Ağrı daşı

Ağrı daşı

(Nağıl)

Biri var idi, biri yox idi, bir tacir var idi. Tacirin üç qızı vardı. O, qızlarını çox istəyir, hər dəfə səfərə gedəndə onlara hədiyyə alırdı. Bu dəfə də tacir səfərə gedəndə qızlarını yanına çağırıb dedi:

-Mənim gözəllərim, indi bir-bir deyin görüm, sizə gələndə nə alım gətirim? Əvvəlcə qoy böyük bacınız Səltənət desin, sonra siz deyərsiniz.

Böyük qız dedi:

-Ata, mən istəyirəm sən mənə elə bir boyunbağ alasan ki, parıltısından göz qamaşsın. heç kəsdə o boyunbağıdan olmasın.

Ortancıl qız Şərafət dedi:

-Ata, mən istəyirəm ki, mənə üstü qaş-daşla dolu elə paltar alasan ki, həmin paltar öz-özünə rəngini dəyişsin.

Kiçik qız Məlahət isə dedi:

-Ata, mən eşitmişəm ki, sənin getdiyin Firəng ölkəsində ağrını kəsən sehrli daş var. Mən istəyirəm həmin sehrli daşla anamın tez-tez ağrıyan başının ağrısını götürüm, sənin həmişə ayaqların ağrıyır, onu sağaldım, qısası, kimin harası ağrıyırsa, onun ağrısını götürüm.

Ata dedi:

-Mənim adı kimi mehriban balam, sən bizim ağrılarımızdan narahat olma, biz artıq qocalırıq, ağrıyan vaxtımızdır. Sən o biri bacıların kimi özünə lazım olan şey istə, mən onu tapıb sənə gətirim.

Qız inad göstərdi:

-Yox ay ata, siz ağrıyanda dünya mənim başıma hərlənir, heç nə gözümə görünmür. Mənə o daşdan başqa heç bir şey lazım deyil.

Atası qızlarını qucaqlayıb öpdü, arvadı ilə görüşüb, halallaşıb onlardan ayrıldı.

Tacir az getdi, üz getdi, dərə təpə düz getdi. Dəvədən düşdü, gəmiyə mindi, gəmidən düşdü arabaya mindi, axır ki, gəlib Firəng ölkəsinə yetişdi.

Bir neçə ay alver edəndən sonra mallarını satıb qurtardı, alacaqlarını aldı, evə qayıtmağa hazırlaşdı. Axırıncı dəfə bazara girdi ki, qızlarının tapşırdığı şeyləri alsın. O, çox da əziyyət çəkmədən böyük qızı ilə ortancıl qızının istədiklərini tapdı.

Kiçik qızının istədiyi daş isə bazarda satılmırdı. Həmin daşı soraqlaşa-soraqlaşa gəlib bir qoca daş yonanın yanına çıxdı. Daş yonan tacirə diqqətlə qulaq asıb dedi:

-Sən istədiyin daşı tapmaq üçün gərək çıxasan sıldırım boz qayanın üstünə, oradan da tullanasan dənizə. Sən qoca kişisən. Oradan dənizə tullansan, elə oradaca qalacaqsan. Ağrı daşını yalnız dənizin dibindən götürə bilərsən. Amma bu gedər-gəlməz yoldur. Çox adam istəyib həmin daşı götürsün, amma geri qayıtmayıb.

Taciri fikir götürür. Onun əlli beş yaşı var idi. Əgər qayanın başından dənizə hoppansaydı, heç vaxt oradan sağ çıxmayacaqdı.

Tacir kiçik qızının istəyini yerinə yetirmədiyinə görə bikef-bikef karvansaraya qayıtdı.

Karvansarada tacirlə bir yerdə. bir yaşlı tacir də öz oğlu ilə qalırdı. Tacirin çox peşman qayıtdığını görəndə ona dedi:

-Deyəsən, alverin yaxşı olmayıb, kefsizsən.

-Təki elə olaydı,- deyə tacir dilləndi və ona kiçik qızının mümkün olmayan istəyindən danışdı. Qıraqdan yaşlıların söhbətinə qulaq asan oğlan söhbətə qarışdı:

-Görünür sənin qızın ata-anasını lap çox istəyir. Belə övladın istəyini yerinə yetirmək vacibdir. İstəyirsən mən həmin daşı tapmaq üçün özümü bir sınaqdan keçirim.

