Dəniz sultanı

Dəniz sultanı

(Nağıl)

Biri vardı, biri yoxdu çox – çox qədim zamanlarda , hələ dünyanın hər tərəfinin su olduğu bir vaxtda , bir böyük ada vardı. Həmin adada yaşayan insanlar da elə bil başqa adamlara bənzəmirdilər. Onlar çox mehriban , səmimi və qayğıkeş idilər. Bir-birlərinin sevincinə sevinər, kədərlərinə qəmgin olardılar.

Adanın camaatı bu əmin amanlığa görə göydə Allaha, yerdə isə ədalətli padşahlarına dua edirdilər.

Padşahın aman –zaman gözəl bir qızı var idi. İlahinin xoş bir anında yaranmış bu gözəlin heç bir eyibi yox idi. Həm çox ağıllı olduğuna , həm də camalının füsünkar gözəlliyinə görə padşahın qızı dildən-dilə düşmüş , elçilərin sayı isə günü gündən çoxalırdı. Hələ körpəlikdən öz gözəlliyi ilə seçildiyinə görə atası onun adını Yeganə qoymuşdu. Yeganə böyüyüb daha da gözəlləşmişdi. Padşah öz qızının ağıllılığını və gözəlliyini görüb sevinirdi. Lakin son günlər şah nədənsə çox dalğın görünürdü. Atasının çox vaxtı bikef olduğuna fikir verən Yeganə bir gün atasından soruşdu :

*-Ata , nədənsə mən səni son günlər çox qəmgin görürəm. Tanrıya şükürlər olsun ki, hər şey öz qaydasındadır. Rəiyyətin səni sevir və ehtiramını saxlayır. Mən sənin üçün canımı da əsirgəmərəm. Axı səni nə narahat edir ki, sən belə qaşqabaqlısan? Həmişə üzü gülər olmusan deyə, indi isə sənin qaşqabaqlı olmağın mənim ürəyimi sıxır. Bəlkə bir dərdin var məndən gizlədirsən. Bəlkə xəstəsən , xəstəliyini mənə demək istəmirsən?*

Qızının sözlərini eşidən şahın gözləri dolur və qərara gəlir ki, qızından heç nəyi gizlətməsin. Dolmuş gözlərinin yaşını silərək qəlbində uzun müddətdi gizlədiyi dərdini qızına danışaraq belə deyir:

*-Mənim ağıllı balam , sən çox düzgün anlamısan ki , mən son günlər çox fikir edirəm və çalışıram ki, bunu sən başa düşməyəsən. Amma artıq ürəyimdə olanları sənə deməliyəm. Qızım, mən səninlə çox xoşbəxt yaşamışam . Amma indi çox qocaldığımdan, ömrümün sona çatdığını özüm hiss edirəm. Mən həyatda olmayanda mənim bu məmləkətimi kim idarə edəcək, kim xalqımın qayğısını çəkəcək ? Sənin qismətinə kim çıxacaq? Həmin şəxs həqiqətən sənə və bizim taxtı-taca layiq olacaqmı ? Bütün bu suallar son günlər mənə rahatlıq vermir. Sənə elçi düşənlərin də heç biri sənin xoşuna gəlmir. Qorxuram əcəl mənə imkan verməyə ki, mən sənə toy eyləyəm , bircə övladımın .toyunu görəm.*

Sözlərini bitirər-bitirməz şah hönkür-hönkür ağlamağa başladı. Atasını heç vaxt belə ağlayan görməmiş Yeganə bir an özünü itirsə də , onu sakitləşdirdi ki, lap elə bu yaxınlarda o öz qızına toy edə bilər ,amma qoy O, öz doğma qızına gələcək həyat yoldaşı seçmək üçün bir neçə gün vaxt versin. Ata bala razılaşdılar.

Nağılda günlər tez keçər deyərlər. Şah günləri sayırdı , qızından isə heç bir xəbər yox idi. Zavallı şahzadə xanım onu sevənlərin hamısını təzədən ölçüb biçsə də, heç birisini seçə bilmirdi. İndi O, atasına verdiyi sözün üstündə dura bilmədiyinə görə atasından da çox dərd çəkir, özünə heç yerdə yer tapa bilmirdi. Atasının isə gözünə görünməkdən utanırdı.

Yeganə elə-belə fikirli-fikirli gəlir çıxır dənizin kənarına. Dəniz həmişə olduğu kimi bu gün də çox gözəl idi. Yeganə dənizə baxır, fikirləşir, düşdüyü vəziyyətdən çıxış yolu axtarırdı.

Gəlin biz Yeganəni dənizə seyr edən yerdə qoyaq və Sizə dənizin sahilində yaşayan zəhmətkeş balıqçı ailəsindən danışaq.

