Bəxt axtaran qız

Bəxt axtaran qız

(Nağıl)

Biri vardı, biri yoxdu, gözəl bir qız vardı. Bu qız o qədər gözəldi ki, sanki Günəşə deyirdi, bu gün sən çıxma mən çıxacağam, Aya deyirdi, bu gecə sən görünmə, özüm görünəcəyəm. Onu bir görən bir də tamaşasına gəlirdi. Hamı onu o qədər «gözəl» deyə çağırmışdı ki, qızın özünün də əsil adı yadından çıxmışdı. Obada nəki cavan vardı, hamısı bu qıza baxmaq, onunla bir kəlmə kəsmək həsrətindəydi. Hamı Gözəlin gözəlliyindən danışırdı.

Gözəlin atası çoxdan axirət dünyasına qovuşmuşdu. Anası isə çox nurani bir arvad idi. Hər dəfə qızının gözəlliyindən söz düşəndə deyirdi:

- Gözəllik əsas deyil, adamın bəxti, səadəti olsun! Gözəlliksə gəldi gedəridi, cavanlıq kimi, beş-on il var, ondan sonra yoxdu! Sonra nə qədər axtarsan da onu tapa bilməzsən.

Gözəlin anası da cavan vaxtı çox gözəl olmuşdu. Elə gözəlliyinin ucbatından da başına çox bəlalar gəlmişdi. Bir cavana deyikli ola-ola başqa bir tayfanın dəlisov oğlanı tərəfindən qaçırılmış, iki böyük tayfa arasında qan düşmənçiliyi yaranmışdı.

Elə buna görə də indi qızının gözəlliyindən danışanda ana sevinmir, əksinə kədərlənirdi. Yazıq ananın elə bil ürəyinə dammışdı ki, qızının gözəlliyi ona ancaq və ancaq kədər, qəm-qüssə gətirəcək.

Gözəl anasının sözlərinə inanmırdı:

- Ana, sən həmişə belə deyirsən! Deyilənə görə mən mahalda hamıdan gözələm. Deməli həm də xoşbəxtəm. Ən varlı oğlana, ən yaraşıqlı, ən ağıllı oğlana ərə gedə bilərəm. Gözəlliyin özü xoşbəxtlikdir. Hamı gözəlliyimə həsəd aparır. Sən isə deyirsən gözəllik vacib deyil, bəxt vacibdir.

Ana qızını nə qədər başa salmaq istəyirdisə də ki, xoşbəxtlik gözəllikdə deyil, qızı başa düşmək istəmirdi ki, istəmirdi.

Bir gün Gözəlin anası sağalmaz dərdə düçar oldu. Öləcəyini başa düşən ana qızını yanına çağırıb dedi:

- Qızım ölürəm, sənə vəsiyyətim var!

Gözəl ağlayıb anasını qucaqladı:

- Ana, niyə ölürsən? Ölmə nə olar? Yalvarıram sənə, ölmə!

- Tanrının işlərinə qarışma! Gedəni yolundan saxlamazlar. Saxlamaq istəyən də bunu bacarmaz! Gedəni ədəb-ərkanla yola salarlar! Eşit sözlərimi, qızım! Ürəyin istəyən adama ərə gedərsən. Amma toy günü ər evinə qədəm qoyanda əlini göyə açıb «Tanrım, mənə xoşbəxtlik göndər», deməyi yaddan çıxarmazsan, ha!

- Ana, nə desən edərəm, təki sən məni tək qoyub getmə!

Gözəl nə qədər anasına yalvardısa, ağladısa da xeyri olmadı. Elə həmin gündən də anasını itirib tək qaldı.

Günlər keçdi, Gözəl tək yaşamağa alışdı.

Bir gün qız təndirdə çörək bişirirdi. Bu vaxt yoldan qaraçı köçü keçirdi. Qaraçılar çox yol gəlmişdilər. Acıb-susamışdılar. Təndir çörəyinin ətri onları vurdu. Başçının ağlına gəldi ki, qızdan soruşsun, əgər satarsa, onlara beş-altı çörək satsın:

- Ay gözəllər-gözəli, qərib qonağıq, qaraçılarım da yaman acıblar, bəlkə bizə beş-altı çörək satasan?

Gözəl gülərüzlə dedi:

- Qonaq Allahın qonağıdır! Qonağa da qurban olum, onun payını qabaqcadan göndərən Allaha da! Satmaq nədir, nə qədər meyliniz çəkir, götürün!

Bunu eşidən qaraçılar əliaçıqlığına görə qızı alqışladılar. Doyunca çörək yedilər. Hələ üstəlik yollarına da götürdülər.

Qaraçıların arasında gözəl, qaraşın, qıvrım saçlı, saçları dağınıq, əyni başı cır-cındır içərisində olan bir qız da var idi. O bir az aralıda durub heyran-heyran Gözələ baxırdı. Gözəl ona çox da fikir vermirdi. Çünki gözəldi deyə, belə baxanları çox görmüşdü. Evə girib öz paltarlarından birini qaraçı qızına gətirdi. Qız Gözəlin hədiyyəsini almayanda Gözəl məəttəl qaldı. Bunu görən qaraçıların başçısı Gözələ dedi:

- Sən incimə, onun paltarı var, özü cındır geyinir. O yaxşı fala baxır. Paltarı cındır olmayanda falı düz çıxmır.

Birdən Qaraçı qızı Gözəlin əlindən tutdu. Əlinin xətlərinə diqqətlə baxıb dedi:

- Çox gözəlsən, amma gözəlliyin başına bəlalar gətirəcək! Zavallı qız!

Gözəl nigaran qaldı:

- Qaraçı qızı, nə göründü falımda ki, belə söylədin? Atamı-anamı itirmişəm, tək-tənha oturmuşam, daha bundan betərimi gələcək başıma? De, Qaraçı qızı! Danışdın məni nigaran qoydun. Heç olmasa de, nəyə görə gözəlliyim başıma bəlalar gətirəcək?

Qaraçı qızı danışmaq istəmədi, Başçıya baxdı. Başçı dedi:

- Gərək deməyəydin, demisənsə hamısını de!

Qaraçı qızı danışmağa başladı:

- Kimsədən məhəbbət gözləmə, gözəl! Taleyin tərs gətirib. Bəxt quşun özü sənə vurulub. Səni heç kəsə verməyəcək. Özü də sənə sahib ola bilməyəcək. Çünki o quş, sən insan! Bəxt quşun səni məhv edənə qədər sevəcək! Kim sənə sahib olmaq istəsə onu da məhv edəcək, kimin əli sənə toxunsa, zəlil olacaq, kimin əlləri saçına dəysə, saçların ilana dönəcək, onu çalacaq. Zavallı qız. Gözəl olmaq hələ heç də bəxtəvər olmaq deyil!

Sonra Qaraçı qızı üzünü Başçıya tutdu:

-Başçı! Yola düşmək lazımdır! Bu bədbəxt qızın Bəxt quşunun xoşuna gəlməz, əgər biz onun yanında çox dayansaq. Qısqandığından yolumuzu bağlayar, işimizi çətinə salar!

Qara xəbərdən Gözəlin gözləri hər yanı qara gördü. Bayaqdan hay-küy salmış qaraçılar susdular. Onlar bu gözəl və səxavətli qızın halına acıdılar. Çünki Falçı qızın dedikləri həmişə düz çıxırdı.

Qaraçıların Başçısı da çox bikef oldu. Daha burda - bu bədbəxt qızın yanında dayanmağı məsləhət görmədi: «haydı yola çıxırıq», əmrini verdi.

Gözəl Qaraçı qızının sözlərindən çox pis oldu, fikrə daldı. O qədər dərin fikrə daldı ki, bir də gözünü açdı ki, qaraçı köçü çox uzaqdadır.

Həmin gündən Gözəl fikirli-fikirli gəzdi. Dərdini heç kəsə deyə bilmədi. Mahalın oğlanları isə ona rahatlıq vermir, harda görsələr qarşısını kəsib sevgilərini bildirir, ürəklərini açırdılar. Qız isə Qaraçı qızının dediklərindən sonra oğlanlardan qaçmağa çalışırdı.

