İki qardaş Kon və Mon

 Hind xalq nağıllarından tərcümə 

Biri vardı, biri yoxdu, baba, ata, ana, iki yeniyetmə oğul vardı. Bir gün ata-ana pul qazanmaq üçün başqa məmləkətə səfərə yollandılar. Oğulları Kon və Mon babaları ilə qaldı. Kon yaşca böyük idi. Özü də çoxbilmiş və hiyləgər idi. Mon isə həm sadəlöhv, hər kəsə inanan, həm də mehriban idi.
Bir gün qoca baba xəstələnib yatağa düşdü və belə bir nəsihət elədi:
- Çox varım, dövlətim yoxdur. Mən öləndən sonra alma ağacımı, inəyimi və yun ədyalımı hər ikinizə verirəm. Onları düzgün bölərsiz, ikiniz də istifadə edərsiz...
Baba bilirdi ki, Kon çox ədalətsizdi, Mona heç nə vermək istəməyəcək. Ona görə nəsihətini bir neçə dəfə təkrar elədi.
Baba ölən kimi Kon dedi:
- Qardaş, gəl, babanın nəsihətinə əməl edək! Hər şeyi düzgün bölək!
- Bölək! – Deyib Mon razılaşdı.
-  Qoy ədyal da bütün günü səndə qalsın, gecə ver mənə!
- Yaxşı, razıyam!
- Alma ağacının da aşağısı, kökü, dirəyi sənin, üst tərəfi, nazik budaqları, yarpaqları olsun mənim!
- Nə deyirəm, olsun, qardaş, olsun! –deyib Mon yenə də qardaşı istədiyi kimi razılaşdı.
- İnəyi də haqq ilə bölək! Çox vaxt inəyi sən otarırsan. Ayaqları sənin olsun. Tay əziyyəti çəkirsən deyə, başı da sənin olsun. Çünki, hər bir canlının ən qiymətli hissəsi başıdır. Götür, başı da, dörd ayağı da sənin olsun! Mənə bir bədəni bəsdir!
- Kon, qardaş, bu lap ağ oldu. Mən razı olmaram belə haqsız bölgüyə. Qoy heç olmasa başı səndə qalsın.
- Yox, yox, mən babanın nəsihətinə əməl etməliyəm. Hər şey aramızda tən bölünməlidir.
- Nə deyirəm ki... Olsun. Sən bilən məsləhətdir. Böyüksən, sən bilərsən. – Belə deyib balaca qardaş daha mübahisə etmədi. “Evin böyüyü Kon idi. Əlbət ki, o deyən olmalıdr”. Ürəyində fikirləşdi.
Aradan neçə gün keçdi. Kon hər gün gecə ədyala bürünüb şirin-şirin yatır, Mon isə səhərə qədər soyuqdan tir-tir əsir, yuxusuz qalırdı.
Səhərlər isə Mona heç ədyal lazım olmurdu. Günəş hər yanı elə isidirdi ki, ədyalsız da isti olurdu.
Mon alma ağacının dibini belləyir, ona su verir, almaları isə Kon dərib ləzzətlə yeyirdi:
- Mon, ağacın aşağı hissəsinin sahibi sənsən, birdən bilməzsən, ağacın yuxarı hissəsinə əl vurarsan haaaa...
Özü də hər gün ağacdakı almaları sayırdı ki, Mon gizlincə bir alma dərib yeyər...
İnəyin də bölgüsündən sonra süd ancaq Kona çatırdı. Bütün günü Mon inəyi yedirdir, otarıb gətirir, axşam, səhər isə südü Kon sağırdı.
Neçə gün belə davam eləyəndən sonra Monun rəngi ağardı, o lap arıqladı, gözlərinin altı qaraldı. O, qardaşının hiyləsini başa düşdü, acgöz hərəkətlərindən çox qəmgin oldu.
Bir gün Mon inəyi otarmağa aparanda qonşudakı Qarı nənə ilə rastlaşdı. Nənə soruşdu:
- Nə olub sənə Mon, niyə bikefsən?
Mon qardaşının hərəkətlərindən danışanda Qarı nənə hirsləndi:
- Sən də sakitcə qardaşın istədiyi kimi edirsən?
- Neyləyim, böyükdür. Babam mənə böyüklərin sözünə baxmağı öyrədib. Bir də ki, şərtlərinə əvvəldən razılaşmışam. İndi fikrimi dəyişsəm, məndən inciyəcək!
- Elə isə, mən səndən də, qardaşından da böyüyəm. Mən deyənə qulaq as, nə desəm onu elə, onda qardaşın özü səhv elədiyinə görə, səndən üzr istəyəcək. Ondan sonra daha gecələr soyuqdan əsməyəcəksən, almasız, südsüz qalmayacaqsan. Qardaşın da səndən nə inciyəcək, nə küsəcək!..
- Necə? – deyə Monun sevincdən gözləri parıldadı.
Qarı nənənin Mona lap yazığı gəldi. Mon o qədər mehriban idi ki, istəmirdi almaya, ədyala, südə görə qardaşı ondan incisin, küssün. Ona görə də Qarı nənə Monu elə öyrətdi ki, hər şey yoluna düşdü. Qardaşlar həm mehriban qaldılar, həm də Mona da süd, ədyal və alma çatdı. Bu necə oldu?... Qoy danışım!
Mon axşam evə qayıdanda Kon ağacda ləzzətlə alma yeyirdi.
Mon tez baltanı götürüb, ağacı baltalamağa başladı. Kon qışqırdı:
- Neyləyirsən, dəli olmusan, ağacı niyə kəsirsən?
- Ağacın aşağısı, kötüyü mənimdir, kəsirəm, həyət genişlənsin, yoxsa heç bir xeyri yoxdur.
- Kəsmə, sənə də xeyri olar, almalarından yeyərsən!
- Yaxşı, - deyib, Mon razılaşdı, baltanı yerə qoydu.
Bir azdan Kon inəyi sağmaq istəyəndə, Mon əlinə bir çubuq alıb heyvanın qulağının ardından qıdıqlamağa başladı.
- Dəymə inəyə! Bu nə hərəkətdir? – Kon qışqırdı.
- Baş hissəsi mənimdirsə, qulağı da mənimdir. Nə vaxt istəsəm onu qıdıqlaya bilərəm!
- İnək yerində silkələnib süd vedrəsinə bir şıllaq vurub vedrəni aşırsa da, Kon söz tapmadı ki, qardaşına cavab versin. Başa düşdü ki, qardaşı haqlıdır. Hirslə getdi yatsın, ədyalı üstünə salanda gördü ədyal yaşdır: “Ədyal niyə yaşdır?” – qışqırıb soruşdu.
- Yumuşam, təmiz olsun!
Mon ədyalı çaya basıb, onu islatmış, sonra da şəpərə sərmişdi. Kon səhərə qədər ədyalsız yatıb soyuqdan tir-tir titrədi. Onda səhvini başa düşdü. Bildi ki, daha bundan sonra heç vaxt Monu aldada bilməyəcək, dedi:
- Bağışla məni, Mon! Səhv eləmişəm. Bundan belə ədyalı yuma, heç vaxt ağaçı kəsmə! İnəyin başı ilə işin olmasın. Evdə nə var, ikimizindi!
- Yaxşı! - Deyib Mon iki alma dərdi. Birini ləzzətlə özü yedi, ikincisini Qarı nənəyə hədiyyə apardı. Biz də Hind nağılı oxuduq, hindliləri də sevdik, hind nağıllarını da...


   Nağılçı: Gülzar İbrahimova