Üç nəfərdən ibarət olan bu külfət adanın kasıblar olan məhəlləsində yaşayırdı . Əhməd kişi ömrünün çox hissəsini balıqçılıqla məşğul olmuş indi qocalmış , onun balıqçılıq sənətini isə oğlu ,gözünün ağı–qarası Məlik davam etdirirdi. Məlik üzüyola, böyük- kiçik yeri bilən ağıllı bir oğlan idi.

Adanın hər tərəfi su ilə əhatə olunduğundan buranın camaatı dənizdə çimməyi çox xoşlayardılar. Məlik isə dəniz vurğunu olduğundan sudan ayrıla bilmirdi. İşini qurtaran kimi özünü ərköyün dalğaların qoynuna ataraq onlarla oynayar, çimməkdən doymayaraq, dənizin dərinlikliklərinə baş vurardı.

Komaları lap sahildə olduğundan elə oradan anası onu yeməyə səsləyərdi. Bəlkə anası çağırmasaydı, Məlik gecəni də suda keçirərdi. Bu gün də belə günlərdən biri idi. Günəş suyu o qədər qızdırmışdı ki, Məlik sudan çıxmaq belə istəmirdi.

Elə bu vaxt dəhşətli bir hadisə baş verdi. Balıqçılar sahilə yaxın bir yerdə, suyun içərisində iş gördükləri yerdə çox yırtıcı və vəhşi bir köpək balığı qoca bir balıqçını ağzına alıb suyun dərinlikliklərinə üzməyə başladı. Məlik bunu görən kimi özünü itirməyərək , həmişə kəmərinin altında gəzdirdiyi bıçağını çıxartdı və balığın arxasınca üzməyə başladı. Dənizə yaxşı bələd olduğundan Məlik bilirdi ki, bu yırtıcı balığın qan qoxusundan çox xoşu gəlir. Buna görə də o yanındakı bıçaqla öz qolunu kəsdi və qolundan qan axa-axa qocanı xilas etməyə üzdü. Qan qoxusu hiss edən kimi, vəhşi balıq ovunu ağzından buraxaraq, qan qoxusu gələn tərəfə- yəni Məlikə tərəf üzməyə başladı. O biri adamlar qorxudan huşunu itirmiş qoca balıqçını sudan bir təhər çıxartdılar. Vəhşiləşmiş köpək balığı təzə ov tutmaq həvəsilə sürətlə Məlikin üstünə şığıdı. Məlik özünü itirməyərək bıçağı düz balığın gözünə tuşladı. Yırtıcı balıq çox sürətlə gəldiyindən bıçaq düz gözünə keçib , onu dağıtdı. Balıq üzüb Məlikdən aralanmaq istədi lakin, igid oğlan onun arxasınca sürətlə üzüb, balığı daha bir neçə yerdən bıçaqla yaraladı. Köpək balığı aldığı yaralara dözə bilməyib elə oradaca tələf olaraq suyun üstündə qaldı.

Yeganə elə oturduğu yerdən baş verənləri görür və bu cavan , igid oğlanın hünərinə heyran olur. Üzdə biruzə verməsə də bir könüldən min könülə oğlana vurulur. O saat nökərlərinə əmr edir ki, göstərdiyi qəhrəmanlığa görə oğlana ənam versinlər.

Özü də Məliki yanına çağırtdırıb onun göstərdiyi hünərə ürəkdən alqış dedi. Məlik şahzadə xanımın yanına çatan kimi xanım onun adını soruşdu. Bundan başqa Məlik şah qızının füsünkar gözəlliyinə elə heyran oldu ki, daha heç nə eşitmədi. İlahi yaratdığın bu gözəl məxluq insanmıdır, yoxsa mələk? –deyə özü-özünə dodağının altında nə isə danışırdı.

Birdən Məlik qeyri-ixtiyari qızın əlindən tutdu və özünün kasıb bir balıqçı olduğunu yadına salıb tez əlini qızın əlindən çəkdi. Amma Yeganənin gülər çöhrəsini gördükdə ürəkdən sevindi. Onların görüşü hər iki gəncə təsir etdi və onlar fikirli – fikirli bir –birlərindən ayrıldılar. Məlik şahzadə xanımdan ayrılan kimi elə bildi ki, gözəl bir yuxu görür. Belə bir gözələ rast gəldiyi üçün az qala göylərdə uçurdu. Sevincini dalğalarla ,sularla bölüşmək üçün O, baş vurdu dənizə .

Elə təzəcə üzməyə başlamışdı ki, dənizdə görünməmiş bir tufan qopdu, fırtına başladı. Camaat qaçıb sığınacaq tapmamış, qopmuş fırtına necə qəfildən başlamışdısa, eləcə də qəfildən dayandı.