Bir gün isti günlərdən birində Gözəl sərinləmək üçün şəlaləyə getmişdi. Şəlalənin yaxınlığında kimsənin olmadığını görüb elə paltarlı girdi suya, sərin suda çimib sərinlədi. Sonra isə əyin-başını, saçlarını qurulamaq üçün bir az günün altında uzandı. Elə təzəcə uzanmışdı ki, hiss elədi ki, kimsə onun saçlarını tumarlayır. Dik ayağa qalxdı. Başının üstündə onun dərdindən dəli-divanə gəzən qonşu oğlunu gördü. Qızın gözlərinin qarşısında oğlanın rəngi qapqara qaraldı. Səsi xırıldadı:

- Çox nahaq səni sevdim. Sən adi qız deyilmişsən. Saçların ilana döndü, məni çaldı.

- Nə oldu sənə oğlan? Rəngin niyə qaraldı? Gözəl bilmədi oğlana nə cür kömək eləsin. Bircə qışqırıb camaatı köməyə çağırmağa gücü çatdı.

Amma camaat köməyə gəlsə də oğlana heç bir kömək edə bilmədilər. Onu yüz ilan birdən çalmışdı deyə,öldü.

 

Gözəl çox pis oldu. Bu əhvalatdan sonra o daha həmin yerdə yaşamayıb çox uzaq bir məmləkətə köçüb getdi. Həmin yerdə isə həmişə yaşmaqlandı. Üzünü heç kəsə göstərmədi ki, onu daha sevməsinlər. Özü də heç kəsə ərə getməyib beləcə, sakit yaşamağı rahat saydı.

Günlər keçdi, bir gün Gözəl göl kənarına getmişdi ki, paltar yusun. Paltarları suya çəkəndə suda bir oğlan əksini gördü. Oğlan da nə oğlan...

 

Özünü itirdi. Yaşmaqsız olduğunu da, özünə verdiyi əhdi də unutdu. Oğlan dilinin altına bal qoyub elə şirin-şirin qızı danışdırdı ki, Gözəl ona cavab verməyə bilmədi. Onların hər ikisi bir könüldən min könülə bir-birlərinə aşiq oldular.

Göl kənarında oturub bir xeyli söhbət elədilər. Söhbətlərinə şəkər qatdılar, suallarına gülqənd səpdilər, baxışlarına od qatdılar, sözlərinə bal sürtdülər. Bir-birlərini sevəcəklərinə, bir-birlərinə sədaqətli qalacaqlarına əhd-peyman bağladılar.

Oğlan istəyəndə ki, qızın əlindən tutsun, elə bil Gözəli od götürdü. Qaraçının dediyi dəhşətli sözlər yadına düşdü: «Gözəlliyin başına bəlalar gətirəcək! Bəxt quşun özü sənə vurulub. Səni heç kəsə verməyəcək. Özü də sənə sahib ola bilməyəcək. Çünki o quş, sən insan! O səni məhv edənə qədər sevəcək! Sənə sahib olmaq istəyəni məhv edəcək, kimin əli sənə toxunsa, zəlil olacaq, kimin əlləri saçına dəysə, saçların ilana dönəcək, onu çalacaq!».

Gözəl oturduğu yerdən dəli kimi ayağa qalxdı. Çarşafını başına salıb oğlana bir söz demədən qaçdı.

Oğlan bu işə bir tərəfdən məəttəl qalsa da başqa tərəfdən də fikirləşdi ki, yəqin, qızın əlindən tutmaq istədim, onun könlünə dəydi. Çox peşimançılıq çəkdi, amma bilmədi neyləsin.

Bu yaraşıqlı oğlan şəhərin hörmətli ağsaqqalının oğlu idi. Adı da Əhməd idi. Əhməd gölün kənarına gəzməyə gəlmişdi. Gözəli görəndə ağlı başından çıxdı. Sevdi, nə sevdi... Qızı bir az danışdırandan sonra elə ovsunlandı ki, elə ordaca da özlüyündə söz verdi ki, nə olur-olsun bu qızla evlənəcək.

Amma Gözəlin bir söz demədən birdən-birə qaçıb getməsi oğlanı çox nigaran qoydu. Bikef-bikef evə qayıtdı. Əhmədin sehrli bir tutuquşusu var idi. Adı Tutuş idi. Tutuş insan kimi dil bilir, adamın gözlərinə baxan kimi hər şeydən xəbərdar olurdu. Özü də yaman çox danışan tutuquşu idi. O qədər danışırdı ki... Hələ güya Əhmədin qorxusundan çox danışmırdı.

İndi də tutuquşu sahibinin kefsiz qayıtmasını görən kimi gözlərini onun gözlərinə zillədi. Əhməd tutuquşunun mənalı baxışlarını görən kimi bildi ki, tutuquşu ona nəsə demək istəyir. Ona görə də quşu danışdırdı:

- hə, Tutuş, danış, deyəsən nəsə demək istəyirsən! De görüm bu gün başıma nə gəlib?

Tutuquşu həmişəki kimi üç dəfə Əhmədin adını çəkəndən sonra sözünü dedi:

- Əhməd, Əhməd, Əhməd!

Əhmədin hövsələsi çatmadı:

- Az Əhməd de! Sözünə başla!

Quş yenə də özü bildiyi kimi sözünə davam elədi:

- Əhməd, Əhməd, Əhməd! Əhməd mənim sahibimdir! Tutuş yaman çox danışır.

Əhməd dap hövsələdən çıxdı:

- Eybi yox, Tutuş, danış, qulaq asacağam, danış!

Tutuş sözünə davam elədi, amma yenə də öz qaydası ilə:

- Əhməd, Əhməd, Əhməd! Əhməd mənim sahibimdir! Əhməd göl kənarında bir qıza vurulub. Qız ovsunludu. Əhməd bu sevdadan əl çəkməlidi. Bu qara sevdadı. Qara sevdadı.

Əhməd nigaran qalıb Tutuşun sözünü kəsdi, sual verdi:

- Nəyə görə bu qara sevdadı, Tutuş? Kimdir ki o qız?

Tutuş dedi:

- Əhməd, Əhməd, Əhməd! Əhməd mənim sahibimdir! Əhməd sözümü kəsməsə hamısını deyərəm! Qızın öz bəxt quşu ona vurulub. Kim qıza yaxın getsə, ayaqları tutular, ona əl vursa, qolları qırılar, saçlarına toxunsa, saçları əfi ilana dönər, həmin adamı çalar.

Əhməd Tutuşun dediklərinə inanmadı, həyəcan içərisində yenə də quşun sözünü kəsdi:

- Tutuş, sən danışanlar ancaq nağıllarda olur. Quş insana vurulmaz. Mən özüm o qıza vurulmuşam. İndiyə qədər mənim heç kimsədən xoşum gəlməyib. Yalnız bircə onu ürəyimə yaxın buraxa bilmişəm. Sən də belə bəd danışırsan!

Tutuş daha danışmadı. O başa düşdü ki, Əhməd ona inanmır. Ona görə incidi.

Əhməd tutuquşunun küsdüyünü başa düşdü. Quşun qəlbinə dəydiyinə peşiman oldu. Könlünü almaq üçün kəkilini tumarladı, qanadlarını sığalladı. O, həmişə quşu küsəndə belə edir, Tutuş da həmin an sahibi ilə barışırdı. Tutuş bu dəfə də sahibi ilə tez barışdı. Amma söhbətinə həmişə necə başlayırdısa, bu dəfə də elə başladı:

- Əhməd, Əhməd, Əhməd! Əhməd mənim sahibimdir! Əhməd ovsunlu qızı sevə bilməz! Qızın bəxt quşu Əhməddən intiqam alar, Əhməd ya itər, ya batar, ya məhv olar, ya yox olar.

Tutuquşunun sözlərindən Əhməd hirsləndi. Quşu qəfəsə saldı. Həmişə quşun danışığı Əhmədin xoşuna gəlməyəndə onu qəfəsə salırdı. Sonra isə dedi:

- Yenə də özündən yalanlar uydurursan ki, səni tək qoyub heç yana getməyim! Mən sənə inana bilmərəm!

Əhməd daha quşa qulaq asmaq istəmədi. Qızı tapmaq üçün onun yaşadığı yerə yollandı.

