Simuzərin qisası

Simuzərin qisası

(Nağıl)

Biri var idi, biri yox idi, bir şəhərdə Səməndər adlı yoxsul bir kişi vardı. Səməndər kişinin övladdan gözünün ağı qarası Simuzər adlı bir qızı vardı. Simuzər də hələ cavan idi, vur-tut on altı yaşı olardı. Onların güzəranı çox ağır keçirdi. Bütün həyatı boyu dülgər işləmiş Səməndər kişi, axırıncı dəfə araba düzəldəndə barmağının birini itirmiş, ondan sonra daha sənətini işlədə bilməmişdi. Qızı onun-bunun qapısında işləyərək, bir parça çörək pulu qazanırdı. Bir gün atası Simuzərə deyir:

-Bala, bir parça çörək üçün onun-bunun qapısında işləyirsən, mən buna bir söz demirəm. Mən qocalmışam, yəqin çox yaşamaram. Sənə bir sirr açmaq istəyirəm. Qala qapısının yanında bir qəsr var, məbada birdən bilməzsən, ora işləməyə gedərsən.

Qız marağını gizlədə bilmədi:

-Ata, nə var ki o qəsrdə?

Ata bir xeyli fikrə gedib dedi:

-Sən bilirsən ki, anan yaxşı xalça toxuyan idi. O, həmin qəsrin sahibi üçün böyük bir xalça toxudu. Sonra həmin xalçanı aparıb sahibinə verib sağ-salamat qayıtdı. Amma qayıdandan sonra o, bir daha xalça toxuya bilmədi. Elə bil həmin qəsrdə onu ovsunlamışdılar. Heç bir ay keçmədi ki, anan öldü. Eyni hadisə dərzi Mərziyyənin də başına gəldi. Həmin qəsrin sahibinə yapıncı və çuxa tikmiş yazıq arvad aparır ki, tikdiyini versin sahibinə. Oradan qayıdan Mərziyyə ondan sonra heç bir şey tikə bilmir və heç bir ay keçmir ki, o da dünyasını dəyişir. Anan öləndən sonra bunu mənə Mərziyyənin əri dedi. Bundan sonra mən qəsrin sahibinin yanına getdim və soruşdum ki, bu nə olan məsələdir? O, cavab vermək əvəzinə, gözləri qurd gözü kimi alışdı yandı və üzümə nəsə bir əfsun oxuyub məni bayıra çıxartdı. Mən qayıdıb gələn günün səhərisi araba düzəldəndə baş barmağımı dibindən kəsdim. Bildim ki, qəsr sahibində sehrli bir güc var. İndi həmin vaxtdan iki ay keçib. Əgər ananla dərzi arvad qəsr sahibinin tilsimindən ölüblərsə, onda bir neçə gündən sonra mən də öləcəyəm. Sənə vəsiyyətim budur ki, mən ölən kimi bu şəhərdən köçüb gedərsən.

Simuzər atasını sakitləşdirib dedi:

-Ata, məgər barmağı kəsilməklə adam ölər? Musa kişinin ovda ayağını dizdən yuxarı ayı yemişdi, bəs o, on ildir bir ayaqla yaşayır. Zəlzələdə Turabə qarı bir qollu qalmamışdı, bəs o, necə yaşayır? Sənin bir barmağın yoxdu deyə, yaşaya bilməyəcəksən?

-Qızım, təki sən deyən olsun, mənim barmağımın yeri tamam sağalıb, özüm də heç xəstə deyiləm ki, öləm. Amma bu mənim ürəyimdə olan bir sirr idi ki, sənə açdım. Elə bilirəm ki, bunları sənə deməklə çiynimdən bir ağır yük götürüldü. İndi isə dur süfrəni sal, yemək gətir. Elə bil ki, heç bizim aramızda bu söhbət olmayıb,- deyə Səməndər kişi qızını sakitləşdirməyə çalışdı.

Ata-bala yeməklərini yeyib yatdılar.

Səməndər kişi qızı ilə elədiyi söhbətdən beş gün keçdi. Altıncı gün ata yatdığı yerdən qalxmadı. Simuzər bir neçə gündən sonra atasının qəbri üstünə gedib ağlaya-ağlaya qəbir daşına dedi:

-Ata mən sənin vəsiyyətinə mütləq əməl edib, bu şəhərdən çıxıb gedəcəyəm. Amma məni bağışla, mən bunu sənin və anamın qisasını alandan sonra edəcəyəm.

