(Nağıl)
Biri vardı,biri yoxdu, Yer üzərində ucu-bucağı görünməyən böyük bir dəniz,onun sahilində isə ucu-bucağı bilinməyən Səhralar məmləkəti var idi. Bu böyük məmləkətin cavan bir şahı vardı.Elə adına da Səhra şah deyərdilər. Səhra şahın var-dövləti başından aşırdı,xəzinəsi ağzına qədər ləl-cavahiratla dolu idi. Ədalətli olduğuna görə rəiyyəti onu sevər,həm də itaətində durardılar.Tanrıdan ona cansağlığı,uzun ömür dilərdilər.
Səhra şahın evlənmək vaxtı çoxdan ötmüşdü.Amma şah ürəyi istəyən ağıllı və gözəl qız tapa bilmədiyinə görə evlənə bilmirdi.
Bir gün yaxınları ,saray əyanları şaha məsləhət gördülər ki,gələcəkdə taxt-tacının boş qalmamasına görə şah vaxtı hədər keçirməməli ,mütləq evlənməlidir.
Şah saray əyanlarının sözünə qulaq asıb fikivrli-fikirli dilləndi:
-Şahın evlənməyi göründüyü qədər də asan məsələ deyil.Gərək həm nəsilli-köklü birisi ilə evlənəm,həm də evlənəcəyim qız ağıllı və gözəl olmalıdır ki,ondan doğulan övlad da taxt-taca layiq şahzadə olsun.Göydə Tanrım və Yerdə siz mənə yardımçı olun ki,ləyaqətli birisi ilə evlənə biləm.
Məmləkətin ağsaqqalı sayılan vəzir şaha baş əyib dedi:
-Qibleyi-aləm sağ olsun,əvvəlcədən yəqin eləmişdim ki,bunu söyləyəcəksən.Odur ki,qabaqcadan adam göndərdim başqa diyarlara ,onlar da mənə hər yandan soraq gətirdilər.belə məlum olub ki,İran,Ərəbistan, bir də Hindistan hökmdarlarının hərəsinin bir gözəl qızı var.Fikrimcə, şah onların hansına elçi göndərərsə,hökmdarlar qızlarını Səhra şaha veməyə şad olarlar.
Bunu eşidən şah taxtdan qalxdı.Əyanlar ona baş əydilər.Şah fikrini bildirdi:
-Gözəllik,şahın xanımı olmağa əsas vermir.Mən onların ağlını,dərrakəsini yoxlamalıyam, vəzir!
Şahın mirzəsi izn alıb:
-Şah sağ olsun,-dedi.-Qızlar çox-çox uzaqdadırlar,ağlına ,zəkasına bələd olmaq üçün onlar vacibi şahın hüzuruna dəvət olunmalıdırlar.
Şah vəziri göstərdi:
-Qızları mənim üçün vəzir necə seçibsə,bunun da tədbirini görər.Vəzir,yubatmadan çaparla xəbər yolla,dediyin şahzadələri sarayıma qonaq çagırtdır.Elə ki,qonaqlar məmləkətimə təşrif buyurdular,mən onları qırx gün qonaq saxlayacağam.Otuz altıncı gün onlara suallar verəcəyəm.Qızların hansı sualların çoxuna dürüst cavab taparsa,onunla da evlənəcəyəm.
Vəkil də öz fikrini söylədi:
-Ya şahım!Qızların hansının ağıllı olduğunu ayırd etmək çox çətindir.Düzgün seçim etmək üçün tədbirli olmağımız gərəkdir.
Şah dedi:
-Bunu mən öz boynuma götürürəm.Onların ən ağıllısını,ən düşüncəlisini seçəcəyəm.
Hamı şahın fikrini alqışladı.
Vəzir şahın adından namə yazıb hər üç məmləkətin hökmarına göndərdi.
Namədə yazılmışdı:″Böyük ehtirama layiq Hökmdar!Səhra şah böyük bir ziyafət təşkil edir və şahzadənin həmin ziyafətə təşrif buyurmasını özünə şərəf hesab edir″.
Bir müddətdən sonra ayrılıqda hökmdarlar onlara göndərilən naməni alıb oxudular və çox sevindilər.Onlar Səhra şahın cavan olsa da,müdrik və həm də çox varlı olduğunu eşitmişdilər.Vaxtı yubatmadan tədarük görüb qızlarını uzaq səfərə -Səhralar məmləkətinə yola saldılar.
Hər üç məmləkətin şahzadələri ayrı-ayrılıqda hərəsi öz bərli-bəzəkli,xalı-xalçalı,çıraqlı-işıqlı kəcavələrinə minib səfərə çıxdılar.Karvanlar yola düşdü.
Az,ya çox getdilər ,orası yadımda deyil,o yadımdadı ki,dağlar aşdılar,dərələr keçdilər,bulaqlardan su içdilər ,çəmənlərdən gül seçdilər, gündüzləri Gün işığında yol getdilər,gecələri Ay işığında dincəldilər, çox uzun bir səfərdən sonra nəhayət ki, gəlib Səhralar məmləkətinə yetişdilər.
Səhra şah əziz qonaqlarını qarşıladı. Baxdı ki,qızlar,doğrudan da , bir-birindən gözəldirlər. Amma qızların gözəlliyi onun ağlını başından çıxartmadı, onların ağıllısını seçmək üçün məqam gözlədi.
Qonaqlar neçə gün yedilər-içdilər, şənləndilər.Otuz altıncı gün Səhra şah qonaqları yığıb məqsədini belə açıqladı:
-Şahzadələr!Qonağım olduğunuza sevindim!Şərəf duydum.Bu gün isə elə bir gün yetişib ki, öz istəyimi sizə bildirməliyəm. Gizli deyil ki, evlənməyimin zamanı ötür. Sizi başıma toplamaqda məqsədim özümə ömür-gün yoldaşı seçməkdir.
Qızlar şahın evlənmək istəyini eşidib şad oldular.
Şah sözünə belə davam elədi:
Hər üçünüz gözəlsiniz. Amma mən ata-baba nəsihətlərinə əməl edib, gözəlliyi ilə adamı sevindirən və ağlı ilə adamı heyran edən bir qız seçməliyəm.Sizi görən gündən gözəlliyinizə sevindim.İndi isə istərəm ki, ağlınız da məni heyran eləsin. Aranızdan ən ağıllısını seçmək üçün şərtim var. Bunun üçün sizə dörd sual verəcəyəm!
Şah bunu deyəndə qızlar məyus oldular, belə ağıllı şahın suallarına cavab tapa bilməyəcəklərindən qorxdular. Şah isə yenə də sözünə davam elədi:
-Dinləyin və öncə bilin ki, kim suallara cavab taparsa , şahın xanımı olacaq,bütün istəkləri yerinə yettiriləcək, şöhrəti-şöhrət, hörməti-hörmət olacaq, yeriyəndə ayaqlarının altına güllər səpiləcək , xalılar döşənəcək.Yalnız ağıllı , zəkalı bir qız Səhralar səltənəti başçısının xanımı olmağa layiqdir. İndi isə birinci sualımı verməyə hazıram.
Qızlar həyəcanlarını gizləyərək razılıqla baş əydilər.
Şah birinci sualını verdi:
-Dinləyin sualımı. Düşünün cavabını. Sualım belədir:Ovçunun atdığı ox ceyranın sağ ayağından dəyib sol qulağından çıxmışdır. Bunun necə mümkün olduğunu tapıb mənə cavab verməyiniz üçün sizə səhərəcən vaxt verirəm.
Qızlar təəccüblə bir-birlərinin üzünə baxıb çiyinlərini çəkdilər.Amma nə etmək olardı? Şah öz sualını vermişdi.Onlar da fikirləşməli,suala cavab tapmalıydılar.
Qızlar üzdən gülümsədilər, amma daxildən qəm çəkə-çəkə çadırlarına getdilər.axşamacan baş sındırdılar. Nə qədər fikirləşdilərsə də, suala cavab tapa bilmədilər ki bilmədilər.
Səhərə yaxın şahzadələr bir-birlərindən xəbərsiz, dərdli-kədərli şahın hüzuruna getməyə hazırlaşdılar.Qoy qızlar şahın hüzuruna getməyə hazırlaşsınlar,sizə kimdən deyim, kimdən söhbət açım,Hind şahzadəsi Sindinin kənizi ağcadan.Ağca sahibəsinin qəmli olduğunu görəndə dözmədi, səbəbini soruşdu:
-Şahzadə,nə səbəbdən məyus olmusan?Kim xətrinə dəyib? Bəlkə azarlamısan? Səbəb nədir ki,qanın belə qaradır?
Sindinin xasiyyəti çox ağır idi.Şahın verdiyi suala da cavab tapa bilmədiyindən lap hirslənmişdi:
-Hər şeyi bilməsən olmaz.Eşit, Ağca, deyim nə baş verib.Səhra şah evlənmək ücün özünə ağıllı qız axtarır.bunun üçün evlənmək istədiyi qızlara çətin suallar verir.suallarına düzgün cavab verən şahzadə onun xanımı olacaq.Şərtinə görə, hansı qız onun suallarına cavab verərsə, onunla evlənəcək. Birinci sualını verib.Gecədən nə qədər baş sındırmışam, ona cavab taa bilməmişəm ki bilməmişəm.
Ağca maraqla soruşdu:
-Nə sualdır elə, deyərsənmi mənə,sahibə?
Qız acığını kənizin üstünə tökdü:
-Mən cavab tapa bilmədiyim suala sən heç vaxt cavab tapa bilməzsən!Nə işinə gərəkdir,nə sualdır? Get işinə!
Kəniz yavaşcadan,qorxa-qorxa dedi:
-Bəlkə elə cavabı bilirəm?