Tutuquşu isə Əhmədin arxasınca qışqıra-qışqıra qaldı:

- Əhməd, Əhməd, Əhməd! Əhməd mənim sahibimdir! Əhməd heç vaxt söz eşitməz! Əhməd heç vaxt söz eşitməz!

Tutuş öz-özünə deyinməkdə qalsın, Əhməd qızı tapmaq üçün yollansın, biz də görək, Gözəl Əhmədin əlindən hara qaçdı?

Əhməd Gözəlin əlindən tutmaq istəyəndə birdən elə bil Gözəl qəflət yuxusundan ayıldı. Ürəyində dedi: «Ey dadi-bidad, mən nə edirəm. Bir cavan mənə aşiq oldu, saçlarım ilana dönüb onu çaldı. Əgər Qaraçı qızı deyənlər doğrudursa, onda mən ikinci bir cavanı məhv edərəm. Yaxşısı budur bu sirrin üstü açılmayınca heç kəs məni sevməsin».

Belə fikirlərlə Gözəl oğlanın yanından qaçıb düz evinə getdi. Paltar boxçasını yığışdırdı, qonşuları ilə halallaşıb, üz tutdu başqa məmləkətə tərəf.

Az getdi, çox getdi, bir də gördü bir atlı çapa-çapa ona səmt elə gəlir ki, elə bil şimşəkdi. Ürəyinə damdı ki, bu həmin aşiq oğlandı. Tez gizlənməyə kol, itməyə mağara axtardı, tapa bilmədi. Əlacı kəsildi, dayanıb gözlədi.

Əhməd təngənəfəs özünü qıza çatdırdı. O Gözəlin qonşularından öyrənmişdi ki, qız uzaq səfərə yola düşüb. Axtarıb Gözəli tapmışdı. Gözəl də elə bürünmüşdü ki, Əhməd əvvəl onu tanımadı. Bir neçə dəfə soruşdu:

- Kimsən, hardan gəlib, hara gedirsən?

 

Qız qorxudan səsini çıxartmadı ki, oğlan onu tanımasın.

Əhməd diqqətlə baxanda qızı telindən tanıdı:

- Sən Gözəlsən. Telinin rəngindən tanıdım. Aç üzünü, de, nə oldu sənə, mən sənə neylədim ki, üzün məndən döndü? Mən sənə nə söylədim ki, yolun yolumdan ayrı düşdü? Bəs bizim əhdi-peymanımız noldu? Məni nigaran qoyan vəfasız Gözəl, cavab versənə!

Belə deyəndə oğlanın gözündən bir damla yaş yanağına süzüldü. Gözəl daha buna dözə bilmədi:

- Oğlan, mənə vəfasız demə! Mən bivəfalardan deyiləm! Mənə insafsız demə, mən yarımı yarı yolda qoyanlardan deyiləm! Məni qınama, məni sorğu suala tutma! Gəl bu sevdadan əl götür, məndən bu sirri soruşma!

Əhməd qılıncını çıxarıb düz ürəyinə tutdu:

- Sənin eşqin düz ürəyimə girib, bu an söz verməsən ki, mənim olacaqsan, həmən bu qılıncla ürəyimi deşib, məhəbbətini ordan çıxaracağam.

Gözəl oğlanın qarşısında diz çökdü:

- Oğlan, aman ver mənə, zaman ver mənə, tələsdirmə məni, məni də yandırarsan, özünü də.

Əhmədin gözlərini qan örtmüşdü. Qılıncı özündən bir az araladı ki, bərkdən köksünə sancsın, qız özünü irəli verdi:

-Dur oğlan! Qılıncını yerə sal! İndi ki, əl çəkmirsən, qulaq as, başıma gələnlərdən səni hali edim. Ondan sonra mənə inanarsan. Tilsimliyəm mən, adi deyiləm. Deyilənlərə görə öz bəxt quşum mənə aşiq olub, məni ovsunlayıb. Mənə dəyən bədbəxt olar, mənə toxunan yerində qalar. Budur mənim sirrim, ona görə səndən qaçıram. Sənə zərər toxunacağından qorxuram. Bəxt quşumun səni məhv eləyəcəyindən qorxuram. Tələsdirmə məni, qoy sirri açım, bəxt quşunu tapım, ona yalvarım-yaxarım, bəlkə insafa gəldi, gözlərini məndən çəkdi. Söz verirəm, sonra qayıdaram, sənin olaram.

Əhməd diqqətlə Gözələ qulaq asdı. Sonra isə qılıncını yerə atıb dizi üstə torpağa çökdü. Ürəkdən qəhqəhə çəkib gülməyə başladı. Doyunca güləndən sonra dedi:

- Gözəl, sən gülməli danışdın. Ürəkdən məni ağlatdığın yerdə doyunca güldürdün. Heç quş da qıza vurularmı? Gözəl, gözəlliyinə vuruldum, yanılmadım, ağlına vuruldumsada, avamlığını görüb peşman oldum. Amma eyb etməz, sadəlöhvlük qadın gözəlliyinə xələl gətirməz.

Aşiq çox danışdı, çox and-aman elədi, nəhayət ki, Gözəli yolundan da, fikrindən də döndərə bildi. Gözəl aşiqinə inandı. Ona qoşulub geri qayıtdı.

Əhməd Gözəli yaşadığı evə ötürdü. Özünə də tapşırdı ki, toya hazırlaşsın.

Toy günü gəlib çatdı. Gəlini bəzəyib bəy evinə apardılar. Gözəl bəy-gəlin otağına qədəm basıb ürək döyüntüsü ilə nişanlısının yolunu gözləməyə başladı. Birdən anasının vəsiyyəti yadına düşdü: «Eşit sözlərimi qızım! Ürəyin istəyən adama ərə gedərsən. Amma toy günü ər evinə qədəm basanda əlini göyə açıb, Tanrım, mənə xoşbəxtlik göndər, deməyi yaddan çıxarmazsan, ha!».

Bunlar Gözəlin yadına düşsə də o, anasının vəsiyyətini yerinə yetirmədi. Çünki o xoşbəxt idi. Daha bundan da xoşbəxt olmaq olardımı? O ürəyindən olan adama ərə gedirdi. Oğlanın var-dövləti, ağlı-kamalı, yaraşığı, böyük sevgisi, daha bundan belə qıza nə gərəkdir ki, hələ dua edib xoşbəxtlik diləsin?

Gözəl bu fikirlərlə nişanlısını gözləsin, biz isə baxaq görək bəy gərdəyinə girməyə hazırlaşan Əhməd harda qaldı?

Neçə vaxtdan bəri Gözəllə evlənmək həsrətində olan Əhməd, bəy hamamında idi. Hamını tələsdirirdi ki, Gözəlinin yanına tez çatsın.

Burada deyiblər ki, bala, sən saydığını say, hərdən də bir bax gör o biri yanda fələk nə saymaqdadır? Əhməd elə ordaca da eşitdi ki, müharibə başladı. Qoşun başçısı bütün cavanları meydana yığdırıb ordan da düz döyüşə göndərdi. Qeyrətli cavan yadellilərin məmləkətinə hücum etdiyini eşidib geri – nişanlısının yanına qayıtmağı, özünə ar bildi.

Gözəl eşidəndə ki, nişanlısı müharibəyə getdi, ağlayıb ahu-zar elədi. Gözlərinin yaşı durmadı. Anasının vəsiyyətinə əməl eləmədiyinə görə özünü lənətlədi. Tanrıdan xoşbəxtlik diləmədiyinə görə peşiman oldu.

Nağıl zamanı tezləşdirər, nağıllarda Günəş tez çıxar, tez batar, Ay qaranlıq gecələri tez işıqlandırar. Zaman ötər, dolanar, müharibə də tez başlayar, tez də qurtarar.

Vaxt ötdü, zaman keçdi, müharibə qurtardı. Sağ qalan əsgərlər geri – evlərinə döndülər. Əhmədin isə nə öldü, nə də qaldı xəbəri gəlmədi. Gözəl özünə yer tapa bilmədi. Hər kəsdən sevgilisinin yerini soraqladı. Gördüm deyən olmadı. Toyu yarımçıq qalan, sevgilisindən xəbər olmayan qız hər gecə göz yaşı ilə yatağına uzandı. Ana ruhu bundan çox narahat oldu. Qızının yuxusuna girib dedi:

- Talesiz balam! Gözəlliyin başına bəla olub. Bəxt quşun səni xoşbəxt olmağa qoymur. Mənim də vəsiyyətimə əməl eləmədin. Heç olmasa toy gecəsi Tanrıdan xoşbəxtlik diləsəydin, bəlkə O sənə kömək olardı, alın yazını başqa cür yazaydı. Qayıt dədə-baba ocağına, darvaza qarşısında otur, yenə də qaraçı köçünün qayıtmasını gözlə. Sənə yalnız Qaraçı qızı kömək edə bilər.

