Qorxulu pişik


(nağıl - iqtibas) 
    
  Biri vardı, biri yoxdu, bir ağ pişik vardı. Sahibi ağ pişiyi çox sevir, əzizləyirdi. Pişiyinə dadlı kotlet, kabab verirdi. Pişiyinin adını Ağca qoymuşdu. Ağca yeməkdən o qədər şişmişdi dərisinə sığışmırdı. Həm də elə tənbəlləşmişdi ki, sahibi gələndə oturduğu yerdən qalxıb qarşısına da qaçmırdı. Həyətdə siçanlar gəzişir, Ağca onları qovmaqdansa bütün günü yatırdı. Son vaxtlar sahibi Ağcaya çox hirslənirdi. Niyə? Çünki Ağca oğurluq edirdi. Bir gün soyuducudan ət yoxa çıxır, o biri gün kolbasa. Başqa bir gün isə Sahibi Ağcanı oğurluq edəndə gördü. Pişik qorxusundan qaçıb sobanın trubasına girdi. Sahibin isə bununla hirsi soyumadı. Ağcanı sobadan çıxarıb torbaya saldı. Aparıb meşədə azdırdı.
- Özün peşman olacaqsan! – Deyib Ağca meşədə gəzməyə başladı. Gəzəndə fikir verib gördü ki, qarşısına kim çıxırsa, qorxub qaçır.
Bu vaxt qarşısına bir tülkü çıxdı. Tülkü onu başdan-ayağa süzüb dedi:
- Qara şeytan, hara gedirsən?
- Mən ağ pişiyəm!
Tülkü güldü:
- Mən pişik görmüşəm, onlar sənin kimi gombul, qorxulu olmur. 
Pişik əyilib yerdəki gölməçədə əksinə baxdı. Doğurdan da çox eybəcər görünürdü. Trubaya girəndə qap-qara qaralmış, qorxulu olmuşdu.
Tülkü dedi:
- Səninlə hamını qorxutmaq olar!
- Necə?
- Gedək, deyim! 
Tülkü ilə pişik yola düşdülər. Yolda kim onları görürdü, qaçıb gizlənirdi. Onlar Tülkünün evinə gəldilər. Pişik Tülkünün evində qaldı. Meşədə kim Tülkünü göürdü soruşurdu:
- O qəribə heyvanın adı nədir?
Tülkü yalandan dedi:
- O qorxulu heyvandır. Boyunun balacalığına baxmayın, istədiyi heyvanı tez yeyə bilir. Gözümün qarşısında bir pələngi elə yedi ki, tükləri də qalmadı. 
- Doğurdan?
- Doğurdan!
- Neyləyək bizi yeməsin?
- Ona pay gətirsəz, sizə dəyməz! 
Həmin gündən heyvanlar hər gün Tülkünün evinə pay gətirirdilər. Hətta iş o yerə çatmışdı ki, Ayı da Qara pişiyə bal göndərirdi. Meşədə hamı qorxulu pişikdən qorxurdu. 
Pişiklə Tülkü gətirilən paylardan yeyib-içir, avam heyvanlara gülürdülər.
Pişik meşəyə gələn gündən meşədə oğurluq başlamışdı. Hamı yatandan sonra pişik qalxır, oğurluğa başlayırdı. Bir gün oğrunu güddülər. Tapdılar ki oğurluq edən “Qorxulu heyvandır”, yəni pişikdir. 
- Biz oğru ilə bir meşədə yaşaya bilmərik! - Ayı dedi:
- Ona göstərərik oğurluq eləyənin cəzası nə olur! - Pələng dedi:
- Biz ona dərs verməliyik, – deyib hamı bir yerdə pişiyin üstünə cumdular. Pişik qorxudan elə götürüldü ki, bir heyvan ona çat bilmədi. 
Pişik bir də gözünü açanda gördü kəndə çatıb. Gördü sahibi oturub həyətdə. Rəngi qara olsa da sahibi onu tanıdı:
- Yenə oğurluq edəcəksən?
Pişik yazıq-yazıq miyoldadı.
Sahibi heyvan dili bilməsə də pişiyinin dilini başa düşürdü. Pişik “Bağışla məni, daha oğurluq eləmərəm!”, dedi. Yaxınlaşıb sahibinin ayaqlarına sürtüşdü. 
- Bağışladım! – Deyib sahibi pişiyi qucağına aldı. Onu aparıb yaxşı-yaxşı çimdirdi. Sonra isə qucaqladı. Axı o da pişiyi üçün darıxmışdı. 

 

    Müəllif: Gülzar İbrahimova