Sonra Simuzər bir neçə müddət yorulmadan, gecə-gündüz işlədi. Gah meşədən odun yığıb satdı, gah kiminin paltarlarını yudu, kiminin isə evində yır-yığış elədi, hər əziyyətə qatlaşdı, pul yığıb bazardan bir xalça aldı. Xalçanı vurdu qoltuğuna, gətirdi qəsrin qabağında qoydu yerə və başladı «ay xalça alan» deyə, qışqırmağa. Səsə qəsr sahibi darvazanı açıb, Simuzəri içəri çağırdı. Həyətdə iyirmiyə yaxın qara, yekə it var idi. Onlar Simuzəri görüb zəncirlərini dartışdıraraq, hürüşməyə başladılar. Qəsr sahibi bircə dəfə onlara baxan kimi hamısı səslərini kəsdilər. Onlar qəsrin içərisinə girdilər. Simuzər altdan-altdan hər şeyə göz qoyurdu. Sahibin tünd yaşıl gözləri var idi. Amma o, itlərə göz ağardanda onun gözləri bir anda rəngini dəyişdi, oldu qapqara. Üzünü qıza çevirəndə isə yenə də oldu yamyaşıl. O, amiranə tərzdə qızdan soruşdu:

-Kim toxuyub bu xalçanı?

-Mən toxumuşam, - deyə Simuzər qorxa-qorxa cavab verdi.

Qəsr sahibi Simuzərə inanmadı və onun üstünə qışqırdı:

-Göstər əllərini!

Simuzər əllərini qabağa uzatdı. Qəsr sahibi yaşıl gözlərini onun əllərinə dikdi və bağırmağa başladı:

-Bax, mən sənin əllərinə baxan kimi bilirəm ki, sən yalan danışırsan. Sənin barmaqların xalça toxuyanın barmağına oxşamır.

Simuzər xalça toxumaq bilmirdi, amma yalan danışırdı ki, bir yolla qəsr sahibinin sirrini öyrənsin, ata-anasının qisasını alsın. Ona görə də qəsr sahibini inandırmaq üçün o, kələyə əl atdı və dedi:

-Sən xalça almaq istəyirsən al, istəmirsənsə, qoy mən çıxım gedim.

Simuzər bunu deyib qurtaran kimi, qəsr sahibi xəncərini çıxardıb xalçanın aşağı hissəsindən bir qarış kəsdi. Sonra isə Simuzərə əmr etdi ki, elə onun yanındaca xalçanın kəsik yerini toxuyub başa çatdırsa, xalçanı ondan ikiqat qiymətə alacaq, yox əgər toxuya bilməsə, həmişəlik kəniz olub bu qəsrdə qalacaq.

Simuzər əvvəlcə istədi xalçanı burada qoyub, açıq darvazadan çıxıb qaçsın, sonra ata-anasını yadına salıb, yerindən tərpənmədi. Qəsr sahibindən xalçanı toxumaq üçün xana istədi. Qəsr sahibi onu bir otağa apardı. Burada böyük bir xana var idi. Qızın bəhanəsi kəsildi. O, rəngarəng yun saplar istədi. Kişi ona bir torba rəngli yun sap verdi. Simuzər saplara baxıb, onların bu xalça üçün yararsız olduğunu dedi. Cəhrə istədi ki, özü sap əyirsin. Qəsr sahibi ona cəhrə də gətirdi. Ondan sonra Simuzər oturdu cəhrənin arxasında və başladı yundan sap əyirməyə.

Uşaq vaxtı anası həmişə xalça toxuyanda Simuzər onun yanında oturar, sap əyirib anasına verərdi. Ona görə qız sap əyirməyi yaxşı bacarırdı.

Qəsr sahibi dayanıb bir tərəfdə qızın gördüyü işə baxırdı. Birdən darvaza döyüldü. Kişi darvazanı açmağa getdi. Qız durdu ayağa ki, boylansın görsün kimdi gələn, bu vaxt qəsr sahibinin eybəcər səsini eşitdi:

-Niyə cəhrən dayandı?

