylayırdılar.

Peyğəmbər tərif ummazdı. «Mən də sizin kimi insanam», deyərdi. Fərqimiz bircə ondadır ki, Allahdan mənə vəhy gəlir. Mən sonuncu Peyğəmbərəm. Məndən qabaq bir neçə Peyğəmbər olub. Adəm, Nuh, İbrahim, İsmayıl, Zəkəriyyə, İsa. Onlar Allahın kəlamlarını insanlara çatdırmışlar. İndi növbə mənimdir.

Məhəmməd çox insanpərvər idi. Onun nəyi vardısa adamlarla bölüşürdü. Ondan kömək istəyənlərə kömək edirdi. İnsanları, düşmənçilikdən, qan-qadadan uzaq olmağa çağırırdı.

Məhəmməd öz dərin zəkası və bacarığı ilə Mədinəlilərlə Məkkəlilər arasında illərlə sürən müharibənin qurtarmasına nail oldu.

Sonra o, bütün Məkkəliləri namaza çağırdı. Bütün Məkkə əhli namaza gəldi və İslamı qəbul elədi. Məhəmməd çoxdan bu günü gözləyirdi.

Məhəmməd deyirdi: «Allah təkdir. Allahdan başqa allah yoxdur. Onun kərəmi böyükdür. Allah qarşısında hamı bərabərdir. Biz Adəmin övladlarıyıq, qardaşıq». Məhəmməd arzusuna çatdı. Böyük İslam dünyasını yaratdı. Quranı nəinki müsəlmanlar, başqa dindən olanlar da sevdi. Onu öz dillərinə çevirib oxudular, bəhrələndilər.

«Girdiyin hər evə əssəlaməleyküm, deməyi unutma, bu, amanda olasan, deməkdir. Çünki dünyada ən gözəl şey əmin-amanlıqdır». Bu gün də sevdiyimiz, nuruna, möcüzəsinə inandığımız, cəmi müsəlmanlara Müqəddəs Quran vermiş Peyğəmbərimiz Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) belə deyirdi. O vaxtdan da Quran cəmi insanlara ən qiymətli hədiyyə oldu.

Hekayətimiz də başa çatdı, qoy o Müqəddəs Quran əlimizdən, Məhəmməd Peyğəmbərin nuru isə başımızın üstündən əskik olmasın! Sənin də, mənim də, bütün canlı və cansız nə varsa, onların da!!!