Bir qurtum su

Bir qurtum su

(Nağıl)

Biri varmış, biri yoxmuş, Cahan adında bir arvad varmış. Cahan arvadın əri müharibə vaxtı yadelli qoşunlar ilə vuruşmada ölmüşdü. Dul arvad neçə illər idi ki, dulusçuluq edərək, təkbaşına on beş yaşlı qızını və on iki yaşlı oğlunu saxlayırdı. Qızın adı Şəmsiyyə, oğlanın adı isə Şəmistan idi.

Cahan xala uşaqları atasız olduğuna görə heç vaxt onların qəlbinə dəymirdi. İstədiklərini tez bir vaxtda tapmağa çalışırdı. Özü nə qədər zəhmətkeş olsa da, uşaqlarını heç bir işə buyurmur, onları ərköyün böyüdürdü. On beş yaşlı qızın əlindən demək olar ki, heç bir iş gəlmirdi. Qohumları və ya qonşuları ona bir iş deyəndə nazlanır və deyirdi:

-Eee, mən heç vaxt bu işi görməmişəm, ona görə də bacarmaram.

Belə deyib, bununla da canını qurtarardı. Qardaşı da ondan betərdi. Heç bir işin dalınca getməz, bütün günü veyillənərdi.

Bacı-qırdaşın bir sevimli oyunları var idi. Bütün günü qonşu uşaqlarını yığıb, qaçdı-qovdu oynayardılar.

Səhərdən axşama qədər yorulmadan işləyən ananı bir gün qonşunun öküzü arxadan vurur. Cahan xala yıxılır üzü üstə yerə və öküz onun qolunu tapdalayır. Arvadın qolu əzilir və şişir. Bütün qonşular tökülüb gəlirlər onlara. Qoluna bal ilə yumurtanı qarışdırıb qoyurlar ki, əzik yerlər bitişsin.

Qonşular çıxıb gedəndən sonra Cahan xala istəyir yerindən qalxsın, özünə çay töksün, ayağa qalxa bilmir. Həyətdə oynayan uşaqlarını səsləyir, heç kəs ona hay vermir. Arvad bir müddət sakit uzanır. Sonra görür ki, yox susuzluqdan boğazı quruyub, oğlunu bərkdən çağırır.

Şəmistan anasının səsinə gəlib hirslə soruşur:

-Nə olub sənə, niyə qışqırırsan? Nə vaxt oyunda mənim növbəm gəlib çatır, uşaqlar dağılışırlar ki, daha oynamaq istəmirik. İndi də mənim növbəmdir, sən məni çağırırsan. Nə istəyirsən?

Ana sızıltılı səslə dedi:

-Şəmistan, bala, boğazım quruyub, mənə bir qurtum su ver, sonra get oyna.

Oğlan isə anasını eşitmək istəmir, tələsirdi.

- Mən gedib sənə quyudan su çəkənə qədər uşaqlar da dağılışıb evlərinə gedərlər. Bir azca oynayım, indicə gəlirəm, - deyə Şəmistan süfrənin arasından bir parça çörək götürüb anasına tərəf baxmadan çıxıb qaçdı.

Günün istisində oğlunu çağırıb söz deyən ana, gün batana qədər gözlədi, kimsə gəlib ona bir qurtum su vermədi.

Ana bu dəfə qızını səslədi. Şəmsiyyə özündən yaşca çox balaca qızlarla evcik-evcik oynayırdı. Qızlardan birinin atası çox uzaq bir şəhərdən qızına

gəlincik alıb gətirmişdi. Kənddəki bütün qızlar birinci dəfə idi ki, belə gəlincik görürdülər. Gəlincik lap canlı qıza oxşayırdı. Qızlar gəlinciyi bəzəmiş, güya toya, oğlan evinə yola salırdılar. Oyunun çox maraqlı yeri idi.

Bu vaxt qolu əzintidən şişmiş ana, qızını zarıya-zarıya çağırdı. Gəlincik Şəmsiyyənin əlində olduğundan o, özünü eşitməməzliyə vurdu. Yanındakı qızlardan biri dedi:

-Şəmsiyyə, anan xəstədir,özü də səni çağırır.

Şəmsiyyə durub deyinə-deyinə anasının yanına getdi. Anası gözü yaşlı, qızından bir qurtum su istədi.

