Uzunburun Əliş
Biri vardı, biri yoxdu, Əliş adlı uzunburun bir oğlan vardı. Əliş çox paxıl idi. İstəyirdi ki, onun oyuncaqları başqalarınkından çox olsun. Velosipedi hamının velosipedini ötsün. O, yelləncəyə oturanda heç kəs yelləncəyə yaxın düşməsin. Onun paxıllığından uşaqlar bezmişdi. Paxıl oğlanın uzun burnu günü-gündən uzanır, onu eybəcərləşdirirdi. Uşaqlar onu cırnadırdı:
Uzunburun Əliş, Özü də ki görməmiş!
Əliş cırnayır, amma uşaqların səsini kəsə bilmirdi. Bilirdi ki, uşaqlar yelləncəyi çox xoşlayır, ona görə səhər yuxudan
qalxan kimi tez qaçıb yelləncəyə minirdi ki, başqaları oturmasın. O, bu gün də belə elədi. Yelləncəyə oturub yelləndi, yelləndi, yoruldu, başı gicəlləndi, amma yelləncəkdən düşmədi. Nərgiz ona yaxınlaşdı:
- Əliş, mən də yellənmək istəyirəm axı, düş...
- İndicə minmişəm, düşə bilmərəm! Nərgiz ağlamsındı:
- Paxılın biri paxıl!
Bu vaxt Orxan yelləncəyə yaxınlaşdı:
- Nərgiz səndən balacadır, o da yellənmək istəyir, düş, o da yellənsin, o biri uşaqlar da, elə mən özüm də. Nə vaxt baxıram, sən yellənirsən.
- Düşmürəm, məndən tez gəlin, yellənin!
Uşaqlar gördülər Əliş tərsin biridir, yenə onu cırnatdılar:
- Uzunburun Əliş,
Özü də ki, görməmiş! Uşaqlar yeməyə gedəndən sonra bir qız Əlişə yaxınlaşdı. Bu qız qonaq idi. Adı Mələk idi. Həmişə sehrdən, fokusdan söhbət düşəndə Mələk deyirdi ki, mən də sehrliyəm, amma heç kəs ona inanmırdı. Qonaq olduğundan xətrinə dəymirdilər.
Mələk Əlişin hərəkətlərinə bayaqdan fikir verir, onun paxıllığından xoşu gəlmirdi. Bu dəfə o, Əlişə yaxınlaşıb yellənmək istədiyini bildirdi. Əliş ona da "yox", dedi. Qız diqqətlə Əlişə baxdı:
- Mən qonaq gəlmişəm, qonağa hörmət eləmək lazımdır. Bizim məhləyə gəlsən, hamı sənə hörmət eləyər. Əliş daha bərk yelləndi. Çünki yelləncəkdən düşmək fikri yox idi. Qız yellənməkdən çox Əlişi paxıllıqdan qurtarmaq istəyirdi:
- Bax ha, sehrliyəm, paxıllığa görə səni cəzalandıra bilərəm!
- Xox, qorxdum səndən!
Mələk əlindəki parlaq çubuğu yuxarı qaldırdı. Üç dəfə "Eyfu" deyib, onu Əlişin başı üstə fırladı. Sonra dedi:
- Uzağa getmirəm, ağlın başına gələndə məni çağır!
Əliş ona güldü: "Eyfu, eyfu, eyfu, ha, ha, ha...". Ara sakitləşəndə elə bil bir az qorxdu. İstədi ki, Mələyin dediyini yoxlasın. Nə qədər çalışdısa, yelləncəkdən
qopa bilmədi. Qorxub qışqırdı:
- Kömək eləyin!..
Uşaqlar onu eşitmədi. Yoldan keçən bir qadın nə qədər elədisə, oğlanı yelləncəkdən qopara bilmədi. Getdi ki, Əlişin valideynlərini köməyə çağırsın.
Əliş qorxuya düşüb Mələyi səslədi:
-Hardasan, ay sehrli qız, gəl məni xilas elə!
Bu vaxt Mələk gəldi:
- Necəsən? Ağlın başına gəldi? Paxıllığın keçdi? Oğlanın dili topuq vurdu:
- Daha paxıl olmaram! Tilsimi sındır, yelləncəkdən canım qurtarsın!
- Peşman olmusan, qoy sən deyən olsun.
- Eyfu, eyfu, eyfu! Tilsim sınan kimi Əliş durub evlərinə qaçdı...
Həmin gündən uşaqlar Əlişdə dəyişiklik hiss elədilər. O daha paxıllanmır, hamıyla dostlaşırdı. Üstəlik, onun burnu da günü gündən balacalaşırdı. Sən demə, Əlişin burnu paxıllıqdan uzanırmış...