Ağcanın sözlərini eşidən şahzadə da hirsləndi:
-Sualı deyəcəyəm, cavabını tapa bilməsən , saçlarını dibindən qırxdırıb səni keçəl eləyəcəyəm.
Ağca razılaşdı:
-Baş üstə,xanım,razıyam,onsuz da mənim başım da, üzüm də həmişə bağlı olur, kimdir saşlarımı görən, məsləhətdirsə, sualı de.
Şahzadə şahın verdiyi sualı kənizə dedi:
-Ovçunun atdığı ox ceyranın sağ ayağından dəyib sol qulağından çıxmışdır.Bunun necə mümkün olmasını tapıb şaha deməliyəm.
Kəniz sevincək dedi:
-Xanım, bu sualın cavabı çox sadədir. Şaha deyərsən ki, ovçu oxu atan zamanda ceyran sağ ayağıyla sol qulağını qaşıyırmış. Odur ki,ox ceyranın ayağına dəyəndən sonra qulağına girmişdir.
Xanım Ağcanın cavabına mat-məəttəl qaldı. Cavan ağlabatan idi.
Ona görə də kefi kökəldi, bəzənib şahın hüzuruna getdi.
Əvvəlcə İran, sonra isə Ərəbistan şahzadəsi peşman-peşman suala cavab tapmadıqlarını söylədilər.
Sindi isə kənizi deyən cavabı eşitdiyi kimi şaha söylədi:
-Bu sualın cavabı çox sadədir.Ovçu oxu atan zamanda ceyran sağ ayağıyla sol qulağını qaşıyırmış.odur ki,ox ceyranın ayağına dəyəndən sonra qulağına girmişdir.
Şah hind qızının cavabından razı qaldı.
Daha sonra ikinci sualını vermək üçün söhbətinə başladı:
-Tanrının yaratdığı nemətlərdən od,su,dəmir həmişə bir-birlərinə düşmən sayılıblar. Səbəbi nədir bunun?
Qızlar məəttəl-məəttəl bir-birlərinə baxdılar."Bu nə qəliz suallardı belə şah onlara verir?"-deyə ürəklərində Səhra şahı qınadılar.Şahzadələr dərindən ah çəkdilər,budəfəki sualın cavabını tapa bilməyəcəklərini əvvəlcədən yəqin elədilər.
Şah yenə də qızlara bir gün vaxt verdi.Qızlar çadırlarına çəkilib baş sındırmağa başladılar.
Səhər Ağca yuxudan qalxanda fikir verib gördü ki,xanımının gözlərinin altı qaralıb. Qara çöhrəsi biraz da tutulub. Soruşdu:
-Nə olub, xanım ,olmaya azarlamısan?
Şahzadə hikkə ilə dilləndi:
-Yox,azarlamamışam, amma azarlasaydım bundan yaxşı olardı.Şah ikinci sualını verib.əvvəlkindən də çətin.Deyir ki, Tanrı yaratdığı nemətlərdən od, su, dəmir həmişə bir-birlərinə düşmən sayılıblar.Səbəbi nədir bunun?Belə də sual olar?Məgər cansız əşyalar da bir-birinə düşmən olar?Şah bizi ələ salır.bizim heç birimizlə evlənmək fikri yoxdur deyə,belə qəliz suallar verir. Bax, bu suala cavab axtardığıma görə səhərə qədər yata bilməmişəm.
Kəniz çox fikirləşmədən dedi:
-Bu sualın cavabı əvvəlkindən də asandır,xanım.Od sudan qorxur.Çünki yalnız su ona qalib gəlib,söndürə bilir.Dəmir isə oddan qorxur,çünki oddan başqa heç bir şey dəmiri əridə bilmir.Dəmir özü də suyu sevmir, çünki su dəmiri paslandırıb, çürüdür. Elə ona görədir ki,Tanrının bu üç neməti bir- birinə düşmən sayılır.bax, şahın verdiyi sualın cavabı budur.Şaha belə də deyərsən!
Cavab şahzadənin beyninə batdı.Sevincək durub geyindi,bəzəndi, şahın hüzuruna getdi.
Yenə də dünənki kimi, İran və Ərəbistan şahzadələri şaha baş əyib sualın cavabını tapmadıqlarını bəyan etdilər.
Sindi isə ağıllı bir görkəm alaraq kənizin dediyi cavabı olduğu kimi şaha çatdırdı. Şah hind gözəlinin cavabından məmnun qalıb qızlara üçüncü sualını verdi:
-Bir gün ərzində bütün dünyanı gəzməyin ən asan yolunu kim mənə deyər?Yenə də sizə bir gecə vaxt verirəm.Sübh namazından sonra yanıma gəlin, sualıma cavab deyin.
Bu sual qızları da, saray adamlarını da çaşdırdı. Fikirləşdilər ki, belə bir suala cavab ola bilməz. Hər üç şahzadə üzlərində qəm, gözlərində nəm çadırlarına çəkildilər.
Səhər tezdən Sindi şahın hüzuruna hazırlaşanda Ağca yenə də şahzadəni bikef görüb dözmədi, Səhra şahın budəfəki sualını soruşdu. Şahzadənin susduğunu görüb onun o yanına, bu yanına keçdi, sualı öyrənmək üçün kobud qızı birtəhər dilə tutdu:
-Qəm yemə, şahzadəm. Bəlkə mən suala cavab tapa bildim, sualı mənə də de.
Hindistan şahzadəsi onu acıladı:
-Çəkil gözlərimin qarşısından, qanımı qaraltma , yoxsa qayıdanda yenə də səni qul kimi sataram.
Yazıq kəniz qorxdu, daha səsini çıxartmadı. O,qul kimi satılmağın nə olduğunu çox yaxşı bilirdi. Tayfası, ata-anası, bir də başına gələnlər yadına düşdü.
İndi qapqara olan bu kəniz balaca olanda ağappaq qız idi deyə,ata-anası ona Ağca adı qoymuşdu. Onlar balaca bir şəhərdə yaşayırdılar.Özləri də çox yaxşı dolanırdılar. Ağcanın atası tacir idi. O, hər dəfə səfərə gedəndə çoxlu qazancla qayıdardı.
Ağcanın on beş yaşı olanda vəhşi hindu tayfası onların şəhərinə hücum elədi. Əli qılınc tutanları qırdılar, var-dövlətlərinə yiyələndilər qalanlarının əl-qolunu bağlayaraq məmləkətlərinə aparıb qul kimi satdılar.
Tacir gözəl qızının pis əllərə düşəcəyindən qorxub onun üzünə qara saqqız sürtdü ki, gözəlliyi görünməsin. Sonra balanı ata-anasından ayırdılar. Kişiləri bir tərəfə, qadınları, qızları isə başqa bir tərəfə yığıb bəzilərini baha qiymətə, bəzilərini isə dəyər-dəyməzinə satdılar.
Bir hindu öz qullarını Hindistana apardı ki, onları baha qiymətə satsın.Şahın adamları ona xəbər göndərdilər ki,bütün qullarını saray gətirsin, şahzadə özünə kəniz seçəcək. Qulları gətirdilər. Hind şahzadəsi qullara xeyli baxandan sonra ən eybəcər görünən Ağcanı seçdi və dedi:
-Onun mənə kəniz olmasını istəyirəm.
Şah qızını fikrindən döndərmək istədi:
-İstəsən dünyanın hər yerindən gözəl-gözəl kənizlərin olar, neyləyirsən çirkin kənizi? Ona baxanda könlün bulanacaq, kefin pozulacaq.
Sindi dediyindən dönmədi:
-Yox, mən ancaq o kənizi istəyirəm!
Amma bu da səbəbsiz deyildi. Sindi özü çox eybəcər olduğuna görə gözəl kənizlırindən xoşu gəlmirdi.
Ağcanı kəniz götürəndən sonra isə çox şad oldu.Ağca şahzadənin yanında qalandan sonra çirkin şahzadə Sindi çox dəyişdi.Ağca onu o qədər qəşəng bəzəyirdi ki,o , gözəllər gözəlinə çevrilir, hç kəz onun qara, çopur və eybəcər olduğunu başa düşmürdü.
Şahzadə Sindinin xasiyyəti də özü kimi çirkin idi. O ,Ağcanı çox incidir,günahı oldu-olmadı, tez-tez cəzalandırırdı.
Odur ki,indi bu qərib diyarda şahzadə Sindi Ağcaya deyəndə ki,"səni qul kimi bazarda satdıraram" ağca qorxdu daha səsini çıxartmadı.
Səhər açıldı. Şahın verdiyi vədə yetişdi. Günəş şəfəqləri ilə hər yanı işıqlandırdı. Ağca yenə də şahzadə Sindini bəzədi, gözəllər-gözəlinə döndərdi.amma acıdil şahzadə çadırdan çıxanda, Ağcanı qul kimi satdıracağı ilə hədələdi. Gözü yaşlı Ağca xanımını yola salanda deyindiyini eşitdi:
-Şahın başı xarab olub, heç bir günə dünyanı gəzməyin yolu var?
Ağca sualı eşidən kimi ona cavab verdi:
-Bəli, xanım, var!
Şahzadə təəccüblə, həm də kobudluqla soruşdu:
-Ağlına gələn cəfəngiyyatı dilinə gətirmə, kəniz! Nə hərzə-hərzə danışırsan, bu necə ola bilər?
Ağca dedi:
-Günəşin izi ilə gedə bilsən, bir günə bütün dünyanı gəzərsən.
Sindi lap hirsləndi:
-Hazırlaş, qayıdanda səni doğrudan da, qul bazarında satılmağa göndərəcəyəm! Məni ələ saldığına görə!