-Bu saat ağa- deyib,-Simuzər yenə də sap əyirməyə başladı.

Qız işləyir, amma bütün fikri qəsr sahibinin yanında idi. Ürəyində fikirləşirdi ki, görəsən gələn qonaq kimdir? Qəsr sahibi niyə əlindən yaxşı iş gələnləri məhv edir?

Bu fikirlərlə Simuzər yun sapın ucunu bağladı cəhrənin fırlanan yerinə. İpin bir ucunu da əlində tutub dartmağa başladı ki, cəhrə səs salsın. Özü də gizlincə gələn qonağa baxdı və onların söhbətlərinə qulaq asmağa başladı.

Gələn qonaq cəllada oxşar, bədheybət bir kişi idi. Danışanda kobud səsi xırıldayırdı. Ev sahibi ona deyəndə ki, evdə xalça toxuyan qız var, kişi hirsləndi və dedi:

-Bəs nə gözləyirsən, xalça toxumağı bacarırsa, niyə məhv eləmirsən? Bu vaxta qədər sən cəmi vur-tut on səkkiz adam məhv eləmisən. Deyirlər, Sərraf adlı bir oğlan var, çox elmli bir cavandır, onu niyə məhv eləmirsən, nə gözləyirsən?

Qəsr sahibinin ağzında cəmi iki eybəcər dişi var idi. O, dişlərini ağardaraq dedi:

-Mən Sərrafdan bütün əcnəbi dilləri öyrənmişəm. Sonra da özünü balaca, ağ bir siçana döndərmişəm. O da bir ayın tamamında ölməlidir. Bir aydan iyirmi yeddi günü keçib, qalıb üç günü.

Qonaq əsəbiləşdi:

-Sənin tilsimin məni lap hövsələdən çıxarır. Bir adamı məhv eləməkçün düz bir ay gözləməlisən. Belə getsə bu şəhərdə iş bilənləri, savadlı adamları məhv eləməkçün sənə illər lazım olacaq. Bu gündən sənə son dəfə deyirəm. Bir aya bütün ağıllı adamları, sənətkarları, lap elə həddindən çox savadlı uşaqları da məhv eləməlisən. Yadında saxla bizim qonşuluğumuzda olan bu şəhərin camaatını biz həmişə özümüzə düşmən bilmişik və bu camaat bizdən üstün yaşaya bilməzlər. Bizim xalq yer üzündə ən dahi xalq olmalıdır. Yer üzündə bütün padşahlar, bütün ağıllı adamlar, dünyanın ən böyük sənətkarları da mütləq bizim millətdən olmalıdırlar. Sən mənim dediklərimi eləməsən, sənin özün məhv olacaqsan.

-Sən mənim böyüyümsən, ixtiyar sahibisən. Mən sən deyənləri bir ayda mütləq eləyəcəyəm. Ən axıra şahla vəziri saxlayacağam. Onları da məhv eləyəndən sonra qayıdıb öz yurduma, əvvəlki kimi keşişliyimi eləyəcəyəm.

Söhbətlərini qurtarandan sonra qəsr sahibi qonağını yola saldı və qayıtdı Simuzərin yanına. Simuzər cəmi iki yumaq sap əyirmişdi. Bunu görən qəsr sahibi qızın üstünə qışqırdı:

-Sən məni ələ salırsan? Gün batandan oturmusan, amma cəmi iki yumaq sap əyirmisən.

Simuzər eşitdiklərindən çox qəmgin olmuşdu. Qonşu ölkənin camaatının pis, paxıl, riyakar olduğunu əvvəllər də bilirdi, amma onların bu qədər alçaq olduqlarını, günahsız uşaqları belə məhv eləmək istədiklərini ağlına gətirə bilmirdi. İki tilsimkarın, iki nadanın söhbətlərindən sonra ona hər şey məlum oldu. Gözəl xalça toxuduğuna görə anası, yaxşı dülgər olduğuna görə atası fitnə qurbanı olmuşdular. Hələ üstəlik el-obasının camaatı da bir tərəfdən qırılırdı. Qız necə-olursa-olsun bu tilsimkarı məhv etməliydi. Əvvəla o, ata-anasının qisasını almalıydı, sonra isə elinin məhv olmaması üçün əlindən gələni etməliydi. Bunun üçün o, mütləq qəsrdə qalmalıydı. Buna görə də qız əl atdı hiyləyə:

-Ey sahibi qəsr! Bu çox incə və vaxt aparan bir işdir. Sən izn versəydin, mən qalardım sənin qəsrində və səhərə qədər xalçanı toxuyub qurtarardım. Əgər səhərə qədər xalçanı toxuyub qurtara bilməsəm, onda sən necə desən, elə də olsun.

