İlanlı dərənin sirri
(Nağıl)
Biri vardı, biri yoxdu, Oğuz elində Buğra adlı bir xan vardı. Buğra xanın camaat arasında böyük hörməti var idi. İgid Buğra xan həm rəhmdilli, həm də çox əliaçıq idi.
Xanın özünə layiq külfəti vardı. Arvadı Bayır Banu gözəl, işbilən və dindar bir banu idi.
Onların biri-birindən ağıllı, yaraşıqlı üç oğlu vardı: İl Təkin, Quzu Təkin və Bəy Təkin. Oğullar nə oğullar: Min ocağın işığı, bir elin yaraşığı. İgid, at çapan, meydanda at oynadan, pəhləvan oğlanların kürəyini yerə vuran, danışanda ağızlarından söz əvəzinə dürr tökülən, yeriyəndə yer titrəyən üç cəngavər. Üç qardaşın üçü də elə mehriban idilər ki, biri-birini çağıranda ancaq «can» deyərdilər.
Ata oğullarına baxanda fəxr edər, ana oğullarına baxanda sevincdən gözləri yaşarardı. Obanın çox qızlarının gözü bu üç cavandaydı.
Günlərin bir günündə Oğuz elinin üstünə qara bir duman gəldi. Qara duman bir neçə gün Buğra xanın malikanəsinin üstünə fırlandı. Bu duman gələndən bəri Bayır Banunun ürəyinə də qara fikirlər gəldi. Nə qədər elədisə də bu qara fikirləri ürəyindən çıxarda bilmədi. Qara duman Bayır Banunu dərdə saldı, azara saldı, yorğan-döşəyə saldı. Dərdinə heç yerdən dərman, ağrıyan ürəyinə heç yerdən məlhəm tapılmadı. Gözəl qadının gül çöhrəsinə sarılıq çökdü. Gülər üzündə kədər göründü. Və günlərin bir günündə obaya yenə də qara duman gəldi. Bu dəfə o, Bayır Banunu həmişəlik özü ilə apardı.
Arvadını çox sevən Buğra xan onun ölümündən çox kədərləndi. Uzun müddət özünə yer tapa bilmədi. Oğlanları İl Təkin, Quzu Təkin, Bəy Təkin analarına çox ağladılar, lap çox, amma onların göz yaşları ananı geri qaytara bilmədi.
İllər keçdi, Buğra xanın qəlb yarası isə sağalmadı ki, sağalmadı. Ocağı isinmədi, oğlanlarının qəlbi açılmadı, üzləri gülmədi.
Camaat, qonum-qonşu Bkuğra xanı danladı:
- Ölənlə ölməz, gedənlə getməzlər. Tanrı qəzəbinə gələrsən, Buğra xan! Qəm içində dolanan oğlanlarına yazığın gəlsin. Evlən, ocağın təzədən isinsin.
Buğra xan uzun müddət camaatla razılaşıb, evlənmədi. Bir müddətdən sonra isə oğlanlarının anasız korluq çəkdiklərini görüb naəlac razılaşdı. Amma özünə bab birisi ilə yox, cavan bir qızla evləndi. Könlü belə istədi.
Qız varlı bir ailənin tək, həddindən çox ərköyün, gözəl, həm də tərs xasiyyətli qızıydı. Adı Gündizə idi. Gündizə ər evinə gələn gündən üç qardaşları görən gözü olmadı. Onlarla qaş-qabaqla, əda ilə danışmağa, kobud rəftar eləməyə başladı. Həmişə bir-birinə can deyən qardaşların arasına soyuqluq düşdü. Gündizə onların arasına həmişə dava salmağa çalışdı. Buğra xan nə qədər eləyirdisə də, oğlanları arasında əvvəlki mehribançılığı yarada bilmirdi. Gündizənin isə pisliyindən günü-gündən gözəlliyi azalır, həyasızlığı artırdı.