Şahzadə Ağcanın üstünə qışqıraraq çadırdan çıxdı.
Ağca dizi üstə çöküb zülüm-zülüm ağlamağa başladı.
Ağcanı ağlaya-ağlaya qoyaq, görək sarayda nələr baş verdi? Yox, qız yazıqdır, gəlin onu ovunduraq sonra gedək görək sarayda nə baş verdi?
Yazıq Ağca o qədər ağladı ki, nəhayət onu yuxu tutdu. Hə, indi arxayın Ağcanı yuxuda qoyaq, sarayda olanlardan xəbər tutaq.
Bütün saray əyanları şahın ətrafına yığışmışdı.İran və Ərəbistan şahzadələri bir-birinin ardınca gəlib şaha təzim edəndən somra suala cavab tapmadıqlarını bəyan etdilər.
Hind şahzadəsi də onlar kimi etmək istədi, amma birdən ağlına gəldi ki, kəniz deyən cavabı desin, düz olar-olar, olmaz da ... Şahın hüzurunda baş əyəndən sonra dedi:
-Ey hörmətli şahlar şahı! Günəşin izi ilə getməklə bir günə bütün dünyanı gəzmək olar! Budur mənim cavabım!
Hamı şahzadənin cavabına məəttəl qaldı. Onun ağlı hamını heyran elədi.Şah da razılığını bildirdi:
-Ağıllı şahzadə! Cavabından məmnun oldum.Belə sualın başqa cavabı mümkün deyil.İndi isə eşidin! Sonuncu sualımı verirəm. Sizdən soruşuram, o nədir ki, qızıl dan çox qiyməti var, nə dadı var, nə rəngi, nə qoxusu, insana çox gərəyi var, nə satılar,nə alınar!
Hər dəfə olduğu kimi , bu dəfə də sualı eşidən qızlar mat-mat bir-birlərinin üzünə baxdılar. Şah isə sözünə davam elədi:
- Şahzadələr! Sübh tezdən Günəş tam özünü göstərəndə , yanıma gəlin! Cavablarınızı deyin! Səhər bütün məmləkətə məlum olacaq ki , kim olacaq Səhra şahın xanımı. Bütün səhrayi-aləmə bəyan edəcəyəm ki, kiminlə evlənmək istəyirəm, kiminlə ürəyimi , kiminlə taxt-tacımı bölüşmək istəyirəm!
Şahzadələr çadırlarına dağılışdılar. Sindi də öz çadırına yaxınlaşdı.Ağca yuxudan durmuş , paltar boxçasını da bağlayıb şadırın həyətində Sindini gözləyirdi.
Sindi onu bu vəziyyətdə görəndə səhər onu hədələdiyi yadına düşdü.
Ağcanın gözləri ağlamaqdan şişmişdi.Şahzadə qucaqlayıb Ağcanın üzündən öpdü.Amma onu çox istədiyindən yox, Səhra şahın verdiyi axırıncı sualın cavabını tapsın deyə.Yaltaq-yaltaq onu bağrına basdı:
-Mən sənə kəniz gözü ilə yox, bacı gözü ilə baxıram. Səhər kefim yox idi deyə, səni acıladım.
Ağca sevindiyindən ağladı. O həm də məəttəl qaldı. Çünki xanımından heç vaxt belə şirin sözlər eşitməmişdi.
Sonra Sindi dərdini Ağca ilə bölüşdü. Dərindən bir ah çəkib şah verən sualı dərdli-dərdli kənizinə dedi:
-Şahın axırıncı sualı əvvəlki bütün suallarından çətindir.Şah soruşur ki, o nədir qızıldan çox qiyməti var, nə dadı var, nə rəngi ,nə qoxusu var,insana çox gərəyi var,nə satılar,nə alınar! Amma mən ürəyimdə bir şey tutmuşam. Yəqin ki, həmin sualın cavabı almaz olacaq.
Ağca həyəcanla dedi:
-Yox,yox , xanım ,bu sualın cavabı almaz ola bilməz! Almaz satılar da,alınar da, o ,hər şeydən qiymətli deyil. Həm də onun varlığı hamıya vacib deyil.Almazdan da gərəkli,almazdan da da qiymətli bir şey var ki,onun nə dadı var, nə rəngi var, nə də qoxusu. Özü isə nə satılar, nə alınar. Hər kəsə də gərəyi var. Bu , sudur.Tanrının insanlara hədiyyəsi olan müqəddəs su.Bütün canlılara vacib olan sudur. Susuz həyat mövcud deyil. Hətta cansız torpaq da susuz çat-çat olar.İnsanlar, həmçinin heyanlar , quşlar su içərlər. Su ilə qalarlar, su ilə yaşayarlar. Bitkilər susuz böyüməzlər. Ağaclar meyvə gətirməzlər. Su, Tanrı möcüzəsidir. Su satılmaz, su alınmaz. Budur, cavab. Elə şaha da belə deyərsən!
Sindi Ağcanın dediklərini yadında saxladı. Səhər erkən yenə də durub geyindi, bəzəndi, şah sarayına yollandı.
Saray əhli yığışdı.Şah sualına cavab gözlədi.
İran şahzadəsi dedi:
-Bu sualın cavabı almazdır,Möhtərəm şah!
Ərəbistan şahzadəsi də suala eyni cavab dedi:
-Mən də sualın cavabının almaz olduğunu deyirəm.Çünki almazın nə dadı,
nə rəngi, nə də qoxusu var. Qızıldan da qiymətlidir.Dövlətlilərdə , kasıblar da almazları olmasını arzularlar.Hər kəsin onu almağa gücü çatmaz.
Şah üzünü Hindistan şahzadəsinə tutdu:
-Bəs sənin fikrin nədir?
Sindi bu dəfə də Ağcanın dediklərini eşitdiyi kimi şaha çatdırdı:
-Bu sualın cavabı almaz ola bilməz, şah! Almaz satılar da, alınar da, o, hər şeydən qiymətli deyil. Həm də onun varlığı hamıa vacib deyil.Almazdan da gərəkli, almazdan da qiymətli bir şey var ki, onun nə dadı var,nə rəngi var, nə də qoxusu.Özü isə nə satılar,nə alınar.Hər kəsə də gərəyi var.Bu, sudur.Tanrının insanlara hədiyyəsi olan müqəddəs su.Bütün canlılara vacib olan sudur.Susuz həyat mövcud olmaz.Hətta cansız torpaq da susuz çat-çat olar.İnsanlar da heyvanlar da, quşlar da su içər.Su ilə yaşayarlar.Bitkilər susuz böyüməzlər.Ağaclar meyvə gətirməzlər.Su,Tanrı möcüzəsidir. Su satılmaz, su alınmaz.Budur,mənim cavabım, şah!
Cavabı eşidən şah ayağa qalxdı.Gəlib Hind şahzadəsi Sindinin yanında durdu,onun əlindən öpüb dedi:
-Afərin sənə, hind şahzadəsi ,ağlına,dərrakənə əhsən!Böyüyünə, nəsihət verəninə əhsən!Bütün sualların cavabını tapdın! şad elədin! Həm ağlın,həm də dərrakənlə!Mirzə,namə yaz Hindistan məmləkətinin şahına! Belə müdrik bir qız böyütdüyünə görə adımdan ona minnətdarlıq bildir.Qoy elçilərimi qəbul edib,onunla qohum olmaq istəyimə xeyir-dua versin! Qızı isə burda, sarayımda yenə də qonaq kimi qalsın.Elçilərimə razılıq cavabı verilərsə, toyumuzu edərəm, yox, əgər xeyir-dua məktubu göndərilməzsə, onda əziz qonağımı təmtəraqla , ədəb-ərkanla yola salaram.
Sindi məmnunluqla şaha təzim etdi.İran və Ərəbistan şahlarının qızları isə həsədlə Sindiyə baxdılar.Gözlərini süzdürdülər.Şahın təklifindən şad olan şahzadə Sindi sevindiyindən bilmədi neyləsin.Çadırına qaçdı ki,xəbəri kənizinə desin.Xanımının sevincək qayıtdığını görəndə Ağca da şad oldu.Əhvalatdan xəbər tutan kimi xanımını sevindirmək üçün gedib çimdi.Üzündəki qara saqqızı qopartdı.Oldu dünyalar gözəli.Başına gələnləri xanımına danışdı.
Amma kənizinin bu gözəliyi Sindini sevindirmək əvəzinə kədərləndirdi.Şahzadə onun gözəlliyini görüb paxıllıq elədi, qorxdu ki, şah Ağcanı görüb ona vurular.Tez əmr etdi ki, kəniz yenə də üzünə qara saqqız çəksin.Ağca ağlaya-ağlaya yenə də üzünə qara saqqız sürtdü.
İndi gəlin qızları qoyaq burda, görək Səhra şah sonra neylədi?
Səhra şah çox sevinirdi.O, Hind şahzadəsinin həm gözəllinə, həm də ağlına heyran olmuşdu.Qırxıncı gün şah, şahzadə Sindidən başqa bütün qonaqlarını yola saldı.Sonra isə namə yazdırıb çaparla Hindistan şahına göndərdi.Namədə xoş məqsədini açıqladı.Çapar yola düşdü.
Nağıl dili yüyrək olar.Çapar at çapdı.Gecə-gündüz yol getdi.Nə qədər yol getdi, bir iynənin ucu qədər , yoxsa dünyanın yarısı qədər, deyə bilmərəm, bircə onu deyə bilərəm ki, çox keçmədi xoş xəbərlə geri döndü.