Qəsr sahibi fikirləşdi ki, yaxşı oldu, əgər qız səhərə qədər xalçanı toxuyub qurtararsa, mən onu tilsimə salıb yola salaram, bir aydan sonra ölər, heç kəs də məndən şübhələnməz.

-Xalçanı toxuyub qurtarsan azadsan. Yox əgər məni aldatsan, qəsrdən sağ çıxmayacaqsan, - deyə qəsr sahibi razılaşdı.

Qız qəsr sahibi yatana qədər sap əyirdi, elə ki, tilsimkar yatdı, qız ayağa qalxıb yavaş-yavaş otaqları gəzməyə başladı. O, səssizcə bir-bir otaqlara girir, qəsr sahibini məhv etmək üçün yollar axtarırdı. Belə-belə o, otuz doqquz otaqdan keçdi, qırxıncı otaqda isə qəribə şeylər gördü. Küncdə bir qara sandıq var idi. Sandığı açdı. Sandığın içində balaca, ağ bir siçan var idi. Simuzər başa düşdü ki, bu qəsr sahibinin qonağına danışdığı, siçan cildinə saldığı Sərrafdır. Qız tez siçanı götürüb arxalığının içəri cibində gizlətdi. Yerə iri teşt qoyulmuşdu. Teştin içərisində bir böyük kitab var idi. Kitabın üstündə xaç şəkli vardı. Simuzər istədi ki, kitabı açıb baxsın, bəlkə orada tilsimi açmaq üçün nəsə tapdı. Amma hərflər erməni dilində olduğuna görə heç nə başa düşmədi. Teşti qaldırdı. Teştin altında bir xalça da var idi. Xalçanı qaldıranda gördü ki, bir pilləkən var. Simuzər əvvəlcə qorxdu, amma başına gələnləri yadına salandan sonra cürətləndi. Pilləkənlərlə aşağı düşdü. Buradan yerin altına yol açılırdı. Qaranlıqda başladı yol getməyə. Qabağına bir qapı çıxdı. Qapını açdı. Gördü bura şəhərin bazarı boyda böyük bir yerdi. Burada mindən çox adam var idi. Hamısı da var gücləri ilə işləyirdilər. Kimisi naxışlı saxsı qab düzəldir, kimisi xalça toxuyur, kimisi dəmirçilik edərək nə isə düzəldir, kimisi qızıldan qiymətli şeylər düzəldir, nə isə hamı işləyir, heç kəs bir an da olsa dayanmırdı. Simuzər işləyənlərin içərisində çoxdan itib-batmış qonşularını gördü. Tez yanına qaçdı və dedi:

-Salam Əhməd dayı!

Əhməd dayı isə yanında heç kəs yoxmuş kimi, işini davam elətdirirdi. Qız başa düşdü ki, buradakı adamlar hamısı tilsimlənib. Bu vaxt Simuzər hiss elədi ki, arxalığının cibindəki ağ siçan çox narahatdır. Qız siçanı cibindən çıxardan kimi, siçan hoppanıb yerə düşdü və dönüb əvvəlki kimi oğlan oldu. Simuzər sevindi. Tez oğlanın eşidib-eşitməməyini yoxlamaq üçün onu dindirdi:

-Oğlan sənin adın nədir?

-Sərraf,-deyə oğlan dillənəndə qız sevindi.

Sonra isə Simuzər qəsr sahibinin qonağı ilə olan söhbətini, əvvəlcə anasının, sonra da atasının ölməyini oğlana danışdı. Sərraf çox ağıllı oğlan idi. O Simuzərə dedi:

- Biz vaxt iirmədən tilsimkarı məhv etməliyik. Geciksək, tilsimkar hamını məhv eləyəcək. Görəsən biz onu hansı yolla məhv eləyə bilərik?

