Süsən və Sünbülün nağılı

Süsən  və  Sünbülün  nağılı

(Nağıl)

Biri vardı, biri yoxdu, bir kənddə Səltənət  adlı qoca bir arvad vardı. Səltənət nənənin  iki ekiz qız nəvəsi vardı.   Qızlardan birinin adı Süsən, o birisininki isə Sünbül idi. İkisinin də on bir yaşı vardı. Qızlar çox ağıllı və göyçək qızlardı. Onlar həmişə  nənələrinin yanına gəlib, iş-gücdə ona kömək edərdilər.

Süsən dolu səhəngi güclə çiyninə qaldırıb nənəsinə su gətirər, ev işləri görərdi. Sünbül vurağan keçilərdən qorxsa da, nənəsinin keçlərini otarardı, qazların dişləməyindən çəkinsə də, onlara dən verərdi.

Beləcənə, qızlardan biri ev, həyət işləri görər, o birisi isə heyvanlara, toyuğa-cücəyə baxardı.

Bir gün çəpərin yanından bir qarı keçirdi. Səltənət nənə də  təndirə çörək yapırdı. O, qarını görəndə  fikirləşdi ki, qoca arvaddı, isti çörəyə tamahı olar, qoy çağırım, bir-iki  tikə yesin. Qarını səslədi:

-Ay qarı, gəl həyətə, təndir çörəyinə qonaq ol!

Qarı bunu eşitcək həyətə girdi. Səltənət nənə ona «xoş gəldin», eləyib, süfrə saldı. Təndirdən təzə çıxartdığı çörəkdən, motal pendirdən süfrəyə qoydu. Sonra isə Süsəni səslədi:

-Ay Süsən, bağçadan bir az göydən-göyərtidən yığ gətir, qonağımız gəlib.   

Qarı baxdı ki, daxmadan  qəşəng bir qız çıxdı. Uzaqdan qonağın üzünə gülümsədi, «xoş gəlmisən, qarı nənə», dedi. Sonra da əlində qab bağa getdi. Az keçməmişdi ki, bağdan göy-göyərti yığıb gətirdi. Göyərtiləri təmizləyib yudu, süfrəyə qoydu. Qarıya «nuş olsun», demək üçün başını qaldırıb ona baxdı. Qız diksindi. O, hələ bu vaxta qədər belə eybəcər qarı görməmişdi. Qarının saçları yoluq-yoluq, pırtlaşıq, burnu donqar, əyri gözləri göm-göy və çəp idi. Uzun, eybəcər dırnaqları var idi. Dırnaqlarının içi də dolu idi zir-zibillə. Enli tummanına bəlkə bir yüz yerdən yamaq vurulmuşdu. Qarının gözlərindən elə bil cin yağırdı.

Süsən qorxaq idi, istədi qaçıb komada gizlənsin. Nənənsi bunu başa düşdü, bərkdən dedi:

-Süsən, komaya tərəf baxma, qarıya çay-çörək ver.

Qız nənəsini başa düşdü. Qorxudan daha qarının üzünə baxmadı. Çay süzüb qarının qağağına qoydu.

Süsənin zirəkliyindən  qarının xoşu gəldi, onun özünə də belə bir işlək qız lazımdı, soruşdu:

-Bu qız sənin kənizindi?

Səltənət nənə dedi:

-Yox, ay qarı, nə kəniz, o mənim nəvəmdir. Özü də, bacısı da bütün işlərimi görürlər.    

Qarı istədi gülsün, tək dişi çox eybəcər göründü. Süsən qarıdan lap  qorxdu. Qarı ondan soruşdu:

-Bəs sənin o biri bacın hardadır?

Süsən dedi:

-Sünbül qazları apardı gölə ki, bir az çimsinlər, gətirsin. Harda olsa indi gələr.

Qız qorxmasın deyə, qarının gözlərinə baxmadı. 

Qarı Süsənlə nənəsini danışdıra-danışdıra beş çörək yedi. Səltənət nənə görə-görə ki, qarı çörəklərin hamısını yeyir, heç nə demədi. Fikirləşdi yəqin qarı neçə gündür ki, acdır.

Qarı yedi, doydu, sonra isə yeməyin üstündən doyunca çay içdi. Bu vaxt Sünbül çubuq əlində, qazlar da qabağında darvazadan içəri girdi.

