Şahzadə və Fidan
(Nağıl)
Biri var idi, biri yox idi, Abbas adlı kasıb, fərsiz və çirkin bir kişi var idi. Abbas kişi həm də çox lovğa bir adam idi. Bütün günü camaat arasında lovğalanmaqdan başqa əlindən başqa iş gəlmirdi. Bütün bunların əksinə Abbas kişinin Güllü adlı çox gözəl, ağıllı və zəhmətkeş bir arvadı var idi. Özü də hamiləydi. Bu gün-sabah övladı olasıydı. Ərini lovğalığına görə həmişə danlayırdı. Amma kişi bu xasiyyətindən əl çəkmirdi ki, çəkmirdi. Öyünməyə səbəb tapmayanda arvadını tərifləyirdi:
-Heç bilirsiniz Güllü necə yeməklər bişirir? Hələ onun xalça-palaz toxumağını demirəm. Bu kənddə ən gözəl xalçanı o toxuyur. Gözəlliyi də göz qabağındadır. Heç o haqda danışmağa dəyməz. Övladımız mütləq anasına oxşayacaq! Görərsiniz!
Bu sözləri Abbas kişi o qədər demişdi ki, lap kənd camaatının zəhləsini tökmüşdü. Onlar daha bu lovğa kişinin sözlərinə çox fikir vermirdilər.
Kəndin ağsaqqalı vardı. Onun Abbas kişinin lovğalığına qulaq asmağa heç səbri çatmırdı. Bu dəfə də ona qulaq asandan sonra dedi:
-Ay rəhmətliyin oğlu, bezmədin lovğalanmaqdan? Biz Güllünün zirəkliyinə bələdik. Sən öz əlindən gələn işlərdən danış! Bütün günü lovğalanmaqdan başqa əlindən başqa iş gəlmir. Övladın olmamış onun gözəlliyindən danışmaq Tanrının işlərinə qarışmaqdır. Az lovğalan, bilmək olmaz, hərdən övlad anasına, hərdən də atasına oxşayır. Hərdən də nə ona, nə də o birisinə oxşayır. Övladın sənə də oxşaya bilər. Sir-sifətdə də, gözəllikdə də!
Abbas kişinin tənbehdən xoşu gəlmədi:
-Özünüz görəcəksiniz mənim necə yaraşıqlı oğlum olacaq!
-Təki olsun, ay Abbas kişi, Allahın Güllüyə yazığı gəlsin, ona özü kimi zəhmətkeş, bir övlad versin!
Hamı bir ağızdan «amin» - dedi.
Ay keçdi, gün ötdü, bir gün Abbas kişi ilə Güllü arvadın qız övladları anadan oldu. Körpəni ilk dəfə görən hər kəs qorxdu. Ömründə belə eybəcər körpə görən olmamışdı. Körpə Abbas kişinin dediyinin əksi oldu. Gözəllikdə anasına yox, çirkinlikdə atasına oxşadı. Qapqara, keçəl, yöndəmsiz. Onun gözləri heç görünmürdü, var idi, ya yox idi, bilinmirdi. Amma burnu, qulaqları, ayaqları «maşallah», nə boyda desən…
Onu bir neçə gün anasına göstərmədilər ki, yazıq arvadın həyəcandan südü quruyar. Amma Güllü balasını görəndə heç narahat olmadı. Onu bağrına basdı:
-Xoş gəlmisən dünyamıza, mənim gözəl qızım! – dedi. Hamı məəttəl qaldı. Axı körpənin heç bir gözəlliyi yox idi...
Gün keçdi, il dolandı, bu balaca körpə böyüyüb on beş yaşlı bir qız oldu. Amma yazıq qız yenə də eybəcər idi. Onun kömür kimi üzü, başının seyrək tükü, əyri, seyrək dişləri, donqar burnu, yarıyumulu gözləri, əyri beli və eybəcər ayaqları var idi. Amma gözəl adı vardı. Fidan.
Fidan hər dəfə aynaya baxanda özündən zəhləsi gedər, ağlayardı: «Görəsən, mən nəyə görə bu qədər çirkinəm». Bulaq başına su gətirməyə gedəndə hər dəfə gec gələrdi. Anası onun şişmiş gözlərinə baxanda başa düşərdi ki, o yenə də bulağın suyunda əksinə baxıb xeyli ağlayıb.