Qız ağlamsınıb dedi:

-Sən mənə heç vaxt qəşəng gəlincik ala bilmirsən, məni başqasının gəlinciyi ilə oynamağa da qoymursan. İndi onu aparsalar, mən bir də heç vaxt belə gəlincik görməyəcəyəm.

Bunu deyərək Şəmsiyyə qaş-qabağını töküb oynamağa getdi.

Cahan xalanın ürəyi dözmədi. Bu vaxta qədər balalarının bütün istəklərini yerinə yetirən bu arvadın, yaşamaqdan zəhləsi getdi. O, gözlərini yumdu ki, bəlkə ölə. Gördü ki yox, susuzluqdan ciyəri yanır. Fikirləşdi ki, yəqin rəhmətlik əri sağ olsaydı, onu susuz qoymazdı. Kədər onu boğdu. Doyunca ağladı. Boylandı bayıra. Gördü durnalar qatarlaşıb elə gözəl, süzə-süzə uçurlar, onlara həsəd apardı. Yavaşcadan dedi:

-Kaş ki, mən də sizin kimi uça biləydim, onda gedib qonardım bulağın başına, doyunca su içərdim.

Başda uçan durna elə bil bunu eşitdi. Boynunu anaya döndərib, ona tərəf uçmağa başladı. O biri durnalar da başçıya baxıb, səmtlərini döndərdilər həmin tərəfə.

Ana uzanmış yerdə özünün quşa çevrildiyini hiss elədi. Elə ki, durnalar ona yaxınlaşdı, o da özündən biixtiyar qoşuldu onlara. Durnalar uçub, bir gözəl bulaq başında dayanıb doyunca su içdilər. Ana durnaların başçısına dedi:

-Mən susuzdan ölürdüm, çox sağ ol ki, məni quşa döndərdin. İndi isə məni adama çevir. Balalarım oynamaqdan gələndə ac olurlar. Mən onların yeməyini verməliyəm.

Başçı quş ona acı-acı güldü:

-Sənin balaların daş ürəklidirlər. Onların ürəyi yumşalmayana qədər onlar sənin üzünü görməyəcəklər. Səni çox istəsələr, özləri gəlib səni tapacaqlar.

Ana dedi:

-Mən elə bilirdim sənin ürəyin nazikdir. Sən onlardan da qəddarsanmış. Sən ananı doğma balalarından ayırmaq istəyirsən. Heç dırnağı barmaqdan ayırmaq olar? Bala da elə bir şeydir. Yəqin sənin balan yoxdur ki, sən belə şeyi bilmirsən.

Ana bunu deyəndən sonra ağladı. Amma başçını bu sözlər yumşaltmadı. O heç nəyə fikir vermədən uçdu. O biri durnalar da onun dalınca qatarlaşıb uçdular.

Quşa çevrilmiş ana, səmtini dəyişib evinə uçdu. Yavaşca gedib yatağında oturdu. O, elə bilirdi ki, əgər yatağına girsə, yenə də çevrilib adam ola bilər. Amma ananın fikirləşdiyi kimi olmadı.

Acıb evə gəlmiş uşaqlar, ananın yerində quş görəndə «durna quşu, durna quşu» deyərək onun dalınca düşdülər. Quş istədi uşaqlarını başa salsın ki, onların anasıdır. Amma «qa-qa» eləməkdən başqa əlindən heç nə gəlmədi.

Qonşularında bir ovçu var idi. O, quşu həyətdə görən kimi girdi evə ki, tüfəngini götürüb, onu vursun. Ana bunu başa düşdü. Elə bil ki, durnalar da bunu hiss eləmişdilər. Onlar pərvazlanıb, quş olmuş ananın yanından uçdular. Sanki demək istəyirdilər «sən də gəl qoşul bizə».

Ana onlara qoşularaq, uçub uzaq-uzaq diyarlara getdi.

Uşaqlar analarının yorğan-döşəyini boş görüb, elə bildilər o bulaq başına gedib.

Şəmsiyyə qardaşından soruşdu:

-Məgər sən anamıza su vermədin ki, o qolu əzilmiş halda bulaq başına gedib?

-Mən oğlanlarla oynayırdım, ona görə də vaxtım yox idi. Sən boyda qız ola-ola xəstə anaya mən baxmalıydım?

Bacı qardaş dava eləsələr də, səhvlərini başa düşüb, bulağın başına qaçdılar. Amma orada da analarını görmədilər. Hər yanı axtardılar, qolu əzilmiş analarını tapa bilmədilər.

