8 Mart

 

8 Mart

Cəfər boynunun dalını qaşıya-qaşıya soruşdu:

- Ana, bu gün nə bayramıdır?

- Martın 8- i Qadınların bayramıdır!

- Onda bu gün kişilər bayram eləmir?

- Kişilər isə qadınları təbrik edir. Onlara hədiyyə alır, gül hədiyyə edirlər.

 - Onda mən və atam bu gün hədiyyə alıb səni təbrik edəcəyik!

    - Çox sağ olun!

 Ana gülümsədi və bir az da qızardı.

Cəfər sevindi və masanın üstündən bir alma götürüb atıb-tutdu, sonra isə şən-şən atılıb-düşməyə başladı:

 - Ura, uraaa, bu gün anamın bayramıdır!

 - Bir də ki, bu gün təkcə anaların yox, qızların da bayramıdır. Qız dostun varsa, onu da 8 Mart bayramı münasibətilə təbrik edə bilərsən!

Cəfər bir az fikrə gedəndən sonra soruşdu:

- Kimi təbrik edim?

    - Qızlardan kimi özünə dost sayırsansa, onu!

Cəfər yenə fikrə getdi. Ana ona kömək elədi: 

   - İstəyirsən, Sənəmi təbrik elə!

   - Ondan xoşum gəlmir, küsəyəndir!

   - Küsəyəndir ona görə ki, sən həmişə onun saçını dartırsan! Sənəmin çox qəşəng saçları və ağıllı baxışları var. Özü də çox nəzakətli qızdır!

Cəfər bir xeyli susdu, daha danışmayıb, fikirli-fikirli otağına keçdi. Birdən nə fikirləşdisə, saxsı pişik qabının ağzını açaraq topladığı qəpikləri ovcuna tökdü:

   - Ana, mən bu saat qayıdıram! – deyib həyətə qaçdı.

Bir azdan Cəfər əlində böyük bir gül dəstəsi ilə həyətdə göründü. Sənəm yaxınlıqda skamyada oturmuş, əlindəki “Bala Dili” jurnalını vərəqləyirdi.

 Cəfər ona yaxınlaşanda Sənəm başını qaldırıb soruşdu:

 - Sən yaxşı oğlan deyilsən, məni həmişə hirsləndirirsən, get burdan!

 - Qorxma, səni hirsləndirməyə gəlməmişəm! 

 - Sən dedin, mən də inandım, yəqin, yenə saçlarımı dartmağa hazırlaşırsan?

 - Yox, saçlarını da dartmaram! – deyib Cəfər arxasında gizlətdiyi gül dəstəsini Sənəmə uzatdı.

Sənəmin iri gözləri bir az da böyüdü:

 - Nə gözəl güllərdir! Onları mənə verirsən? 

 - Əlbəttə, sənə verirəm! Bayramın mübarək! – Cəfər həyəcanla, səsi titrəyə-titrəyə dedi və gül dəstəsini qızın dizinin üstünə qoyub qaçdı.

Cəfər elə qaçırdı, sanki nəsə pis bir iş tutmuşdu.  

Birdən Cəfərin yadına düşdü ki, axı o, pis bir hərəkət eləməyib, təkcə Sənəmə gül hədiyyə edib. Belə fikirlərlə yenə Sənəmin yanına qayıtdı. Bu dəfə o, Sənəmə fikir verib gördü ki, qızın doğrudan da qəşəng saçları və gözəl gözləri var. Onlar həmişəlik dost oldular. Sonra Cəfər iki dəstə də gül aldı. Gül dəstəsinin birini anasına bağışladı, o birisini isə Sənəmin anasına. Həmin gün Cəfərin yadında gözəl bir gün kimi qaldı - «8 Mart Qadınlar Günü».