Yada daşı

Yada daşı

(Nağıl)

Biri vardı, biri yoxdu, bir çoxları vardı, bir çoxları yoxdu, onlar var idi, amma biz onda yoxduq. Elə onlar da danışıb, biz eşitmişik. Danışım, sən də eşit!

O dövrdə deyərlər ki, böyük, qüdrətli bir Türk xaqanı var idi. Buğutəkin xaqan! Səsi-sorağı dünyanın hər yanına yayılmışdı. Zəhmindən başqa xaqanlar tir-tir əsirdilər. Taxtından qəzəblə ayağa qalxanda göydə uçan quşlar belə qorxusundan qanad salırdı. Deyilənə görə xaqanın bir böyük eyibi var idi ki, böyük sözü eşitmir, ağsaqqal nəsihətinə qulaq asmırdı.

Həmin vaxtlar rəiyyət pis dolanmırdı. Hər kəsin həyətində mal-qarası, toyuq-cücəsi, süfrəsində bir tikə çörəyi var idi. Hamı xaqana dua edirdi, bir də Yada daşına.

 

Xaqan bildik kimdi. Bəs Yada daşı nə idi ki, xalq ona da dua edirdi?

Mən bilirəm, deyim, siz də bilin. Yada daşı müqəddəs bir daşdı. Düz obanın ortasında qoyulmuş çox gözəl bir daşdı. Daşı bir neçə dəfə istəmişdilər bir yerdən götürüb başqa yerə qoysunlar, heç yüz pəhləvanın da ona gücü çatmamışdı. Amma daş nə daş... Elə gözəl idi ki... Deyə bilərsən ki, heç daş da gözəl olar? Amma inan ki, olar! O, həm yupyumru idi, həm də üstü nazik xına otu ilə örtülmüşdü. Uzaqdan elə bil yumru səməniyə bənzəyirdi. Xaqanlığın bütün gəlin-qızları bu xına otundan başlarına yaxsaydılar da qurtarmazdı ki, qurtarmazdı.

Yada daşı Türk xaqanlığına dədə-baba yadigarı idi. Daşın ən böyük gözəlliyi onda idi ki, deyilənə görə xeyir-bərəkət daşı, əmin-amanlıq daşı idi. Dədə-baba dediklərinə görə bu daş dağda od püskürməsindən sonra yaranmışdı. Həmin vaxt bu yerdən çoxlu dərviş keçirdi. Onlar bu daşın qarşısında diz çökdülər. Yerli camaat təəccüblə soruşdu:

- Siz nəyə görə daşın qarşısında diz çökdünüz?

Dərvişlərdən biri cavab verdi:

- Bu adi daş deyil! Müqəddəs daşdı. Xeyir-bərəkət, əmin-amanlıq daşıdı. Bu yad daşdı. Yerin çox-çox dərinliklərindən gəlib sizin məmləkətə düşüb. Gərək onun qədrin biləsiz, onu pis nəfsdən, yad gözdən qoruyasız, ona səcdə edəsiz!

Elə o vaxtdan da daşın adı qaldı Yada daşı. Camaat dərvişlər deyən kimi elədilər. Yada daşına dua etdilər. Uşağı olmayan daşa pənah gətirdi. Övladı oldu. Bir yeri ağrıyan daşa toxundu, ağrısı azaldı. Doğrudan da yerin altından peyda olmuş bu daş mahala xeyir-bərəkət, sülh, əmin amanlıq gətirdi. Susuzluqdan çat-çat olmuş torpaqlara yağış gəldi. İşğalçıların elə bil bu ölkəyə hücum eləmək elə bil heç yadlarına da düşmədi.

Beləcə illər keçdi. Atasının ölümündən sonra xaqanlıq Buğutəkinə çatdı. Əvvəlki xaqanlar dərvişlər deyən kimi edirdi. Yada daşını yad gözlərdən, pis nəfslərdən qoruyurdular. Buğutəkin isə əksinə Yada daşını yad məmləkətlərdə tərifləyir, onu məmləkətinə gələn hər qonağa göstərib Yada daşı ilə öyünürdü.

Bu məmələkətin ağsaqqallarının xoşuna gəlməzdi, ona nəsihət edərdilər ki, daşı dilə-dişə salmasın, xaqan isə onlara qulaq asmazdı.