Sünbülün də qarının gözlərindən xoşu gəlmədi. Ağızucu salam verib girdi tövləyə, çıxmadı. Gözlədi ki, qarı çıxıb getsin.  

Səltənət nənə Süsəni onun dalınca yolladı ki, gəl qonağın yanına.

Sünbül gəldi. Qarı nənə dedi:

-Balalarım, mən bardaş qurub bir yerdə çox oturanda qılçalarım tutular. Kömək eləyin qalxım ayağa, gedim komama.

Süsənlə Sünbül qarının qolundan tutdular ki , onu qaldırsınlar. Nə qədər dartdılar, qaldıra bilmədilər. Qarı zülüm-zülüm ağlamağa başladı.

Səltənət nənənin qarıya çox yazığı gəldi. Gedib eşşəyi gətirdi ki, heç olmasa qarı eşşəklə getsin. Sonra da nəvələri ilə köməkləşib qarını birtəhər qaldırdı eşşəyin belinə.

Nənə nəvələrinə dedi:

-Aparın qarını qoyun komasına, qayıdın!

Süsənlə Sünbül hərəsi bir tərəfdən nənələrinin qulağına pıçıldadılar: Nənə, mən bu qarıdan qorxuram.

Nənə də yavaşdan onlara dedi:

-Qoca arvadı komasına aparmasaz, o eşşəkdən düşə bilməz, yıxılar. Siz də günah qazanarsız. Bir də axı eşşəyimizi qaytarıb gətirmək lazımdır.

Qarı soruşdu:

-Ay arvad, onlar sənin qulağına nə deyirlər?

Nənə dedi:

-Deyirlər ki, nənənin evi uzaqda olsa, biz necə qayıdarıq?

Qarı ağlamsındı:

-Mənə kömək eləyən olmasa, eşşəkdən düşə bilmərəm. Eşşək məni yıxar, ölüb qalaram. Nəvəm də yoxdur ki, məni qaldırsın. Amma  siz qorxmayın. Komam lap yaxındadır. Meşənin qırağında. Bircə tez getmək lazımdır ki, qayıdanda qaranlığa düşməyəsiniz.

Süsən və Sünbül çar-naçar razılaşdılar. Qarı eşşəyə bir çubuq vurdu. Eşşək yola düzəldi, qızlar da onun arxasınca.

Meşəyə çatmamış taxıl zəmisi vardı. Süsən qaçıb zəmidən bir dəstə sünbül yığdı. Bacısı soruşdu:

-Neyləyirsən bu sünbülləri yığırsan?

Süsən cavab verdi:

-Bizim adımızı nənəmiz qoyub. Sənin də, mənim də adım sünbüldən götürülüb, ona görə də sünbüldən xoşum gəlir.

Sünbül dedi:

-Mənim adımı sünbüldən götürüblər, sənin adını yox!

Süsən bildiyini bacısına da öyrətdi:

-Nənəm mənə deyib ki, bizim hər ikimizin adımızı sünbüldən götürüblər. Sünbülün açılmamış vaxtı o hələ qönçə şəklində olur. Ona süsən-sünbül deyirlər. Al bax, mənim yığdıqlarım da süsən-sünbüllərdir.

Bacılar belə şirin-şirin danışdıqları yerdə qarı onlara qışqırdı:

-Bacı-bacı, iki bacı nə danışırsız məndən ?

Bacılar qorxa-qorxa dedilər:

-Səndən danışmırdıq, ay qarı nənə!

Süsən elə ki gördü hava qaralır, yığdığı süsən-sünbülləri arabir yerə atmağa başladı ki, qayıdanda azsalar, onlara baxıb, yolu tanısınlar.            

Az sonra onlar meşəyə girdilər. Meşənin içi ilə əvvəl dar cığırla, sonra enli cığırla, ondan sonra da cığırsız yaşıllıqla, daha sonra sıx ağacların arası ilə  xeyli yol getdilər. Hava qaralmağa başlayırdı. Qızlar qorxa-qorxa bir-birlərinə baxdılar. Amma qarıya heç nə demədilər.

Qarı tez-tez arxaya dönür, göy, eybəcər, çəp gözləri ilə qızlara baxırdı. Hər dəfə qarı onlara baxanda Süsəni qorxudan titrətmə tutur, o bacısının əlindən daha bərk tuturdu. Sünbül də qorxurdu, amma qorxmağını gizlədirdi.