Fırtınanın dayanmasına hamı sevinsə də bu sevinc uzun sürmədi . Hamı heyrət və çaşqınlıqla bir –birinin üzüna baxdı. Adada hamıdan yaxşı üzməyi bacaran və balıq kimi sürətlə üzən Məlik suyun içindəcə yoxa çıxmışdı. Üzməyi bacaran hər kəs suyun içərisində Məliki axtarmağa başladı. Lakin bütün cəhdlər boşa çıxdı . Məlik elə bil qeyb olmuşdu.

Aradan bir neçə gün keçdi . Məlikdən isə heç bir səs soraq yox idi. Məlikin atasının beli bükülmüş, bədbəxt anası qara geyinib , sahildəcə oturmuşdu.

Yeganə isə gördüyü dəhşətdən hələ də özünə gəlməmişdi. O bir an içərisində baş vermiş hadisələrin yuxu ya gerçək olduğunu ayırd etməyə çalışırdı. Hadisənin həqiqət olduğunu dərk edəndə hönkür-hönkür ağlamağa başlayırdı. Kor peşiman saraya döndü . Başına gələnləri ağlaya-ağlaya atasına danışdı. Şahzadə xanım atasından 40 gün oğlana yas saxlamağa izn istədi. O, heç nə yemir, günü-gündən saralırdı. Şah qızının bu halına baxa bilmirdi. Bütün saray qəm içərisində idi.

İndi sizə kimdən deyək kimdən xəbər verək Məlikdən. Məlik suda ləzzətlə üzdüyü yerdə fırtına qopur. Bir göz qırpımında su sultanları onu dənizin lap dibinə aparırlar. Biri-birindən gözəl su pəriləri Məlikin başına fırlana –fırlana onu sular şahının hüzuruna gətirirlər. Sular şahı Məliki çox böyük hörmətlə qarşılayaraq sözünə belə başlayır:

-İgid ! Artıq neçə illərdir ki , bizim sular məmləkətində sakitliyimiz pozulub. Yırtıcı köpək balıqlarının sayı gündən-günə çoxalır. Biz onlarla bacara bilmirik. Onlar istədiklərini edir, ən qiymətli balıqlar olan qızıl balıqlarının kökünü kəsir, mənim su pərilərimi istədikləri vaxt diri- diri udurlar . Heç kəs onların qarşısında dura bilmir.

Biz sənin bu günkü igidliyini gördük və səni özümüzə xilaskar seçmək istəyirik. Biz sənə təklif edirik ki, sən həmişəlik bizimlə qalasan və həmin köpək balıqlarının tamam məhv edilməsi üçün bizlərə kömək edəsən. Əvəzində mən sənə sular səltənətində baş sultan olmağı təklif edirəm. Sən bütün sularda, dənizlərdə ən qiymətli daş–qaşa sahib olacaqsan və bütün su pərilərinin, su sultanlarının başçısı olacaqsan.

Məlik sular şahının sözlərinə qulaq asıb, xeyli fikrə getdi. O əlbəttə ki, dənizi nə qədər çox sevsə də elindən obasından, hələ yenicə tapdığı sevgilisindən ayrılmaq istəmirdi. Yeganənin gözəl çöhrəsi isə yadına düşəndə Məlik heç nə haqda düşünmək belə istəmirdi. Amma O, böyük ümidlə Məlikə baxan bu nurani dənizlər şahının sözünü də yerə salmaq istəmirdi. Məlik heç bir qərara gələ bilmirdi. Ona görə də fikirləşmək üçün vaxt istədi. Şah məmuniyyətlə bu təkliflə razılaşdı.