Səhra şah Hindistana elçi göndərdi.Elçilər şad xəbərlə qayıdandan sonra isə özünə qırx gün, qırx gecə toy eləyib Hindistan şahının qızı Sindi ilə evləndi.Bütün məmləkət gəlinin gözəlliyindən danışırdı. Şah gözəl və ağıllı qızla evləndiyinə görə özünü çox xoşbət sayırdı.
Amma toydan bir neçə gün sonra Səhra şah sübh tezdən qəfildən arvadını bəzənməmiş gördü və onun qara, ləkəli üzünə, eybəcər, əyri-üyri burnuna baxanda qorxdu.Çirkinliyindəən diksindi. Çox peşman olsa da abırına, həyasına bələnib, səsini çıxartmadı. Öz-özünə təsəlli verdi:
″Heç olmasa ağıllıdır, verdiyim elə çətin suallara cavab verdi. Şah arvadının gözəlliyi vacib deyil, təki ağıllı, tədbirli olsun″.
Nağıl dili yüyürər, yüyrək olar deyərlər. Şahın məmləkəti üzərindən gündüz zamanında beş yüz dəfə Günəş keçdi, gecə vaxtında beş yüz dəfə Ay ötdü, amma hökmdarın ürəyi açılmadı ki, açılmadı. Sindi nə gözəlliyi, nə də ağlı ilə şahı sevindirmədi.Həmçinin şah bir tərəfdən də övdsızlığın xiffətini çəkdi.
Şah həmişə bikef gəzdi. Onun övladsızlıq dərd-qüssəsi gün-gündən artdı, heç yerdən dərdinə dərman tapa bilmədi ki bilmədi.
Şahın dərdli günlərindən birində ona xəbər verdilər ki, məmləkətdə bir nurani dərviş peyda olub, bütün dərdlərə dərman edir, dərman edə bilmədiyinin isə çarəsini deyir.
Şah əmr edib dərvişi yanına çağırtdırdı. Onunla üz-üzə oturub taleyindən, dünyanın etibarsızlığından gileyləndi. Şah yaşca özündən böyük olan dərvişə ilk söhbətdən övladsızlıqdan söhbət açmağı ayıb saydı. Dərviş isə aqil adamdı. Bunu o saat başa düşdü:
-Şahım,-dedi. Sənə əzab verən dərdin mənə əyandır. Bala həsrəti, övladsızlıq həsrəti üzüb səni. Amma səbr et. Bütün dərdlərin çarəsi var. Səbirli ol!
Dərvişin sözlərindən sonra elə bil, şahın çiynindən yük götürüldü. Dərindən ah çəkib, dedi:
-Dərviş baba, səbrim tükənib, neçə illərdir ki, dərdimi demədiyim təbib qalmayıb. Heç yerdən çarə olmayıb. Axırda yorulub oturmuşam. Amma qəlbimdəki ağrı məni tərk etmir, taxt-tacımın bir gün boş qalacağını yadıma salanda ahu-zarım ürəyimi deşir.Dərdim mənə rahatlıq vermir.
Dərviş şaha təsəlli verdi:
-Dərd verən, dərmanı da göndərir, onu tapmaq lazımdır, şahım!
Dərviş bunu deyib tapşırdı ki, bağçadan iki qönçə qızılgül dərib gətirsinlər. Sonra isə o, bir kasa torpaq,bir kasa su istədi.
Onları gətirən kimi dərviş qızılgülləri şaha verib dedi:
-Qibleyi-aləm! Sən və xanımın bu gülləri iyləyib mənə verin!
Şah dərviş deyəni elədi. Dərviş gülün birini kasadakı torpağa sancdı.
Gül torpağa dəyən kimi ləçəkləri də, yarpaqları da yerə töküldü.
Dərviş təəssüflə baçını yellədi. Bu dəfə ikinci qızılgülü kasadakı suya saldı.
Dərviş bu dəfə gülü suya salan kimi qönçə gül açdı, daha da gözəlləşdi.
Dərviş dərindən bir ah çəkdi. Şah dərvişin ah çəkməsinin səbəbini soruşdu:
-Ağa dərviş, gah başını peşiman-peşiman yelləyirsən, gah dərindən ah çəkirsən. Bizə də desənə açdığın fal nə göstərir? Mən nigarançılıqdan qurtula biləcəyəmmi? Ömrümün axırında olsa, övlad üzü görə biləcəyəmmi?
Dərviş şahı nigaran qoymaq istəmədi. Amma şad xəbər deyə bilməsə də, xoş xəbər də demədi:
-Şahım, səbirli ol. Mən deyənə diqqətlə qulaq ver. Gördüyün qızılgül torpaqda soldu. Fal göstərdi ki, sənin dərdinə dərman torpaqda yoxdur. Ikinci qızılgül suda gül açdı, gözəlləşdi. Onda bildim ki, dərdinin çarəsi sudadır.
.Şahın səbri çatmadı:
-Ya quruda, ya suda, dərviş, çarə de dərdimə!
Dərviş şahı sakitləşdirdi:
-Şah sağ olsun, bir azca səbirli olsan, onu da deyərəm!
Sonra dərviş gülü sudan çıxartdı, onu özü də qoxulayıb kənara qoydu. Baçına qara bir dəsmal saldı. Əyildi kasanın üstünə, dua oxumağa başladı.
Birdən nə gördüsə, dəsmalı başından kənara atdı. Qan-tər içində kasadakı suda-falda gördüklərini şaha nağıl eləməyə başladı:
-Kasada dərya gördüm. Dəryanın dibində ağappaq mirvarilər. Həmin o mirvariləri tapdırıb gətirtməlisən, şahım! Ondan iki qolbaq düzəltdirməlisən. Birini özünün, digərini isə xanımının qoluna taxmalısan. Həmin mirvarilər yavaş-yavaş balalamağa, artmağa başlayacaqlar. Onlarda olan analıq dühası sənin xanımına da keçəcək və o,hamilə olacaq. Həmin qolbaq düz doqquz ay, doqquz gün, doqquz gecə xanımın qolunda qalmalıdır. Hər ikiniz uşaq doğulana qədər qolbağıları qoruyub qolunuzda saxlamalısınız.
Şah diqqətlə dərvişə qulaq asandan sonra dedi:
-Xəzinəmdə nə qədər desən mirvari var. Xəzinadara əmr edərəm, elə indi gətirər.
Dərviş etiraz elədi:
-Yox, şahım!Mirvarilər ancaq dənizin dibindən çıxarılmalı, kimsənin qoluna taxılmamalı, yad qadın əlinə dəyməməlidir. Həmin mirvarilər yalnız və yalnız sənə və xanımına məxsus olmalı, sizin qolunuzdan asılmalıdır! Uşağın doğulmasına az müddət qalmış gələcəyəm. Sonra nə etmək lazım olduğunu onda deyəcəyəm.
Səhra şah dərvişin dediyinə çox da inanmadı. Bunu dərviş başa düşdü. Qalxdı ayağa, şaha baş əydi, istədi çıxıb getsin, şah dedi:
-Ayaq saxla,dərviş, dediklərin çox inandırıcı olmasa da,başqa əlacım yoxdur,eləməlıyəm. Ona görə də bir müddət qal mənimlə, dərdimə çarə eylə. Nə desən, etməyə, nə istəsən,verməyə razıyam, təki taxt-tacım boş qalmasın!
Dərviş şaha baş əydi. Təzədən heybəsini yerə qoyub oturdu. Şah razılıq elədi:
-Sağ ol, dərviş,dərdimə şərik olduğuna və ona çarə axtardığına görə! Indi isə sən əmr et, mən yerinə yetirim!
Dərviş işə başladı:
-Şahım, əmr sahibi sənsən! Əmr et ki, yaxşı üzə bilənlər dənizin dibindən mirvarilər gətirsinlər.
Şah əmr etdi. Yaxşı üzməyi bacaranları şahın hüzuruna gətirdilər.
Şah dənizin dibindən mirvari tapıb gətirənlərə çoxlu qızıl vəd elədi.
Qızıl adı eşidəndə üzə bilənlər dənizə çıxıb mirvari yığmaq üçün dənizin dibinə üzdülər.
Balıqçılardan bəzilərinin nəfəsi çatmadığından yarımçıq qayıtdılar. Amma bir neçəsi suyun dibindən mirvari axtardı.Onlar suyun dibinə baş vurur, hava çatmayanda suyun üzünə qalxır, nəfəs yığıb, təzədən suya baş vururdular.
Bir neçə gün əziyyətlə mirvari axtaranlar əliboş geri döndülər.Bir qoca balıqçı onlara dedi:
-Mirvarilər gecə işıq saçırlar, o vaxt onları tapmaq daha asan olur.
Onlardan çoxu səs-səsə verdi:
-Kim canından bezib, gecə vaxtı dənizin dibinə üzər?
Səhərisi gün şahın hüzuruna bir cavan balıqçı gəldi. O, şaha çoxlu mirvari gətirmişdi. Onları gecə dənizin dibindən axtarıb yığmışdı. Şah oğlana çoxlu qızıl verib yola saldı.Dərviş mirvariləri iki sapa düzdürüb, onlardan iki qolbaq düzəltdi. Birini şaha, digərini isə xanıma verdi:
-Bu qolbaqlar uşaq doğulana qədər qolunuzda olmalıdır. Körpə anadan olan kimi ananın qolundakı mirvarini uşağın qoluna taxmalısınız. Atanın qolundakı mirvarini isə açıb dənizə atmalısınız.
Şah və Sindi diqqətlə dərvişə qulaq asırdılar. Dərviş onların gözlərində inamsızlıq hiss edib, qarşısındakı qara rəngli fal boxçasını onlara göstərdi. Onun içərisi zərli saplarla ulduz rəsmləri işlənmişdi. Sanki qaranlıq səmaya bənzəyirdi:
-Ulduzlar belə deyir, şahım!