Oğlunun tərsliyinə bələd olan tacir ona yalvarmağa başladı:

-Bala, Comərd, sənin o qayalıqda, dənizdə nə işin var ki, başıva bir iş gəlsin. Qərib yerə gəlmişik, qoy başımız salamat, qayıdaq gedək.

-Yox, atan düz deyir, qıymaram sənin kimi cavan özünü qayadan dənizə atsın. Qızıma açıb hər şeyi danışsam, o məni başa düşər.

Comərd isə öz dediyindən dönmədi. Dənizin içərisindən hansısa bir sehrli daşı götürmək ona maraqlı gəldi. Durub qayalığa getməyə hazırlaşdı. Oğlunun tərsliyinə bələd olan ata naəlac qalıb onu quranın altından keçirtdi ki, işi uğurlu olsun. Oğlan durdu düzəldi yola. Az getdi, çox getdi, gəlib qayalığın altına çıxdı. Qaya elə hündür idi ki, başını qaldırdı ki, onun başına baxsın, başı gicəlləndi. Vaxtı keçirtmədən qayaya dırmaşmağa başladı. O, bir neçə yerdə dincələ-dincələ qayanın başına çıxdı.

Qayanın başına çatanda gözlərinə inanmadı. Burada ağ saçlı, ağ uzun saqqallı nurani bir qoca vardı. O, Comərdi görüb dedi:

-Oğlum, səfərin haradır, soruşmaq ayıb olmasın?

-Ağrı daşı axtarmağa, nurani baba.-deyə Comərd hörmətlə dilləndi.

Oğlanın cavabından xoşu gələn Nurani kişi dedi:

-Sən bilirsən ki, ağrı daşını götürənin başına çox böyük müsibətlər gələ bilər? Sən bunlara hazırsan?

-Hansı müsibətlər, baba?- deyə Comərd maraqla soruşdu.

-Mən bunları deyə bilmərəm, amma səni xəbərdar eləyirəm.

Comərd qayanın başından aşağı baxdı ki, görsün nə qədər hündürlüyə dırmaşıb, gözü qaraldı, az qaldı qayadan yerə yıxılsın. Çəkildi arxaya, arxalığını, yapıncısını möhkəm-möhkəm bağladı ki, suya düz düşməsə, heç olmasa xurd-xəşil olmasın. Gözlərini yumub «Ya Məhəmməd, ya Əli» deyib, özünü qayadan dənizə atdı. Dənizin içərisinə düşəndə hiss elədi ki, yox, sağ-salamatdır. Üzməyə başladı. Dənizin dibinə qədər üzdü. Dənizin dibinə çatar-çatmaz bir su pərisinə rast gəldi. Su pərisi oğlandan soruşdu:

-Oğlan, sən nə cəsarətlə bura gəlmisən, boğulmaqdan qorxmursan?

Comərd istəyini su pərisinə danışdı. Danışıb qurtarana qədər gördü ki, daha suyun altında qala bilmir, nəfəsi kəsilir, su pərisindən kömək istədi. Su pərisi gördü cavan az qalır boğulsun, ona «arxamca üz» deyə əmr etdi.

Su pərisi qabaqda, oğlan arxada üzə-üzə gəlib durdular dəniz yosunları ilə dolu olan dənizin dibində. Su pərisi bərkdən dedi:

-Ey sahibi səltənət! Aç xəzinəni, səxavətli ol, var-dövlətinə ehtiyacımız var.

Pəri elə bunu demişdi ki, dənizin dibində yer aralandı, onlar hər ikisi girdilər yerin içərisinə. Bura böyük, bəlkə də elə dənizin yarısı qədər yarıqaranlıq bir yerdi. Bir şey çox maraqlı idi ki, burada dəniz suyu yox idi. Adi dünyada olduğu kimi hər yan qup-quru idi. Amma adi dünyadan fərqli olaraq, bura elə bil ən qüdrətli, ən dövlətli şahın xəzinəsindən də zəngin bir xəzinə idi. Bu dəniz xəzinəsində ləl-cavahirat, qızıl-gümüş əlindən tərpənmək olmurdu. Bütün yollar, oturacaq yerləri, xəzinə sahibinin uzandığı yer, dənizin həm ağ, həm də rəngarəng mirvariləri ilə bəzədilmişdi.

