Tülkü və Dovşan

Tülkü və Dovşan

(Hekayə)

  Dovşan çayın kənarı ilə gəzirdi. Tülkü gizləndiyi yerdən həsrətlə dovşana baxıb, «Heyf ki, ac deyiləm, yoxsa səni nə yeyərdim», - deyə fikirləşirdi. Amma dovşanı da əldən çıxarmaq istəmirdi.

 Tülkü dovşana yaxınlaşdı. Dovşan qorxdu. Amma gec idi. Heç yerə qaça bilməzdi. Büzüşdü. Tülkü yazıq görkəm alıb dedi:

 - Mənim də kimsəm yoxdur. Meşədə yalqız gəzirəm. Gəl bacı-qardaş olaq. Bir yeyək, bir gəzək, bir qalaq!

 Dovşan bu sözləri eşitcək sevindi:

 - Bu çox yaxşı olar. Razıyam. Mən səni çox istəyərəm, sən də mənim qayğıma qalarsan.

 Onlar çayda çimdilər, dedilər, güldülər. Tülkü çaydakı balıqları gördü, ağzının suyu axdı. Fikirləşdi ki, dovşan onun yanındadır, nə vaxt istəsə onu yeyər. Qoy, bu axşam balıq yesin. Ona görə də dedi:

 - Gün batır, hava soyuyur, mən suda çox qala bilmirəm. Balacalıqdan ayaqlarımda ağrı var. Gəlsənə, sən çaydan balıq tutasan. Mən də bir çala düzəldəm, balıqları ora yığaq.

 Dovşanın tülkünün hiylələrindən xəbəri yox idi. Ona inanıb dedi:

 - Baş üstə, nə qədər desən balıq tutaram!

 Tülkü hiyləgər-hiyləgər gülümsündü və yenə uzandı. O uzanır, dovşan balıq tutub onu çağıranda sevinclə sıçrayıb balığı alır, gizlincə yeyirdi.

 Hava qaralırdı. Dovşan həm yorulmuşdu, həm də soyuqdan əsirdi. Amma tülkü hər dəfə deyirdi:

 - Birini də tut, bəsdir!

 Axırda dovşan dözmədi, sudan çıxdı. İstədi tutduğu balıqlara baxsın, balıqları vedrədə görməyəndə soruşdu:

 - Bəs balıqlar haradadaır, Tülkü lələ?

 Belə sualdan Tülkü qəzəbləndi:

- Məgər hər nə tapsaq, tapan kimi yeməliyik, - deyə qışqırdı. - Bəs bu günün sabahı, qışı yoxdur? Onda qarda-çovğunda nə yeyəcəyik? Mən balıqları duzladım, yerə basdırdım ki, qışda yeyək. Məgər səhv eləmişəm?

 Dovşan naəlac razılaşdı. Bilmədi ki, tülkü onun tutduğu bütün balıqları yeyib. Onlar yola düşüb dovşanın yuvasına gəldilər. Gecə yarı dovşanın qızdırması qalxdı. Zarıyıb tülküdən bir qurtum su istədi:
 - Dilim-dodağım yanır, Tülkü lələ bir qurtum su ver içim!

Tülkü isə onun ah-zarından bezib deyindi:

 - Lap zəhləmi tökdün! Sənin səsindən yata bilmirəm!

 Belə deyib öz yuvasına, yatmağa getdi. Fikirləşdi sübh tezdən gəlib dovşanı yeyər.

Dovşanın ah-uf səsinə böyük bir ilan gəldi. Dovşanı görəndə ona yaxınlaşdı ki, onu yesin. Dovşanın gözləri qızdırmadan açılmadığından o ilanı görmürdü.

 İlan dovşanın xəstə olduğunu başa düşdü. O, heç vaxt xəstə, köhnə heyvan yemirdi, deyə, zəhərindən bir az onun üstünə sürtdü ki, sağalsın, sonra yesin. Özü isə çaya su içməyə getdi.

Tülkü yaman acmışdı. Yuxudan oyanan kimi səhər yeməyinə, dovşanın yuvasına cumdu.

Əvvəl ləzzətlə onu yaladı. İlan zəhəri dovşanı sağaltmışdı, qızdırması düşmüşdü. Gözlərini açdı. Gördü tülkü başının üstündə dayanıb, onu dili ilə tumarlayır. Avamlığından sevindi:

- Çox sağ ol, sən əsl dostsan!

 Tülkü isə elə ağzını açırdı ki , dovşanı ləzzətlə yesin, dilinə dəyən zəhərdən sancıdan ikiqat oldu. Elə qaçdı, elə qaçdı ki, onu həmin meşədə bir də heç kəs görmədi. Dovşan isə hər yanda dostunu axtardı. Həqiqəti isə heç vaxt bilmədi. Pislik isə həmişəki kimi, elə pislik eləyənə qaldı.