Şah dərviş deyənlə razılaşdı:
-Nə deyirəm, Ağa dərviş, təki övladım, taxt-tacımın gələcək sahibi olsun! Hər şeyə razıyam.
Sindi qolbağı görəndə aözını büzdü.Ondan xoşu gəlmədi.Amma qorxusundan bir söz demədi.Mirvarilər gözəl olsalar da, onlardan bəziləri balaca, bəziləri isə böyük idi. Xanım qılbağı alıb çıxdı. Guya, onu qoluna taxmağa getdi.
Sindi çox tərs idi. Dediyindən dönməz, istədiyindən əl çəkməzdi. Gözəl görünmək üçün əlindən gələni edərdi. Gün ərzində altı-yeddi dəfə libas dəyişərdi. Xanımı başqa heç nə maraqlandırmaz, heç bir şey əyləndirməzdi. Uşaqsız olmağın xiffətini isə şah özü tək çəkərdi.
İndi də dərviş deyəndə ki, şah da xanım da qolbağı qolunda gəzdirməlidir, Sindi qaşqabağını tökdü. Otağına çəkil dərvişin qarasınca deyinməyə başladı: ″Heç bu ″əyri-üyri″ mirvari düzümünü doqquz ay qolda gəzdirməklə adamın uşağı olar? Bunlar hamısı dərvişin uydurmasıdır.Yaxşısı budur, onu kənizin qoluna taxım, dərviş də rəml atanda görsün ki, mirvari qola taxılıb. Özüm də qoluma ona oxşar gözəl qolbaqlarımdan taxaram. Şahın bundan xəbəri olmaz″.
Xanım fikirləşdiyi kimi də elədi. Ağcanı çağırıb mirvari düzümünü ona verdi və dedi:
-Bu qolbağı qolunda gəzdir və bu haqda heç kəsə bir söz demə!
Ağca qolbağı qoluna taxdı:
-Baş üstə, xanım,-dedi.
Dərviş işlərini başa çatdırandan sonra çıxıb getmək istədi:
Şah sağ olsun! Mən işlərimi yoluna qoydum. İndi isə izn versəydin gedərdim
Şah dərvişə bu vaxtacan çəkdiyi əziyyətə görə bəxşiş vermək istədi.Dərviş razı olmadı. Şahdan heç nə almayıb, yola düzəldi.
Nağıl dili yüyrək olar, deyərlər. Aradan neçə ay keçdi. Şahın dərdli-kədərli günlərinin birində dərviş yenə də peyda oldu. Şah dərvişi soyuq qarşıladı. Amma dərviş çox şad görünürdü. O, şahdan soruşdu:
-Şahım, bəs indi nə dərdin var ki, belə bikefsən?
Şah bikef-bikef dilləndi:
-Taxt-tacım boşdur, məgər bu az dərddir, ağa dərviş?
Dərviş eşitdiyinə inanmadı:
-Qibleyi-aləm, mən rəml atmışam, tezliklə övladın dünyaya gələsidir. Dediyin sözlərə məəttəl qalıram!
-Dərviş baba, sənin dərmanın mənim dərdimə çarə eləmədi.
Bunu eşidən dərviş pərt az oldu. Təzədən rəml atdı. Yenə də sevincək şahı muştuluqladı:
-Bax şahım, zərlər göstərir ki, az bir zamanda oğlun olacaq!
Şah dərvişin bu sözlərindən qəzəblənsə də onu acılamaq istəmədi.Dediklərinin yalan olduğunu sübut eləmək üçün əmr etdi xanımı gəlsin. İstədi dərviş öz gözü ilə onun hamilə olmadığını görsün.
Xanım içəri girən dərvişin az qaldı dili tutulsun. Günahkar-günahkar xahiş elədi ki, ona bir kasa su gətirsinlər. Nökər suyu gətirən kimi dərviş xanımın qolundakı mirvari düzümünü çıxarıb suya saldı, başına isə qara bir dəsmal saldı və əyilib su ilə danışmağa başladı.
Qan-tər içərisində başını qaldıran dərviş fal açanda başa düşdü ki, xamın şahı aldadıb, başqa qolbaq taxıb. Barmağını dişlədi. Üzünü şaha tutdu:
-Şahım, səbirli ol və eşit dediklərimi! Bu mirvari başqa mirvaridir. Əmr et ki, mənim verdiyim mirvari qolbağını kim qolunda gəzdirirsə onu tapıb bura gətirsinlər.
Bu sözləri eşidən xanımın qorxudan rəngi ağardı, şah isə məəttəl qaldı.Üzünü xanıma tutub soruşdu:
-Eşitdinmi? Dərviş deyəni başa düşdünsə, əməl et onun dediklərinə! Mənim sənə verdiyim mirvarini kim qolunda gəzdirirsə tez bura gətir onu!
Şahın qəzəbindən qorxan Sindi tez gedib Ağcanın qolundan tutub gətirdi. Hamı gördü ki, kəniz hamilədir. Şah bu işə mat qaldı:
Sindi isə dili topuq vura-vura dedi:
-Şahım, mənə verdiyin mirvari budur, kənizin qolundadır. Yalvarıram, qəzəbin tutmasın, rəhm et mənə, şahım, cəzalandırma məni!-deyib şaha yalvardı.
Ağca isə qorxdu, elə bildi ki, hamilə olduğuna görə onu dar ağacından asacaqlar. Şahın qarşısında diz çökdü:
-Amandı, ədalətli şah! And içirəm taxt-tacına ki, mənim heç bir günahım yoxdur!
Sindi isə hər şeyi boynuna aldı:
-Şahım, qibləgahım! Mirvari qolumu ağrıtdı deyə onu taxt bilmədim. Kənizin qoluna taxdım ki, o bir tərəfdə atılıb qalmasın,sənin sözün yerə düşməsin.
Hər şey şaha aydın oldu. O, övladı olacağına çox sevinsə də Sindinin onu aldatmasına qəzəbləndi. Əmr etdi ki, xanımı qaranlıq zindana salsınlar. Dərviş dedi:
-Onun günahını doğulacaq şahzadənin qədəminə qurban elə, şahım!
Şah dərvişin sözündən çıxmadı. O, dərvişə çox inanırdı. İndi bir daha inandı ki, göydə Allah, yerdə dərviş onun dərdinə çarə edəcək. Yaxın vaxtlarda taxt-tacına sahib olan oğlu olacaq. Buna görə dərvişin sözünü eşitdi. Sindini bağışladı. Ona dəymədi.
Saraydakılara əmr etdi ki, uşaq doğulana qədər Ağcanın qulluğunda dursunlar, ondan muğayat olsunlar. Dərvişin məsləhəti ilə Ağca ilə kəbin kəsdirdi. Qulluqçular Ağcanı çimdirdilər. Zorla üzündən qara saqqızı qopartdılar. Ağca yenə də oldu, gözəllər gözəli. Şah Ağcanı belə görəndə gözəlliyinə heyran oldu. Ürəyində ona yer elədi. Ağca oldu şahın istəkli arvadı.
Günlər keçdi. Elə ki, vaxt-vədə az tamam oldu, körpənin doğulmağına lap az qaldı, dərviş peyda olub dedi:
-Qibleyi-aləm! Çox az bir vaxtdan sonra uşaq doğulacaq. Yadda saxla ki, dəniz mirvrisindən olacaq övladın həm də dənizin balasıdır. O, dənizdə də doğulmalıdır. Yoxsa dənizdə təlatümə gələr. Hər yanı su basar. Dəniz onu balasından ayırdığımıza görə qəzəblənər. Səhramızı suyun altında qoyar! Həm dəniz nigaran olmasın deyə, körpə dənizin ortasında, gəmidə doğulmalıdır.
Şahın əmri ilə dəniz səyahətinə çıxm aq üçün tədarük görüldü.
Düz , üç gün, üç gecə hazırlıq görəndən sonra şahvə onun yaxınları nökər-naiblərlə birgə dəniz səyahətinə çıxdılar.
Düz , qırx gün, qırx gecə gəmi dalğalarda üzüb nəhayət dənizin ortasına çatdı.
Gecənin bir aləmində Ağcanı sancı tutdu. O, yanındakı təbib qadını yuxudan oyatdı. Səsə Sindi də oyandı.Təbib Sindiyə dedi:
-Şaha xəbər vermək lazımdır. Qoy işdən hali olsun.
Sindi tələsik dedi:
-Mən şaha özüm xəbər verərəm. Sən Ağcadan muğayat ol.
Sonra Sindi getdi. Amma şaha muştuluq xəbəri aparmağa yox, öz çirkin niyyətini həyata keçirməyə getdi.
Sindi hirsindən az qala, partayırdı. Şah Ağca ilə kəbin kəsdirən gündən indiyə qədər onun hələ bir gecə də gözünə yuxu getməmişdi. Fikirləşəndə ki, kənizin biri onun əvəzinə şah arvadı olub, yanıb-yaxılırdı.Buna görə Sindi şahdan da, Ağcadan da qisas almaq istəyirdi. Amma bunu nə cür etsin-həmişə bu haqda fikirləşirdi. Nəhayət, qərara gəldi ki, körpəni anadan olan kimi öldürsün.
Məlun qadın heç kəsin görmədiyinə əmin olandan sonra gəminin kənarına bəndlənmiş qayığın kəndirini kəsib onu suya saldı. Sonra isə Ağcanın yanına qayıtdı.
Sindi qayıdana qədər körpə artıq doğulmuş, şahın oğlu olmuşdu. Sindi ürəyində yana-yana, üzdə isə məhəbbətlə körpəni qucağına aldı, onu yalandan şirin-şirin dindirdi.