Bir gün isə heç kəsin ağlına gəlməyən dəhşətli bir hadisə baş verdi. Bu o zaman idi ki, Buğra xan böyük oğlu İl Təkin və kiçik oğlu Bəy Təkinlə ova getmişdi. Quzu Təkinin isə başı möhkəm ağrıdığından evdə qalmışdı.
Buğra xan hər dəfə ova gedəndən üç günə qayıdırdı. Bu dəfə də belə oldu. Düz üç günün tamamında evə qayıtdı. Amma ey Dadi-Bidad... Qayıdanda öz cavan, gözəl arvadının dilindən nələr eşitmədi...
Ovdan yorğun-arğın qayıdan Buğra xanı Gündizə qaçıb qucaqladı, hönkür çəkib ağlaya-ağlaya dedi:
-Qeyrətli Buğra xan! Bu üç gündə namusumu sənin bu məlun oğlun Quzu Təkindən güclə qoruyub saxlamışam! O bu neçə gündə bir an da olsa məndən əl çəkməyib, namusumu ləkələmək istəyib. Paltarlarımı cırıq-cırıq eləyib, saçlarımı yoluq-yoluq eləyib, əl çəkməyib məndən, mənim sevimli ərim! Çarə elə mənim dərdimə, mən artıq dözə bilmirəm, ya mən bu ocaqda qalmalıyam, ya da analığına göz dikən bu namussuz oğlun!
Buğra xan bunu eşidəndə dəli kimi oldu. O oğlundan belə binamusluq gözləmirdi. Çünki Quzu Təkin oğlanların gözü idi, namus-qeyrətdə, mehribançılıqda, işgüzarlıqda. Kişi inanmaq istəmədi eşitdiyi sözlərə. Amma arvadı cırıq paltarları gətirib ona göstərəndə və yaylığını açıb yoluq saçlarını tökəndə, onun qolundakı cırmaq yerlərini görəndə inanmaq istəmədiyi sözlərə inandı.
Oğluna nifrətlə, qəzəblə baxdı. Quzu Təkin özünü təmizə çıxarmağa söz tapmadı. Analığının hərəkətindən, şərindən dili tutuldu. Rəngi oldu qıpqırmızı. Gözlərini bu həyasız qadının gözlərindən ayıra bilmədi. Gecə Ay işığında olanları yadına saldı...
O gecə hələ ki atası, qardaşları ovdan qayıtmamışdı, Quzu Təkin yatmağa hazırlaşırdı. O hava isti olanda həmişə həyətdə yatardı. Bu dəfə də çox isti olduğundan həyətdə yatmaq istədi. Gündizədən xahiş elədi ki, onun yorğan-döşəyini həyətə gətirsin.
Gündizə axşamnan bəri elə bəzənib-düzənmişdi ki, elə bil toya getməyə hazırlaşmışdı. Quzu Təkin belə deyəndə «gözüm üstə» deyib, ayağa qalxdı, yaxınlaşıb Quzu Təkini üzündən-gözündən öpdü. Sonra isə evdən yorğan-döşək gətirmək üçün nazlana-nazlana getdi.
Quzu Təkin analığının birdən-birə dəyişib mehribanlaşmağından baş açmadı. O həmişə qardaşlarla kobud danışardı. Bu gecə isə qadın elə bil tamam dəyişmişdi.
Oğlan darvazanı bağlayıb qayıdana qədər gördü ki, yorğan-döşək salınıb. Fikirləşdi ki, elə paltarlı-paltarlı yatsın, birdən gecə üst-başı açılar, analığından ayıb olar. Təkcə çarığını çıxartdı. Yorğanı qaldırdı ki, altına girsin, nə görsə yaxşıdı? Analığı anadan necə doğulmuşdusa, eləcənə lümbələm-lüt uzanmışdı onun yatağına. Qapqara qıvrım saçlarını da açıb balışın üstünə səpələmişdi. Özü də elə gözəldi, elə gözəldi ki, elə bil mələkdi. Ay işığı onun ağ bədənini, qapqara saçlarını, alışıb-yanan gözlərini elə şəfəqləndirmişdi ki, elə bil burda insan yox, sehrli bir mələk uzanmışdı.