Xəzinə sahibi Comərdi mehriban qarşıladı. Onu yeməyə dəvət elədi. O süfrəyə bir dolu qab dəniz mirvarisi qoydu. Su pərisi və xəzinə sahibi onu şirin-şirin yeyəndə Comərd özünü saxlaya bilməyib dedi:

-Biz öz dünyamızda belə şeylər yemirik, o çox bərk olur.

Su pərisi mirvaridən birini Comərdin ağzına qoydu. Mirvari Comərdin ağzındaca əridi. O, dadından doymadığı bu mirvarilərin hamısını birdən ağzına basardı, amma «ayıbdır», deyə fikirləşib, dayandı. Mirvarinin belə ləzzətli olmasının səbəbini onlardan soruşanda pəri belə cavab verdi:

-Mirvarilər dənizin dibində sehrli balıq yumurtalarından yaranırlar. Onlar əvvəlcə çox yumşaq, yeməli olurlar, sonra zaman keçdikcə onlar da bərkiyirlər. Sizin dünyanızda olan badam meyvələri də deyəsən belə olurlar.

Xəzinə sahibi oğlanın gəlişinin məqsədini biləndə ona bir sirr açdı:

-Bura sizin dünyadan çox dövlətlilər adam göndəriblər ki, həmin ağrı daşını əldə eləsinlər. Amma bura gələn bir kəs hələ geri qayıtmayıb, burada qalıblar. Bunun da bircə səbəbi var. Hələ heç kəs kiminsə ağrısını azaltmaq üçün bu daşın dalınca gəlməyib. Gələnlərin hamısını kimsə bura göndərib ki, daşı əldə edib pul qazansın. Əgər səni bura göndərən adam doğrudan da adamlara gömək etmək üçün bu daşı götürmək istəyirsə, o özü xeyirxah adamdır və mütləq səni xilas etmək üçün gələcək. Əgər yox, camaatın ağrısını götürüb, bunun əvəzində varlanmaq istəyirsə, onda heç vaxt sənin dalınca gəlməyəcək və sən həmişəlik bizim dünyamızda qalacaqsan. Sehrli daşı götürmək asandır, amma burdan geri qayıtmaq mümkün deyildir. Bunun üçün gərək səni buraya göndərən adam özü sənin dalınca gələ və səni xilas edə.

Comərd ümidsiz halda dedi:

-Mən daşı yeniyetmə bir qız üçün aparırdım, o bura gəlib çıxa bilməz. Bir də ki, o haradan biləcək ki, mən haradayam, nə cür gəlib bura çıxmışam?

-Sən bura necə gəlib çıxmısan, səni necə xilas etmək olar, bütün bunların hamısını biz onun yuxusuna girib ona başa salacağıq. Bundan sonra onu qırx gün gözləyəcəyik. Bu vaxtda o səni xilas etməsə, sən həmişəlik bizim dünyada yaşayacaqsan,- deyə su pərisinin çöhrəsi zalım bir ifadə aldı.

Comərd fikrə getdi, ancaq heç bir çıxış yolu tapa bilmədi. Atasının sözləri yadına düşdü. Düzdü, ağrı daşının dalınca gəlməyinə peşiman deyildi. Amma atasının gözü yaşlı tək qaldığına qəmgin oldu. Ürəyində götür-qoy elədi. Görəsən tanımadığı bir qıza görə özünü məhv eləməyə dəyərdimi? Həmin qız onu xilas edəcəkdimi? Bu suallara cavab fikirləşə-fikirləşə yuxuya getdi. Yuxuda tanımadığı gözəl bir qız gördü. Həmin qız onu xilas etməyə gəlir, amma güclü tufan ona mane olurdu. Belə qarmaqarışıq yuxularla bir gün yatdı, beş gün yatdı, bilmədi. Bir də gördü ki, su pərisi onu yuxudan oyadır.

Gəlin Comərdi qoyaq dəniz xəzinəsində, qayıdaq nigaran ataların yanına. Hər iki ata Comərdi karvansarada bir gün gözləyəndən sonra onu axtarmağa getdilər. Gəlib qayalığın altında dayandılar. Comərdin atasına söz demək olmurdu. O, çox hirslənmişdi. Taciri heç danışdırmaq istəmirdi. Oğlunun itkin düşməsinə bais onu sayırdı.