Kor-peşiman oturdular analarının yatağı üstündə «Ana haradasan, qayıtsana, bizi bağışla, biz səhv eləmişik», deyib gözlərinin yaşını tökməyə başladılar.

Camaat, el-oba yığıldı onların başına. Hamının yetim uşaqlara yazığı gəldi. Uşaqlar isə camaatın sözünə qulaq asmır, heç nə yemir, içmir, ancaq ağlayırdılar.

Şəmsiyyə bir də baxdı ki, qardaşının acından və ağlamaqdan gözlərinin altı qaralıb. Qorxdu ki, qardaşı xəstələnə . Tez bir tikə düzəldib verdi ki, qardaşı yesin. Şəmistan dedi:

-Mən anamıza bir qurtum su verməmişəm. O da evdən çıxıb gedib. Bəlkə indi o, heç sağ deyil, bəlkə hardasa susuzluqdan ölüb qalıb? Mən onu sağ tapmayınca heç nə yeyən deyiləm.

Şəmsiyyə qardaşını qucaqlayıb öpdü və dedi:

-Düz deyirsən, qardaş. Biz böyük səhv eləmişik və öz səhvimizi, özümüz düzəltməliyik. Mən də anamızı tapmamış ağzıma nə su vuracağam, nə də çörək qoyacağam.

Beləliklə bacı-qardaş analarını axtarmaq üçün yola düzəlirlər.

Az gedirlər, üz gedirlər, dərələr keçirlər, dağlar dolaşırlar, analarından xəbər çıxmır ki, çıxmır. Bir qalın meşəyə çatıb, otururlar bir daşın üstündə ki, dincəlsinlər. Daş silkələnir, yıxılırlar yerə.

Gəlib bir palıd ağacının kölgəsində otururlar ki, dinclərini alsınlar. Palıd ağacı yarpaqlarını tökür yerə. Quru budaqlarla onun kölgəsi yox olur. Uşaqlar buna məətəl qalırlar.

Durub gedirlər çaydan bir qurtum su içsinlər. Uzaq yol gəlmişdilər, boğazları qurumuşdu. Elə uşaqlar çaya yaxınlaşan kimi çay axmağını dayandırır və quruyur.

Uzaqdan görürlər ki, armud ağacında iri, sulu armudlar var. Yaxınlaşırlar ki, dərib yesinlər bəlkə bir az susuzluqları gedə. Yaxınlaşıb, nə görsələr yaxşıdır? Hər budaqdan bir qurbağa asılıb. Uşaqlar dəhşət içərisində qaçıb meşədən uzaqlaşırlar.

Şəmsiyyə və Şəmistanın artıq yeriməyə qüvvətləri qalmamışdı. Onlar güclə yeriyir, amma dayanmırdılar. Aclıqdan çox onlara susuzluq pis təsir eləmişdi. Onlar hansı çaya, hansı bulağa rast gəlirdilər, içmək istəyəndə suyu quruyurdu. Uşaqlar ölməklərindən çox analarını itirməklərinə heyfsilənirdilər. Bir az da yol gedəndən sonra onların daha getməyə gücü qalmadı. Hər ikisi uzandı yerə ki, daha ölürük, heç yerə gedə bilmərik.

Şəmsiyyə elə uzandığı yerdə baxdı ki, ağacda bir ana Leylək və iki bala Leylək var. Ana Leylək yem gətirib verir balalarına, onlar da yeyib qurtaran kimi yenə istəyirlər. Şəmsiyyə onlara baxır, bala quşlara həsəd aparırdı. Analı günləri yadına düşdü. Gözlərinin yaşı dayanmadı.

Bu vaxt haradansa bir rəngli, böyük ilan Leyləklərin səsini eşidib, başlayır yuva olan ağaca dırmaşmağa ki, onları yesin. Leylək ilanın fısıltısını eşidib, onu görür. Balalarını alır ağzına ki, uçub başqa yerə aparsın, bu vaxt ayağı ilişir ağacın sınmış budağına, ordan çıxmır. Leylək uça bilmir və balarını da qoyur yuvaya. Onları qanadının altına alıb, ölüm vaxtını gözləyir. Balalar da uça bilmirlər deyə, sakitcənə oturub gözləyirlər.

Şəmsiyyə bunları görən kimi Şəmistana da göstərib deyir:

-Qardaş, biz anamızdan ayrı düşmüşük, görürük ki, bu necə böyük dərddir. Gəl gücümüzü toplayaq, birtəhər Leyləklərin canını bu ilanın əlindən qurtaraq.

