Qızılgül və qaratikan

 (nağıl - iqtibas)

 Bağın ortasında böyük bir qızılgül kolu var idi. Onun üstü həmişə güllə dolu olardı. Güllər hər gün səhər şehində yuyunar, daranardılar. Bağda meh əsən kimi mehin gətirdiyi çiçək ətirlərini toplayar,  nəfəslərində saxlayardılar. Ona görə də qızılgüllər həmişə gözəl qoxuyardılar. Hamı onları sevər, əzizləyərdi. Bundan qızılgül kolu fərəhlənər, lap gözəlləşərdi. 
 Bir yaz quraqlıq olduğundan qızılgül kolunda güllərin sayı azaldı. Kol əziyyət çəkməyə - güllərini artırmağa çalışdı. Səhər obaşdan durdu, yarpaqlarının üstünü səhər şehi ilə doldurdu. Sonra isə bütün günü həmin suyu içdi ki, quraqlıqda üstündəki güllər məhv olmasın. 
 Həmin bağda bir qaratikan kolu da bitmişdi. O, qonşusu qızılgülün hərətlərindən bir şey anlamırdı. Bir gün o Qızılgülə dedi: 
-Nəyə görə özünə bu qədər əziyyət verirsən? Bitmisən, şaxələnmisən, bəsindi də, özüvü niyə yorursan?
 Qızılgül də onu başa düşmədi: 
-Hər kəs gərək zəhmət çəksin, gördüyü işlə kimi isə sevindirsin. Bax, mən zəhmət çəkirəm və çoxlarını sevindirirəm. Bir neçə gün bundan qabaq bir nənə mənim güllərimdən dərdi, aparıb qoydu stolunun üstünə. Ondan sonra məni bir məktəbli dərdi, aparıb müəlliməsinə hədiyyə verdi. Müəllimə sevindi. Bir oğlan məni sevdiyi qıza verəndə qız məni bağrına basdı, nə qədər sevindi. Mən kimi isə sevindirəndə özüm də sevinirəm! Məncə, hər kəs öz işi ilə kimi isə sevindirməlidir.
 Qaratikan kolu narazı-narazı dilləndi: 
-İşim-gücüm qurtarıb, əziyyət çəkəcəyəm ki, kim isə sevinəcək! Ondan yaxşı doyunca yataram, yemək yeyərəm, su içərəm, rahat yaşayaram ki ömrüm uzansın. Kimə  isə xeyir verməyim üçün əziyyətlə yaşamağım vacib deyil.
Qızılgül nə qədər başa salsa da Qaratikan onu başa düşmədi. Onlar hərəsi həyatı başa düşdükləri kimi yaşadı. 
Ona görə də Qızılgül həmişə sevildi, əzizləndi. Onu çoxaltdılar. Qaratikan kolunu isə hər yerdən kəsib atdılar, azaltdılar.  

 

     Nağılçı: Gülzar İbrahimova