(nağıl - iqtibas)
Biri vardı, biri yoxdu, Qorxmaz adlı bir oğlan vardı. Adı Qorxmaz olsa da çox qorxaq idi.
Bir gün Qorxmaz həyətdə gəzirdi. Birdən bir xoruz ağacdan yerə hoppandı. Qorxmaz qorxudan qışqırdı, yerindən dik hoppandı. Tərslikdən bunu çəpərin o tərəfindən qonşu uşaqları gördülər. Qorxmazın qorxaqlığına o qədər güldülər…
Qorxmaz pərt oldu. Qaçdı babasının yanına, ondan soruşdu:
- Baba, mən istəyirəm heç nədən qorxmayım, hamıdan güclü olum. Bunu üçün nə etməliyəm?
Baba cavab verdi:
- Zəhmət çəkib, iş görsən, meşədən odun gətirsən, quyudan su çəksən, bağça belləsən, bir də görəcəksən hamıdan güclüsən.
Qorxmaz babası ilə razılaşmadı:
- Yox, iş görməklə hamıdan güclü olmaq olmaz! Özümə elə dost tapmalıyam ki, hamıdan güclü olsun, məni hər yerdə müdafiə eləsin, hamı ondan qorxsun! Mən isə heç nədən qorxmayım.
Baba güldü, «Belə olmur», söylədi. Qorxmaz babasından küsdü. Elə bildi babası ona düzgün yol göstərmir. Yola düzəlib özünə dost axtarmağa getdi.
Az getdi, üz etdi, dərə, təpə düz getdi, gedib buzlar ölkəsinə çıxdı və böyük bir buza rast gəldi. Ona dedi:
- Ey dünyanın ən güclüsü, Buz! Salam!
Buz bunu eşidib güldü:
- Salam! Amma adımı düz demədin. Buz olmağına buzam, amma dünyanın ən güclüsü deyiləm! Dünyanın ən güclüsü Günəşdir. O istədiyi vaxt məni əridir. Dünyanın güclüsünü axtarırsansa, onun yanına get!
Qorxmaz orda Günəşi görmədi. Xeyli yol gedəndən sonra Günəşi tapıb dedi:
- Ey dünyanın ən güclüsü Günəş! Gəl səninlə dost ola bilərəm? Günəş gülüb dedi:
- Mən bütün uşaqların dostuyam! Amma hamıdan güclü deyiləm. Hamıdan güclü olsaydım qara buludlar qarşımı kəsə bilməzdi. Qorxmaz qara buludlarla dost şmaq üçün onları axtarıb tapdı. İstəyini onlara bildirəndə qara buludlar ona dedi:
- Dünyanın ən güclüsü olsaydıq, həmişəlik göydə qalardıq və torpaq bizimlə özünü suvarmazdı.
Torpaq bunu eşidib dedi:
- Mən dünyanın güclüsü olsaydım insan məni tapdamazdı. İstədiyi vaxt xışla xış-xış xışlamazdı. Elə insanın özüdür dünyanın ən güclüsü!
Qorxmaz səhvini başa düşdü. Babasının yanına qayıdıb onunla barışdı. Babasının nəsihətinə qulaq asdı, onun dediklərini bir müddət edəndən sonra baxdı ki, doğrudan da günü-gundən güclənir. Daha heç vaxt, heç nədən qorxmadı.
Müəllif: Gülzar İbrahimova