Amma Fidan nə qədər çox eybəcər də olsa, onun ürəyi bulaq suyu kimi tərtəmizdi. Özü də çox mehribandı. Amma bunun nə xeyri, kənddə heç bir qız onnan gəzməyə getməz, onunla rəfiqəlik etməzdi. Onu heç bir xınayaxdıya, toya çağırmazdılar. Yazıq qız elə tənhaca gəzərdi. Əlacsızlıqdan meşədəki heyvanlarla dostluq edər, onlara dərdini danışardı. Onlar da qızın dərdinə qulaq asar, başa düşürlər kimi başlarını bulayardılar.
Bir gün yenə də Fidan bulaq başından gec gəlmişdi. Gözləri də şişib-qızarmışdı. Anası bunu görəndə ürəyi dözmədi, bilmədi qızının könlünün necə alsın. Torbasından ona bir qızıl verib dedi:
-Səhər kənddə xınayaxdı var. Səni də özümlə ora aparacağam. Get bazara, özüvə təzə başmağ al. Başmaxların lap köhnəlib.
Yazıq ana heç olmasa bu yolla balasının ürəyini ovundurmağa çalışdı.
Fidan sevincək pulu aldı. Anasını öpüb bazara getmək üçün tədarük görməyə başladı.
Səhər oldu. Fidan bazara yollandı. Bazarı bir xeyli gəzəndən sonra axır ki, özünə qəşəng bir başmaq tapdı. Başmaq çox gözəl idi. Amma Fidan onu eybəcər ayaqlarına geyəndə elə bil başmaq da eybəcərləşdi. Başmaq satan da, onun yanındakılar da gülüşməyə başladılar. Fidan pərt oldu. Amma neyləsin, «gülməli şeyə gülərlər də...» – deyə fikirləşdi.
Elə istəyirdi ki, pulu başmaq satana versin, gördü ki, bir qəssab boz bir pişiyi çubuqla döyür. Pişik də elə çığırır ki...
Pişiyə yazığı gəldi. Qaçdı onu qəssabın əlindən alsın:
-Yazıqdır, onu döymə, ver mənə.
Qəssab hirsləndi:
-Öz pişiyimdir, özüm bilərəm. Onu saxlayıram ki, siçanları yesin, bir dənə də olsun siçan yemir. Ona görə döyürəm.
Qız bilmədi ki, pişiyi qəssabın əlindən necə xilas eləsin:
-İstəyirsən bir qızılım var, verim sənə, əvəzində pişiyi ver mənə!
Qəssab sevindi:
-Əlbəttə istəyirəm! – deyib, qızılı Fidandan aldı və əvəzində arıqlıqdan sümükləri çıxmış, döyülməkdən tükləri tökülmüş pişiyi aldı.
Pişiyi evə gətirəndə anası çox sevindi. Onu tumarladı:
-Necə gözəl pişikdir. Düz eləmisən onu bir qızıla dəyişmisən. Heyvancığazı zalım qəssabın əlindən qurtarmısan.
Atası isə hirsləndi:
-Belə eybəcər pişiyə mən heç qara pul da verməzdim!
Fidan atasının sözlərindən bikef olsa da pişiyi xilas elədiyinə sevindi.
Bir neçə gündən sonra Fidan çaya – paltar yumağa getmişdi. Çayın suyunda əksinə baxanda ağlamaq onu tutdu. Qayıdanda yenə də gözləri şişmişdi. Anası dözmədi. Qızının ürəyi açılsın deyə, ona bir qızıl verib dedi:
-Səhər günorta qonşuda toy var, səni də toya aparacağam! Tezdənnən get bazara, özüvə qırmızı don al.
Fidan sevindi. Qucaqlayıb anasının o üzündən bu üzündən öpdü. Səhər bazara getmək üçün tədarük görməyə başladı.
Obaşdannan durub bazara getdi. Çox axtarandan sonra axır ki, qəşəng bir qırmızı don tapdı. Əyninə tutdu ki, görsün yaraşır, yaraşmır, bazardakılar pıqqapıqla gülməyə başladılar. Fidan az qalmışdı paltarı atıb qaçsın, bir də baxdı ki, bir kişi bir gözəl atı çubuqlaya-çubuqlaya bazara gətirir. Bazarın ortasına çatanda isə qayçını götürüb atın uzun, qara, şəvə kimi quyruğunu kəsdi. Bazardakılar kişini qınadılar:
-Ay kişi, heyfin gəlmədi, belə gözəl atın quyruğunu kəsdin?
Kişi hirslə cavab verdi:
-Bu at məni cıdırda biabır eləyib. Bütün atlar onu keçiblər! Ona görə də onu kim istəsə, neçəyə istəsə ona da satacağam!