Tacir özü də peşiman olmuşdu, ancaq neyləyə bilərdi ki, olan olmuş, keçən keçmişdi.

Comərdin atası altdan yuxarı qayalığa baxıb, ora dırmaşmağa başladı. Tacir isə onunla qaya başına çıxmağa qorxdu. Fikirləşdi ki, birdən kişi hövrlənər, onu qayadan yerə atar. Yavaşca geri qayıtdı.

Oğlunu tapmaq arzusunda olan ata isə yorulmadan, heç yerdə nəfəs almadan qayaya çıxırdı. Çıxdı qayanın lap başına. Gördü burada bir nurani ağsaqqal kişi oturub. Qocaya salam verib, soruşdu:

-Ağsaqqal, bəlkə mənim oğlumu görmüş olasan? O, ağrı daşın dalınca getmişdi. Qara saçı, iri qara gözləri olan bir oğlan idi, mənim bircə balam.

-Görmüşəm, -deyə nurani kişi cavab verdi, qırx günə qədər gözlə, gəlsə, gələcək, gəlməsə daha gözləməzsən.

Oğlunu itirmiş tacir qocanın dediklərindən yarısını başa düşdü, yarısını başa düşmədi. Bircə onu yaxşı başa düşdü ki, qırx gün burda oturub oğlunu gözləməlidir. Oturdu qocanın yanında , gözləməyə başladı.

Gəlin onları qayanın başında qoyaq, görək qızların atası tacir neylədi? Qayanın dibindən qayıdan tacir karvansaraya gedib yığışdı və vətəninə yola düşdü. Gəldiyi kimi, yenə də gah araba, gah gəmi, gah da dəvələrlə yol gedib, axır ki, gəlib vətəninə çatdı.

Evdəkilər onun bikefliyindən alverinin çox pis olmasını başa düşdülər. Amma tacir dincələndən sonra başına gələnləri külfətinə danışdı.

Bacıları dəhşət içərisində Məlahətə baxdılar. Çünki artıq neçə gün idi ki, Məlahət yuxusunu qarışdırdığını bacılarına deyir və gördüyü yuxunu onlara danışırdı. Tacir dənizdən, qayadan danışanda onların gözləri böyüdü. Eynən olduğu kimi həmin şeylər haqqında da Məlahət bacılara danışmış və onu da demişdi ki, orada köməksiz bir oğlan onu xilas etməyə çağırır. Qız yuxusunu onlara danışanda bacılar ona çox fikir verməmişdilər. Amma indi atalarına qulaq asandan sonra yuxunun düzgün olduğuna əmin oldular. Məlahət ayağa qalxıb dedi:

-Mən həmin oğlanı xilas eləməliyəm!

Ata qızını xoş dillə başa salmağa çalışdı:

-Mən kişi ola-ola o yolu zülümlə gedib- gəlmişəm, sən qız uşağı necə gedib Firəng ölkəsinə çıxacaqsan?

Ana və bacılar atalarının dediyi ilə razılaşdılar. Amma bununla belə Məlahəti sakitləşdirdilər:

-Sən, bir gördüyün yuxuya görə şəhərbəşəhər düşüb, oğlan xilas eləməyə gedəcəksən? Bu ancaq yüngüllükdür. Bəs eşidən bizə gülməzmi? Yad ölkədə səni nələr gözləyir, bunu bilirsənmi?

Məlahət hamının üzünə baxır, amma heç nə eşitmirdi. Son neçə gündə gördüyü yuxuları yadına salmağa çalışır, tanımadığı oğlanı xilas etməyə yollar axtarırdı. Qızın daha bir söz demədiyini görən ata, elə bildi ki, o daha tərs fikrindən dönüb.

-Mənim ağıllı qızım,-deyib, yatmağa getdi.

Hamı yatdı. Məlahət fikirləşdi ki, gecəni yatsın, səhərisi durub yola düzələr. Təzəcə yuxuya getmişdi ki, su pəriləri onu dövrəyə aldı. Hərəsi bir söz deməyə başladı:

-Sən ağrı daşı istəyirsənsə, tez ol, cavanı xilas et!

-Əgər ağrı daşı istəmirsənsə, onda heç olmasa cavana yazığın gəlsin, gəl onu xilas et!

-Tələs, geciksən sonra gec olar, sənin yolun on beş günlük yoldur, amma sənin vaxtına on iki gün qalır, tələs, Məlahət!