Bir anlıq ərgan oğlanın – yəni evlənmək vaxtı çatmış oğlanın ağlı başından çıxsa, da o tez özünü yığışdırdı. Bu mələyin iblis olduğunu başa düşüb şəhvət hissini unutdu, özünü topladı və acıqlandı:
- Dur geyin, özün də rədd ol, get burdan, məlun! Atamın namusunu beləmi qoruyursan, şərəfsiz qadın? Mələk olsan belə gərəyim deyilsən! Sən atamın namususan. Mən o namusa təcavüz edə bilmərəm! Sən murdar nəfsinlə Buğra ocağına ləkə gətirə bilməzsən! Səhər hər şeyi atama danışacağam, qoy hər şeyi bilsin, özüm də öz əlimlə aparıb səni atanın evinə qoyacağam.
Gündizə qorxdu, əgər doğrudan da Quzu Təkin onu belə adla atası evinə aparsaydı, atası mütləq onun başını kəsəcəkdi. Bilmədi neyləsin. Düşdü Quzu Təkinin ayaqlarına. Ağladı, yalvardı ki, heç kəsə bir söz deməsin. Düzü o sakit Quzu Təkindən bunu gözləmirdi. Elə bilirdi Quzu Təkin onu çılpaq görəndə ağlı başından çıxacaq və hər şey qadının istədiyi kimi olacaq. Amma hər şey tərsinə oldu.
Bu gecə baş vermiş dəhşət idi, gündüzün isə dəhşəti ondan da betər oldu.
Buğra xan ovdan qayıdanda Gündizə Quzu Təkini qabaqladı. Özündən ağ bir yalan quraşdırıb insafsızcasına Quzu Təkini şərlədi. Qardaşları olanları eşitsələr də Gündizəyə inanmadılar. Onlar ataları kimi birdən-birə Quzu Təkinə olan məhəbbətlərini nifrətə çevirə bilmədilər.
Gündizə isə ağlayır, sakitləşmək bilmirdi. Qollarını çırmayıb, cırmaq yerlərini ərinə göstərir, deyirdi:
- Nə gözləyirsən, Buğra xan! Əgər bu saat oğlundan qisas almasan, özümü öldürəcəyəm! Mən belə namussuzluğu götürə bilmərəm.Tez elə, öldür onu, öldür onu!
Bu sözləri eşidəndə Buğra xanın gözlərini qan örtdü. Qarşısındakının oğlu olduğunu unudub, qisas hissi ilə qılıncını göyə qaldırdı ki, onu qılıncdan keçirsin.
Bu zaman məhrum arvadı Biyar banunun ruhu qılıncın qarşısına keçdi. Ruhdan səda çıxdı:
- Oğlanlarımı ögey ana fitnəsinə bada vermə! Dəymə Quzu Təkinimə!
Buğur xandan başqa heç kəs onu eşitmədi. Buğur xandan başqa heç kəs ruhu görmədi. Onun əlləri boşaldı, yanına düşdü.
Oğlunu qılıncdan keçirmək fikrindən keçdi. Amma namus qisası onu sakit buraxmadı. Qəzəblənmiş ata qışqırdı:
- Buğranın namuslu çörəyi burnundan gəlsin! Anan Bayır Banunun südü haramın olsun!
Sevimli anasının adını eşidən Quzu Təkinin elə bil dili tutulmuşdu, açıldı:
- Dur dədə! İnandınmı mən belə alçaq iş tutaram? Gündizə böhtançı, şərçidir! Dədə, mənim heç bir günahım yoxdur, inan mənə! Sən yalançı bir qadına yox, mənə, balana inan! Mən sənin namısuna ləkə gətirən iş tutarammı heç? Uyma yalana dədə, uyma böhtana!