Bunu eşidən Fidan tez irəli yeridi:
-Atı mən alıram! Bir qızılım var!
Kişi daha söz vermişdi. Ona görə də əlacsız qalıb atı bir qızıla Fidana satdı. Qız atı alıb sevincək evə getdi.
Anası həyətdə atı görəndə təəccübləndi:
-Fidan, nə gözəl atdır? Onu sənə kim bağışlayıb?
-Onu mənə bağışlamayıblar. Paltar almaq üçün verdiyin bir qızıla almışam! - Fidan dedi:
Anası atı tumarladı:
-Çox əcəb eləmisən! O bir qızıla yox, yüz qızıla dəyər!
Atası isə bu dəfə də hirsləndi:
-Quyruğu kəsik ata mən heç qara qəpik də verməzdim. O ki qaldı bir qızıl!
Aradan bir neçə gün keçdi. Anası gördü ki, Fidan yenə də bikef gəzir. Yenə də ona bir qızıl verib bazara göndərdi ki, özünə şirnidən-firnidən alsın kefi açılsın.
Fidan bazara təzəcə çatmışdı ki, bazara bir əlində ceyran balası o biri əlində isə tutuquşu tutmuş bir ovçu gəldi. Tutuquşunun bir qanadı sallandığından Fidan başa düşdü ki, quşun qanadı sınıb. Ceyran balası isə kirimişcə qısılmışdı ovçunun qucağına. Gözlərindən də elə yaş tökürdü, elə yaş tökürdü ki, elə bil heyvan yox, insandır.
Fidanın Tutuquşuya və ceyran balasına yazığı gəldi. Ovçuya çox yalvar-yaxar edəndən sonra onların hər ikisinə bir qızıl verib onları aldı. Şirni almağa isə pulu qalmadı. Gözü şirnidə qala-qala, bazardan çıxdı, yollandı evlərinə.
Evə qayıdanda yolda ceyranı meşəyə ötürüb dedi:
-Get yuvana bala ceyran, yəqin indi anan səni axtarır.
Bala ceyran isə getmək əvəzinə oturdu yerdə. Fidan fikirləşdi ki, bəlkə elə ovçu ceyranın anasını vurub, ona görə balası heç yerə tərpənmir. Belə fikirlərlə qız ceyranı yenə də qucağına aldı və bir əlində ceyran, digər əlində tutuquşu evlərinə qayıtdı.
Anasının yenə də Fidanın bazarlığından xoşu gəldi. Atası isə həmişəki kimi deyindi:
-Qanadı sınıq tutuquşu sənin nəyinə gərəkdir axı? Bəs ceyran balasını demirəm. Onun nə əti var, nə də ki, bahalı dərisi. Bir qızıla heyfin gəlmədi ki, onu belə boş-şeylərə xərclədin?
Atası Fidanı danlasa da, anası onun xətrinə dəymədi, heyvanları əzizlədi.
Fidan heyvanları və tutuquşunu başına yığdı. Su isidib onları çimdirdi. Sən demə pişik ağappaq imiş. Çiməndən sonra onun boz tükləri oldu ağappaq. Qız tutuquşunun qanadına məlhəm qoydu və sarıdı.
Bir müddətdən sonra tutuquşunun qanadı sağaldı, ceyran kökəldi, pişiyin tükləri daha da ağardı, atın isə quyruğu nalına qədər uzandı.
Fidan onlarla dostlaşdı. O hər gün dostlarını başına yığır, onlarla söhbət edirdi. Tutuquşudan başqa heç biri nsan kimi danışa bilməsə də, dərdli Fidan onlarla dərdini bölüşürdü. Hər dəfə qız çirkin olduğunu deyib göz yaşı tökəndə onlar da Fidana qoşulub ağlaşırdılar. Bəzən Fidan dostlarına nağıl danışırdı. Özündən cürbəcür nağıllar quraşdırıb danışanda heyvanlar diqqətlə qulaq asırdılar. Onların nağıldan xoşu gəlirdi. Tutuquşu isə hətta Fidanın dediklərini təkrar edirdi.
