Ana axtaran maral
(Nağıl)
Biri vardı, biri yoxdu, bir maral balası vardı. Maral balası çox gözəl idi. Amma onun böyük bir eybi var idi ki, özündən başqa heç kəsi bəyənmirdi. Hətta anası onun yanında gedəndə belə, o çox xəcalət çəkir, bir az aralıdan gedirdi. Bir dəfə ana maral balasına dedi:
-Mənim gözəl balam, nədən məndən aralı gəzirsən, yaxın dur, qurda-quşa rast gələrsən. Xəbərim olmaz, səni götürüb apararlar. Bəlkə, sənin gözəlliyin yanında pis görünürəm?
Bala maral qaşqabağını töküb:
-Sənin buynuzların əyilib, tüklərin tökülüb, üzün də qırış-qırış olub, məni sənin yanında görənlər heç inanmazlar ki, sən mənim anamsan. Mən cavan, qəşəng ana istəyirəm. Ona görə səndən aralı gəzirəm, - deyə dərdli-dərdli dilləndi.
Balasının bu sözlərindən ana maral çox kədərləndi:
-Yaxşı, indi ki, belədir, mən sənə yaxın gəlməyəcəyəm. Səndən aralıda olacağam. Amma sənə fəlakət üz versə, məni bircə dəfə çağır, harda olsam özümü sənə çatdıracağam.
-Bu çox yaxşı oldu,- deyib, bala maral anasından aralı gəzməyə başladı. Elə bir az gəzmişdi ki, o, böyük bir pələngə rast gəldi. Pələngin iri qara gözləri, ağlı-sarılı yumşaq tükləri onun çox xoşuna gəldi:
-Ay pələng, sən nə qəşəngsən, gəlsənə mənə ana olasan, mənim anam qocalıb, o sənin kimi qamətli, sənin kimi yaraşıqlı deyil, - dedi.
Pələng razılaşdı:
-Niyə olmuram ki, sənin kimi gözəl marala kim ana olmaq istəməz ki? Gəl mənimlə gəzək. Mənim balam ol.
Pələng və maral balası meşədə yorulana qədər gəzdilər. Yorulanda pələngin yuvasına gəldilər. Təzəcə yuxuya getmişdilər ki, şirlərin nərəsinə oyandılar. Pələng qəzəblə dişlərini qıcırdıb, hücuma keçməyə hazırlaşdı. Bu vaxt yuvanın ağzında dörd yekə şir göründü. Pələng bildi ki, onlara gücü çatmayacaq, yuvanın gizli yerindən çıxıb qaçdı. Bu vaxt ac şirlər istədilər cumsunlar maral balasının üstünə, maral balası yuvanın dərin və darısqal yerinə girdi. O, ağlaya-ağlaya anasını çağırdı. Şirlər nə qədər çalışdılarsa da, onu oradan çıxarda bilmədilər. Amma çıxıb getmədilər və gözlədilər ki, maral balası çıxan kimi onu tutub dişlərinə çəksinlər. Aradan azca keçmişdi ki, maralın anası özünü yetirdi. Düz gəlib şirlərin qarşısında dayandı və dedi:
-Balam dara düşüb, məni çağırır, bəlkə onu görmüş olasız?
Şirlər məətəl qaldılar. Onlar hələ ömürlərində belə cürətli maral görməmişdilər. Başları ilə maral balasının yerini göstərdilər. Ana maral balasını yuvadan çıxardıb şirlərə dedi:
-Acsınızsa məni yeyin, mənim balama dəyməyin.
Şirlərin ən böyüyü dedi:
-Biz sənin kimi cəsarətli ananın nə özünü yeyərik, nə də balasına dəyərik!
Ana maral şirlərə «sağ olun», deyib, balasını qucağına alıb apardı. Bir təhlükəsiz yerdə onu öpüb yerə qoydu. Özü isə yenə də balasından aralı getməyə başladı.
Maral balası meşədə gəzəndə böyük bir ayıya rast gəldi. Ayı gözəl idi. Onun anasında olduğu kimi böyük, əyri buynuzları yox idi. Rəngi boz idi. Günün altında tükləri par-par parıldayırdı. Sevincək gəlib onun qarşısında dayandı və dedi:
-Mən özümə sənin kimi güclü və qəşəng ana axtarıram. Mənim anam olarsanmı?