 

Beləcə çox keçmədi. Yada daşının sorağı Çin xaqanına çatdı. Çin xaqanı çox hiyləgər bir adamdı. O belə bir qiymətli daşı nəyin bahasına olur-olsun ələ keçirməyi qərara aldı. Xeyli hiylələr fikirləşdi ki, bu daşı ələ keçirə bilsin. Daşa böyük qiymət qoydu. Onu almaq istəyini Türk xaqanına çatdırdı. Amma xaqan xalqın qəzəbindən qorxub daşı satmağa qərar vermədi. Çin xaqanı bununla sakitləşmədi. Bu dəfə o, ikinci hiyləyə əl atdı. Yeganə qızı olan Çiçonun gözəlliyi ilə Türk xaqanının ağlını başından çıxarmağa və daşı bu yolla ondan almağa qərar verdi.

Bunun üçün Çin xaqanı qızını da götürüb uzaq səfərə çıxdı. Türk xaqanlığına çatanda Buğutəkinə xəbər göndərdi ki, səfərə çıxıb və bir neçə gün də onun məmləkətində qalmağa qərar verib.

Buğutəkin qonaqları çox xoş qarşıladı. Çin qızını görəndə qızın gözəlliyi onu elə heyran elədi ki, xaqanın ağlı doğrudan da başından çıxdı. O hələ ömründə belə gözəl görməmişdi. Qızın incədən incə bədəni, süd kimi ağappaq çöhrəsi, gecə kimi qara saçları, ulduz kimi alışıb-yanan gözləri var idi. Xaqanı bir könüldən min könülə qıza vuruldu.

 

 

Buğutəkin qonaqların gəlişini əsl bayrama çevirdi. Onları məmləkətində düz bir ay qonaq saxladı. Qonaqlar qayıtmağa hazırlaşanda isə öz nə vaxtdan bəri ürəyində gizlədiyi fikrini Çin xaqanına açıqladı:

- Böyük xaqan! Qızının gözəlliyinə heyran oldum! Bu sevda artıq neçə gündür ki, bütün fikrimi dustaq edib. Bu gün isə mən öz ürəyimi sənə açmaq qərarına gəldim. Məni özünə qohüm etmək şərəfinə nail et!

Çin xaqanı artıq birinci gündən başa düşmüşdü ki, Buğutəkin onun qızına aşiq olub. Amma özünü o yerə qoymurdu ki, bu haqda Türk xaqanı özü söhbət açsın. İndi isə artıq onun istədiyi zaman gəlib çatmışdı. Ürəyində hədsiz sevinsə də özünü o yerə qoymadı:

- Biz hər ikimiz böyük bir məmləkətlərin xaqanlarıyıq. Bizə yaraşmaz ki, elçiliyi belə hörmətsiz edək! Ellərimizin adəti nə cürdüsə, elə də elçilik etmək məsləhətdir. Ondan sonra qərarımı sənə deyərəm, hörmətli xaqan!

Buğutəkinin deməyə sözü qalmadı. İstəməsə də Çin xaqanı ilə razılaşmalı oldu:

- Düz deyirsən, əziz xaqan! Belə elçiliyim doğrudan da mən tərəfdən əziz qonağıma hörmətsizlikdir. Nəsib olsun, salamat yurduna qayıt, sonra xaqan qaydalarına uyğun elçilərimi məmləkətinizə göndərərəm.

Bunu deyib Buğutəkin qonaqlarını hörmətlə yola saldı. Amma o dildə belə danışsa da dedikləri ürəyindən deyildi. Çünki hələ bir ay yol gedəndən sonra Çin xaqanı öz yerlərinə çatmalıydı. Bir aydan sonra isə Buğutəkin öz elçilərini ora göndərməliydi və bir ay da gözləməliydi ki, onlardan cavab gəlsin. Bütün bu vaxtları ürəyində hesablayan xaqanın az qalırdı başına hava gəlsin. Çünki o Çin qızına elə vurulmuşdu ki, bu neçə ay onun üçün neçə illər kimi gözünə durmuşdu.

Qonaqlar gedəndən sonra xaqan ara vermədən sarayda var-gəl edir, heç yerdə özünə yer tapa bilmir, heç nə onu əyləndirmirdi. Onu sakitləşdirmək istəyənləri isə acılayır, ağızlarını belə açmağa imkan vermirdi. Bu saray adamlarını, ağsaqqalları narahat edirdi.

Qonaqlar gedən vaxtdan artıq on gün keçirdi ki, Buğutəkin dözə bilmədi, öz yaxınlarını topladı ki, Çin xaqannın qızına elçi göndərsin. Baş vəzir xaqanın bu təklifini alqışlamadı:

- Belə hərəkət Türk xaqanına hörmət gətirməz. Hələ iyirmi gün qalıb ki, qonaqlar mənzillərinə yetişsinlər. Biz bunu bilə-bilə, onlar çatmamış, onların arxasınca elçi göndərməyimiz düzgün sayılmaz!