Bir gün Fidan dostlarına nağıl danışdı. Özündən elə gop elədi, elə gop elədi ki, tutuquşu gülməkdən uğunub getdi. Fidan nağılı belə quraşdırmışdı: «Güya ki, bir məmləkətdə Fidan adlı göyçək bir qız olur. Bu qız elə göyçək olur ki, şahzadə Səmra ona bir könüldən min könülə vurulur. Fidan isə ona ərə getmək istəmir, naz eləyir. Elçilərə rədd cavabı verir. Bundan şahzadə çox məyus olur. Hətta azarlayıb yatağa düşür. Bütün məmələkət əhli bir-bir gəlir Fidanın ata-anasının yanına onlara yalvarırlar: «Şahzadə Səmra Fidandan başqa heç kəsi sevmir!».
Elə nağılın bu yerində Tutuquşu gülməkdən uğundu. O qədər güldü ki, Fidan hirsləndi. Onu tutub qolu gəldikcə göyə tulladı və dedi:
-Sən nağıla qulaq asmaq istəmirsən! Uç get bir az uzaqlara, sakitləşəndən sonra qayıdarsan.
Tutuquşu gülə-gülə uçub getdi. Fidanın nağılı onun o qədər xoşuna gəlmişdi ki, uça-uça onu təkrar eləməyə başladı: «Şahzadə Səmra Fidandan başqa heç kəsi sevmir!».
Tutuquşu qondu hündür bir qayanın başına orada da Fidanın dediklərini təkrar elədi: «Şahzadə Səmra Fidandan başqa heç kəsi sevmir!».
Tutuquşunun səsi qayalıqda əks-səda verdi. Onun səsi aləmə yayıldı.
Hamı bu sözləri eşitdi: «Şahzadə Səmra Fidandan başqa heç kəsi sevmir!». Məmləkətdə hamı Fidanı görmək istədi. Fidanı tanıyanlar isə eşitdiklərinə inanmaq istəmədilər.
Tutuquşu uçub qondu şah sarayına. Orada da təkrar elədi: «Şahzadə Səmra Fidandan başqa heç kəsi sevmir!»
Tutuquşunun səsini eşidən şahzadə Səmra çox sevindi. Çünki o çoxdan idi ki, evlənmək üçün gözəl qız soraqlayırdı, amma tapa bilmirdi. Ona görə dedi:
-Bu gözəllər gözəli Fidan kimdirsə, elə mənim qismətimdir. Mən yalnız onunla evlənmək istəyirəm!
Sonra isə tez atasının yanına getdi:
-Ata, axır ki, istəyimə çatdım. Ən gözəl qız tapa bildim. Fidan adlı gözəl, özümə layiq qız tapmışam!
Şah da oğlundan eşitdiyi xəbərə sevindi. Oğlunun sözünü yerə salmadı, əmr etdi:
-Əmr edirəm! Oğlumun istəyi həmən yerinə yetirilsin! Harada olur-olsun tez o gözəl Fidanı tapın və ona elçi düşün!
Nökər-naiblər soraqlaşıb Fidangilin evlərini tapdılar. Ağsaqqalllar, şahın hörmətli adamları qız evinə gəlib elçi daşının üstündə oturdular:
-Biz şahın elçiləriyik! – dedilər.
Abbas kişi şahın elçilərini görəndə gözlərinə inanmadı. Kişinin həyəcandan dili tutuldu. Ərinin danışa bilmədiyini görən Güllü arvad qonaqların qarşısına özü çıxdı:
-Allaha da qurban olum, onun elçilərinə də! Xoş gəlibsiniz!
Elçilər niyyətlərini açıqladıar:
-Şah, qızınız Fidanı oğlu - şahzadə Səmraya almaq istəyir. Razılığınızı almağa gəlmişik!
Arvad bu sözləri eşidəndə hirsləndi. O, qızını çox istəyirdi. Fidanın xətrinə dəyəni qapısından qovmağa hazır idi. Elə bildi ki, gələnlər onun qızının eybəcərliyini ələ salırlar. O bilirdi ki, şahzadə Səmra heç vaxt onun qızına elçi göndərən deyil. Ona o qədər gözəl qızlar göstərmişdilər ki, heç birini bəyənməmişdi. İndi də durub onun çirkin qızına elçi göndərəcəkdi? Ona görə də Güllü arvad hirslə dedi:
-Mənim qızım şahzadəyə layiq deyil. O çox çirkindir. O şah oğluna ərə gedə bilməz. Sarayda onu yola verməzlər. Siz dediyimi şaha belə də deyin!
Elçilər getdilər. Fidan eşidəndə ki, ona şahzadə Səmra elçi düşüb, bu qəfil xəbərdən az qaldı başına hava gəlsin. Xırda gözləri təəccübdən bərəldi, yekə ağzı açıla qaldı:
-Ana, doğru deyirsən? Doğrudan da şahzadə Səmra mənə elçi düşüb? Heç belə şey ola bilər?