-Biz ona yuxu mirvarisi verib yatırtmışıq ki, o sizin dünya üçün darıxmasın.

-Sən gələn kimi biz onu oyadacağıq. Əgər gəlməsən, o əbədiyyət yuxusu ilə buradaca yatacaq! Yubanma, tez gəl.

Bu sözlərdən sonra Məlahətin gözünə yuxu gedə bilməzdi. O tez ayağa qalxdı. Heç kəsin xəbəri olmadan yola hazırlaşdı. Atasının paltarlarını geyindi. Sübh tezdən açılmağa bir az qalmış yola düşdü.

Kişi paltarında olan Məlahət az getdi, üz getdi, dərə-təpə düz getdi, yatmadan, yemədən dincəlmədən on beş günlük yolu gəlib on iki günə Firəng ölkəsinə çıxdı. Soraqlaşıb ağrı daş haqqında bir şey bilən bir nurani qoca tapdı. Həmin qocaya atasının başına gələnləri, gördüyü yuxular haqqında danışdı.

Qoca əvvəlcə qıza diqqətlə qulaq asandan sonra dedi:

-Əvvəla gəl sən məndən heç nə gizlətmə, hər şeyin düzünü de. Sonra mən sənə yol göstərim.

Qız başını açdı. Qoca gördü ki, bu cavan, qəşəng bir qızdır. Onda dedi:

-Bu başqa məsələ. Əgər sən məndən düz yol istəyirsənsə, məndən heç nə gizlətməməlisən. Mənim sənə dediyim yol budur. Sən oğlanı xilas etməkdən ötrü sıldırım qayanın başından dənizə hoppanmalısan. Əgər sağ qalsan, üzə-üzə dənizin dibinə getməlisən.

Qız qorxa-qorxa dedi:

-Axı mən üzə bilmirəm.

Qoca qızın qoxduğunu görüb, onu daha da qorxutdu:

-Mən sənə əvvəldən dedim, əgər qorxursansa, bu başdan qayıt get evinə.

Məlahət ona görə həyatı təhlükədə olan oğlanı yadına salıb dedi:

-Yox, sən məni düzgün başa düşmədin, mən ölməyimdən yox, oğlanı xilas edə bilməyəcəyimdən qorxuram.

-Elə isə allah amanında, mənim sənə deyəcəklərim bu qədər idi.

Məlahət yenə də başına kişi kimi papaq qoyub yola düşdü. Az getdi, üz getdi, gəlib həmin qayanın ətəyinə çıxdı. Gördü həmin nurani kişi də qayanın aşağısındadır. Daha söhbətin yeri deyildi. Vaxt itirmədən qayaya dırmaşmağa başladı. Təngənəfəs qayanın başına çatdı. Məətəl qaldı gördü qayanın aşağısında qoyub gəldiyi yüz yaşlı həmin nurani qoca da ondan qabaq buradadır. Yanında da bir nəfər üzünü tük basmış kişi var . Nurani qoca kişi paltarında olan Məlahəti kişiyə göstərəndə nə dedisə, kişi ağlaya-ağlaya qıza tərəf gəlib dedi:

-Bala, xilas etməyə getdiyin oğlan mən bədbəxtin oğludur. Amma görürəm, çox cavansan, sənə yazığım gəlir, qoymaram sən cavanlıqda qız bu sıldırım qayadan tullansın. Gəl bu fikrindən dön, bu qayadan tullansan, çətin sağ qalasan.

Məlahət kişinin sözlərini eşitsə də, ona heç nə demədən bir qanrıldı arxaya, qayadan aşağı baxdı. Qayanın hündürlüyü və dənizin dəli dalğaları onun zərif canını titrətdi. Nurani qoca onun fikrini başa düşüb dedi:

-Qızım, başından kişi papağını götür.

Qız bir anda başından kişi papağını götürüb atdı düz Comərdin atasının üzünə. Tacir qızı tutub saxlamaq üçün ayağa qalxmışdı. Papaq üzünü tutdu deyə, kişi bir də gözünü açıb gördü ki, qız özünü sıldırım qayadan dənizə atıb. Hələ də göydən suya enən qızı görüb, iki əlli sifətini tutdu. Nurani kişinin sevincdən hər gözündən bir damcı yaş düşdü və o tacirə dedi:

-Bu gün qırx gündür ki, buradasan, ümidini üzmə, balan qayıdacaq,-deyə nurani qoca kişini sakitləşdirdi. Tacir bu xoş xəbərə görə istədi qocanı qucaqlayıb öpsün. Yaxınlaşmaq istədi qocaya, gördü ki, qoca yox oldu. Başa düşdü ki, nurani qoca sehrliymiş. Qocanın son dəfə dediklərini ürəyində dəfələrlə təkrar edə-edə, sevinc içərisində oğlunun yolunu gözləməyə başladı.