Məlik kopək balığı ilə dalaşdan çox yorulmuş ,və bir neçə yerdən az da olsa yaralanmışdı . Su pəriləri onun yarasını sarıdılar və onun üçün ətirli su yosunları üzərində rahat bir yer düzəltdilər. Məlik həmin yerə baş qoyan kimi , yuxuya getdi. Elə təzəcə yuxuya getmişdi ki,sehrli bir yuxu görməyə başladı. O yuxuda gördü ki, dənizdəki bütün su pəriləri ağlaşaraq ondan imdad istəyir, Məlik isə heç nəyə fikir vermədən evlərinə getməyə hazırlaşır. Bu vaxt onun üzünü doyunca görə bilmədiyi sevgilisi gəlir və amiranə bir səslə Məlikə əmr etməyə başlayır. –Sən əgər bu gün sular şahına və onun məmləkətinə kömək etməsən onlar köpək balıqları tərəfindən tamamilə məhv ediləcəklər. Yırtıcı köpək balıqları get-gedə çoxalacaq və bir gün onlar bizim də məmləkəti dağıtmaq üçün can atacaqlar. Bunun üçün sən bu gün onların başçılarını məhv etməlisən. Onların başçıları məhv olarsa , ondan sonra onlar bir-birlərini yeyib parçalayacaqlar. Başçı dənizin lap dərin bir yerində acı yosunların içərisində yaşayır.Bütün yırtıcı köpək balıqlarına başçılıq edən başçı çox güclü və tilsimlidir. Sən əvvəlcə elə etməlisən ki, birinci onun tilsimi sınsın. Bunun üçün heç olmazsa 10-15 zəhərli dəniz ilanı həmin yırtıcını çalmalıdır ondan sonra sən onunla savaşıb onu məhv edə bilərsən . Belə etməsən o səni görən kimi parça- parça edəcək . Çünki onun gücündən çox sehri tilsimi var. Əgər sən köpək balığı ilə vuruşanda tez-tez yadına salsan ki, səni elində obanda yolunu səbirsizliklə gözləyənin var , sən də onda sehrli bir gücə malik olcaqsan. Bu güclə sən düşməninə qalib gələcəksən. Bunu deyib gözəllər gözəli su pərisinə çevrilib yoxa çıxır. *

Yuxudan ayılan Məlik daha yuxuya gedə bilmədi. Tez sular şahının hüzuruna gedib yuxusunu ona danışdı. Şah bildirdi ki, əgər o yuxusunda su pərisi görübsə , mütləq bu yuxuya əməl etmək lazımdır. Çünki bu müqəddəs yuxudur və ona əməl etsən bütün arzuların həyata keçəcək.

Məlik bunu eşidən kimi döyüşə getməyə hazır olduğunu bildirdi. Şah əmr etdi ki, dənizdəki ən zəhərli ilanlardan bir neçəsi düşmənlərinə hücum etməyə hazır olsunlar . İlanlar bir yerə yığılan kimi , Məlik onlara yırtıcı köpək balıqlarının başçılarını sancmağı əmr etdi. İlanlar bir göz qırpımında acı yosunluğa cumub illərlə topladıqları zəhərləri vəhşi balığın canına yeritdilər. Köpək balıq böyük vəhşiliklə bircə anın içərisində 4-5 ilanı yarı bölüb öldürdü. Sonra isə ona hücuma keçən Məliki görəndə gözləri qəzəbdən qanla örtüldü. Məlik əlində nizəyə oxşar silah götürmüşdü. Köpək balığı ona yaxınlaşanda həmin silahı düz onun kürəyinə sancdı. Yırtıcı balığın canındakı zəhərdən heyi qalmamışdı. O, get-gedə gücdən düşürdü. Buna baxmayaraq o hələ Məlikdən qat-qat güclü idi. Məlik isə var gücü ilə döyüşür, gücünün tükəndiyini görəndə isə onun yolunu gözləyən sevgilisini yada salır və bu ona yeni qüvvə verirdi. İlan zəhərləri yırtıcının canına tam yayıldıqdan sonra onu məhv etmək çox çətinliklə mümkün oldu.

Köpək balıqlarının məhv olduğunu görən sular şahı Məlikin şücaətindən çox razı qaldığını bildirdi. Hətta O, öz taxt-tacını da Məlikə təklif etdi. Amma Məlik razılaşmadı. Bunu görəndə dənizlər şahı Məlikə özü ağırlığında dəniz mirvarisi verdi. Ancaq Məlik buna da razı olmadı. Dəniz şahı Məlikə dəniz sultanı adı verdi və onun qoluna dəniz sultanının tacının əksini döydürdü. *Qoy bu bizim səltənətdən sənə yadigar qalsın,* -deyərək sonuncu dəfə Məlikə minnətdarlıq bildirdi və su pərilərindən xahiş etdi ki , onu sahilə çıxarsınlar. Məlik şahın hədiyyəsini məmuniyyətlə qəbul edib , onunla və onun ətrafındakı pərilərlə vidalaşdı.

Bir göz qırpımında su pəriləri Məliki sahilə çıxartdılar . Qara paltar geymiş ana elə oradan şahzadə xanımı muştuluqlamağa qaçdı.

Yeganə qəfil xoş xəbəri eşitcək sevincindən huşunu itirdi. Yalnız ayılandan sonra Məliki başı üstündə görəndə , eşitdiyinə inandı. Onlar qırx gün, qırx gecə toy edib , ömürlərinin sonuna qədər xoşbəxt yaşadılar. Siz də xoşbəxt yaşayıb bütün arzularınıza çatasınız.