Tənbəllik

Tənbəllik

     Şahin iş görməyi xoşlamırdı. Ona tapşırılan işi könülsüz görər,  sonra "yoruldum" deyib oturardı.

     Bir gün Şahin kəndə - nənəsinin yanına gəlir. Axşam bir az uşaqlarla oynayan kimi saat səkkiz olmamış yatır.

   Səhər nənəsi onu nə qədər oyadırsa, Şahin yorulmuşam deyib durmur. 

    Nənə günortaya yaxın təndirdə çörək yapıb evə qayıdanda görür ki, Şahin hələ yatıb. O, həyəcanla nəvəsini yuxudan oyadır:

    - Şahin, bala, dur ayağa! İndiyə qədər də adam yatar? Tənbəllik səni xəstələndirər ki...

     Düzdür, Şahin başa düşmədi ki, Tənbəllik kimdir, adamı necə xəstələndirir?  Amma yuxulu olduğundan tənbəllik edib heç nə soruşmadı. Uzanıb Günəşə baxdı. Günəş istisini hər yana yaymışdı. Şahin bərkdən əsnədi, sonra qollarını açıb gərnəşdi. Sonra soruşdu:

   - Nənə, adam niyə əsnəyir?

   - Əsnəyəndə adamın tənbəlliyi çıxıb gedir.

   - Necə gedir, hara gedir? Sən tənbəlliyi görmüsən?

   - Yox, görməmişəm. O, həmişə məndən gizlənir, qorxub qaçır. 

   - Harda gizlənir?

   - O çox hiyləgərdir. Hər yerdə gizlənə bilir. Yuyulmamış qabların arxasında, süpürülməmiş zibilin içərisində, doğranmamış odunların arasında, palçıqlı başmaq altında, hətta fırçalanmayan dişlərin arasında da özünə yer tapa bilir.

    - Nə danışırsan, nənə, nucə də iyrəncdir Tənbəllik!

    - Elədir ki var. O, hətta ziyankardır da.

  Uşaqları tənbəlləşdirir, onlar dişlərini fırçalamır, dişləri xarab olur, çürüyür. Onda tənbəllik sevinir. Çünki dişlər xarab olanda onun yeri böyüyür, xarab dişlərin arasında özünə yuva düzəldir. Xarab dişlər ağrıyır, Tənbəllik sevinir.  

    - Mən sevmirəm Tənbəlliyi! Sən də sevmirsən?

    - Əlbəttə! Tənbəllik bunu bilir, ona görə də gözümə görünmür. İndi isə qalx, əl-üzünü yu, dişlərini fırçala, tənbəlliyi qovla!

   - Bu saat mən ona göstərərəm, – deyib, Şahin vanna otağına keçdi. Həmişəkindən fərqli olaraq tərtəmiz yuyundu. Səhər yeməyini də iştahla yedi.

  Bir az cizgi filminə baxdı. Sonra isə hiss elədi ki, gözləri yumulur. Dedi:

   - Nənə, yorulmuşam, yuxum gəlir.

   Nənə məəttəl-məəttəl soruşdu:

  - Neyləmisən ki, yorulasan? 

  - Dünən uşaqlarla çoxlu futbol oynamışam, yorulmuşam.

   Nənə güldü:

  - Dünən oynadığın keçmişdə qaldı. Dünəndən yorğunluq qalmaz. Yatıb duranda yorğunluq keçir.

  Özünü yorğun hiss eləyirsənsə, deməli tənbəllik səni özünə çəkib deyir: "Gəl, gəl mən tərəfə, dostum ol, dostlarımın sayı artsın!».

   - Yox, mən Tənbəlliklə heç vaxt dost olmaram!

   - Onda elə isə tut ağacının dibini bellə, sonra ona su ver. Tənbəllik sudan qorxur. Suyu əlində görən kimi qaçacaq.

     - Bu saat, - deyib Şahin bağa getdi. Nənəsi deyən kimi elədi. Ağacın dibini belləyib ona su verdi. Ağac elə bil canlandı.

  Onun büzüşmüş yarpaqları açıldı, ağac dilə gəlib dedi:

    - Sağ ol, oğlan! Məni sevindirdin. Yarpaqlarım tənbəlləşib solmuşdu.

     Sonra Şahin hər yana diqqətlə baxdı ki, bəlkə Tənbəlliyi görə. Amma onu heç yerdə görmədi. Gözü həyətin bir küncündə yığılmış zibilə sataşdı. Nənə zibili bir tərəfə yığmışdı ki, vaxt tapanda atsın. Şahin fikirləşdi: "Yəqin, Tənbəllik zibillərin arasında gizlənib, atım, o da çıxıb getsin, mənə yaxın gəlməsin. Şahin elə də etdi. Nənə bunları görüb lap məəttəl qalmışdı. Şahin dayanmır, gah gülləri sulayır, gah qurumuş yarpaqlarını çıxarır, gah da arxın kənarından xırda daşları təmizləyirdi. Hətta baltanı götürüb odun da doğrayırdı. Hər dəfə odunu götürəndə fikirləşirdi:

    - Yəqin, Tənbəllik bu odunun altında gizlənib, indi onu qovaram.

       Odunları doğradıqdan sonra Şahin çiyələk kollarının arasından alaq otlarını təmizlədi. O hər dəfə alaq otunu qaldıranda deyirdi:

     - Hardasan, Tənbəllik! Bu saat səni tapıb qovaram! Gizlənə bilməzsən!

      Amma heç yerdə axtardığını tapa bilmirdi.  

      Beləliklə, Şahin bütün günü işlədi. Nənə elə sevinirdi ki... Axı  nəvəsi tənbəllik xəstəliyindən sağalırdı.

     Sonra Şahin uşaqlarla oynamağa getdi. Onlar çaya çimməyə getdilər. Moruq yemək üçün kol-kosa girdilər, futbol oynadılar, ağaca dırmaşıb alça yedilər, elə maraqlı oldu ki...

      Axşam yeməyindən bir az sonra nənə Şahinə dedi:

    - Dur yat, yorulmusan! Bu gün bütün günü işləmisən, ora-bura qaçmısan!

 

  - Yox, ay nənə, yorulmamışam! Amma bir şey deyim sənə, Tənbəlliyi heç yerdə tapa bilmədim. 

 

  Nənə lap məəttəl qalmışdı.

  Şahin tamam dəyişmişdi.

   - Lap yaxşı, deməli sən Tənbəlliyi birdəfəlik qovmusan!

     Şahin çox sevindi. Çünki o, Tənbəlliyə qalib gəlmişdi. Daha hiyləgər Tənbəllik heç vaxt onu aldada bilməyəcəkdi.