Ağca dərvişin dediyi kimi qolundakı mirvari qolbağı açıb körpənin qoluna bağladı.
Sindi yana-yana dedi:
-Gedim, şahı muştuluqlayım.
Belə deyib körpəni şaha göstərmək bəhanəsi ilə çıxdı.
Birdən Ayın üzü tutuldu, körpə gözlərini geniş açdı, başı üstündə Sindini, onun qorxunc sifətini,hikkədən od saçan gözlərini görəndə diksindi. Elə ağzını açmaq istədi ki, ağlasın, Sindi onun ağzını əlləri ilə tutdu:
-Kəs səsini, sənin ucbatından taxt-tac, səltənət əlimdən çıxdı, xanımlıqdan düşdüm, şahın ikinci arvadı oldum. Sən insan övladı deyilsən! Dənizdən yaranmasın, dənizə də getməlisən!
Belə deyib ilan cəldliyi ilə qayığa endi. Sindinin qan gözlərini elə tutmuşdu ki, o bayaqdan bəri qayığın ətrafında fırlanan köpək balığını yalnız indi gördü. Köpək balığı düz onun üstünə gəlirdi. Sindi canını həm köpək balığından, həm də uşaqdan qurtarmaq üçün onu düz, vəhşi balığın üstünə atdı. Köpək balığı düz onun üstünə gəlirdi. Sindi canını həm köpək balığından , həm də uşaqdan qurtarmaq üçün onu düz, vəhşi balığın üstünə atdı. Köpək balığı heç körpəyə tərəf baxmadı da. O, bir dəfə qayığın başına dolanandan sonra başı ilə qayığa elə zərbə vurdu ki, qayıq iki yerə bölündü. Sindinin qışqırığı gecənin sakitliyinə və dənizin sakit ləpələrinə dəhşət qatdı.
Ağca öz ifritə xanımına yaxşı bələd idi. Bilirdi ki, indi Sindi paxıllıqdan alışıb-yanır. Başa düşürdü ki, Sindi bu hayıfı onda qoymayacaq. O, bir az gözləyəndən sonra baxdı ki, şahdan xəbər çıxmadı. Nigaran qaldı. Təbibi Sindinin arxasınca yolladı. Təbib şhın yanına keçmək üçün gözətçilərdən izn aldı. Gözətçi şaha xəbər aparanda isə hamı Sindinin dəhşətli çığırtısını eşitdi. Bu o zaman idi ki, qayıq iki yerə parçalamış, Sindinin qışqırığı aləmi götürmüşdü...
Gəmidə kim vardısa hamı səs gələn səmtə qaçdı. Məşəlləri suya tutanda nə görsələr yaxşıdı?Onlar qan əhatəsində iki yerə bölünmüş qayığı gördülər.
Dənizdən yalnız Sindinin örpəyini tapdılar. Körpədən isə heç bir əlamət yox idi.
Bəs gəmidəkilər nə baş verdiyini güman eləyənə qədər görək körpənin aqibəti necə oldu. Körpənin qismətinə yazılanlardan xəbər tutaq.
Körpə soyuq, dalğalı dənizə düşdü. Yazıq,yazıq...
Balaca canına nazik ağ sarınmış körpə dənizin sərin suyuna qərq oldu. Isti ana qucağından soyuq suya düşən körpə titrəməyə , böyük dalğaların arasında çabalamağa başladı.
Binəva balanın dünyaya gəldiyi ilə başına gəldi?
Bəli, qurunun öz yazılmamış qanunları, dənizin də öz qanunları var. Hər bir canlı, istər quruda yaşasın, istər suda,bu yazılmamış qanunlara riayət etməlidir. Yoxsa.., yoxsa o,məhv olar.
Körpə suya düşdü. O,üzə bilmədiyindən yavaş-yavaş suyun dibinə enirdi.
Günahsız körpə suyun dibinə enməkdə olsun, sizə kimdən deyim, nədən danışım, dənizdə yaşayan Su aslanından.
Körpənin ağlamaq səsini Su aslanı eşitdi. Bu səsi özünün təzə doğulmuş balasının səsinə oxşatdı. Su aslanı da bir neçə gün idi ki, balalmışdı,onun beş balası doğulmuşdu. O, gündə bir neçə dəfə balalarını əmizdirəndən sonra onları bir-bir yuvadan çıxarır, suyun üzərinə qaldırırdı ki, balaları hava alsın. Körpə balalar üzməyi təzə-təzə öyrənirdi. Özləri suyun üzərinə qalxa bilmirdilər ki, hava alıb, yenə də yuvalarına qayıtsınlar. Ona görə də tez-tez analarını köməyə çağırırdılar. Belə anda ana gecikərdisə, havasılıqdan balalarının ciyərləri partlaya bilərdi. Ona görə də balasının səsini eşidən kimi, Su aslanı uzaqda da olsa, tez özünü balalarına çatdırırdı.
İndi də Su aslanı dənizdə arxayın-arxayın üzür, balalarına yem axtarırdı. Birdən səs eşitdi. Səs gələn tərəfə getdi. Elə bildi ki, ağlayan, çağıran onn balasıdır. Amma körpənin yanına üzəndə baxdı ki, imdada çağıran onun balasıdır. Amma körpənin yanına üzəndə baxdı ki, imdada çağıran onun balası deyil. Su aslanı dənizdə heç vaxt belə canlıya rast gəlməmişdi. Ürəyi yumşaq Su aslanı görəndə ki, körpə boğula-boğula suyun dibinə enir, onu imdadına çatdı. Fikirləşdi ki, ″bu qəribə balıq” yəqin,uzaq-uzaq dəryalardan üzüb gəlib. Sonra gördü ki, yox, canlı üzə bilmir, az qalır boğulsun, imdad diləyir,qışqırır. Onun balası hava istəyəndə necə çığırırdısa da elə səs çıxarır. Gözlərinin kənarları qaralır. Su aslanı bunu həmin an başa düşdü. Yazığı gəldi ona. Onu qucaqlayıb qaldırdı düz, suyun üzünə.
Körpə balaca ağzını geniş açıb ağız dolusu nəfəs almağa başladı. Bapbalaca ciyərləri doyana qədər nəfəs çəkdi. Sonra sakitləşdi. Elə sakitləşən kimi də Su aslanın döşündən süd əmməyə başladı. Bir anlığa Su aslanına elə gəldi ki, bu "qəribə canlı" da da onun balalarından biridir. O, körpəni əmizdirə-əmizdirə balalrının yanına-yuvasına gətirdi. Balaca Su aslanları körpəni tumarlamağa, onunla oynamağa başladılar.
Su aslanı öz xeyirxahlığından xoşlandı. Körpə də qığıldamağa, onlarla oynamağa başladı.
Su aslanının başı öz balalarına qarışmışdı. Bir də gördü ki, körpənin gözlərinin altı qaralıb, qarnı şişib. "Yazıq yenə boğulur", deyə fikirləşdi. Su aslanı nazik bir dəniz tikanı tapdı. Onu körpənin hər iki qulağına batırıb deşdi. Bundan sonra körpənin qarnınagetmiş bütün su onun qulaqlarından çölə axıb-töküldü. Bunu Su aslanı yaxşı bilirdi. Çünki onun neçə balası olmuşdusa, qulaqlarını özü deşmişdi ki, onlar su ilə rahat nəfəs ala bilsinlər.
Körpə suda yaşamağa alışdı. Balaca Su aslanları ilə bir yerdə oynamaq onun çox xoşuna gəldi.
Nağıl dili yüyrək olur, deyərlər. Günlər keçir, körpə gün-gündən dənizdə yaşamağa öyrəşirdi. O da balıqlar kimi suyu ciyərlərinə çəkir, sonra isə həmin suyu təzədən qulaqlarından buraxırdı. Üzməkdə isə Su aslanlarından heç də geri qalmırdı.Gün ərzində onlar kimi dəfələrlə suyun üzərinə qalxaraq hava alır, sonra yenə də suyun dərinliklərinə baş vururdu. Havası çatmayanda daha Su aslanını köməyə çağırmır, özü suyun üzünə qalxır, hava alıb qayıdırdı. Acanda da Su aslanını axtarmır, dəniz bitkilərindən,dəniz meyvələrindən yeyib başını saxlayırdı. Amma xoşlamadığı bir şey var idi: balaca balıqlar körpəni sancıb qaçanda hirslənir, onlara səmt üzür, tutub,balaca əlləri ilə sıxıb, incidəndən sonra onları təzədən buraxırdı. ərköyün körpə gecələr yatanda Su aslanının balalarını anasına yaxın buraxmır, özü onun qucağına qısılıb yatırdı. Su aslanı hara üzürdüsə, çox vaxt onun ardınca üzürdü.
Günlər keçir, körpə sudakı, qurudakı bütün canlılar kimi yavaş-yavaş böyüyürdü. O,balıq dilini başa düşür, hətta yavaş-yavaş onlar kimi səslır çıxarır,danışırdı. Dənizin gözəlliklərini sevir, yırtıcı qanunları ilə mübarizə aparırdı. Bu yırtıcı qanunlardan biri də o idi ki,körpə daim özünü güclülərdən qorumalı idi ki, yaşaya bilsin.
Dəniz sultanı onların sualtı səltənətində adam yaşadığından xəbər tutanda Su aslanını və onun qoruduğu insanı hüzuruna çağırtdırdı. Su aslanını xeyirxahlığına görə tərif etdi. Uşağa Dəniz balası adı qoyub dedi:
-Dəniz mirvarisindən yaransan da insan balasısan. Tanrı isə insanlara quruda yaşamağı tövsiyə edib. Hər şey Tanrının göstərdiyi kimi olmalıdır. Sən bir gün dənizdən ayrılıb insanların yanına qayıdacaqsan. Onlar səni axtarıb-tapacaq və qolundakı mirvaridən tanıyacaqlar. Həmin insanlar gəlib səni həmişəlik dənizdən ayıracaqlar. İndi isə sənə su xeyir –dua verirəm. Qoy Tanrı özü səni qorusun!