Gözəl yuxudan qalxan kimi yuxuda anası dediklərini bir daha yadına saldı. Qərara gəldi ki, vaxtı yubatmadan öz obasına, ata ocağına qayıtsın. Qayınata və qayınanasına hər şeyi danışdı. Onlarla halallaşıb evlərinə öz məmələkətinə – ata ocağına qayıtmaq üçün yola düşdü. Haralardan keçmişdi, oralardan da keçdi, haralardan gəlmişdi, oralardan da qayıtdı, az getdi, çox dayandı, çox getdi az dayandı, nəhayət ki, gəlib evlərinə yetişdi.

Qonşular yetim qızın başına yığıldılar. Başına gələnlərdən hali olanda çox bikef oldular. Gözəli sevən oğlanlar eşidəndə ki, qız tapılıb sevincək onun yanına gəldilər. Ərə getdiyini, toyu tərsə döndüyünü öyrənəndə çox peşiman qayıtdılar.

Nə isə... Gözəl hər gün səhər tezdənnən durur, həyətdə oturub, nə vaxt həyətdən qaraçı köçünün keçəcəyini gözləyirdi. Səbri tükənəndə qaçıb dağın başına çıxır, ordan qaraçı köçünün gəlib-gəlməməsini görmək istəyirdi. Amma qaraçı köçü gəlmək bilmirdi. Bu minvalla çox keçdi, yaxşı yadımda qalmayıb, bir ay, yoxsa bir il...

Bir gün hər yana xəbər yayıldı ki, qaraçı köçü gəlir. Bütün camaat sevindi. Çünki qaraçılar gələndə toy-bayram olurdu. Hamı qaraçılara qoşulur, çalıb oynayırdılar. Bir kef olurdu ki, gəl-görəsən. Gözəl də sevindi. Nəhayət ki, qaraçı köçü gəlib-çıxdı. O, qaraçı qızından xəbər öyrənəcək, nişanlısının yerini soraqlayacaqdı.

Həmişəki kimi qaraçılar Gözəlgilin həyətində köçlərini dayandırdılar ki, isti təndir çörəyi yesinlər, sərin quyu suyu içsinlər. Başçı Gözəldən xahiş etdi ki, quyudan su çıxartsın:

-Ciyərimiz yandı, ay xala, bizə bir az quyu suyu ver içək!

 

Gözəl quyudan su çıxara-çıxara gözləri ilə qaraçıların içərisindən fala baxan qaraçı qızını axtardı və tapdı. Qaraçı qızı da su içmək üçün Gözələ yaxınlaşdı. Bir sərnic su alıb istədi ki, içsin, birdən Gözəli tanıdı:

-Bəxt quşumu səni bu günə saldı qız? Bəxtin qara oldumu qız? Niyə bu günə düşdün? Niyə rəngin saraldı? Niyə bahar olmamış xəzan oldun? Qapqara saçların cavan ikən niyə ağardı? Qönçə üzün gül açmamış niyə soldu?

Başçı indi gözəllər-gözəlini tanıdı. Ona xala dediyinə peşiman oldu. Gözəlin üzü doğrudan da qırışmış, qara saçları ağappaq ağarmışdı. Bu keçən az müddətdə qız sevgilisinin həsrətindən cavankən qocalmışdı.

Gözəl gözlərinin yaşını bulaq suyu kimi axıtdı. Başına gələnləri olduğu kimi onlara danışdı:

-Qaraçı qızı, dediklərin düz çıxdı. Kim mənə sahib olmaq istədi məhv oldu, kimin əlləri saçlarıma toxundu, saçlarım əfi ilana dönüb onu çaldı, kim taleyini taleyimə bağladı, anası başına qara örtüb balasına yas saxladı. Gözəlliyim bədbəxtliyə dönüb mənə yoldaş oldu. Mənə yol göstər, Qaraçı! Sevgilimin ölüsündən ya dirisindən mənə xəbər ver, ölübsə, gedim mən də onun yanında ölüm, əsir düşübsə gedim əsir düşmüş yarımı tapım, dara düşübsə gedim onu dardan qurtarım. Mənə yol göstər, yol göstər ki, mənə bədbəxtlik gətirən bəxt quşumun əlindən qurtulum!

Bütün bunları deyəndən sonra Gözəl hönkür çəkib ağladı. Gözlərindən qan-yaş tökdü. Ətrafdakılar onun bu halını görüb qıza acıdılar.

Qaraçı qızı göz yaşını silib Gözəlin qırışmış əlini əlinə götürdü. Əlinin içərisindəki çoxlu qırışlara baxıb dedi:

-Əlləri qırışmış, gözəl ikən saralmış, cavankən qocalmış qız! Əllərinin xətti taleyinin xəttidir. Taleyinin xətti isə ürəyinə səmt çəkilib. Bu ona işarədir ki, səndən qaçmış taleyini özün axtarmalı, səndən küsmüş taleyinlə özün barışmalısan. Ovcunun içərisində sevgilin görünür. Amma onun dörd bir yanına əlindəki qara damarlarla xətt çəkilib. Dara düşüb sevgilin. Böyük bir quyuda əzab çəkən yarın əllərini göyə açıb Tanrıdan kömək diləyir. Sənə düşmən kəsilmiş bəxt quşun isə onun yollarını elə bağlayıb ki, zavallı cavan çıxış yolu tapa bilmir. «Gözəl, Gözəl», deyərək zarıya-zarıya qalıb.

Bunu eşidəndə Gözəl daha dözə bilmədi, qəşş eləyib özündən getdi.

Nə elədilərsə də Gözəl özünə gəlmədi ki, gəlmədi.

Gün batırdı. Qaraçı dəstəsi isə yola düşməliydi. Bunu görən Qaraçı qızı üzünü başçıya tutub dedi:

-Başçı! Mən bu zavallı qızı bu halda qoyub gedə bilmərəm. Yetər o bu qədər əzab çəkib. Onu tək qoyub getsəm məhv olar. Qızı bütün əzablardan qurtarmağın yolunu isə yalnız mən bilirəm. Siz yola düşün, gedin. Sağlıq olsa, qismətimizdə varsa yenə də görüşərik.

Bu sözlər Başçının ürəyindən olmasa da razılaşdı. Çünki cavan, gözəl bir qızın bu hala düşməsi onu da sarsıtmışdı. Başçı onlara xeyir-dua verib köçə qalxmaq əmri verdi. Qaraçı köçü yola düşdü.

Gözəl hannan-gecdən özünə gələndə gördü ki, Qaraçı qızı başının üstündə dayanıb. Halsız-halsız ona yalvardı:

- Mənə yardımçı ol, Qaraçı qızı, mənim ucbatımdan məhv olan yarımı tapım.

Qaraçı qızı dedi:

- Söz versən ki, mən deyənləri edəcəksən, qara günlərin geridə qalacaq. Özündə güc toplasan yarını qurtaracaqsan. Bəxt quşunu aldatsan, xoşbəxtliyini geri alacaqsan! Əvvəla söz ver!

Gözəl söz verdi, and içdi ki, Qaraçı qızı nə desə həmən yerinə yetirəcək.

Qaraçı qızı söylədi:

-Dediklərimə diqqət ver. Bəxt quşun səni bir an da olsa gözdən qoymur. Hara gedirsən səninlə gedir. Sənsiz qala bilmir. Sənsiz dözə bilmir. O bircə Ay batandan Günəş çıxana qədər yatır. Elə həmin zamanda da biz hiylə qurub onu aldatmalıyıq. Üz-gözünü, libasını elə dəyişməliyik ki, səni tanımasın. Sonra isə bəxt quşunu tutub onu başqasına satmalıyıq. Hə, ayrı adama satmalıyıq ki, o daha sənin bəxt quşun olmasın, sənə heç nə eləyə bilməsin. Bunun üçün isə mütləq Quş adasına getmək lazımdır. Quş adasına gedən yol çətin, qorxulu yoldur, ora gedənlərin gərək qəlbi təmiz olsun ki, getdiyi yoldan geri dönə bilsin.