-Əlbəttə olaram. Amma bəri başdan deyirəm. Soyuqlar düşəndə mən yem tapmıram. Acsam səni yeyə bilərəm. Əgər razısansa, qal mənim yanımda, mənim balam ol.
-Yox, razı deyiləm, -deyib bala maral qorxa-qorxa ayıdan uzaqlaşdı. Gəzə-gəzə gəlib bir tülküyə rast oldu. Tülkü çox gözəl idi. Onun məlahətli səsi, badamı gözləri var idi. Maralın anasından çox-çox cavan idi. Tülkü maral balasını görən kimi gülümsündü, mehriban səslə dedi:
-Necə də gözəlsən, hələ mən bu vaxta qədər meşədə belə gözəl heyvan görməmişəm. Sənin necə də daş ürəkli anan var. Səni belə bir qalın meşədə kimsəsiz qoyub gedib. Gəl mənim balam ol. Səni mən o qədər çox istəyərəm ki, gözümdən kənara qoymaram. Mənim balam olsan, hamı bizim paxıllığımızı çəkər. Biz ikimiz hamıdan gözəl olarıq.
Bu sözlər maral balasının ürəyindən oldu. Gəlib başını tülkünün yumşaq tüklərinə sürtməyə başladı:
-Razıyam, bu gündən mən sənin balanam, sən də mənim gözəl anamsan! – dedi.
Həmin andan onlar oldular ana-bala. Yorulana qədər gəzəndən sonra tülkünün yuvasına gəldilər. Bir-iki gün həddindən çox mehriban dolandılar. Üçüncü gün qəfildən yuvaya ovçular gəldi. Tüfənglərini tülküyə tuşladılar. Tülkü işi belə görüb canını qurtarmaq üçün fırıldağa əl atdı:
-Mənim beş balam var, onlar meşədə gəzirlər, indicənə gələcəklər, mən onları əmizdirməliyəm. Mənə yazığınız gəlsin, beş balamı yetim qoymayın, alın, bu maral balasını verim sizə, məndən əl çəkin!
Ovçuların maral balasından çox xoşları gəldi. Onu tutub torbaya saldılar. Maral balası səsi gəldikcə anasını çağırdı.
Ovçular atlarını minib gedirdilər ki, yolda ana marala rast oldular. Onlar mat-məətəl qaldılar. Maral qorxmadan yolda dayanmış, ovçuların qarşısını kəsmişdi. Onun gözlərindən yaş tökülürdü:
-Yalvarıram sizə, ovçular, mənim balama dəyməyin, o çox balacadır, onu buraxın, əvəzində məni aparın!
Ovçuların marala yazıqları gəldi, onunla razılaşdılar. Ana maralı tutub torbaya saldılar, bala maralı isə buraxdılar.
Bir xeyli yol gedəndən sonra qaranlıq düşdüyündən bir yerdə dayandılar ki, dincəlsinlər. Maral olan torbanı da atdan düşürüb yerə qoydular, özləri də yatdılar.
Sən demə bala maral onların arxasınca gəlirmiş. O, etdiyi hərəkətlərindən peşman olmuş, başa düşmüşdü ki, dünyada ən gözəli, ən mehribanı onun anasıdır. Bala maral hamının yatdığını görüb anası olan torbaya yaxınlaşdı. Çətinliklə də olsa onun ağzını açdı. Ana maral sevincək torbadan çıxdı. Onlar qucaqlaşdılar.
Bala maral ovçular eşitməsin deyə, pıçıltı ilə anasının qulağına dedi:
-Gəl qaçaq, mənim hamıdan gözəl anam, gəl qaçaq! Dünyada səndən gözəl ana yoxdur !
Bunu deyib, bala maral anasına sarıldı və onu öpdü. Ana maral sevindiyindən ağladı.
Onlar qaçıb ovçulardan canlarını qurtardılar. Biz də çox sevindik. Elə bu yerdə nağılımız qurtardı. Göydən altı dənə alma düşdü. Almalar elə düşdülər ki, düz keçdilər ana maralla bala maralın buynuzlarına. Ana maral buynuzun əydi, bala maral almaları yedi, bala maral da buynuzun əydi, ana maral almaları yedi. Bizə də eləcənə baxmaq qaldı.