Sınmış buz

Sınmış buz

(Hekayə)

  Rasim eşidəndə ki, Yeni ildə kənddə babasıgildə olacaq, çox sevindi. Onun ata-anası qərara gəlmişdilər ki, bu il Yeni ili öz valideynləri ilə birlikdə - kənddə keçirsinlər. Rasim yaxın dostu Sevdaya da onunla kəndə getməyi təklif elədi. Onlar kəndə bir yerdə getdilər.

Kənddə hər tərəf ağappaq qar idi. Qarın üstündə sərçələrin izləri görünürdü. Uşaqlar şən-şən qartopu oynayır, xizəklə sürüşürdülər. Qışda kənd elə gözəl idi ki…

Kəndə çatıb dincələndən sonra Rasim və Sevda da onlara qoşuldu. Xeyli qartopu oynayandan sonra sürüşmək üçün xüsusi sürüşcək botularını götürüb gölə tərəf getdilər. Göl deyəndə ki, bu çox dayaz, gölməçə kimi bir yer idi. Rasimgilin bağının düz ortasında yerləşirdi. Amma uşaqlar ona həmişə -göl- deyirdilər. Onlar yayda gölməçəyə girəndə su onların dizindən olurdu. Qışda isə su donduğundan orda sürüşürdülər.

 Əvvəl sürüşmək üçün Sevda gölə girdi. Bir az irəliləyib sürüşmək istəyirdi ki, Rasim də gəldi. Sevda qorxub qışqırdı:

 - Sən hələ gəlmə! Buz sınar!

 Rasim onu sakitləşdirdi:

 - Yox, sınmaz, mən də sürüşmük istəyirəm!

 Elə bunu demişdi ki, buz ortadan sındı, uşaqlar buzlu gölə düşdülər. Rasimin nə ata-anası, nə də baba-nənəsi evdə yox idilər.

Uşaqlar birtəhər sudan çıxdılar və qurunmaq üçün evə qaçdılar.

Sevda Rasimdən küsdü:

- Sən gölə girməsəydin mən yaxşıca sürüşəcəkdim. Danışdırma məni!

- Heç danışdırmaram!

 Rasim pərt oldu. Onlar hər ikisi küskün-küskün sobanın bir tərəfində oturdular.

Yeni ilə lap az qalırdı. Demək olar ki, bir neçə saat. Belə getsəydi uşaqlar Yeni ili küsülü qarşılayacaqdılar. Bu vaxt baba da, ata-ana da evə gəldilər. Onlar uşaqların başına gələni biləndən sonra balacaları öpüb dedi:

- Hə, əzizlərim, bu bayram günündə qaşqabaqlı olmayın! Buzun sınmasında mənim günahım var. Mən səhər odun yaranda balta əlimdən çıxdı düşdü gölün üstünə və buz da çatladı. Unutdum siz gələndə deyim ki, buzda sürüşməyin, o çatlayıb. Ona görə də belə hadisə baş verdi.

Sevda Rasimin günahsız olduğunu başa düşüb ondan üzr istədi:

- Bağışla Rasim, mən də səni nahaqdan acıladım!

 Onlar barışdılar. Daha nahaq yerə heç vaxt küsüşmədilər. Yeni ili çox şən qarşıladılar.