Şam nənənin nağılı


(nağıl - iqtibas)
 
   Biri vardı, biri yoxdu, bir meşədə qoca şam ağacı var idi. Onun çox, lap çox yaşı vardı.  Yüz yaşı. Hətta ağaclar da bu yaşda qoca sayılırlar. Yüzyaşlı şam ağacı çox şey bilirdi, çox işlər bacarırdı. Meşəyə yaxın yaşayanlar bu ağaca baxan kimi bilirdilər ki, sabah hava nə cür olacaq. 
 Hamı ona Şam nənə deyirdi. Şam nənə hər gecə bütün balacaları ətrafına toplayır, onlara nağıl danışırdı. Meşənin balacaları ona dinclik verməzdilər: 
-Şam nənə, birini də danış… 
 Bu günlərdə Şam nənənin ad günü olmalıydı. Özü də nə az, nə çox, yüz yaşı. Meşənin bütün heyvanları bu barədə fikirləşirdilər ki, nənəyə nə alsınlar. Nə qədər fikirləşir, tapa bilmədilər. Ayı üzünü quşlara tutdu:
-Bəlkə Şam nənənin ad günündə ona mahnı oxuyasınız?
 Quşlar dedilər: 
-Biz hər gün oxuyuruq. Bu hədiyyə sayılmaz!
 Dovşan isə belə bir təklif etdi: 
-Gəlin Şam nənəyə belə hədiyyə edək! Biz çiyələk yığaq, dələlər isə onu Şam nənənin budaqlarından assın. Şam ağacları xoşlayırlar ki, onları bəzəsinlər.
 Dələlər buna etiraz elədilər: 
-Yox biz bunu keçən həftə eləmişdik. Bu da hədiyyə sayılmaz!
-Bəs onda nə edək? - deyə hamı bir-birinin üzünə baxdı.
 Sonra isə qərara gəldilər:
 -Yaxşısı budur, nənənin özündən soruşaq!
 Hamı yığılıb Şam nənənin yanına gəldi. Hər şeyi olduğu kimi ona danışdılar. Şam nənə hədiyyə adını eşidən kimi əzildi, büzüldü, sonra utana-utana dedi: 
-Sağ olun dostlar ki, ad günüm yadınızdan çıxmayıb. Sağlığınız mənim bəsimdir. Bilirsiz ki, ad günüm yaydadır. Həmişə də bir istəyim olub ki, ad günümdə məni bəzəsinlər. Bilirəm ki, bu mümkün deyil. Çünki yayda nə qar olur, nə də yolka bəzəmək. Arzum həmişə ürəyimdə qalır. Sağ olun dostlar! Mən hədiyyəsiz də keçinərəm.
 Bunu eşidəndə hamı bir-birinin üzünə baxdı. Bu vaxt ağ bir kəpənək yolkanın üstünə qondu. Ballı barmağını dişlədi. Başına bir fikir gəldi. Gəlin gözləyək görək Ballının başına gələn fikir nə idi. 
    Bir neçə gündən sonra hamı Şam nənənin ətrafına yığılmışdı ki, onu ad günü münasibətilə təbrik eləsin. Ağ kəpənək də orda idi. Birdən ağ kəpənək uçub gəldi Ballının qulağına nəsə dedi. Bundan sonra Ballı irəli çıxıb dedi: 
-Əziz Şam nənə, biz hamımız bura toplaşmışıq ki, sənin ad gününü təbrik edək! Yüz yaşın mübarək! Səndən xahiş edirik bir dəqiqəliyə gözünü yumasan!
 Şam nənə gözlərini yumdu. Bir anda yüzlərlə kəpənək uçub Şam nənənin yarpaqlarına qondu. Şam nənə elə gözəlləşdi ki, sanki başına qar ələndi. Gözlərini açanda sanki möcüzə gördü. Ağ kəpənəklər yaşıl budaqlarda çox gözəl görünürdülər. Şam nənə sevindi: 
-Nə yaxşı ki, həyatda səni sevən dostlar var! Sağ olun dostlar!
 Dostlar onu təbrik etdilər: 
-Ad günün mübarək! Yeni ilin mübarək!

 

         Nağılçı: Gülzar İbrahimova