-Qırxıncı otaqda mən sehrli kitab görmüşəm, amma bizim dildə yox, erməni dilində yazılıb.

-Mən bütün dillərdə oxuya və danışa bilirəm. Bildiyim bütün əcnəbi dilləri tilsimkar qəsr sahibinə də öyrətmişəm. Mən daha ona lazım olmayandan sonra o, məni siçana döndərdi. Tez gedək bəlkə sən dediyin kitabdan bir şey öyrənib tilsimi aça bildik. Onlar tez qırxıncı otağa qayıtdılar. Sərraf tilsim kitabını çox asanlıqla oxumağa başladı. Səhərin açılmağına az qalırdı, Sərraf isə hey oxuyur və oxuyurdu. Simuzər Sərrafı tələsdirdi:

-İndi qəsr sahibi oyanacaq. Bizim ikimizi də məhv eləyəcək. Tez ol, nə etmək lazımdırsa, de eləyək.

Sərraf dedi:

-Kitabda yazılıb ki, yaşıl rəngli sehrli toz var, onu kimin üstünə töksən, həmin adamın tilsimi sınar. Biz indi həmin tozu axtarmalıyıq. Həmin toz da yəqin qəsr sahibinin yatdığı yerdə olar.

Simuzər çaşıb qalmışdı, hava artıq işıqlanırdı. Birdən qızın ağlına bir fikir gəldi. O, tez qaçdı yerin altındakı işləyənlərin yanına. Oradan toxunmuş hazır xalçalardan birini götürüb gətirdi qoydu xananın üstünə, o biri xalçanı, yunları və sapları isə yükün dalında gizlətdi.

Bu vaxt qəsr sahibinin ayaq səsləri gəldi. Sərraf bir yer tapıb gizləndi. Qız xananın dalında oturdu və əsnəməyə başladı. Güya səhərə qədər yuxusuz qalıb xalça toxumuşdu.

Qəsr sahibi xalçaya baxaraq çox xoşuna gəldi və qıza dedi:

-Sən çox gözəl ustasan, ona görə də mən səni evinizə buraxmıram, öz emalatxanamda işə götürürəm.

Simuzər güya heç nədən xəbəri yoxmuş kimi dilləndi:

-Mən sənin üçün işləsəm, mənə nə qədər pul verərsən?

Qəsr sahibi kinli-kinli güldü:

-Mənim emalatxanamda işləsən sənin heç nəyə ehtiyacın olmayacaq. Onda sən nə yeyəcəksən, nə də heç nəyin dərdini çəkməyəcəksən. Hər şey yaxşı olacaq.

Bunu deyən kimi qəsr sahibinin yaşıl gözləri parıldadı, bir göz qırpımında o, əllərini qızın gözləri qabağında oynadaraq nəsə oxuyub, üflədi qızın üzünə. Bundan sonra qəsr sahibi nə əmr etdisə, Simuzər heç bir söz demədən onun əmrini yerinə yetirdi.

Qəsr sahibi qabaqda, Simuzər də onun arxasınca gəldilər qırxıncı otağa. Oradan da düşdülər yerin altına. Yerin altında qəsr sahibi Simuzərə bir xana göstərib dedi:

-Bu gündən belə hər üç günün tamamında bir xalça toxuyub mənə verməlisən.

Simuzər işə başladı. Qəsr sahibi isə gəldiyi yolla da qayıtdı.