Bu sözlərə məhəl qoymayan Buğra xan taxçadan ilan zəhərini qapıb oğlunun gözlərinə atdı və dedi:
- Bu gündən mənim sən adda oğlum yoxdur. Adıma, şərəfimə, namusuma xor baxdığına görə qoy görər gözlərin kor olsun! Yox əgər dediklərin doğrusa, qoy İlanlı dərənin ilanları gözlərini açsın!
- Neylədin, dədə? – deyə Quzu Təkin əlləri ilə yanan gözlərini tutub çığırdı. Qardaşları onu qucaqladılar. Eşitdiklərinə inanmasalar da, atalarına da qarşı çıxa bilmədilər.
Qardaşlar Quzu Təkinə dərviş paltarı geyindirib İlanlı dərəyə yola saldılar. Haraydı bu İlanlı dərə? Nə üçün kor olmuş Quzu Təkini ora yola saldılar? Qulaq asın, mən də danışım.
İlanlı dərə çox uzaq, çox uzaq bir məmləkətdə yerləşirdi. Bu elə bir isti dərə idi ki, burda zəhərli ilanlardan başqa bir canlı yaşamırdı. İlanlar sehrli idilər. Hər kəs günah işlətsəydi və günahını boynuna almasaydı, onun gözlərinə həmin ilanların zəhərindən atar, onu təkcənə, payi-piyada isti çöllərlə İlanlı dərəyə göndərərdilər. Əgər həmin adam günahkar olsaydı, ilanlar onu çalıb öldürərdilər, yox əgər, günahsız olsaydı ona dəyməzdilər. Onu şərləyiblərsə, ilanlar dilləri ilə həmin adamın gözlərini yalayar, korluğunu götürərdilər. Ondan sonra kor olmuş adamın gözləri açılar, şəfa tapardı. Günahı olmayanın gözləri açılan kimi də onu şərləyən adamın gözləri kor olardı.
İndə də ona görə qardaşlar kədər içərisində Quzu Təkinə dərviş paltarı geyindirib həmin İlanlı dərəyə yola saldılar ki, gedib sehrli ilanlardan özünə şəfa diləsin.
Quzu Təkin günahsızlığını sübut eləyə bilməyib əlinə əsa aldı, əsanı yerə vura-vura, özünə yol axtarıb tapdı, az getdi, çox getdi, heç bilmədi neçə gün yol getdi. Axı onun dünya işığını görməkdən mərhum gözləri nə Günəşin batmasını, nə də Ayın çıxmasını görürdü.
Amma Quzu Təkin, ağıllı oğlan, Buğra xanın namuslu balası yol getdi, getdi ki, haqqa çatsın, getdi ki, günahsızlığını sübuta yetirsin, atasını, qardaşlarını nigarançılıqdan qurtarsın. Öz gözlərinə şəfa axtarmaq üçün yox, atasını, qardaşlarını yalançı, böhtançı, qəddar, analığından xilas etmək üçün getdi. O bilirdi ki, belə etməsə onun başına gələnlər bir gün qardaşlarının da başına gələ bilər. Qardaşları böhtançı Gündizənin qurbanına çevrilə bilərlər.
Quzu Təkin çox yol getdi, yağışa düşdü, amma dayanmadı, palçıqdan keçdi, durmadı, bataqlığa batdı, yenə qalxdı, qalxıb yoluna davam elədi. Bir də isti bir yerə çatanda, ayağına ilan sarılmasını hiss edəndə başa düşdü ki, İlanlı dərədədir.
Sehrli ilanlar yavaş-yavaş Quzu Təkinə sarılmağa başladılar. Oğlan sehrli ilanlardan qorxmasa da həyəcandan bədəni üşüdü. Amma dözdü. Bilirdi ki, günahsızdır, bilirdi ki, gözləri açılacaq. Sonra başqa bir ilan Quzu Təkinin o biri ayağına sarıldı. Sonra bir başqası qoluna. Belə-belə ilanlar onun bədəninə sarıldılar. Lap axırda böyük bir ilan onun boynuna sarıldı.