Heç kəsin sözünü eşitmək iqtidarında olmayan xaqan baş vəzirin üstünə elə qışqırdı ki, daha ondan sonra heç kəs danışmağa cürət eləmədi.

 

Hal-qərəz, elçilər ertəsi günü yola düşdülər. Düz Çin məmləkətinə. Bir ayın düz tamamında isə çatıb oturdular Çin xaqanı sarayının qarşısındakı elçi daşının üstündə. Çin xaqanı bunu eşitcək hiyləgər-hiyləgər gülümsündü:

- Deyəsən istəyim həyata keçir! Yada daşı mənim olacaq!

Elçilər bir xeyli oturub gözləyəndən sonra Çin xaqanı onları hüzuruna dəvət elədi. Dinləyəndən sonra isə çox amansız bir görkəm alıb dedi:

- Qızımın gözəlliyi dünyanı gəzir. Mən onu elə adama vermək istəyirəm ki, həmin adam mənim istədiyimi verə bilsin! İstədiyim isə budur. Türk məmləkətindəki Yada daşı!

Elçilər bunu eşitcək yerlərindən dik qalxdılar. Onlar Çin xaqanından belə həyasızlıq gözləmirdilər.

Elçilərdən biri də baş vəzir idi. O qəzəblənsə də qəzəbini boğub dedi:

- Ey hörmətli xaqan! Yada daşı bizim üçün müqəddəsdir. Dədə-babamızdan bizə yadigar qalıb. Daşı əzizləmək, yadlardan qorumaq bizə vəsiyyət olunub. Onu yadlara satmarıq, ya da bağışlamarıq.

Elçilər bir səslə baş vəzirin dediklərini təsdiqlədilər:

- Bəli, ulu xaqan, bu belədir, - dedilər.

Çin xaqanı elçilərin özbaşına cavabından qəzəbləndi:

-Sizin vəzifəniz mənim istəyimi Türk xaqanına çatdırmaqdır. Öz fikirləriniz mənə gərək deyil! Sözlərimi olduğu kimi xaqanınıza çatdırın. Mənim qızım onda Türk xaqanının xanımı olacaq ki, Yada daşı Çin məmləkətinə gətirilsin!

Elçilər peşiman-peşiman durub qayıtmaq üçün yola düzəldilər. Vaxt tamamında gəlib məmləkətlərinə yetişdilər. Baş vəzir onunla gedən başqa elçilərlə birgə xaqanın hüzuruna gəldi. Xaqana baş əyib sözünə belə başladı:

-Böyük xaqan! Çin xaqanı qızını sənə verməkdən imtina elədi!

Xəbərdən Buğutəkinin rəngi sapsarı oldu:

-Nə deyib imtina elədi? Bu qədər yolu mənə elçi göndərtdi ki, mənə «yox», desin? Bu ola bilməz! Siz mənə Çin xaqanı nə deyibsə onu da çatdırın!

Bundan sonra elçilər elçilikdə olan söhbəti, Çin xaqanının şərtini olduğu kimi xaqanlarına çatdırdılar. Buğutəkin bundan sonra sakitləşdi:

- Bu ki, «yox» demək deyil! Çin xaqanı canlı bir adamı cansız daşa dəyişir.

Baş vəzir xaqana etiraz elədi:

- Böyük xaqan cansız dediyin daş bütün xalqımıza əziz, obamıza müqəddəs sayılan bir şeydir. Onu yada verməyimiz dədə-baba əmanətinə xəyanətdir.

Xaqan vəzirə daha aman vermədi ki, danışsın. Zəhmlə qışqırdı:

-Vəzir, deyəsən atam səni baş vəzir eləməkdə yanılıb. Sən baş vəzirliyə yox, mehtərliyə layiq birisiymişsən! Bu gündən belə yekəbaşlığına görə səni baş vəzirlikdən azad edirəm!

Baş vəzir xaqanın belə cahilliyinə yanıb-yaxılsa da bir söz demədən xaqana baş əydi:

- Necə məsləhətdir, elə et, xaqan! Amma Yada daşımızı yadlara vermə, yalvarıram sənə!

Buğutəkinin gözlərindən qəzəb coşub-daşdı. Üzünü gözətçilərə tutdu :

- Yekəbaşlığına görə baş vəzir zirzəmiyə atılsın!