     Meşə tamam qaranlıq olmuşdu. Amma onlar hələ yol gedirdilər. Birdən eşşək yorulub dayandı. Qarı ona bir-iki çubuq vurdu. Eşşək yerindən tərpənmədi ki, tərpənmədi. Bu vaxt qarı əyilib eşşəyin qulağına nə isə pıçıldadı. Eşşək  elə həmən yola düzəldi.

     Bunu görəndən sonra qızlar daha da qorxdular. İkisi də əsməyə başladı. Başa düşdülər ki, qarı tilsimkar qarıdır.

      Qarı qızların gəlməyini yoxlamaq üçün dönüb geri baxdı. Qaranlıq idi deyən, heç nə görmədi. Qızları səslədi:

     -Səsinizi çıxardın, hardasınız? Mənə yaxın gəlin, əlim sizə dəysin, görüm, yaxındasınız?

      Sünbül bir az ürəkli idi. Dilləndi:

     -Hə, qarı nənə, burdayıq, gəlirik.

      Qızlar qarıya yaxınlaşdılar. Qarı əllərini onlara sürtəndə gördü ki, hər ikisi tir-tir əsirlər. Qəhqəhəsi bütün meşəni götürdü:

      -Niyə belə tir-tir əsirsiniz? Nə olsun ki, mən sehrliyəm, tilsimliyəm, küpəgirənəm. Qoxmayın, mən sizə pislik eləmərəm. İstəyirəm ki, siz mənim nəvələrim olasız, mənə kömək eləyəsiz. Mən də öz sehrlərimi, tilsimlərimi sizə öyrədim. Mənim sehrlərimi öyrənsəz, hamıdan güclü, hamıdan varlı olarsız, hamıdan da çox yaşayarsız. Baxın, mənim indi üç yüz yaşım var, amma hamıdan güclüyəm. Nənəngildə özüm yerimdən qalxmadım ki, nənən sizi mənimlə göndərsin.

     Qarı o qədər danışdı, o qədər danışdı, qızların  qulaqları cingildədi. Qızlar ağlaya-ağlaya qarıya qulaq asırdılar, amma qorxudan dillənmirdilər. Axır ki, gəlib qarının komasına çatdılar.    

      Qarı dedi:

     -Komanın sınıq-salxaq olmağına baxmayın, sehrlidir. Əmr edəndə fırlanır. Sizə də tilsim öyrədəcəyəm, fırlanmaq istəyəndə komanı fırladasız. Sizin üçün burda çox maraqlı olacaq. Heyvanların, quşların dilini öyrədəcəyəm sizə. Mənim nəvəm olsaz, üçbaşlı əjdaha sizin qulunuz olacaq, sizə baş əyəcək. İlanlar ətrafınızda dolaşıb, əmrinizi gözləyəcəklər.  

    Sünbül bacısından cürətliydi. Qarını daha danışmağa qoymayıb sözünü kəsdi:

     -Nə sənin sehrin, nə tilsimin, nə də var dövlətin bizə lazım deyil, biz öz nənəmizi, ata-anamızı, öz komamızı istəyirik. İndi onlar bizdən nigaran qalıb. Eşşəyimizi də qaytar, çıxaq gedək!

      Süsən də cürətləndi:

      -Biz heyvanlarla bir yerdə yaşamaq istəmirik. Sənin kimi nənəmiz olmasını da istəmirik!  

      Qarı qızların sözlərindən qəzəbləndi, ağzından alov çıxdı, hikkəsindən gözlərindən qan töküldü, dedi:

     -Nə deyirəm ki, qalmaq istəmirsiz, gedin!

      Qızlar eşşəklərini götürüb, qaranlıqdan qorxmadan yola düzəldilər. Elə bir az getmişdilər ki, vəhşi heyvanlar onları dövrəyə aldı. Qızlar qaçıb ifritənin dalında gizləndilər. İfritə onları komaya gətirdi. Əlacı kəsilmiş qızlar ağlaya-ağlaya küpəgirən qarının yanında qaldılar.

      İndi gəlin görək, qarı ilə nəvələrini yola salan Səltənət nənə neylədi?...

      Qaranlıq düşənə qədər nənə nəvələrini gözlədi. Elə ki, hava tamam qaraldı, durdu yola çıxdı ki, gəlib-keçəndən nəvələrini soraqlasın. Kimdən soruşdu, qızları gördüm deyən olmadı ki, olmadı.