Şəmsəddin hoppanıb kəkliyin ayağı ilişən budağı tutur və dartır aşağı. Bu vaxt Leylək ayağını ordan çıxarır və balalarını da ağzına alıb, uçub qonur başqa bir ağaca. İlan fısıldaya-fısıldaya təzədən ağac boyu sürünür yerə. İlan gedəndən sonra uşaqlar yenə də yerə uzanıb yorğunluqdan və acından ölməklərini gözləyirlər.

Bu vaxt ilan insan kimi dil açıb uşaqlara deyir:

-Siz deyəsən çox mehriban uşaqlarsınız, yəqin ananızı da belə çox istəyirsiniz. Amma mən sizin üzünüzdən görürəm ki, siz onu itirmisiniz, indi də axtarırsız. Mən onun yerini bilirəm və sizə deyə bilərəm.

Uşaqlara elə bil qüvvət gəldi. Hər ikisi uzandıqları yerdən dik qalxdılar ayağa. İlana yalvarmağa başladılar ki, analarının yerini onlara desin.

İlan dedi:

-Gedərsiniz Qurd dağına. Qalxarsınız dağın başına. Orada durub ananızı çağırarsınız, gəlsə, gələcək, gəlməsə də məndən küsməyin.

İlan bunu deyib çıxıb getdi. Uşaqlar elə bil ilanın sözündən sonra bir az qüvvətləndilər. İstədilər durub yola düzəlsinlər, susuzluqdan ayağa dura bilmədilər. Leylək gəlib onlarla insan kimi danışdı:

-Nə olub sizə, yaralı deyilsiz ki? Niyə ayağa qalxa bilmirsiz? Deyin, bəlkə mənim sizə bir köməyim dəydi.

Şəmistan quşa dedi:

-Biz susuzluqdan danışa bilmirik. Bizə bir su yeri göstər.

Quş güldü:

-Bəs bu yaxınlıqda çayı görmürsüz? Oradan niyə su içmirsiz ki?

Uşaqlar daha heç nə danışa bilmədilər. «su,su» deyib zarıdılar.

Leylək getdi onlara çaydan su gətirsin, çay birdən-birə qurudu. Bu işə məətəl qalan leylək çaydan aralandı. Çay yenə axmağa başladı. Onda Leylək çaydan soruşdu:

-Ey gurhagur axan çay! Niyə mən səndən uşaqlar üçün su götürmək istədim, sən o saat qurudun? Bu binəvalar nə günahın sahibidirlər ki, sən belə qəddarlıq edirsən?

Çay gur səsini bir az da çoxaldıb dedi:

-Onlar ana məhəbbətinə xəyanət ediblər. Onlara mən bir qurtum su da vermərəm. Necə ki, onlar bir qurtum sudan ötrü öz xəstə analarını evindən-eşiyindən didərgin salıblar.

Leylək dedi:

-Yəqin indi onlar səhvlərini başa düşüb, analarını axtarmağa çıxıblar. Gəlsənə onların günahından keçəsən.

Çay dilləndi:

-Onlar səhvlərini çox gec başa düşüblər. Ona görə də susuzluqdan ölümə məhkumdurlar.

Leylək çayın tərsliyini görüb dedi:

-Axı onlar məni və balalarımı ilanın ağzından xilas ediblər. İndi mənim gözümün qabağında onlar susuzluqdan ölməlidirlər?

Bunu eşidəndə çay yumşaldı:

-Əgər bu doğrudan da belədirsə, onda mən sənə icazə verirəm ki, onlara su verəsən.

Leylək sevincək uşaqlara su apardı. Bacı-qardaş sudan doyunca içdilər. Şəmsiyyə kəkliyə dedi:

- Sən mənim qardaşımı ölümdən qurtardığına görə çox sağ ol.

Leyləyə minnətdarlıq bildirəndən sonra onunla görüşüb ayrıldılar.

Ayrılanda Leylək uşaqlara söz verdi ki, analarının yerini o da axtaracaq.

Şəmsiyyə qabaqda, Şəmistan da onun arxasınca düşdülər yola. Uzun, əziyyətli yollardan keçib, gəlib Qurd dağı deyilən, hündür bir dağın ətəyinə çıxdılar. Bu dağdan çox sıldırım qayaya oxşayırdı. Şəmsəddin dedi:

-Bacı, biz düz yolla güclə yeridiyimiz vaxtda, belə dik bir qayaya necə qalxacağıq?