-Kiri qız, səsini çıxartma, mənim bu elçilərdən heç gözüm su içmir. Səbr elə görək bu işin axırı nə ilə qurtarır.
Abbas kişi isə lovğalığından qalmadı:
-Şah mənim ad-sanıma görə qızıma elçi düşüb!
-Bəsdir lovğalandın ay kişi! Elə sənin lovğalığından başımız bəlalar çəkir! – deyə Güllü arvad ərini danladı:
Fidan bu xəbəri eşidən kimi sevincək dostlarını başına yığıb olanları onlara da danışdı. Sevincini onlarla bölüşdürdü. Atı minib çapdı. Və var gücü ilə qışqırdı:
-Şahzadə Səmra Fidana elçi göndərib! Şahzadə Səmra Fidana elçi göndərib!
Hər yandan əks-səda gəldi:
-Şahzadə Səmra Fidana elçi göndərib! Şahzadə Səmra Fidana elçi göndərib!
Tutuquşu da yenə uçub hər yana qondu və Fidanın dediklərini təkrar elədi:
-Şahzadə Səmra Fidana elçi göndərib! Şahzadə Səmra Fidana elçi göndərib!
Yenə də əks-səda dağlara, daşlara, bütün məmələkətə yayıldı. Hətta saraya da gəlib çatdı. Sarayda pıçhapıç başlandı:
-Eşitmisiz, Şahzadə Səmra Fidana elçi göndərib. Elçilərə rədd cavabı veriblər.
-Doğrudan?
-Belə deyirlər!
Şahzadə Səmra isə elə fikirləşdi ki, gör qız nə qədər gözəl, nə qədər ağıllıdır ki, onu asanlıqla şahzadəyə vermək istəmirlər.
Şah elçilərin cavabını eşidəndə məəttəl qaldı. Qızı almaq fikrindən vaz keçdi. Şahzadə isə atası ilə razılaşmayıb ikinci dəfə qıza elçi göndərməyi xahiş etdi.
Elçilər yenə də gəlib elçi daşının üstündə oturdular.
Qabaqcadan elçilərin gəldiyi xəbərini eşidən ata-ana, yəqin elədilər ki, bu dəfə elçilər doğrudan da onların qızını istəməyə gəliblər. Qorxudan qaçıb tövlədə gizləndilər. Qorxdular ki, şahzadə qızın eybəcərliyini görən kimi onu edam eləyə.
Elçilər həyətdə elçi daşının üstündə oturdular. Gözlədilər, gözlədilər, həyətə çıxıb elçilərə «xoş gəlmisiniz», deyən olmadı. Qaranlıq düşənə qədər gözlədilər. Qaranlıq duşəndə çıxıb getdilər.
Bütün bunlardan sonra şahzadənin Fidanı almaq istəyi daha da artdı. O qızdan asanlıqla əl çəkmək istəmədi.
Səhər oldu. Elçiliyə bu dəfə baş vəzir bir neçə saray ağsaqqalları ilə birgə gəldi. Sübh tezdən hələ hava işıqlanmamış onlar elçi daşının üstündə oturdular. Ər-arvad heç qaçıb gizlənməyə macal da tapmadılar. Naəlac qalıb elçilərə «hə» cavabı verdilər. Baş vəzir sevinc içərisində şahzadəyə xoş xəbər apardı.
Sarayda toy hazırlığına başlandı.
Ata-ana razılıq cavabı versələr də hər ikisinin qorxudan bağrı çatlayırdı. Fidan isə onlardan da betər qorxurdu. O heç cürə başa düşə bilmirdi ki, şahzadə bu qədər gözəl-göyçək qızları qoyub niyə ona elçi düşüb? Qız tərəfi fikirləşirdi ki, yəqin şahzadənin başı xarab olub. Amma nə fikirləşirdilərsə də, bunnan belə, toya hazırlaşırdılar.
Fidan yazıq da gözlərindən yaş axıda-axıda toya hazırlaşırdı. Yazıq qız qorxurdu ki, şahzadə Səmra onu görən kimi evlənməyinə peşman olsun və biabırçılıqla onu geri döndərsin.