Bunu deyəndə Gözəlin rəngi bir az da saraldı, qorxdu:

-Onda mən belə səfərə çıxa bilmərəm.

-Nə üçün? – Qaraçı qızı məəttəl-məəttəl soruşdu.

-Günahkaram. Mənim saçlarıma toxunan bir cavan həlak olub. Qəlbim təmiz deyil mənim.

Qaraçı qızı Gözəli sakitləşdirdi:

-Bu sənin yox, səni tilsimə salanın günahıdır, qorxma!

Bunu eşidəndə Gözəl bir az toxtadı:

- Quş adasına getməkdə məqsədimiz nədir?

Qaraçı qızı söhbətinə davam elədi:

-İndi ən vacib işimiz bəxt quşunu ovlamaqdır. Bununçün sübh tezdən səninlə səfərə çıxmalıyıq. Özü də kişi paltarında. Tədarük gör.

Gözəl tədarük gördü. Səhərə yaxın qızlar kişi paltarı geyindi. Saçlarını gizləyib başlarına buxara papaq qoydular. Qaraçı qızı ocaqdan bir kömür götürdü, onu Gözəlin üzünə sürtdü. Gözəl tanınmaz oldu. Qızlar Günəş çıxmamış yola çıxdılar.

Az getdilər, üz getdilər, nə az getdilər, nə çox getdilər, dağlar aşdılar, düzə çatdılar, nə dağ gördülər, nə düzdən keçdilər, axır ki, yaşıl bir çəmənliyə çatdılar. Qaraçı qızı Gözələ dedi:

- Mən səndən aralı gəzəcəyəm. Sən isə çəmənliyə uzanarsan. Özünü yatmışlığa qoyarsan. Bəxt quşun yaxınlıqdadır. O səni görəndə tanımayacaq. Diqqətlə gözlərinə baxmaq üçün sinənə qonacaq. Məbadə gözünü açasan ha... Quş sinənə qonan kimi tez ayaqlarından tutarsan.

Gözəl: «Baş üstə» deyib, yaşıl çəmənliyə uzandı. Uzanan kimi də gözlərini yumdu. Qaraçı qızı elə təzə uzaqlaşmışdı ki, bir quş gəlib Gözəlin sinəsi üstə qondu. Maraq Gözəli üstələdi. O, bir gözünü azca açıb quşa baxdı ki, görsün ona vurulan nə karədir. Baxdı ki, quş nə quş. O hələ ömründə belə gözəl quş görməmişdi. Quş elə gözəl idi ki, min göz istəyirdi ona tamaşa eləsin. Lələkləri min rəngə çalırdı. Gözləri insan gözlərinə bənzəyirdi. Qanadları elə parıldayırdı ki, elə bil ləl-cavahirdi, bərq vurur.

 

Elə bu vaxt bəxt quşu qızı gözündən tanıdı. Gözəl əl atdı ki, quşu tuta, əli boşa çıxdı. Quş tez qanad çaldı, pərvazlanıb uçdu.

Bütün bunları uzaqdan görən Qaraçı qızı başa düşdü ki, Gözəl o deyəni eləməyib, gözlərini açıb. Qıza yaxınlaşıb hirslə dedi:

- Bədbəxt qız! Mən sənə söyləmədimmi quşa baxmayasan, özünü tanıtmayasan? İndi ki, dediklərimi eləmirsən, məndən sənə yoldaş olmaz!

Belə deyib Qaraçı qızı Gözəldən üz döndərdi və geri döndü. Gözəl ona çatıb yalvardı, göz yaşı tökdü:

- Yalvarıram sənə, üz döndərmə məndən. Ürəyim dözmədi, mənə vurulmuş, məni bədbəxt etmiş bəxt quşumu görmək istədim. Keç günahımdan.

Qaraçı qızı rəhmə gəldi:

- Yaxşı, bu dəfə səni bağşladım göz yaşlarına. Amma bir də sözümü eşitməsən, bil, məndən sənə yoldaş olmayacaq.

Gözəl razılaşdı. Onlar Ay batana qədər yol getdilər. Qalın bir meşəyə girdilər. Getdilər, hey getdilər. Ay batan kimi Qaraçı qızı dedi:

-Nə qədər ki, bəxt quşun yuxuya gedib, yenə də libasımızı dəyişməliyik ki, o yuxudan oyananda bizi tanımasın.

Gözəl təəccübləndi:

-Meşənin içərsində biz hardan paltar tapa bilərik ki, dəyişək, tanınmaz olaq?

-Bu mənim boynuma! – deyib Qaraçı qızı saralıb qurumuş kobud otlardan iki parça toxudu. Başdan ayağa qədər özünü də Gözəli də qara palçığa bulayandan sonra toxuduğu parçanın birini özünün, o birisini isə Gözəlin bədəninə sarıdı. Bundan sonra qızlar bir az dincəlib yenə də yola çıxdılar.

Getdilər, getdilər böyük bir çaya çatdılar. Hava artıq işıqlanmış, Günəş də çıxmışdı. Qızlar bir də baxdı ki, həmin quş yenə də uçub gəlir. Qaraçı qızı dedi:

-Eşit dediklərimi! Bu dəfə çaya girməliyik ki, çayın o tərəfinə keçək. Bu yol Quş adasına gedir. Bəxt quşun səni tanısa sirrimizi biləcək. Başa düşəcək ki, onu tutub Quş bazarında satmaq, özünə təzə bəxt quşu almağa gedirsən. Ona görə buna imkan verməyəcək. Yolumuzu kəsəcək. Yadında saxla! Çayı gözüyumulu keçməlisən ki, bəxt quşun səni tanımasın. O səni tanımaq üçün çiyninə qonacaq. Məbadə gözlərini açasan ha...

Gözəl Qaraçı qızı deyən təki elədi. Hər şey də çoxbilmiş qız deyən kimi oldu. Gözəl çayı gözüyumulu keçməyə başladı. Qaraçı qızı da ondan bir xeyli aralı gəlirdi. Həmin quş xeyli gözəlin başı üstündə uçandan sonra onun çiyninə qondu. Gözəl vaxt itirməyib tez quşun ayaqlarından tutdu. Amma onun palçıqlı əli çayın suyunda islanıb sürüşkən olduğundan quş asanlıqla ayaqlarını Gözəlin əlindən çıxartdı.

«Aman» deyə qız qışqırıb gözlərini açanda quş onu həm səsindən, həm də gözlərindən tanıdı. Qəzəblənmiş quş başa düşdü ki, Gözəl Quş adasına gedir ki, onu satıb özünə təzə bəxt quşu alsın.

Buna görə də bir leysan yağış yağdırdı ki, qızlar hələ ömürlərində belə yağış görməmişdilər. Çayın suyu birdən çoxaldı. Sel gəldi. Qaraçı qızı yaxşı üzmək bilirdi. O tez Gözəldən bərk-bərk yapışıb özünü çayın dibinə verdi. Çayın iri daşlardan yapışa-yapışa birtəhər onun canını selin ağzından qurtardı. Qızlar iri bir ağacın oyuğuna girib yağışdan gizləndilər. Gözlədilər yağış kəssin, yenə də yollarına davam eləsinlər. Elə ki, gecə yarı oldu, yağış kəsdi.

Qaraçı qızı dedi:

-Bu dəfə bəxt quşunun tilsimindən yaxşı qurtara bildik. Adaya gedən yolu yarı eləmişik. Nə qədər ki, gecədir, quş yatıb, gərək durmayaq, yolumuzu davam eləyək. Səhər axırıncı günümüzdür. Axırıncı gün bəxt quşunu tuta bilsən və ondan canını qurtara bilsən, sənə ölüm yoxdur.

Gözəl qorxa-qorxa dedi:

-İndi heç ayrı paltarımız da yoxdur ki, heç olmasa geyinək bizi tanımasın.

