Sehrli Balıq

Sehrli Balıq

1. Uşaqlar Murad babanın başına yığışmışdılar. Baba da onlara cavanlığından danışırdı. Murad baba danışırdı ki, cavan olanda göldən çoxlu balıq tutardılar. Göl qırağına gəlir, şənlik qurardılar. Uşaqlar maraqlandılar:

    - Murad baba, gölün kənarı çox zibillidir, siz orda necə şənlənirdiniz?

    - Onda gölün qırağı elə gözəl, elə təmiz idi ki, adam heyran olurdu. Ora hətta başqa yerlərdən də qonaqlar gəlirdi. 

    Babaya qulaq asandan sonra dostlar - Səfər və Məhəmməd gölə baılq tutmağa getməyə hazırlaşdılar. Səfərin bacısı Ülviyyə də onlarla getmək istəyəndə qardaşı əvvəl razı olmadı:

 - Qızlar balıq tutmağa getmir!

- Mən sakitcə oturub sizə baxaram.

Məhəmməd dedi:

- Nə olacaq, qoy gəlsin!

 Səfər bacısının xətrinə dəyməyib razılaşdı:

2 .- Yaxşı, gəl!

     Ülviyyə sevindi, oğlanlara qoşulub balıq tutmağa getdi. Oğlanlar suya tilov atıb çox gözləyəndən və xeyli əziyyətdən sonra Səfərin tilovuna nəsə düşdü. O, sevincək tilovu sudan dartmağa başladı. Amma... qarmağındakı balıq yox... bir köhnə ayaqqabı idi...

   - Nə qəşəng “balıq”dı! – deyə Ülviyyə ilə Məhəmməd ona güldülər. Səfər ayaqqabını bir yana tullayıb yenidən tilovu suya atıb gözləməyə başladı. 

    Bir azdan Məhəmməd tilovu çəkib sudan təkəri qopmuş oyuncaq maşın çıxartdı.

    Bu dəfə Səfər ona güldü:

3. - Maşının mübarəkdi!

Məhəmməd özünü sındırmayıb sınıq maşını bir yana atdı.

Uşaqlar yenə balıq gözləməkdə davam etdilər. 

 

  Dostlar daha sonra göldən qulpsuz çömçə, sınıq stəkan, sınıq velosiped sükanı, maşın rulu, konserv bankası, cırıq top, əlcək, hətta rezin balıq çıxartdılar.

    Ülviyyənin rezin balıqdan çox xoşu gəldi. Onu götürüb bir ağacın altında oynatmağa başladı. Sonra isə  onu yuxu tutdu. Yuxuda gördü ki, qucağındakı rezin balıq insan kimi danışır:

   - Görürsən də nə olub?

   - Nə olub? – Ülviyyə təəccüblə soruşdu.

   - İnsanlar bizi məhv edirlər! 

   - Necə?

   - Gedək, özün şahid ol!

     Əvvəl balıq, ardınca da Ülviyyə üzə-üzə suyun dibinə düşdülər. Suyun dibində nələr yox idi… Ülviyyə özünü lap zibil maşınının içərisində hiss elədi. Burda balıqlar az qala boğulurdular. Yazıqlar haldan düşdüklərindən üzə bilmirdilər. Çoxu arxası üstə uzanmışdı. Balaca balıqlar analarına yalvarırdılar:

  - Ana, bizə yem ver!

  - Dözün balalarım, birtəhər dözün, yem yoxdur. Yəqin ki, bir gün bizi xilas edən tapılacaq!

  - Bizə yemək, bizə yemək!

Ülviyyə balıqların halına dözə bilməyib qışqırdı:

4.- Kömək eləyin, balıqlar məhv olur!

   Onun səsinə oğlanlar gəldi.

Ülviyyə yuxudan ayılsa da sakitləşə bilmir, ağlayırdı.

   Səfər bacısının başını sığalladı:

- Nə olub sənə, Ülviyyə, niyə ağlayırsan?

Ülviyyə içini çəkə-çəkə dedi:

- Elə pis yuxu gördüm ki…

Səfər bacısını sakitləşdirdi:

- Adam da yuxu görəndə ağlayar? Məgər sən balacasan?

    Ülviyyə yuxusunu oğlanlara danışdı. Uşaqlar yuxunun həqiqətə uyğun olduğunu başa düşdülər. Məhəmməd dedi:

- Uşaqlar, bizdə möcüzələr kitabı var, orda yazılır ki, bəzən yuxular adamı xəbərdar edir! Məncə, Ülviyyənin yuxusu sehrli yuxudur. Ona yuxuda insan dili bilməyən balıqların istəyi, arzusu çatıb.

   - Ola bilər! – deyib Ülviyyə yerindən qalxdı, rezin balığı tumarlayıb sözünə davam elədi: – o, sehrli balıqdır. Göl doğrudan da çox çirklənib. Bəs evimiz yığışılmayanda biz darıxmırıq? Çalışırıq ki, evimiz təmiz olsun, kitablarımız, oyuncaqlarımız yerində olsun. Təbiət də elədir. Onu gərək təmiz saxlayaq ki, həmişə gözəl olsun. Gölü təmizləyə bilsəydik, əla olardı.

6. Oğlanlar Ülviyyənin sözlərinə diqqətlə qulaq asdılar. Qızın təklifi onların da ürəyindən oldu. Sonra isə hər üçü qərar verdi:

   - Biz gölü mütləq təmizləməliyik!

   - Gücümüz çatana qədər işləməliyik ki, göl təmizlənsin!

   - Əla, dostlar, haydı iş başına!

     Bunun üçün onlar məktəb uşaqlarını da köməyə çağırdılar. Hətta köməyə böyükləri də çağırdılar. Böyüklər əvvəl qaldırıcı kran gətirib gölün dibindən tullantıları təmizlədilər. Sonra isə çayın bir qolunu döndərib gölə təzə su buraxdılar. Uşaqlar gölün ətrafını da təmizlədilər. Beləcə balacalar hər gün gölə gəlir, onun dibindən hətta xırda tullantıları da çıxarırdılar. 

    Bir gün də gölə gələndə gördülər ki, orda balıqlar üzür. Çox sevindilər. Sehrli balıq öz sehrini göstərmişdi.