     Arvad qorxuya düşdü. Uşaqların fikri bir yandan, oğluna-gəlininə nə cavab verəcəyi qorxusu da o biri yandan arvadı karıxdırdı. Düz yollandı meşəyə. Təzəcə meşəyə girmişdi ki, gördü araba cırhacırı gəlir. Dayandı, gözlədi. Qaranlıqda gələni tanımadı. Gələn isə nənəni tanıdı:

      -Ay Səltənət nənə, gecənin bu vaxtında hara gedirsən? Qorxmursan qabağına ayıdan, canavardan çıxa?

      Səltənət nənə səsindən odunçu oğlu Əhmədi tanıdı. Əhməd çox zirək oğlan idi, hamıya kömək edərdi. Onun nəvələrindən bir-iki yaş böyük olardı. Neçə dəfə Səltənət nənə odun yığanda ona kömək eləmişdi.

       Amma axır vaxtlar nənə neçə dəfə Əhmədi köməyə çağırmışdısa da, oğlan özünü eşitməməzliyə vurub, yaxın gəlməmişdi. Nənə elə bilirdi ki, oğlan ondan küsüb. Amma nənə bilmirdi ki, Əhmədin başına müsibət gəlib, oğlan iş görə bilmir.

       İndi isə Əhməd gecə vaxtı nənənin meşəyə niyə getməyinin səbəbini öyrənmək istəyəndə arvad çaşıb qaldı. İstəmədi kənd camaatı nəvələrinin itdiyini bilsin. Camaat xəbəri bilən kimi oğlu da, gəlini də, haray-həşirlə onun üstünə gələcəkdilər. Ona görə Əhmədə düzünü demədi.

      -Belimə bağladığım şalı yadımdan çıxartmışam, ağacda qoymuşam.

       Əhməd əl çəkmədi:

       -Nənə, mən səni qaranlıqda tək meşəyə buraxa bilmərəm, heç olmasa, gəl mənimlə gedək, şalı götür.

        Nənə oğlanı başdan eləmək  istəyirdi ki, meşədə bərkdən nəvələrini səsləyə bilsin:

       -Yox ay bala, meşədən gəlirsən, yorulmusan, özüm yerini bilirəm, taparam.

        Əhməd yolun qırağındakı daşın üstündə oturdu:

       -Yaxşı, istəmirsənsə  mən səninlə gedim, burdacana gözləyirəm ki, qorxmayasan, get şalını götür, gəl!

        Oğlan gördü ki, nənə yerindəcənə dayanıb, səsi çıxmır. Durdu, nənəyə yaxınlaşdı:

     -Nənə, nə olub sənə, niyə getmədin, kirimişcə durdun?

      Əhməd gördü ki, nənə gözlərinin yaşını sel kimi tökür. Elə ağlayır, elə ağlayır, əzizi ölmüş adam kimi. Oğlan nənədən soruşdu:

      -Niyə ağlayırsan, Səltənət nənə?

       Nənə ağlaya-ağlaya başına gələnləri oğlana danışdı.             

       Nənənin başına gələnləri eşidən kimi Əhmədin bir anlığa dili tutuldu. Əlləri əsməyə başladı. Nənə başa düşə bilmədi ki, oğlana nə oldu, soruşdu:

      -Oğlum, özünə gəl, nə oldu sənə, bu hala düşdün? Nə dedim sənə ki, əllərin əsməyə başladı? Bəlkə meşədə mənim nəvələrimə rast olmusan, məndən gizlədirsən?

      Əhməd dedi:

      -Nənə, sənin çörəyə qonaq elədiyin küpəgirən qarı olub. Sən çox nahaq yerə onu həyətə çağırmısan, ona yaxşılıq eləmisən. Gözəl-göyçək, işlək nəvələrini ona göstərib, tərifləmisən.

       Nənə bunları eşidəndə qorxuya düşdü, çığırıb ağlamağa başladı. Ağlaya-ağlaya da Əhməddən soruşdu:

      -Qadan alım, bəs sən bunları hardan bilirsən? Hardan tanıyırsan o ifritəni?

       Əhməd əllərini  açıb Səltənət nənəyə göstərdi:

      -Bax, həmin ifritə dediyin qarı mənim əllərimi şikəst edib.

