Dörd bacı
Çox qədim zamanlarda dörd bacı vardı. Böyüyünün adı Qış, kiçiklərinin isə Bahar, Yay, Payız idi. Onlar göydə yaşayırdılar. Bacılardan ən ağıllısı və müdriki Qış idi. Bahar çox şən, Yay çox gözəl, Payız isə çox qəmgin idi.
Bir gün bacılar köçəri quşlardan öyrənirlər ki, Yer rəngsiz və çox maraqsızdır. Onlar bacarıqlarını göstərmək üçün qərara alırlar Yeri rəngləsinlər. Bunun üçün çoxlu rəng və kist götürürlər. Qış sehrli kitabını açıb sehr
oxuyur. Sehri oxuyub qurtaran kimi bacılar Yerdə oldular. Yer rəngsiz və maraqsız idi.
Bacılar işə başlayan kimi aralarında mübahisə düşür. Yay ağacın güllərini qırmızı rənglədi, Bahar onları sarı rəngə çevirdi. Yay qurbağanı sarı elədi, Payız onu yaşıla çevirdi. Yay dənizləri mavi rəngləyib dedi:
- Qoy dənizlər mavi rəngdə olsun!
Payız onunla razılaşmayıb dənizlərdən birini qırmızı rəngə dəyişdi:
- Yox, mən dənizi qırmızı rəngdə rəngləyirəm! Qırmızı rəng daha gözəldır!
Bahar dənizin birini ağ rəngə çevirib dedi:
- Dəniz ağ rəngdə olsa, daha gözəl görünər!
Mübahisə qurtarmır, əksinə güclənirdi. Qış bunu görüb bacıları sakitləşdirdi:
- Sakit olun, qoy dənizlər rənglədiyiniz kimi qalsın, biri ağ, digəri qırmızı, qalanları isə mavi olsun. Amma mübahisəni dayandırın! Aranızdakı mübahisəyə son qoymaq üçün ili dörd fəslə ayırıram, hərəmizə üç ay düşür. hər fəsil öz zamanını istədiyi kimi rəngləsin.
Qışın dedikləri bacıların xoşuna gəldi. Hərə özünə rəng seçdi ki, fəslini rəngləsin.
Hər kəs istəyirdi onun fəslində çox rəng olsun. Ən çox rəng götürən Yay oldu. Bahar təkcə təbiəti, gül-çiçəyi rəngləyirdisə, Yay hətta meyvələri də rəngləyirdi.
Payız isə həmişəki kimi xəyala dalmışdı, bir də ayıldı ki, 3-4 rəng qalıb. Onları götürüb rəngləməyə başladı.
Bacılar işlərini qurtarandan sonra baxdılar ki, böyük bacıya - Qışa təkcə ağ rəng qalıb. Qış da həmin rəngi götürüb hər yeri ağartdı.
Bacılar utandılar, başlarını aşağı salıb dedilər:
- Böyük bacı, Qış bacı, sən bizə ağıllı, mehriban olmağı öyrətdin, amma biz görməmişlik edib sənə rəng saxlamadıq!
-Eybi yoxdur, mən rəngsiz də qalaram, təki siz dava etməyin!
Bacılar hərəsi Qışa bir az rəng verdi. Qış rəngləri almaq istəmədi:
- Bu rənglər çox azdır, heç yerə çatmaz!
Bacılar utandıqlarından ağladılar. Böyük bacı onların göz yaşlarına dözə bilmədi. Xətirlərinə dəyməsin deyə, rəngləri götürdü:
- Yaxşı, ağlamayın, baxın görün sizə nə göstərəcəyəm?
Bacılar təəccüblə soruşdular?
- Nəəə?
- Bayram yolkası!
- Necəəə?
- İndi görəcəksiniz! - deyib böyük bacı bir yolkanı silkələdi, qarını çırpıb ondan oyuncaqlar asdı. Sonra oyuncaqları rənglədi. Birini qırmızı, birini yaşıl, birini sarı, birini qızılı. Nə isə, yolka oldu əməlli-başlı bayram yolkası. Bacılar sevindilər. Hətta hər zaman qəmgin olan payız da güldü. Onlar sevincək yolkanın ətrafına dolandılar.