Sizə kimdən deyim, kimdən danışım, Sərrafdan. Elə ki qəsr sahibi Simuzərlə bərabər yerin altına düşdü, Sərraf yaşıl tozu axtarmağa başladı. Hər yanı ələk-fələk elədi, yaşıl toz tapılmadı ki, tapılmadı. Yorulub bir döşəkçənin üstündə oturdu. Oturanda hiss elədi ki, oturduğu döşəkçə yun döşəkçəyə oxşamır, elə bil döşəkçəyə un doldurmusan. Döşəkçəni əli ilə bir də yoxladı, hiss elədi ki, bu həqiqətən də yun deyil. Döşəkçənin ağzını sökdü. Döşəkçənin içərisi yaşıl, un kimi bir şeylə doldurulmuşdu. Döşəkçəni qoltuğuna vurub bir yerdə gizləndi. Elə ki qəsr sahibi evdən bayıra çıxdı, döşəkçəni də götürüb qaçdı yerin altına. Gördü ki, Simuzər heç ona tərəf baxmır da. Başını salıb aşağı xalça toxumaqla məşğuldur. Əvvəlcə yaşıl tozdan Simuzərin başına tökdü. Qız özünə gələn kimi qəsr sahibinin yerini soruşdu. Sonra o, oğlanla bərabər yaşıl tozdan, tilsimə düşənlərin başına səpdilər. İşləyənlərin hamısının tilsimi sındı. Sərraf onlara dedi:

-Özünüzü yenə əvvəlki kimi sakit aparın. Simuzər sizə işarə edəndə tilsimkarı tez tutun və ağzını o saat bağlayın ki, o, sizi təzədən tilsimə salmasın.

Qəsr sahibinin yenə də əvvəlki qonağı gəlmişdi ki, görsün işlər nə yerdədir. Ev yiyəsi qonağını fəxrlə qırxıncı otaqdakı yerin altına- emalatxanasına apardı ki, gözəl xalça toxuyan Simuzəri ona göstərsin. Eybəcər qonaqla bədheybət ev yiyəsi emalatxanaya düşdülər. Onlar hamının möhkəm işlədiyini görüb hiyləgər-hiyləgər gülümsündülər. Birdən qəsr sahibi Simuzərin toxumağa başladığı eybəcər naxışlı xalçaya fikir verdi. Qəsr sahibi çox hiyləgər idi. O, aldadıldığını o saat başa düşdü. İstədi tilsim oxuyub qızı bir anda yox eləsin. Qız başının hərəkəti ilə emalatxanadakılara işarə verdi. Kimisi qəsr sahibinin ağzını bağladı, kimisi qollarını burdu, kimisi ayaqlarını tutdu, ona tilsim oxumağa aman vermədilər. Yanındakını da ondan betər elədilər.

Sərraf hamıya bildirdi ki, onları meydana aparmaq, camaatın gözü qarşısında edam etmək lazımdır. Xain və tilsimkarları meydana apardılar. Camaata onların bəd iştləkləri haqqında danışdılar. Camaat onların əməllərindən hali olan kimi onları didib-parçalamağa hazır idilər. Bunu görən şəhər mollası irəli çıxıb dedi:

-Xainlər bizim çörəyimizi yeyib, özümüzü tilsimə salıblar. Onlar cəzaya məhkumdurlar. Amma bizim şəriətdə adam öldürmək qadağandır. Biz gərək onları elimizdən qovaq.

Camaat mollanın sözünə qulaq asır, amma nifrətdən boğulurdu.

Sərraf dedi:

-Düz buyurursan molla əmi, amma izn ver, mən öz qisasımı almaq üçün bu nadanlara heç olmasa bir daş vurum.

Molla razılıq əlaməti olaraq susdu. Sərraf yerdən iki daş götürdü, birini qəsr sahibinə, birini də onun məlun qonağına çırpdı.

Simuzər hirsləndi:

-Belə çıxır ki, mən ata-anamın qisasını almamalıyam?

Qız bunu deyib yerdən dörd daş götürdü. O da hərəsinin başına iki böyük daş çırpdı. Bundan sonra molla cammatı dayandıra bilmədi. Nə qədər qışqırdısa, xeyri olmadı. Bir də camaat onda dayandı ki, tilsimkarların ikisi də al-qan içində cəhənnəmə vasil olmuşdular. Molla daha söz tapmadı ki, desin. Yavaşcadan dedi:

-Belə olan surətdə, qəsri yandırmaq lap yerinə düşər.

Bir anda qəsrin tüstüsü ərşə qalxdı. Hamı belə ifritələrdən canlarının qurtardığına sevindi. Sərraf və Simuzər düşmənlərinin məhv olmağına hamıdan çox sevinirdilər.

Nağılımız da burdacana qurtarır, göydən iki dənə qıpqırmızı gilas düşür. Gilasların biri mənim , biri də olsun sənin. Vəssalam, şüdtamam.