       Nənə bir anlığa ağlamağını saxladı:

      -Bala, əlin-ayağın, başın-gözün salamatdır, əqlin yerindədir, haranı şikəst eləyib küpəgirən qarı?    

       Əhməd də özünü saxlaya bilməyib ağladı. Toxdayan kimi başına gələnləri nənəyə danışdı:    

       -Qulaq as, başıma gələnləri sənə danışım. Bir ay bundan əvvəl meşəyə odun yığmağa gəlmişdim. Təzəcə odun yığmağa başlamışdım ki, gördüm bir göy-göz, böyük, əyri burunlu, bir dişli, saçı yoluq-yoluq,  eybəcər bir qarı deyinə-deyinə odun yığır. Fikirləşdim yəqin, qocadır, taqəti yoxdur işləsin, ona görə deyinir. Gəldim ona kömək edəm. Çoxlu odun yığdım. Yüklədim öz eşşəyimə, apardım düz komasına qədər.

        Çatan kimi mənə «sağ ol», demək əvəzinə, əmr elədi ki, bu gündən mənim yanımda qalacaqsan, bütün işlərdə mənə kömək edəcəksən. 

        Düzü, qorxsam da qarıya dedim ki, sənin yanında heç vaxt qalmaram.

       O isə mənə dedi:

      -Qorxma, sənə pislik  eləmək üçün saxlamıram yanımda, istəyirəm mənə oğul olasan, mənə kömək eləyəsən. Mən də öz sehrlərimi, tilsimlərimi sənə öyrədim. İstəsən sehrli çubuğumu, sehrli darağımı, bir də sehrli pişiyimi sənə verərəm. Onlar sənin olsa, hamıdan güclü olarsan, hamıdan çox yaşayarsan. Mənim kimi üç yüz il yaşayarsan. Heyvanların, quşların dilini öyrədərəm sənə. Mənimlə qalsan, üçbaşlı əjdaha qulun olar, sənə baş əyər. İlanlar ətrafında dolaşar, əmrini gözləyərlər. Bütün canlılardan, cansızlardan güclü olarsan.

      Küpəgirən qarının  danışığı məni lap qorxutdu. Tez evə qaçmaq istədim. Eşşəyimi də götürüb, yola düzəldim ki, geri qayıdım. Qarı hirsləndi, mənim arxamca qışqırdı:

     -Gücünü, qüvvəni əlindən aldım, get, peşman olanda qayıdıb gələrsən!

      Mən qarıya inanmadım.  Bir az getmişdim ki, eşitdim qarının qəhqəhəsi meşəni götürüb. Çox maraqlıydı, görəsən, qarı nəyə gülürdü?

    Qayıtdım, gizlincə bir kol dalından qarını pusmağa başladım. Nə görsəm yaxşıdır?

     Gördüm qarı içi su ilə dolu, pıqqapıqla qaynayan bir qazanın içində oturub, qəhqəhə çəkə-çəkə çimir. Əlindəki qara pişiyi də basır qaynayan suyun içərisinə, çıxarır və deyir:

     -Bitin-birən aləmi götürüb, çim, təmizlənsin.

      Pişiyin miyoltusu da qarışmışdı küpəgirənin eybəcər qəhqəhəsinə.

      Dəli küpəgirənin qəhqəhəsini eşitməyənə qədər qaçıb ordan  uzaqlaşdım. Gəldim odun qırdığım yerə. Yığdığım odunları eşşəyin belinə yükləmək istədim. Nə qədər elədimsə, əllərim odunları tutmadı. İstədim əllərimi ovam, bəlkə keyi açılsın. Əlim-əlimə yaxın gəlmədi.

      Qorxdum, qışqırıb ağladım. Fikirləşdim bəlkə qorxmuşam, əllərim tutulub. Yaşlılardan eşitmişdim ki, qorxudan adamın başına hər iş gəlir. Tez evimizə getdim. Anam əliboş qayıtdığıma məyus oldu. Çünki mən evə odun gətirəndə, anam onları satır, çörək bişirməyə un alırdı.

      Başıma gələnləri danışdım anama. İnanmadı mənə. Elə bildi ki, meşədə yatıb qorxmuşam. Məni mollaya, təbibə göstərib, onlardan mənə şəfa axtardı. Heç biri dərdimə çarə tapmadı. Əlim iş tutmadı ki, tutmadı.