Bu o vax idi ki, su pərisi Comərdi yuxudan oyadırdı. Comərd yuxudan duran kimi su pərisi və xəzinə sahibi oğlana göz aydınlığı verdilər. Su pərisi dedi:

-Səni xilas eləməyə bir gözəl qız gəlib. Bu vaxt xəzinənin giriş yeri aralandı, xəzinəyə su pərilərindən də gözəl bir qız girdi. Comərdi görən kimi onun üstünə yeriyib dedi:

-Mən səni yuxuda görmüşəm və səni xilas eləməyə gəlmişəm.

Comərd sevincini gizlədə bilməyib, utana-utana qıza «sağ ol» dedi. Bundan sonra su pərisi və xəzinə sahibi ağrı daşını gətirib oğlana verdilər. Oğlan da elə oradaca onu Məlahətə verdi. Xəzinə sahibi onlara çoxlu dəniz mirvarisi və qiymətli ləl-cavahirat verib su pərilərinə tapşırdılar ki, cavanları öz dünyalarına yola salsınlar. Pərilər Comərdlə Məlahəti dəniz sahilinə çıxartdılar.

Qayanın başından Comərdin atası gördü ki, oğlu aşağıdan onu çağırıb ona əl eyləyir. Sevindiyindən az qaldı qayadan özünü atsın aşağı. Yaşlı kişi qayadan bir anda necə düşdüsə, özü də bilmədi. Oğlunu və onu xilas edən qızı bağrına basdı. Onlar bir-birləri ilə halallaşıb ayrıldılar.

Məlahət evdən gecə ilə çıxıb qaçandan sonra ata və anası fikirdən yatağa düşmüşdülər. Ananın başının ağrıları bərkimiş, atanın isə qıçları tutulmuşdu. Onların ümidləri yox idi ki, qızları sağ-salamat qayıda.

Məlahəti görəndə gözlərinə inmadılar. Ana başını sarıyıb bir təhər ayağa qalxdı. Ata isə yerindən qalxa bilmədi. Məlahət əvvəlcə atasına yaxınlaşıb, ondan iznsiz getdiyinə görə onu bağışlamağını xahiş etdi. Sonra isə ağrı daşını çıxardıb, onun ayaqlarına, qıçlarına sürtdü. Kişi o saat ayaqlarını ağrısının yox olduğunu hiss etdi və ayağa qalxdı.

Bundan sonra Məlahət ağrı daşını anasının başına tutdu. Heç elə bil bir aydan bəri başı ağrıdan çatlayan arvad bu deyilmiş. Məlahət bacıları ilə də görüşəndən sonra oturub başına gələnləri hamıya danışdı.

Məlahət qayıdandan bir müddət keçmişdi. Bir də gördülər ki, bir dəvə karvanı gəlir. Dəvələr hamısı qırmızı xalçalarla bəzədilmişdi. Belə karvanda yalnız gəlin aparardılar. Karvan düz onların evlərinin səmtinə gəlirdi. Karvan yaxınlaşanda Tacirlə qızı Məlahət gələnləri tanıdılar. Birinci gələn dəvədə atası, ikinci dəvədə isə onun oğlu Comərd oturmuşdu. Onların üzü gülürdü. Ata dəvədən qabaqca düşüb elçi daşının üstündə oturdu. Tacir irəli çıxıb ona baş əydi və dedi:

-Allaha da qurban olum, onun elçisinə də.

Bu yerdə nağılımız qurtardı. Göydən çoxlu dəniz mirvarisi tökülməyə başladı. Doldurdum ağzıma ki, bir dadına baxam, sən demə bu yeməli deyilmiş, təzədən ağzımdan çıxardıb sapa düzdüm. Boynuma taxdım, gözəlliyim bir idi, min oldu. Sənə də gözəlliklər içərisində yaşamağı arzu edirəm. Sən sağ, mən də salamat.