Baş vəziri zirzəmiyə saldılar.

Bundan sonra xaqanın qəzəbindən qorxub daha heç kəs bu haqda xaqana bir söz demədi. Buğutəkin Çin xaqanına namə yazıb göndərdi. Namədə onun şərtinə razı olduğunu bildirdi.

Bundan sonra hər iki xaqanın razılığı ilə toy tədarükü görüldü və az bir vaxtda Çin qızı Çiço Türk xaqanının xanımı oldu. Çin xaqanı Türk məmləkətinə ordu göndərdi ki, Yada daşını məmləkətinə apartdırsın. Amma ordunun güclü əsgərləri nə qədər əlləşdilər, nə qədər tədbir gördülər Yada daşını bütövlükdə götürüb apara bilmədilər.

 

Çin xaqanının əlacı kəsildi, axırda qərara gəldi ki, Yada daşını doğratdırsın, hissələrlə məmələkətinə daşıtdırsın. O belə də elədi. Yada daşının hissələrini dəvə karvanlarına yükləyib Çin məmləkətinə yola düşdülər.

Daşın axırıncı hissəsini dəvəyə yükləyən kimi elə həmin andan da sanki Türk xaqanlığına dərd-sər gəldi.

 

Elə yağış başladı ki, camaatın çoxunun koması suyun altında qaldı. Taxıl yığılan vaxtda sel bütün zəmini ağzına alıb məhsulu öz suyuna-selinə qatıb apardı. Camaatın görüb gördüyü də elə bu axırıncı dərd-bəla gətirən yağış oldu.

Ondan sonra güclü quraqlıq başladı. Quraqlıqdan torpaq çat-çat oldu. Əkilənlər də quraqlıqdan yanıb getdi. Camaat bir neçə dəfə xaqanın hüzurana gəldilər ki, xaqan heç olmasa Yada daşının az bir parçasını Çin xaqanından geri istəsin. Bundan xəbər tutan Buğutəkinin xanımı Çiço gələnləri qovdu. O da atası kimi hiyləgər idi. Altdan-altdan xəzinənin qızıl-gümüşlərini, bahalı zinət əşyalarını atasına göndərdirdi.

Buğutəkinin xaqanlığından bezmiş camaat vətəni tərk edib başqa diyarlara getməyə başladılar. Buğutəkin heç nə ilə bunun qarşısını ala bilmədi. Bir də ağlı başına onda gəldi ki, Çin qızı atasına baş çəkmək bəhanəsilə Çin məmləkətinə yola düşdü və bir daha geri qayıtmadı. Buğutəkin bundan çox təsirləndi. Fikrini dağıtmaq üçün, dərdini azaltmaq üçün məmləkətini gəzməyə çıxdı. Hər yanda uçuq evlər, ac-yalavac adamlar onun qanını daha da qaraltdı. Əvvəllər yaşıllıqdan bərq vuran bağlar indi qupquru yanmış ağaclarla dolu idi. Əvvəllər bacasından tüstü çıxan evlərin bacası palçıqla hörülmüşdü. Bu xaqanın qanını lap qaraltdı. O saraya qayıdıb xəzinənin ağzını açdı ki, ac camaata paylasın. Xəzinəni boş gördü, lap az qaldı bağrı çatlasın. Səhvini indi başa düşdü. Xəzinənin açarları əlindən yerə düşdü. Bəla isə bununla bitmədi. Bəla, bəla dalınca gəlirdi.

Bu vaxt elə bir zəlzələ oldu ki, məmləkət yerlə-yeksan oldu. Deyilənlərə görə hissələrə parçalanmış Yada daşı Çin məmləkətinə də xeyir gətirmədi. Eyni zəlzələ orda da oldu. Acgöz Çin xaqanı öz hiyləgər qızı ilə birgə elə acgözlükləri ucbatından yerin çox-çox dərin qatlarında məhv oldular.

Mənim balam! Yada daşından əfsanələr var, nağıllar var, amma gerçək də var. Gerçəyə isə danışdığımız kimi, inan! Yada daşı həqiqətən də olub. Hələ tunc dövründə əjdadlarımız Yada daşına inanıblar, Yada daşına səcdə ediblər. Əjdadın nəyi sevibsə, sən də onu tanı! Nəyə inanıbsa, onu hörmətlə xatırla! Qoy müqəddəs nə varsa sənin ətrafında, Ulu Tanrı isə başının üstündə olsun! Sənin də, mənim də! Amin!