      İndi neçə gündü ki, meşədə küpəgirən qarının komasını axtarıram, tapmıram. Deyirəm, heç olmasa gedim  dilə tutum, bəlkə tilsimimi açdı.  

       Səltənət nənə oğlanın başına gələnləri eşidəndə dizinə, başına döydü. Oğlana yazığı gəldi. Nəvələrini də öz əli ilə küpəgirənə verdiyinə görə saçlarını yolub ağlamağa başladı. Oğlan güclə arvadı sakitləşdirdi:

       -Səltənət nənə, gecənin bu vaxtında sən nəvələrivi tapa bilməyəcəksən. Gəl gedək, səhər gəlib axtararıq.

        Nənə ağlaya-ağlaya dedi:

       -Yox, onsuz da gecəni yata bilməyəcəyəm, yaşısı budu, qızları  axtarım. Taparam, taparam, tapmaram, qoy canavarlara yem olum. Mən ki, öz əllərimlə onları küpəgirən qarıya vermişəm, yaşamaq mənə haramdır.

         Oğlan dedi:

       -Darıxma, Səltənət nənə, nəvələrini taparıq, qarını da məhv edərik. Mən isə səni tənha meşəyə buraxmaram. Sənnən gedirəm.

        Onlar arabanı meşənin qırağında qoyub, meşəyə girdilər. Qaranlıqda küpəgirənin komasını axtarmağa başladılar. Ayı nəriltisi, canavar ulamağı, ilan fısıltısı eşitdilər, amma qorxmadılar. Səhər açılana qədər meşəni dolandılar. Komanı tapmadılar ki, tapmadılar.

      Hava işıqlanan kimi bir cığıra rast oldular. Oğlan baxdı ki, cığıra arabir sünbüllər tökülüb. Sünbül hələ tam açmamışdı. Onu əlinə  götürmək istədi, götürə bilmədi.

     -Nənə bura bax, -deyib, sünbülü nənəyə göstərdi.

     Nənə sünbülü əlinə götürüb  zülüm-zülüm ağlamağa başladı, dedi:

     -Bu tam açılmamış süsən-sünbüldür. Mənim nəvələrimin də adı Süsən və Sünbül idi.

     -Bilirəm nənə. Elə ona görə də sünbülü sənə göstərdim. Görürsən, sünbüllər bir-birinin ardınca yola səpələnib. Elə bil kimsə onu bilə-bilə yola düzüb. Gəlsənə, sünbüllərin izi ilə gedək, bəlkə ifritəni tapa bildik.  

     -Nə deyirəm, bala, gedək deyirsən, gedək, - nənə dedi.

     Onlar meşə yolu ilə az getdilər, çox getdilər, gəlib küpəgirən qarının komasının yaxınlığına çatdılar. Baxdılar ki, Süsən komanın həyətində ağlaya-ağlaya odun yarır. Qız o qədər odun doğramışdı ki, yorğunluqdan baltanı güclə qaldırırdı.

     Nənə onu görən kimi istədi «Süsən», deyə qışqırsın. Əhməd qoymadı, əli ilə nənənin ağzını tutdu:

       -Nə edirsən? Küpəgirən qarı eşitsə səsini, başımıza oyun gətirər, bilsə ki, qızları aparmağa gəlmisən, onları da məhv edər, bizi də.

        Səltənət nənə gördü ki, Əhməd düz deyir. Bir tərfdə kirimişcə dayandı. Ağacın dalında gizləndilər. Əhməd yavaşdan Süsəni çağırdı. Qız səs eşidib onlara tərəf gəldi. Nənəsini görüb sevindi, qucaqlayıb öpdü. Nigaran nənəsinə Sünbülün sağ-salamat olmasını çatdırdı. Nənə bir az sakitləşdi. Süsən də nənəsinə  Əhməd deyəni dedi:

       -Sizi küpəgirən görsə, hamımız məhv olarıq. Onu ancaq çiməndə öldürmək olar. Çünki soyunanda üstündə  sehrli nəyi varsa, çıxarıb yerə qoyur. Sehrli çubuğu və sehrli darağı qarıda olsa, ona heç kəsin gücü çatmaz.

        Bunu deyəndən sonra qız qaçıb komaya girdi. Sünbül yemək bişirirdi. Küpəgirən qarı isə qara pişiyin bitlərini təmizləyirdi. Süsən birtəhər Sünbülü başa saldı ki, nənəsi Əhmədlə onları xilas eləməyə gəliblər. Sünbül də sevindi. Küpəgirən qarı onların pıçıldaşmağından şübhələndi:

       -Məndən nə danışırsız, balaca küçüklər? Deməsəz, fal açaram, fikrinizdəkini özüm oxuyaram!

