Kriminal hadisə.
(Hekayə)
«Bala Dili» jurnalının həyatında kriminal hadisə baş verib. İş
məhkəməyə qədər gedib çıxıb. Hakimlər hər iki tərəfi - günahkarı və
şikayətçini dindiriblər.
Günahkar özü məhkəmədə çıxış edib. Amma şikayətçi bizim dildə danışa bilmədiyindən məhkəmədə onun vəkili çıxış edib.
Vəkil deyib: «Bala Dili jurnalının rəssamı Amazon çayında yaşayan boylu-buxunlu, yamyaşıl, yaraşıqlı, iri sədəf dişli timsahı Bala Dili jurnalının 55 və 58 saylı nömrələrindəki timsahı elə çəkib ki, timsahın dişləri rəsmdə əyri-üyrü, eybəcərləşdirilib. Bu dəhşətdir. Gələcək nəsillər bu şəkildə tarixə düşmüş timsah haqda nə fikirləşəcəklər. Ulu babalarının dişlərinin belə eybəcərləşdirilməsi ilə barışa biləcəklərmi? Elə bu səbəbdən də mənim müdafiə etdiyim timsah qəzəblənmiş, min kilometrlərlə yolu üzərək, dənizlərdən, çaylardan keçmiş, Bala Dili jurnalının rəssamını yemək üçün Bakıya gəlmişdir. Yaxşı ki, lazımi orqanlar onun bu hərəkətindən vaxtında xəbər tutaraq faciənin qarşısını almışlar.
Məhkəmə zalında əyləşənlər bunu eşidəndə dəhşətə
gəldilər. Bir ağızdan «Aman!» - dedilər. Amma heç kəs başa düşmədi ki,
onlar kimin hərəkətini pisləyirdilər. Rəssamın, yoxsa timsahın. Hakim
günahkara, yəni rəssama sual verdi:
- Günahkar! Özünüzü məhkəmə prosesində iştirak edənlərə təqdim edin!
- Firuzə İbrahimova Gəray qızı, 1980-ci ildə Bakıda anadan olmuşam.
Dörd ildir ki, Bala Dili jurnalda işləyirəm. İşimi sevirəm. Heyvanların,
quşların dilinmi bilirəm. Tez-tez onlarla təmasda oluram. O qədər
onların rəsmini çəkmişəm ki, heç vaxt məndən narazı qalan olmayıb. Bircə
bu Amazon vəhşisindən başqa. Onun da şəklini internetdən götürmüşəm.
Dişləri elə şəkildəki kimi çəkmişəm. Yoldaş Hakim. Mənim heç bir
təqsirim yoxdur. Günah onundur ki, elə eybəcər şəkil çəkdirib qoyub
internetə.
Rəsam sənədlərin arasından Timsahın şəklini çıxarıb
Hakimə və zaldakılara göstərdi. Hamı bir səslə «Aman!», dedi. Amma heç
kəs başa düşmədi ki, onlar kimin hərəkətini pisləyirdilər. Rəssamın,
yoxsa timsahın.
Bu dəfə Hakim üzünü Timsahın vəkilinə tutdu:
- Düzdür ki, sizin müdafiə etdiyiniz Timsah internetə elə bir şəkil qoyub?
Vəkil coşub-daşdı:
- Şəkil qoymağına qoyub, amma şəkildə o üzünə maska taxıb. Çünki şəkil
Yeni il karnavalı vaxtı çəkilib. Belə bir şəkli isə Bala Dİli kimi
tanınmış, sevilən bir jurnala qoymaq, Ən azı əsilli, nəcabıtli Amazon
timsahına yaraşmaz. Uşaqlar onu görüb nə fikirləşərlər? Zəhlələri gedər
ondan!
Hakim kiçik bir müşavirədən sonra Hökm çıxarıb oxudu:
-
Bala Dili jurnalının rəssamı Amazon timsahının dişlərini düzgün
çəkmədiyinə görə cəzalandırılsın. Ona bir il müddətinə timsah rəsmi
çəkmək qadağan olunsun! Timsahın vətəninə qayıtma üçün bütün xərcləri
rəssamın əmək haqqından tutularaq ödənilsin! Bundan başqa Timsaha dəyən
mənəvi ziyanı ödənilməsi üçün Bala Dili jurnalında «təkzib» verilsin.
Yəni timsahın rəsmi gözəl çəkilib jurnala verilsin və əvvəlki rəsmin
səhv getdiyi etiraf edilsin!
Bu da Bala Dilinin rəssamı haqda kriminal məlumat!
Qeyd: Belə hadisələr Bala Dİlinin həyatında tez-tez baş verir. Növbəti
dəfə sizə Rəssamın öz Cəngi meşəmizdəki boz Ayını çəkəndən sonra
rəssamın başına gələnləri, məhkəmə salonunda baş verənlərdən Sizi
xəbərdar edəcəyik.
Birini bilirsiz, o birini yox. Bala Dili başa gələnə qədər nələr baş verir, nələr baş verir. Bircə bilsəz!!!