Gəlin paltarı geyinməmişdən qabaq Fidan düz meşəyə qaçdı. Əvvəlcə gur şəlalənin altında çimdi ki, heç olmasa bir az da olsa ağarsın deyə. Çimib qurtarandan sonra əyilib suda öz əksinə baxdı. Gördü yenə də qapqaradır. Zülüm-zülüm ağlamağa başladı. Bu vaxt Fidanın dostları onu əhatəyə aldılar. Onlar Fidanı çox istəyirdilər. Fidan ağlayanda onlar dözə bilmirdilər. Birdən at elə bərkdən kişnədi ki.., bala ceyran quzu kimi mələdi.., pişik isə bərkdən miyoldadı... Lap axırda tutuquşu insan kimi danışdı:
-Ağlama əziz dostumuz, ağlama! Heç bilirsən at, ceyran, pişik nə deyirlər?
-Nə deyirlər? – deyib Fidan bir an ağlamağını saxladı:
Tutuquşu dedi:
-At deyir, ağlama mənim bacım, mən öz gözəl quyruğumdan ona qalın hörüklər hədiyyə edərəm!
Fidan yenə də ağlamağını davam elədi:
-Bu mümkün olan iş deyil! Bu ancaq nağıllarda belə olur! Mən qorxuram, qorxuram şahzadə mənim qaralığımı, eybəcərliyimi görüb döyüb saraydan qovsun!
Tutuquşu dedi:
-Qorxma, əziz bacımız! Ceyran da dedi ki, öz gözəlliyindən sənə bağışlayacaq!
Fidan gözlərinin yaşını sildi. Ceyranı qucaqlayıb öpdü:
-Sağ ol, mənim ceyranım! Əziyyət çəkmə! Mən daha heç vaxt gözəl ola bilmərəm!
Daha sonra tutuquşu dedi:
-Pişik də dedi ki, sənə ağlığından hədiyyə edəcək!
Fidan pişiyin ağ tüklərini tumarladı:
-Qara adamlar ağarmaz, mənim ağ pişiyim!
Tutuquşu lap axırda öz sözünü Fidana dedi:
-Mən də hamını heyran edən gözəl danışığımı sənə hədiyyə edəcəyəm!
Qız dostlarının verdiyi vədlərə inanmasa da onlara «çox sağ olun, mənim etibarlı dostlarım!» -deyib, onları öpdü və toya hazırlaşmaq üçün evə yollandı.
Gəlini aparmağa az qalırdı. Fidan gəlin paltarını geyindi. Üzünə nə qədər ənnik-kirşan sürtdüsə də, xeyri olmadı ki, olmadı. Aynaya baxdı ki, yenə də eybəcərdir. Üzünə nə yaxmışdısa, hamısını sildi. Birdən bayırdan səs gəldi:
-Vaxtdır! Gəlin bayıra çıxsın!
Bu şah adamlarının səsi idi. Fidan bu səsi eşidəndə qorxudan əsim-əsim əsməyə və ağlamağa başladı. Fikirləşdi ki, indi eybəcərliyini görüb onu daşa basacaqlar. Evdən bayıra çıxmaq üçün qapını açanda at qapqara, şəvə kimi quyruğundan, ceyran gözəlliyindən, ağ pişik ağlığından, tutuquşu isə gözəl danışığından Fidana verdilər. Fidan gözəllər gözəlinə çevrildi. Qapıdan bayıra çıxanda hamı ona heyran oldu. Hərə bir söz dedi:
-Aman Allah! O necə də dəyişib!
-Fidan necə də gözəlləşib!
-Lap mələyə oxşayır!
-Şahzadə bəxtəvər olub!
Hətta ata-anası da onu güclə tanıdı. Fidan isə get-gedə daha da bərkdən ağlayırdı. O, elə başa düşürdü ki, hamı onu ələ salıb gülür.
Gəlini gəcavəyə mindirib şah sarayına apardılar. Sarayda şahzadə qızı görən kimi ona bir könüldən min könülə vuruldu. Barmağındakı ən qiymətli üzüyü çıxarıb gözəllər gözəlinin barmağına taxdı. Üzüyün qaşı çox böyük idi. Fidan üzüyün qaşında öz əksini gördü. O, doğrudan da gözəlləşmişdi. Özünü tanımadı. Sevindiyindən qışqırdı:
-Mən gözələm! Mən gözələm!
Həmin gündən Fidanın adı gözəl Fidan qaldı.
Nağılımız da burada qurtardı. Nağılımıza qulaq asan oğlanlara şahzadə Səmra təxti, Səmra bəxti, qızlara isə Fidan gözəlliyi və Fidan dostları kimi etibarlı dostlar
arzulayıram! Siz sağ olun, Gülzar nənəniz də salamat!