-O artıq bizi tanıyır, gizlənmək mənasızdı, geyin öz paltarını - deyə Qaraçı qızı boxçasını açıb Gözəlin paltarını verdi və özü də paltarlarını geyindi. Yola düzəldi, Gözəl də onun arxasınca.

Qaraçı qızı yeriyə-yeriyə Gözələ səhər nə edəcəyini başa saldı:

- Səhər Günəş oyananda biz böyük də dərin bir bataqlığa çatacağıq. Bataqlığın adı Əjdaha yuvasıdır. Həmin bataqlıqda o qədər adam boğulub ki, ona görə həmin yerin adını Əjdaha yuvası qoyublar. Bataqlıq adamı özünə çəkir. Elə bil adam udmağı xoşlayır. Amma qorxma, mən sənə kömək edəcəyəm. Mən çox bataqlıqlar keçmişəm. Bataqlıqdan keçmək mənim üçün çətin deyil. Amma dediklərim sənin üçün çətin olsa da eləməlisən. Başqa yolun yoxdur. Bataqlıqdan keçəndə az qala boğulacaqsan. Qorxma, nəfəsini içinə çəkib yavaş-yavaş bataqlığa gir. Bu vaxt sənə aşiq olmuş bəxt quşun son dəfə səni görmək, sənə toxunmaq üçün başına qonacaq. Sən cəld başına qonmuş quşun ayaqlarından bərk-bərk tutarsan. Amma məbadə buraxasan ha...

Yenə də hər şey Qaraçı qızı deyən kimi oldu. Qızlar səhərə qədər yol getdilər. Səhər Gün doğana yaxın böyük bir bataqlığa çatdılar. Yenə də həmin quş başladı Gözəlin başı üstündə dövrə vurmağa. O sevdiyi qızın başı üstündə qanad çalıb uçurdu. Qızlar hərəsi gövdəli, iri bir ağac götürüb bataqlığa girdilər. Bu dəfə quş vahiməli bir səs çıxartdı. Qaraçı qızı quş dilində bilirdi. Gözələ dedi:

-Bilirsən bəxt quşun nə deyir?

Gözəl maraqla soruşdu:

-Nə deyir?

Quş necə demişdisə Qaraçı qızı elə də dedi:

-Bəxt quşun deyir ki, getmə bataqlığa, məhv olarsan, məni də məhv edərsən, yalvarıram sənə!

Gözəl irəlidə Qaraçı qızı da onun arxasınca danışa-danışa bataqlığın dərin yerinə tərəf addımlayırdılar. Gözəl bataqlığın lap dərin yerinə düşdü. Palçıq artıq onun boğazından idi. O dedi:

-Bəxt quşum, sənin əlindən ölüm yaxşıdır. Qoy elə bu bataqlıqda məhv olum. Onda heç olmasa bilərəm ki, sevdiyim adamı xilas etmək üçün öldüm!

Bu sözləri deyəndə isə artıq palçıq qızın ağzına qədər idi. Gözəl ağzını bərk-bərk yumdu. Palçıq yavaş-yavaş onun onun qulaqlarına və sonra gözlərinə doldu. Bəxt quşu görəndə ki, qız palçıqda boğulur, özünü itirdi. Son dəfə sevdiyi qıza toxunmaq üçün onun başına qondu. Gözəl hiss edən kimi quşun ayaqları başındadır, cəld quşun ayaqlarından tutdu. Quş nə qədər çapaladısa da, onu buraxmadı. Gözəl az qalırdı boğulsun, amma yenə də quşu buraxmırdı. Bu vaxt Qaraçı qızı özünü onun köməyinə çatdırdı. Əvvəlcə əlindəki çubuğu Gözəlin qoluna dayadı. Gözəl tez bir əli ilə çubuğu tutdu. Qaraçı qızı dartıb onu bataqlıqdan çıxartdı. Quş nə qədər çapalasa da Gözəl ondan bərk-bərk yapışmışdı. Qaraçı qızı torbasından bir qara yaylıq çıxarıb quşun başına saldı. Quş tam qaranlıq olduğunu görən kimi elə bildi ki, Ay batıb, yuxuya getdi. Qızlar tez quşun ayaqlarını sarıdılar və onu yaylığa büküb özləri ilə götürdülər.

Getdilər, getdilər, bir məmləkətə çatdılar. Həmin məmləkətdən isə gəmi ilə dənizin ortasında yerələşən Quş adasına yola düşdülər. Üç gün gəmi ilə yol gedəndən sonra Quş adasına çatdılar.

Quş adası isə nə quş adası. Bir sıldırım qayalıq. Qızlar qayalığa dırmaşdılar. Qayalıqda isə insan və quş əlindən tərpənmək olmurdu. Bəxt quşu satan kim, bəxt quşu alan kim, bəxt quşu dəyişən kim... Hamı alverdəydi. Satan da sevinirdi, alan da...

 

Qaraçı qızı Gözələ dedi:

- Quşu çıxaran kimi onu birinci almaq istəyənə də verərsən. Gözəl quşu çıxarmaq üçün qara yaylığın düyününü açdı. Gözünə işıq düşən quş yuxudan oyandı. Başa düşdü ki, onu satmağa gətiriblər. Gözlərindən iki damla yaş süzülüb Gözəlin ovcuna düşdü. Göz yaşları dönüb qiymətli daşa çevrildi. Qaraçı qızı daşları əlinə alıb diqqətlə onlara baxdı və dedi:

- Bu dünyada ən qiymətli daşdır. Sən bu daşları satsan ən varlı adam olarsan.

Gözəl daşları alıb əli gəldikcə uzağa atdı. Daşlar dəniz dalğalarında görünməz oldu. Gözəl hirslə dedi:

- Bu quşun mənə heç bir var-dövləti lazım deyil.

Bütün bunları uzaqdan görən bir nəfər qızlara yaxınlaşdı:

- Quşu neçəyə satırsız?

Qaraçı qızı tez dilləndi:

-Sən neçə verərsən?

- Əlli qızıl! – deyə kişi qiymət dedi:

Qaraçı qızı quşu Gözəlin əlindən alıb kişiyə verdi:

- Razıyıq!

Qızlar bəxt quşunu satan kimi sevindilər. Birdən bir lələk uçub gəldi düz Gözəlin başına qondu. Gözəl lələyi başından götürüb diqqətlə ona baxdı. Lələk çox gözəl idi. Bu vaxt bir nəfər ona yaxınlaşdı:

- Bu xoşbəxtlik lələyidir. Sənin başına qondu. Çox ucuz satıram, al, sənin qismətindir.

- Al, - dedi - Qaraçı qızı.

Gözəl pulu verib lələyi aldı. Onu yaylığına büküb qoynunda gizlətdi. Qızlar yola düşmək istəyirdilər ki, lələk satan Gözələ dedi:

- Bu xoşbəxtlik lələyinin bir pis tərəfi var. Lələk sənin yanında olarkən kim desə ki, mən bədbəxtəm. Lələyi bir müddətlik ona verməlisən ki, həmin adama xoşbəxtlik gətirsin. Elə ki, həmin adamın bəxti düzəldi, dedi, mən daha xoşbəxtəm. Lələyi geri ala bilərsən.

- Başqasına kömək eləmək elə özü də xoşbəxtlikdir. Bu heç də lələyin pis tərəfi deyil, - dedi Gözəl. Qaraçı qızı da Gözəl deyənlə razılaşdı.

Qızlar gəmiyə minib Quş adasından geri döndülər. Gəmi yenə də üç gün yol gedəndən sonra sahilə çatdı. Bundan sonra qızlar yenə də piyada getməliydilər.

Qaranlıq düşürdü. Qızlar gecələmək üçün bir evin qapısını döydülər.

- Ay ev yiyəsi, ay ev yiyəsi, - deyə çağırdılar.

Qapını göyçək, çöhrəsi nurlu bir arvad açdı.

- Kimsiniz? - deyə soruşdu.

- Allah qonağıyıq, ay xala! Bir gecə qalmağa yer axtarırıq, - Qaraçı qızı dedi.

-Allaha da qurban olum, onun göndərdiyi qonaqlara da. Gəlin içəri. – Bunu deyib arvad qızları evə dəvət elədi. Qızlara su gətirdi. Yuyundular. Yemək gətirdi. Doyunca yedilər.