Sonra Dəniz sultanı bütün yırtıcılara əm etdi ki, Dəniz balasına dəyməsinlər.
Bir gün Su aslanı balalarına yosun yığmağa çıxmışdı. Dəniz balası da həmişəki kimi onun yanında üzürdü. Bu vaxt çox dəhşətli bir hadisə baş verdi.
Sindinin qayığını ortadan bölüb, özünü isə udmuş həmin köpək balığı uşağı görən kimi tanıdı.
Köpək balığı ifritə Sindini yeyəndən sonra körpənin düşdüyü yeri çox axtarmışdı ki, onu da yesin. Amma nə qədər axtarmışdısa da, tapa bilməmişdi.
İndi o, çoxdan axtardığı şikarını tapmışdı. Köpək balığı balıqlar danışan dildə uğuldayaraq Su aslanına dedi:
-Sən mənim şikarıma sahib çıxmısan! Onu insan öz əli ilə mənə atdı ki, yeyəm, amma sonra nə qədər axtardımsa, tapa bilmədim! Sən mənim şikarımı oğurlamısan. Öz xoşunla onu geri qaytar!
Su aslanı qəzəbləndi:
-Sən nə cürətlə onu yemək istəyirsən? Ona Dəniz sultanı ad qoyub. Bütün yırtıcılara tapşırıb ki, onu yeməsinlər. Sənin bu hərəkətindən Dəniz sultanı xəbər tutsa, mütləq səni cəzalandırar. Həm də insan mənim balam sayılır. Mən onu əmizdirmişəm. Heç vaxt qoymaram kimsə onu incitsin.
Köpək balığı körpənin üstünə cumdu:
-Düz demirsən , şikar özümündür!
Belə deyə-deyə köpək balığı körpəni udmaq üçün ağzını geniş açaraq ona tərəf üzdü. Özü də çox qəzəbli idi. Hələ bu vaxta qədər onun qənimətini əlindən alan olmamışdı. Iti dişlərini qıcıdı.
Artıq körpəni öz balası bilən Su aslanının hirsindən gözlərinə qan gəldi. O, körpəni köpək balığından qorumaq üçün özünü irəli verdi. Və başı ilə körpəni bərkdən itələdi ki, ona zərər toxunmasın. Sonra isə köpək balığının iti dişlərindən qurtarmaq üçün yan tərəə üzdü. Gücünü toplayıb təzədən qayıtdı, başı ilə köpək balığının böyründən elə vurdu ki, köpək balığı sancılandı. Amma acgöz yırtıcı bir az üzəndən sonra geriyə döndü və yenidən Su aslanının üstünə cumdu. Onların arasında əsl ölüm-dirim vuruşması başlandı.
Su aslanına gücü çatmayacağını görən köpək balığı uzun-uzadı, uğultulu səslə bütün köpək balıqlarını köməyə çağırdı. Bunu görən Su aslanı da digər Su aslanlarını köməyə çağırdı. Çox az bir vaxtda onlara kömək gəldi. Hər iki sürü arasında qanlı savaş başlandı.
Bir xeyli sonra yırtıcı köpək balıqlarına düşmən olan gəmi iblisləri və ağ balıqlar da Su aslanlarının köməyinə çatdı. Işi belə görən köpək balıqları yavaş-yavaş aradan çıxdılar.
Ara sakitləşəndən sonra Su aslanı baxdı ki, Dəniz balası yoxdur. Elə bildi ki, onu köpək balıqları yeyib. Nigaran-nigaran onu axtarmağa başladı. Nəhayət, xeyli axtarandan sonra onu tapdı. Balaca bala savaşdan qorxmuş və qorxudan düz, dənizin dibinə çəkilmişdi. Su aslanı onun qolundakı mirvaridən tutaraq çəkin yuvasına gətirdi. Hər şeyi olduğu kimi balalarına danışdı. Balaları sevindilər. Dəniz balaını balaca dilləri ilə yalamağa başladılar. Dəniz balası da istədi onlar kimi eləsin. Amma balaca Su aslanlarının üstlərindəki xırda tikanlar onun dilinə batdı. O, məhəbbətini insanlar kimi büruzə verdi. Toppuş əlləri ilə ögey qardaşlarını – balaca Su aslanlarını tumarladı, əzizlədi. Sonra isə başını qoydu Su anasının qarnına və şirin yuxuya getdi.
Hə...bunlar suda olanlardı, indi gəlin xəbər tutaq, quruda olanlardan... Həm də görək neçə müddət əvvəl körpə anadan olandan sonra quruda nələr baş verdi?..
Şah və yaxınları dəniz səyahətindən qayıdanda dərviş sahildə onları gözləyirdi. O, uzaqdan şahın gəmisini görəndə sevindi. Nəhayət ki, onlar sağ-salamat geri dönmüşdülər. Amma gəmi yaxınlaşanda dərviş gördü ki, gəmidə kədər sakitliyi , qayıdanların çöhrəsində vahimə, təlaş var. Şahın şeypurçuları çalmır, şahın qayıtmaq xəbərini vermirdilər. Dərviş bədbəxt hadisə baş verdiyini yəqin elədi.
Gəmi sahilə çatdı.Şah dərvişlə görüşəndən sonra dərd içərisində baş verənləri ona nağıl elədi.
Dərviş olanlardan xəbər tutanda çox bikef oldu. Onun bütün zəhməti hədər getmiş, şah yenə də övladsız qalmışdı.
Şah əmin idi ki, vəhşi balıq Sindi ilə bərabər, onun balasını da yeyib. On görə də qırx gün, qırx gecə balasına yas saxladı. Bu qırx gündə Səhralar ölkəsində deyib-gülən olmadı.
Balasına yas saxlayan Ağca başından qara yaylığını açmadı. Gündüzləri yemədi, gecələri yatmadı. O,balasının ölümünə inanmır, gecə-gündüz ağlayır, Allaha yalvarır, balasının sağ qalması üçün dua edirdi:
-Tanrı, sənə yalvarıram, qoru mənim balamı, onu pislərdən, zalımlardan qoru! Rəhm elə körpə balama, qoru körpəmi! Ana südünə həsrət körpəmi, ana laylası eşitməyən körpəmi! Qoru onu, Allahım! Yalvarıram sənə, qoru!
Düz, otuz doqquz gün Ağcanın gözünə yuxu getmədi. Qırxıncı gün nəhayət ki, az da olsa yuxuya getdi. Elə təzəcə yuxuya getmişdi ki, dəhşətli bir yuxu gördü. Yuxuda gördü ki, dəniz təlatümdədir. Dənizin suyu buludlara qədər qalxıb-düşür. Onun körpə balası isə dalğaların arasında çabalayır. Özü də soyuqdan əsim-əsim əsir. Dil açıb danışır. Səsi titrəyə-titrəyə : ”Ana, haradasan, gəl isit məni, üşüyürəm”-deyir. Gah boğulur, gah da sahilə çıxıb təngənəfəs havaalır. Elə bu vaxt haradansa böyük bir köpək balığı peyda olur. Ağzını açır ki, körpəni udsun. Güclə canını qurtaran körpə, əllərini uzadıb anasından kömək imdad istəyir. ..Heç kimdən kömək görməyib özünü sahilə çatdırır. Uzanır ki, qumluqda isinsin, dənizdən böyük bir dalğa gəlib onu təzədən dənizə aparır. Körpə çığırıb deyir: “Sən məni saxlaya bilmədin. İndi mən dənizin balasıyam! Dənizin balasıyam! Dənizin balasıyam!”.
Yuxudan dik qalxan Ağca hönkürtü çəkib ağlayır. Bu vaxt dərviş onun ağlamaq səsinə gəlir:
-Ağlama, xanım! Səbirli ol!
Ağca gözlərinin yaşını selə-suya döndərib dedi:
-Ağa dərviş, sən əlindən gələni elədin ki, şahın taxt-tacı boş qalmasın. Amma şahın əli boşda qaldı. Mən isə övladımı dənizdə qərq elədim. Bilsəydim başıma bu müsibətlər gələcək, heç vaxt həmin mirvarini qoluma bağlamazdım. Olan oldu, keçən keçdi. Kədər ürəyimi deşdi. Kömək elə mənə. Oğlum yuxuma girib. Yuxuda görmüşəm ki, o sağdır. Məni köməyə çağırır.
Dərviş ağcanı sakitləşdirdi:
-Səbr elə, xanım! Səbr Allahın kəlamıdır. Yuxunu gördüyün kimi mənə danış!
Ağca yuxusunu necə görmüşdüsə, eləcə də dərvişə danışdı. Sonra isə dedi:
- Bir rəml at, Ağa dərviş! Cavabın mənə təsəlli olsun! Bir rəml at, Ağa dərviş, dediklərin yaralı ürəyimə məlhəm qoysun! Sevindir məni, Ağa dərviş. Bir rəml at, de, dəniz balamı qaytaracaq!
Dərviş yuxunu yozdu:
- Yuxun deyir oğlun sağdır, amma görək rəml də bunu deyirmi xanım? Bircə mənə söz ver ki, falda qara xəbər çıxsa məni qınamayacaqsan, şad xəbər çıxsa inanacaqsan!
Ağca gözlərinin yaşını sildi:
- Razıyam, Ağa dərviş, and içirəm, falda qara xəbər çıxsa inanacağam! Sən bircə mənə balamdan xəbər de!
