Yalançı dovşan

Yalançı Dovşan

Günlərin bir günü Ayı bilmədən Dovşanın ayağını tapdaladı. Dovşan elə bağırdı ki, az qaldı ayının qulaqları tutulsun.

- Aman, öldüm! Vay, ayağım, ayağım sındı. Ay ana!!! Ayı çox pərt oldu. Bilmədi neyləsin ki, dovşanın könlünü alsın:

- Bilmədim, vallah, bilmədim! Yöndəmsiz bədənim qoymur ki, ayağımın altını görüm. Bağışla, dovşan, bağışla!

- Bağışlaya bilmərəm! Vay, ayağım! Ayaqsız qaldım. Bundan sonra ayaqsız neyləyəcəyəm? Necə qaçacağam? Necə

hoppanıb-düşəcəyəm?

- Ay-ay, öldüm!

- Yaxşı, sakit ol!

Mən səni bu vəziyyətdə atıb getmərəm. Gəl gedək mağarama, nə lazım olsa edərəm ki, ayağın tez sağalsın. Ayı dediyi kimi də elədi. Dovşanı qucağına alıb mağarasına gətirdi. Yedirtdi, içirtdi, ayağına dərman bağladı, yumşaq yerdə yatırtdı. Bir gün belə, beş gün belə, on beş gün belə... Ayı dovşana elə baxırdı ki, dovşanın heç yuvasına getmək fikri yox idi. Ayı hər dəfə soruşurdu:

- Dovşan, a dovşan, ayağın yenə ağrıyır?

- Ağrıyır nədi, günü-gündən pisləşir. Belə getsə, ayaqsız qalacağam! Ayı dovşana inanırdı. Hər dəfə bazardan dovşan üçün dadlı yeməklər alırdı: kök, tort, şokolad, dondurma, meyvəli piroq, daha nələr, nələr. Amma dovşan heç vaxt razı qalmırdı:

- Nə qədər eyni yeməkləri yemək olar? Heç belə yeməklərlə sağalmaq olar? Armud, üstündə də bal yemək istəyirəm. Ayı gedib onu da alıb gətirdi. Bir gün

Ayı yol gedəndə Tülküyə rast gəldi. Tülkü soruşdu:

- Yaman fikirlisən, bir şey olmayıb ki? Ayı başına gələnləri Tülküyə danışdı. Tülkü hiyləni başa düşdü. Çünki o özü belə hiylələri çox eləmişdi. Təəssüflə dedi:

- Yazıq dovşan! Onu mütləq həkimə aparmaq lazımdır. Özü də təcili! Ayı razılaşdı.

Ayı ilə Tülkü Dovşanın yanına gələndə o, şirin-şirin yatmışdı. Tülkünün səsinə yerindən dik qalxıb oturdu. Tülkü dedi:

- Mənim də ayağım belə olmuşdu. Yəqin, ayağı yerindən çıxıb. Dovşana təcili iynə vurmaq lazımdır. Keyidici iynə. Sonra isə ağrı kəsən kimi çıxmış ayağı yerinə salmaq lazımdır. Mən həkiməm. Bunu asanlıqla eləyə bilərəm. Dovşan iynə adı eşidən kimi yerindən dik atıldı. Elə qaçdı ki, Ayı təəccübdən yerində qurudu. Amma Tülkü təəccüblənmədi. Çünki o, dovşanın hiyləsini başa düşmüşdü.

- Gördün? – Tülkü Ayıdan soruşdu.

- Gördüm! – dedi Ayı.

Ayının canı yalançı Dovşandan qurtardı. O, Tülküyə minnətdarlıq elədi.

Yalanının üstü açılmış dovşanı isə daha bu tərəflərdə görən olmadı.