Bir azdan arvadın əri də gəldi. Qonaqları görüb sevindi. Bir xeyli söhbətdən sonra birdən ər ayağa qalxıb dedi:

- Vaxtdır arvad, gedək!

Arvad da qlxdı. Hər ikisi yandakı otağa keçdi. Bu vaxt onlar olan otaqdan ağlamaq səsi gəldi. Gözəl istədi durub keçsin ər-arvaddan soruşsun: «Nə olub, niyə ağlaşma qurmusunuz?». Qaraçı qızı onun fikrini başa düşdü. Ətəyindən tutub saxladı:

- Qoy görək, bunun axırı necə olur?

Qızlar xeyli gözlədilər. Bir azdan sonra ər-arvad elə bil heç nə olmayıbmış kimi yenə gəlib gülər üzlə qonaqlarla oturdular, söhbətləşdilər. Ağlamaqdan onların gözlərinə qan gəlmişdi. Bir azdan kişi darvazanı bağlamaq üçün həyətə çıxanda Qaraçı qızı dözməyib soruşdu:

- Qonağın olduq, gülər üzün bizi heyran elədi. Süfrəndən yemək yedik, dadı damağımızdan getmədi. Amma bu nə sirr idi ki, deyib-güldüyümüz yerdə ər-arvad yan otağa keçib ağlaşma qurdunuz? Doyunca ağladınız. Sonra yenə də heç nə olmayıbmış kimi gəlib bizimlə diz-dizə oturdunuz, söhbət elədiniz?

Arvad dərdli-dərdli dilləndi:

- Qonağımsınız, kədərimi sizlə bölmək istəmərəm. Onsuz da dərdim böyükdür, ona çarə edə bilməyəcəksiz. Yaxşısı budu, heç soruşmayın.

Gözəl əl çəkmədi:

- Ağlamağınızın səbəbini bilməsək, yuxumuz ərşə çəkilər, yata bilmərik. Dərdsiz insan az tapılar. Danış dərdini, danış, biz də bilək!

- İndi ki, əl çəkmirsiniz, onda qoy deyim! Neçə illərdi evlənmişik. Hər şeyimiz var. Evimiz-eşiyimiz, varımız-dövlətimiz. Bircə sevincimizdən savay, hər şeyimiz var. Tanrı övlad payına bizi həsrət qoyub. Beşiyimiz boş qalıb. Laylamız dilimizdə donub. İndi hər gün, hər gecə ər-arvad dərdimizi bir-birimizə deyib ağlayırıq. Biz də bu cür bədbəxtik.

Qızlar arvadın sözlərinə qulaq asa-asa gözlərindən yaş tökdülər. Bu doğrudan da böyük dərd idi. Birdən hər ikisi duruxdu. Xoşbəxtlik lələyi satanın sözləri yadlarına düşdü. Kim onlara dərdini danışıb desəydi ki, bədbəxtəm, gərək həmin adam xoşbəxt olana qədər lələk onda qalaydı.

Gözəl Qaraçı qızına dedi:

- Mən səni baxışlarından başa düşdüm. Biz bunu eləməliyik. Onlar xoşbəxt olana qədər lələyi onlara verəcəyəm!

- Bəs sənin səbrin çatar ki, belə bir uzun müddəti gözləyəsən?

- Başqa çarəm yoxdur.

Arvad qızların him-cimlə danışığından heç nə başa düşmədi. Bu vaxt əri də gəlib çıxdı.

Qızlar da öz başlarına gələnləri olduğu kimi onlara nağıl elədilər. Sonra isə lələyi onlara verdilər. Özləri isə onlarla qaldılar.

Nağıl dili ildırımdan surətli olar, elə yüyrək olar yüyürər ki, doqquz ay, doqquz gün, doqquz gecə bir anda tamam olar. Bu yalnız nağıllarda belə olar.

Hə, lələyi alandan elə ki, doqquz ay, doqquz gün, doqquz gecə keçdi, arvadın bir gözəl qızı oldu. Ər-arvadın sevinci yerə-göyə sığmadı. Gözəl öz adını qıza qoydu. Kişi balasını bağrına basıb dedi:

- Bundan belə mənim heç bir dərdim yoxdur. Mən xoşbəxtəm!

Bunu eşidən arvad diksindi. Yadına düşdü ki, axı qızlar düz doqquz ay, doqquz gün, doqquz gecə onlara görə qalıblar bu qərib yerdə. Tez qalxıb onlara xoşbəxtlik gətirmiş xoşbəxtlik lələyini boxçadan çıxartdı və dedi:

- Gözəl, bu xoşbəxtlik lələyi məni necə arzuma çatdırdısa, səni də eləcə arzuna çatdırsın!

Qızlar halallaşıb ər-arvaddan ayrıldılar. Yollarına davam elədilər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib başqa bir məmləkətə yetişdilər. Bir mehmaxana axtardılar ki, gecəni orda qalıb səhəri yola çıxsınlar. Soraqlaşıb mehmanxana tapdılar. Elə mehmanxanaya yaxınlaşmaq istəyirdilər ki, gördülər qapıda bir kişi dayanıb, içəri keçmək istəyir. O biri kişi də əlləri ilə onu itələyir, qoymur. Qışqırıb söyəndən sonra qapıdakı kişini itələdi və qapını bərkdən çırpıb bağladı. Bayırdakı kişi yıxıldı. Qızların kişiyə yazıqları gəldi. Ona yaxınlaşıb qaldırmaq istədilər. Kişi durmaq istəmədi. Özünü təzədən yerə çırpıb hönkür çəkib ağladı:

- Mən bədbəxtəm, mən bədbəxtəm! – dedi.

- Nə olub sənə, kişi, niyə ağlayırsan, axı niyə bədbəxtsən?

Kişi heç nə danışmadı. Hirsindən-hikkəsindən başını divara vurmağa başladı. Gözəl Qaraçı qızı ilə məsləhətləşdi:

- Bu kişi dedi, bədbəxtəm, yəqin ki, biz lələyi ona verməliyik. Amma nə onun dərdini bilirik, nə də qaldığı evin yerini. Bəs birdən işdi lələyi verdik ona ki, lələk ona xoşbəxtlik gətirsin, o da lələyi götürüb getdi, ha gözlədik gəlib çıxmadı. Bəs biz onda neylərik?

- Başqa çarən yoxdu. Gərək lələyi verəsən. Çünki onu satan belə də deyib. Hər kəs desə ki, bədbəxtəm, gərək xoşbəxtlik lələyini xoşbəxtlik gətirənə qədər həmin adama verəsən. Yoxsa lələk sənə də xoşbəxtlik gətirməz, - deyə Qaraçı qızı Gözəl i başa saldı.

Gözəl dinməz-söyləməz lələyi çıxarıb kişiyə verdi. Kişi əvvəlcə onu almaq istəmədi. Qaraçı qızı onu başa salandan sonra ki lələk sehrlidir, xoşbəxtlik gətirir, tez götürdü və qızlardan soruşdu:

- Siz lələyi nə müddətə mənə verirsiniz?

- Elə sən xoşbəxt olana qədər. Biz bu mehmanxanada olacağıq. Səni də burdaca gözləyəcəyik. Xoşbəxt olan kimi gətirib lələyi qaytararsan!

Kişi razılaşdı. Lələyi alıb sevincək yola düzəldi. Qızlar da mehmanxanaya girdilər. Gördülər ki, mehmanxana sahibi bayaqkı kişini qapıdan qovandır. Sən demə bayaqdan pəncərədən onlara baxırmış. Qızlardan soruşdu:

- O əyyaşın biridir. Ona görə qovdum burdan. Gəlib şərab içir, pulun verməmiş gedir, səhərisi təzədən gəlib yenə də şərab istəyir. Lap təncə gəlmişəm onun əlindən.

Qızlar sirlərini mehmanxana sahibinə açmadılar. Gecəni mehmanxanada qaldılar. Səhər obaşdan mehmanxana sahibi onları oyatdı:

- Durun, həmin əyyaş gəlib, səhərdən hay-küy salıb sizi axtarır. Görün nə deyir, nə istəyir?