Dərviş rəml boxçasını açdı. Bir kasaya su doldurub boxçanın ortasına qoydu. Başına qara bir yaylıq örtdü. Bir azdan sonra isə aylığı başından götürüb bir tərəfə atdı:
-Sənə xoş xəbərim var, xanım! Oğlun sağdır! Amma bəd xəbərim də var! Bəd xəbərim isə odur ki, mirvaridən yaranmış dəniz balası dənizin qismətindədir. Mirvari qolbaq qolunda, su aslanları ətrafında balıq kimi yaşayır, balıq kimi üzür, balıq yeyəndən yeyir. Insan onu dənizə atıb, dəniz daha onu insanlara qaytarmaq istəmir. O, dənizin balası olub.
Ağca hönkürtü çəkdi. “Dəniz balamı əlimdən aldı” deyib, qəşş eləyib, yerə yıxıldı. Dərviş dediklərinə peşman oldu. Ağcanın üzünə su çiləyib onu birtəhər ayıltdı. Hannan-hana Ağca özünə gəldi. Dərviş dedi:
- Xanım, oğlunu xilas eləməyin yolu var. Amma bu, çox çətin bir yoldur. Şah gərək bu işdə bizə kömək edə. Gedək şahın hüzuruna!
Sonra dərvişlə Ağca xanım şahın yanına getdilər. Şah taxtında bikef oturmuşdu. Ağca yuxusunu, dərviş də falda çıxanları şaha danışdı.
Şah dərvişin sözünə inanmadı:
- Nə danışırsan, dərviş ? Heç insan da suda yaşayar ? Məgər insan balıq-zaddır?
Dərviş şahı inandırmağa başladı:
- Şahım, unutma ki, uşaq dəniz mirvarisindən yaranıb. Ona görə də onun bu vaxtacan sağ qalmasına inanmaq gərək. Mənim falım heç vaxt məni aldatmayıb. Sən gəl axırıncı dəfə mənə inan!
-Dərviş, tutalım ki, sənə inandım, bəs mən oğlumu necə qaytara bilərəm?
Dərviş bu sualın cavabını dedi:
-Qibleyi-aləm, bunun üçün gözləməlisən. Oğlun bir az böyüməli, hər şeyi dərk etməlidir. Sonra isə onu tapmaq üçün dənizə çıxmalısan. Təkcə və balaca bir qayıqla. Qolunda da onun qolundakı mirvari düzümünün bir tayı.O vaxta qədər ki, oğlun qolundakı mirvarini görsün. Onda özü gəlib səni tapacaq.
Dərviş şahın inamsız baxışlarını görüb dedi:
-Şahım! Əgər dediklərim yalnış olsa, başımı vurdurarsan!
Şah qəzəbləndi. O, artıq dərvişə inanmırdı. Qolundakı mirvarini də açıb ona verdi:
-Çıx get, dərviş, bu sənin mirvarin, o da sən. Dediklərin cəfəngiyyatdan başqa şey deyil. Dərdli vaxtımda mənə təzədən dərd açma!
Dərviş kor-peşman Şaha təzim edib çıxdı. Ağca dərvişin könlünü almaq üçün onun arxasınca çıxdı. Dərviş əlindəki mirvarini Ağcaya verib dedi:
-Dərdli xanım! Mən axırıncı sözümü sənə deyirəm! Oğlunu tapsan da dəniz onu sənə qaytarmayacaq, tufan qoparacaq. Bax, amma bu mirvari düzümünü dənizə atsan, bəlkə onda rəhmə gələ. Dənizi rəhmə gətirmək üçün belə bir mahnı oxu:
Dəniz,ya məni apar,
Ya da balamı qaytar.
Sənin nə çoxdur balan
Əl çək, mənim balamdan!
Ayırma məni ondan,
Dəniz ya məni öldür,
Ya da balamı qaytar!
Ağca Dərvişi yola saldı. Sonra isə dərviş öyrətdiyi mahnını təkrar edə-edə mirvarini öpdü.
Dərviş gedəndən sonra Ağca xanım yenə də hər gün yuxuda oğlunu görürdü. Balası ondan imdad diləyirdi. Hər dəfə oğlunu yuxuda görən günün səhərisi şahdan xəlvəti dənizə gedər, qayığa minib öz qəmli mahnısını oxuya-oxuya balasını axtarardı.
Nağıl zamanı tez keçər. Nağıl dövranı tez dolanar, deyirlər. Bu minvalla illər keçdi.
Yenə də bir gün Ağca dənizə balasını axtarmağa getmişdi. O, gözlərindən yaş axıda-axıda mahnısını oxuyur, dənizdən balasını istəyirdi:
Dəniz, ya məni apar,
Ya da balamı qaytar.
Sənin nə çoxdur balan
Əl çək, mənim balamdan!
Ayırma məni ondan,
Dəniz ya məni öldür,
Ya da balamı qaytar!
Ağca belə qəmli-qəmli oxuyurdu ki, qəfildən möhkəm tufan başladı. Qayıq bir anda çevrildi. Ağca suya düşdü. Üzə bilmədiyindən çabalamağa, qışqırmağa başladı. Onun şirin, doğma ana səsi balasına çatdı. Dəniz balası özünü tanımadığı anasının köməyinə çatdıranda Ağca artıq huşunu itirmişdi. Dəniz balası iti sürətlə bircə anda boğulan adamı sahilə çıxartdı. Onu yerə qoyub qayıtmaq istəyəndə...
Ağca bir an özünə gəldi. Baxdı ki, onu xilas edən oğlan uşağının qolunda mirvari qolbaq var. "Sən mənim oğlumsan, mənim balamsan",-deyə qışqırmaq istədi. Səsi çıxmadı. Oğlan isə heç bir tərəfə baxmadan xilas elədiyi adamı sahilə qoyub təzədən dənizə qyıdırdı. O, yavaş-yavaş suda görünməz olurdu. Bütün bədənbi suya girmiş, bircə başı qalmışdı. Birdən Ağcanın səsi açıldı:
- Oğlum, getmə, dayan! Mən sənin ananam!
Dəniz balası çevrilib Ağcaya baxdı. O insan dili bilmədiyindən heç nə başa düşmürdü. Yenə də üzünü çevirib getdi. Ağca bilmədi neyləsin. Birdən dərvişin dediyi yadına düşdü. Tez yaylığını açıb mirvari qolbağı çıxartdı və oğluna tərəf dizin- dizin sürünərək çığırdı:
-Getmə, dayan ! Sən mənim balamsan! Göydə Tanrı, Yerdə mən səni dünyaya gətirmişəm. Eşit məni! Eşit məni, oğlum!
Dəniz balası yenə dayandı. Səs ona çox doğma gəldi. Bir daha geri boylandı. Xilas elədiyi adamın əlində öz qolundakı mirvari düzümündən görcək qayıtdı, insana səmt gəlməyə başladı. Bir vaxtlar Dəniz sultanının ona dedikləri yadına düşdü:"Sən insan balasısan. Tanrı insanlara quruda yaşamağı tövsiyə edib. Bir gün dənizdən ayrılıb onların yanına qayıdacaqsan. İnsanlar səni axtaracaq və qolundakı mirvaridən səni tanıyacaqlar. Əlində mirvarinin o biri tayı olan bir insan gəlib səni həmişəlik dənizdıən ayıracaq. Yadda saxla, o sənin doğman olacaq!".
Dəniz balası başa düşdü ki, onu çağıran onun doğmasıdır, gəlib onu aparmağa.
Ona görə də qayıtdı. Qayıtdı doğmasının yanına. Dizi üstə onunla üzbəüz oturub diqqətlə ona baxdı. Ağca qollarını aşmışdı ki, balasını qucaqlasın.. Oğlan ona xeyli baxdı, baxdı birdən qollarını açıb anasını bərk-bərk bağrına basdı. Bu dəfə Ağca sevindiyindən huşunu itirdi. Əlindən mirvari qolbaq dənizə düşdü. Dəniz sakitləşdi.
Dəniz balasının on yaşı olardı. Amma o, çox güclü idi. Anasını çox asanlıqla qolları üstünə götürüb qumdakı iz ilə düz, saraya ədər gətirdi. Sarayda Ağcanın üstünə su töküb ayıltdılar. Ana ayılanda oğlunu şahın yanında gördü. Şahın sevinci yerə-göyə sığmırdı.
Səhra şah dərvişi tapdırdı. Şah dərvişin könlünü almaq üçün ona özü ağırlığında qızıl verdi.
Dərviş də oğlanın tapılmasına çox şad idi. Dənizə gəlib sahildə dayandı. Xeyirxahlığına görə Dənizə-Dəniz sultanlığına baş əydi.
Sonra isə Dəniz balası son dəfə görüşmək üçün Su aslanı anasının və dəniz qardaşlarının yanına üzdü.Üzünü onların üzünə sürtdü., kövrəldi, vidalaşıb onlardan ayrıldı. Həmişəlik insanların yanına qayıtdı.
Səhra şah oğlunun tapılması şərəfinə böyük bir ziyafət qurdurdu. Özü də dənizin sahilində. Yeyib-içib, şənlənmək düz, qırx gün, qırx gecə davam elədi. Elə həmin qırx gündə də Dəniz balası insan kimi danışmağı öyrəndi.
Burda nağılımız da bitdi... Bir də baxdıq ki, dəniz sahilə bir dalğa gətirir. Mirvari dalğası. Çalıb-oynayan qızlar, gəlinlər hərəsi bir ətək mirvari yığdılar. Gülzar nənələrini də yaddan çıxartmadılar. Hərəsi yığdığının yarısını mənə gətirdi. Sağ olsunlar. Mən də onlara dəniz qədər sevinc dilədim!...