İndi gəlin bircə anlıq Quzu Təkindən ayrılıb qayıdaq Buğra xanın xanədanına. Bu vaxt Buğra xan öz cavan arvadı Gündizə ilə oturub çay içir, dünyadakı haqsızlıqlardan gileylənirdi. Birdən gəlinə elə gəldi ki, kimsə onu boğmaq istəyir. O əlləri ilə boğazından tutub özünü xilas eləməyə çalışdı. Nə qədər əlləşdisə, heç bir köməyi olmadı ki, olmadı. Buğra xan başa düşə bilmədi ki, gəlinə nə olub? Gündizə bir xeyli çapaladıqdan sonra huşunu itirib yerə yıxıldı. Ayıltdılar onu. Özünə gələndə Gündizə qışqırdı:
- Şamları yandırın! Hər tərəf qaranlıqdır, mən heç nə görmürəm.
Hava işıqlı idi. Ona görə də hamı başa düşdü ki, Gündizənin gözləri tutulub. Onun ögey oğlu Quzu Təkini şərlədiyi hər kəsə aydınca bəlli oldu. Hamıya məlum oldu ki, Quzu Təkinə böhtan atdığına görə oğlanın gözlərinin korluğu Gündizəyə keçib.
Buğra xan barmağını dişlədi. Həya-abırdan uzaq olan arvadının felinə uyduğuna, oğlunu kor edib çöllərə saldığına peşiman oldu. Dizi üstə çökdü, başını əlləri arasına alıb qışqırdı:
- Aparın bu namussuzu, gözüm görməsin. Onun yalanı ucbatından balamı, ciyərparamı kor edib, İlanlı dərəyə yola saldım. Evindən, isti ocağından didərgin saldım! Buğra xan ocağında belə binamus qadına yer ola bilməz.
Bu o vaxt idi ki, sehrli ilan Quzu Təkinin boynuna sarılmış və nazik dili ilə onun gözlərini yalayırdı.
Birdən Quzu Təkinin kor gözləri görən oldu.
O, sevincindən qışqırmaq istəyəndə İlanlı dərəni bürümüş ilanları gördü və vahimələnib elə qışqırdı ki, səsi dərəni götürdü. Cavan hələ ömründə bu qədər ilan görməmişdi. Əvvəllər İlanlı dərə haqqında eşitmiş olsa da, indi birdən bu qədər ilan görəndə az qaldı dəli olsun. Elə götürüldü ki, bir də gördü dərədən xeyli aralanıb. Üzünü İlanlı dərəyə tərəf çevirib səsi gəldikcə qışqırdı:
- Var olun sehrli ilanlar! Var ol, İlanlı dərə! Haqqa tərəf olduz! Gözlərimə nur verdiz! Var olun!
Belə deyib, sevincək yoluna davam elədi. Fikirləşdi ki, indi yəqin ki, atası onu bağışlayar, namussuz Gündizəni evdən qovar.
Quzu Təkin nə qədər yol gəlmişdi, o qədər də yol qayıtdı. Çox getdi, az dincəldi, az getdi, çox dincəldi, axır ki, gəlib doğma ocağına yetişdi. Atası, qardaşları, qonum-qonşu Quzu Təkinin kor gözlərini görər görüb sevindilər.
Buğra xan oğlunu bağrına basdı. Ondan səhvini bağışlamağı xahiş etdi. Quzu Təkin də atasını qucaqladı, qardaşları ilə öpüşüb görüşdü.
Buğra xanın ocağı yenə də isindi. Onlar yenə də əvvəlki kimi mehriban yaşamağa başladılar. Bir-birlərinə can deyib, can eşitdilər. Tanrıya şükür elədilər. Gəl biz də səninlə Tanrıya şükür edək! Hər xoş keçən günümüzə şad olaq. Evimizdəkilərlə, elimizdəkilərlə mehriban olaq, bir-birimizə elə ürəkdən «can» deyək ki, «can» kəlməmizin əks-sədası aləmə yayılsın, hamıya - bu nağılımızı oxuyanlara da, oxumayanlara da çatsın!