        Qızlar qorxdular. Sünbül tez dedi:

       -Qarı nənə, sən bizim nənəmizsən, səndən bizim gizli nə söhbətimiz olar ki? Süsən deyir ki, istəyirəm koma fırlansın, biz də komanın içərisində fırlanaq.

        -Hə, dayanın, bu saat sizi fırladaram, - qarı dedi və əlindəki sehrli çubuğu üç dəfə yerə vurub əmr etdi, - sehrli çubuq, sehrli  çubuq, fırlat komanı, mən bəsdir, deyənə qədər!

         Koma bərkdən silkələndi. Əvvəlcə yavaş-yavaş, get-gedə isə bərkdən fırlanmağa başladı. O qədər fırlandı ki, qızların  başları gicəlləndi. Hər ikisi qışqırdı:

       -Bəsdir, qarı nənə, başımız gicəlləndi!

       Qarı isə qəhqəhə çəkib gülməyə başladı və qışqırdı:

       -Bir də məndən gizlin heç nə danışmazsız!

       -Hə qarı nənə, danışmarıq, dayandır komanı, - deyib qızlar qarıya söz verdilər.

        Qarı komanı o qədər fırlatdı ki, qızlar bihuş olub yerə yıxıldılar. Qarı çubuğu yerə vurub dedi:

        -Sehrli çubuqlar, dayandırın komanı!

         Koma dayandı. Qara pişik gəlib qızların yanında bərkdən silkələndi. Onun bitləri qızların üzlərinə tökülən kimi qızlar ayıldılar. Qarı dedi:

        -Əyləndiyiniz bəsdir. İndi gedin, ocaq yandırın, çimim!

         Sünbül ocağı yandırmağa, Süsən isə su daşıyıb yekə qazanın içərisini su ilə doldurmağa başladı. Yüz vedrə su tökəndən sonra qazan doldu. Süsən qazanın qapağını qoydu ki, su tez qaynasın. Sünbül də ocağın odununu çox qoydu ki, qazan tez qaynara düşsün.

         Günortaya yaxın qazan pıqqapıqla qaynamağa başladı. Qazanın suyu qaynayan kimi qarı pişiyini gətirib atdı qaynayan suya. Pişiyin səsi meşəni götürdü.

       -Hə, indi çimmək olar, -qarı dedi və başından dişləri tökülmüş sehrli darağını çıxartdı. Əlindəki sehrli çubuğu yerə qoydu. Qızlara da tapşırdı ki, onlardan göz olsunlar. Özü də soyunub qazanda qaynayan suya girdi. 

        Əhməd elə bunu gözləyirdi, Səltənət nənəyə dedi:

        -Nənə, mənim əllərim heç nə götürə bilmir. Sən ağacın üstündəki saqqızlardan götür, sürt qazan qapağının qıraqlarına. Amma elə et ki, küpəgirən görməsin.

      Səltənət nənə  Əhməd deyən kimi elədi. Qazan elə böyük idi ki, küpəgirən onu görmədi. Süsənlə Sünbül isə tez qazanın qapağını üstünə qoydular. Sonra da ocağın altına yekə-yekə odunlar doldurdular ki, qazan yaxşı qaynasın.  

         Küpəgirən qarı qazanın qapağını nə qədər qaldırdı, qapaq açılmadı ki, açılmadı. Səsi kəsilənə qədər qışqırdı. Sonra da tilsimli pişiyi ilə bərabər cəhənnəmə vasil oldu.

         Tilsim sındı. Koma o qədər fırlandı ki, yer aralandı, girdi yerin altına.

         Süsənlə Sünbülün canı ifritədən qurtuldu. Əhmədin qollarına qüvvət gəldi. O, sevindiyindən Səltənət nənəni evlərinə qədər qolları üstündə apardı.   

         Səltənət nənə isə şad olub, şadyanalıq elədi. Təndir qalayıb çörək bişirdi. Bütün kənd camaatını isti təndir çörəyinə qonaq elədi. Onlar yeyib, içib, diləklərinə  çatdılar. Biz də yeyək, içək, arzu-muradımıza yetişək!