Doğrudan da maraqlıdır!

Doğrudan da maraqlıdır!

(Hekayə)

 Bir gün Nərgiz dostlarına dedi:

 - Anam çox vaxt işdə olur. Evə gələndə mənə bir az nağıl oxuyan kimi yorulur. Nənəm isə bir az oxuyan kimi deyir: «Daha bəsdir, başqa işlərim var». Ya da deyir, «başım ağrıyır». Qardaşıma yalvarmaqdan yorulmuşam:

 - Nə olar, bir səhifə də oxu…

 O da gah oxuyur, gah oxumur.

 Axır bir gün bütün bunlardan yoruldum. Yalvarmaqdan bezdim. Özüm hərfləri öyrəndim.

 Uşaqlar diqqətlə Nərgizə qulaq asırdılar. Nərgiz qoltuğundakı kitabı açıb uşaqlara göstərdi və sözünə davam elədi:

 - Baxın, indi özüm oxuyuram. Kuklam Nuruş və dovşan dostum Toppuşu da oturduram yanımda. Onlar da mənə qulaq asırlar. Oxumaq elə maraqlıdır ki, daha heç kəsə yalvarmırsan. Kitabı əlinə alırsan, oxuyursan! Siz də oxumağı öyrənsəniz, görəcəksiniz ki, bu doğrudan da maraqlıdır!