Yuxun şirin olsun
(Hekayə)
Yuxu nədir?
Niyə yuxu görürük?
Keçmişdən və gələcəkdən xəbər verən yuxular
Yuxular həm maraqlı, həm də çox maraqsız olur, bəzən isə qorxulu,
bəzən sevindirici olur. Gözəl yuxu görəndə yuxudan ayılmaq istəmir,
qorxulu yuxu görəndə tez oyanmaq, dəhşətlərdən qurtarmaq istəyirsən.
Məsələn, bir də görürsən kimsə sənə çoxdan arzu etdiyin gözəl bir
oyuncaq hədiyyə edir, onu şirin-şirin oynatdığın yerdə yuxudan
oyanırsan. Və yaxud əksinə, yuxuda görürsən Küpəgirən qarı səni atıb
qazana, qaynadır ki, bişirib yesin! Qışqırırsan, köməyə çağırırsan,
səsin çıxmır. Dostların da harda itib, Allah bilir. Ata-anan da yerli
dibli yoxdular, elə bil onlar heç olmayıb.
Qazandan çıxmaq
istəyirsən, Küpəgirən qarı süpürgəsi ilə başından vurur, təzədən qazana
girirsən! Aman, onda neyləməlisən? Əlbəttə yuxudan oyanmalısan!
Necə? Bu sirri BALA DİLİ sənə açar!
Gərək sirri pis adamlara deməyəsən!
Soruşucaqsan: «Kimdir pis adamlar?»
Cavabını deyərəm: «Pis adamlar silah düzəldən əmilərdir!»
«Pis adamlar o bağça müəllimələridir ki, uşaqlara verilən meyvələri yeyir və nahaq yerə uşaqlara qışqırırlar!»
«Pis adamlar bina tikir, uşaqlara həyətdə oynamağa yer qoymur!»
«Pis adamlar televizorda qorxulu kinolar verirlər ki, uşaqlar qorxsun, qorxulu yuxular görsün, qorxaq olsunlar!»
Onlardı pis adamlar.
Küpəgirən qarı, div nağılların pisləridir, onlar isə müasir dövrün, yəni biz yaşayan vaxtın divləri və küpəgirən qarılarıdır!
Sən bunları bilməlisən və güclü olmalısan ki, nağıldakı «Cırtdan» kimi onlara qalib gələsən!
Bildin
pis adamlar kimdir, kimə sirr demək olmaz, onda sirri açıram! (Mən
bilirəm ki, pis adamların bu yazıdan xəbəri olmayacaq, çünki pis adamlar
oxumağı sevmirlər)
Elə ki, pis yuxu görməyə başladın, çətinliklə də
olsa yadına salmağa çalış ki, sən yuxu görürsən və bu yuxu sənə ziyan
gətirə bilməz! Düzdü, bu çox çətindir, amma mümkündür. Düzdü, bir dəfə,
iki dəfə ola bilər səndə alınmasın, amma bir gün buna nail olacaqsan!
Ondan sonra qorxusu yoxdur. Küpəgirən qarının qaynar qazanında ayağını
aıağının üstünə qoyub qorxmadan oturub fikirləşəcəksən: «Nə olsun bişim
də, onsuz da yuxu görürəm!».
Və yaxud da yuxuda görəcəksən
dənizdə boğulursan, boğulursan, heç kəs imdadına çatmır. Onda bircə
yadına sal: «Mən yuxu görürəm, nə olsun dənizin dibinə gedirəm». Hətta
orda da darıxma, balina ilə dostlaş, balıqlarla oyna!
Əziz dost!
Eşit Gülzar nənənin sözünü və yadda saxla! Həyat çox mürəkkəbdir. Pis
yaşamaq asan olduğu qədər, yaxşı yaşamaq ondan qat-qat çətindir. Hər
anda bir gözəllik axtar, hər dəqiqəndə bir xoş an yaşamağa çalış! Elə
yuxuda da.
Yuxulardan yazıb səhifələri doldursam, gerçəyə yer
qalmaz. Yaxşısı budur, Bala Dilinin internet səhifəsinə gir,
«baladili.ws» «Bizimlə əlaqə» bölməsinə, orda istədiyin qədər yuxulardan
danışaq, məktublşaq!
Hətta istəsən həmin ünvana yəni, «baladili.ws» gecə gördüyün yuxunu yaz, yuxu yozanlar yuxunu yozsun, sənə cavab yazsın.
Yuxuda su görmək - təmiz su aydınlıqdır! Yəni işin düz gətirəcək, sevinəcəksən deməkdir! Bulanıq su - kədər əlamətidir.
Yuxuda uçmaq - uğura, müvəffəqiyyətə səmt getmək və həm də boy atmaq deməkdir.
Yuxuda dostların əhatəsində olmaq - şad xəbər alacağına, dostlarını bikef görsən, pis xəbər alacağına işarədir.
Yuxuda
kiçik alov - maraqlı keçirəcəyin gündən xəbər verir. Odu üfürüb
gücləndirsən, əyləncəli, maraqlı məcaranın şahidi ola bilərsən!