Qızlar mehmanxananın həyətinə çıxdılar. Gördülər ki, həmin adamdı gəlib. Qızları görən kimi güclə yeriyə-yeriyə və güclə danışa-danışa üstlərinə gəldi. O tamam sərxoş idi:

- Çox sağ olun, ey mələklər! Siz mələksiniz. Tanrı ən çətin, ən bədbəxt vaxtımda sizi mənim üçün göndərdi. Xoşbəxtlik lələyini mənə verdiz, məni xoşbəxt elədiz! Nə vaxt idi ki, torpağımı satmışdım, sərxoş olduğumdan pulunu harda basdırmışdım, yadıma düşmürdü. Gümanım gələn yerləri qazmışdım, pulumu tapa bilməmişdim. Sizdən aldığım lələyi külək əlimdən aldı. Aparıb saldı o yerə ki, orda pulumu gizlədib basdırmışdım. Həmin yeri görən kimi yadıma düşdü ki, pullarımı ora basdırmışam. Tez oranı qazıb pullarmı çıxartdım. İndi istədiyim qədər şərab alıb içə də bilərəm. Daha mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Sonra o lələyi cibindən çıxardıb qızlara qaytardı. Öz pullarını da onların qarşısına töküb dedi:

- Ürəyiniz istəyən qədər götürün. Verdiyiniz xoşbəxtlik lələyi bu pulları mənə qaytarıb.

Qızlar pula dəymədilər. Əyyaşa isə şərab içməyi tərgitməyi arzulayıb yola düzəldilər.

Gözəl buna lap məəttəl qalmışdı:

- Sən bir xoşbəxtliyə bax... Şərab içməklə də adam xoşbəxt olar məgər?

- Hər kəs xoşbəxtliyi bir şeydə görər: kimisi məhəbbətdə, kimisi övladı olmasında, əyyaşlar isə bilə-bilə ki, çox şərab içmək hər kəsi məhv edər, bununla belə xoşbəxtliyi şərab içməkdə görərlər... Bu dünyada kim nəyin həsrətində olarsa, xoşbəxtliyini onda görər.

Qızlar yenə də payi-piyada yol getdilər. O qədər yol getdilər ki, dodaqları susuzluqdan çat-çat oldu. Bulaq yeri soraqladılar. Onlara bir bulaq yeri dedilər. Bulağa çatanda uzaqdan gördülər ki, bir boy-buxunlu, amma çox kök bir oğlan bulaqdan su içir, ağlayır, sonra təzədən əyilib su içir, yenə də ağlayır. Buna məəttəl qaldılar. Yaxınlaşanda oğlan utandı, ağlamağını saxladı. Gözlərini sildi. Amma yenə də tez-tez əyilib bulaqdan su içdi. Qızlar ona salam verdilər. Oğlan da ədəb-ərkanla qızların salamını aldı:

- Bizim diyara xoş gəlmisiniz, qərib qonaqlar, buyurun, siz də bizim bulağın suyundan dadın!

Gözəl su içmək istəyəndə Qaraçı qızı onu dayandırdı:

- Dur Gözəl, gəl oğlanın sirrini öyrənək, sonra su içək!

Gözəl razılaşdı:

- Bacılığım düz deyir, oğlan! Sirrini bizə deməyincə ki, nəyə görə gözlərindən qan-yaş tökürdün, bir qurtum da su içmərik!

Oğlan qızların tərsliyini görüb əlacı kəsildi. Dərdini qızlara danışdı:

- Bədbəxtəm qızlar! Çarəsiz dərdə mübtəla olmuşam. Heç bir təbib, heç bir loğman dərdimə dəva, naxoşluğuma çarə tapa bilmir. Heç bir ocaq, heç bir pir mənə şəfa vermir. Bütün günü su içirəm, amma yanğım get-gedə artır. Ürəyim susuzluqdan çat-çat olub, dilim susuzluqdan partlaq-partlaq olub. Bulaqdan su içə-içə susuzdan ölürəm. Dərdimi soruşmasaydız lap yaxşı olardı. Kefiniz kök burdan gedərdiz. Tərslik etdiz, dərdimi öyrənmək istədiz mən də danışdım. Mən tacir oğluyam. Adım Mürvətdir. Dərdim-azarım isə ata-anama töhmətdir. Adımız-hörmətimiz, varımız-dövlətimiz, hər şeyimiz var. Neçə illərdən sonra Tanrı məni ata-anama yetirib. Hələ mənim on yaşım olanda bizə göy gözlü, seyrək dişli bir kişi qonaq gəlmişdi. Uşaq olsam da çox diribaşdım. Bütün günü kitab oxuyardım. Çox savadlıydım. Atam çox xoşlardı ki, mən qonaqların yanında maraqlı şeylər danışıb onları heyran qoyam. Bu dəfə də belə oldu. Elə söhbətlər elədim ki, göy-göz kişi səhərə qədər yatmayıb mənə qulaq asdı. Gedəndə də atama dedi:

- Mən çox gəzmişəm, çox alimlərlə söhbət eləmişəm, sənin oğlun bütün alimlərdən baş bilən olacaq. Kaş oğlunun bildiklərini mənim də oğlum biləydi.

Elə həmin gündən daha əlimə bir dəfə də olsun kitab almadım. Özüm də möhkəm azarladım. Hamı məəttəl qaldı. Çoxu dedi ki, göy-gözlü qonağın gözü qalıb uşaqda. Bəziləri də dedi ki, gərək həmin adamın çarığının içərisindən bir az kəsib yandırasınız ki, oğlunuz sağalsın. Qonaq da çoxdan çıxıb getmişdi. Hərə bir söz dedi. Atam nə qədər soraqlasa da göy-göz kişini tapa bilmədi ki, bilmədi. O vaxtdan neçə illər keçir. Bu günlərdə bir təbib mənə baxdı, başını buladı. Sonra mən eşitməyim deyə gizlincə atama dedi:

- Oğlunun son günləridir. Daha bundan belə yaşaya bilməz.

Mən onların söhbətini eşitdim. İndi hamı mənə diri-diri yas saxlayır. Məni görəndə isə göz yaşlarını gizlədirlər ki, öləcəyimi bilməyim. İndi mənim sirrimi bildiz. Bulaqdan su içə bilərsiniz.

Amma Mürvət elə bunu demişdi ki, qızların gözlərinin yaşı bulaq suyuna qarışdı. Onlar hönkür çəkib doyunca ağlayandan sonra özlərinə gəldilər.

Bir də yadlarına düşdü ki, axı onlarda xoşbəxtlik lələyi var. Gözəl lələyi Mürvətə verdi. Qaraçı qızı da lələyin sirrini oğlana başa saldı.

Mürvət inamsız-inamsız lələyi götürdü:

- Nə deyirəm qızlar, indi ki, siz mənim sağalacağıma inanırsız, onda mən də inandım.

Oğlan qızları da götürüb evlərinə qonaq gətirdi. Çatanda nə görsə yaxşıdı? Gördü ki, göy-göz kişi yenə də onlara gəlib. Oğlanın anası oğlunu görən kimi həmin kişinin çarığından bir az qoparıb ocağa atdı. Tüstüsünü oğluna verdi. Həmişə evə çatan kimi yarım vedrə su içən Mürvət bu dəfə anasından su istəmədi. Bir bir xeyli oturdular, su içmək oğlanın heç yadına da düşmədi. Hamı məəttəl qalmışdı. Onun bədəninin şişi də get-gedə azalırdı. Bir azdan oldu yaraşıqlı bir oğlan.

Mürvət ata-anasına hər şeyi danışdı. Onlar başa düşdülər ki, bütün sirr xoşbəxtlik lələyindədir. Hamı sevindi, şadyanalıq elədi.

Ayrılmaq məqamı yetişdi. Qızları yola salanda Mürvət lələyi Gözələ uzatdı:

- Mən daha xoşbəxtəm! Xoşbəxtlik lələyi daha gərəyim deyil! – belə deyib lələyi Gözələ vermək istəyəndə külək lələyi göyə qaldırdı. Heç kəs onu tuta bilmədi. Qaraçı qızı, Gözəl lələyin uçduğu səmtə qaçdılar. Mürvət da onlara qoşuldu. Lələk gah hündürə qalxır, gah da alçaqdan uçurdu. Elə bil qızlara nəyinsə yerini göstərmək istəyirdi. Onlar o qədər yol getdilər ki, gəlib böyük bi