Şəmsiyyə qardaşını sakitləşdirdi:

-Biz anamızı çox incitmişik. Onun yolunda hər əziyyətə dözməliyik.

Uşaqlar bir-birinə təsəlli verə-verə dağa dırmaşmağa başladılar. Nə əziyyətlər çəkdilər, necə zülümlər gördülər, axır ki, gəlib dağın başına çatdılar. Çatan kimi də, həm neçə gündən bəri ac qaldıqlarından, həm də əziyyətdən halsız halda yerə yıxıldılar.

Uşaqlar qalsın burda, indi sizə kimdən deyim, kimdən danışım, Leyləkdən. Leylək rast gəldiyi bütün quşlara Şəmsəddin və Şəmsiyyənin başına gələnləri danışır, onların anasını tapmaq üçün çalışırdı. Amma hələ ki, uşaqların anasını «gördüm» deyən olmamışdı.

Bir xeyli uçub soraqlaşandan sonra quş yenə onu və balalarını yemək istəyən rəngli ilana rast gəldi.

İlan fısıldayıb dedi:

-Necə düşmüşdün əlimə, səni balalarınla ləzzətlə yeyəcəkdim. Lənət olsun mərdimazara. Gəlib çıxdı,qoymadı. Amma mən də qisasımı almışam. Onları Qurd dağına göndərmişəm. Axşama qədər dağın başında yüzə qədər qurd töküləcək üstlərinə, onları balaca-balaca tikələrə bölüb yeyəcəklər. Onda başa düşərlər ki, mənim qismətimi əlimdən alanın aqibəti necə olar.

Quş, «ilanın ağına da lənət qarasına da» deyib uçdu getdi uşaqlara kömək eləsin. Yolda o durna qatarına rast gəldi. Durnaların başçılarına əhvalatı danışıb ondan kömək istədi. Bir də gördü ki, durnalardan biri dəstədən ayrılıb Qurd dağına tərəf uçmağa başladı. Həmin dağa yol uzaq olduğundan, durna qaranlıq düşənə qədər uçdu. Dağın başına çatanda artıq hava qaralmış, göz-gözü görmürdü. Quş gəlib özünü elə vaxt uşaqlara çatdırdı ki, yüzlərlə vəhşi qurd uşaqları yemək üçün dırmaşırdılar dağın başına. Onlar uşaqlara çatmağa lap az qalanda quş özünü onlara çatdırdı. Uşaqlar bilmədilər ki, quş onları xilas eləməyə gəlib. Quşu görən kimi ikisi də birdən danışmağa başladı. Şəmsiyyə dedi:

-Ey durna quşu, anamızı görsən, ona deyərsən ki, məni bağışlasın.

Şəmistan bacısının üstünə qışqırdı:

-Bəs məni niyə demirsən ki, bağışlasın?

Sonra üzünü quşa tutub dedi:

-Ey quş, bir də ona deyərsən ki, oğlun səni çox istəyirdi, onu bağışla.

Onlar belə danışa-danışa bir də gördülər ki, qurdlar lap yaxındadır. Quş da bir tərəfdən arxasını uşaqlara çevirib dağa elə qonmuşdu ki, sanki bu hərəkəti ilə deyirdi, «tez olun gəlin, minin mənim belimə». Uşaqlar bir-birinə baxıb, tez oturdular quşun belinə. Durna quşu onları uçaraq apardı düz evlərinə. Uşaqları evlərində belindən düşürtdü.

Yol boyu Şəmistan fikirləşirdi ki, bu quş mənim anam yoxa çıxanda onun yatağınla olan quşdur. İndi o ki, bizi qurdların pəncəsindən xilas elədi və düz evimizə gətirdi, deməli o elə bizim anamızdır.

Şəmistan quşun belindən düşsə də onun boynundan tutub, uçmağa qoymadı. O, bərk-bərk quşu qucaqlayıb ona yalvarırdı:

-Bizi bağışla ana. Mən bilirəm sən bizim anamızsan. Biz böyük səhv eləmişik. Sənin qədrini bildməmişik. Sən xəstə ola-ola sənə su verməmişik. Keç bizim günahımızdan.

Şəmsiyyə də durna quşunun anası olduğunu yəqin elədi və o da bir tərəfdən anaya yalvarmağa başladı. Hər ikisi onun qarşısında diz çökdülər. Bu vaxt başçı durna uçaraq gəlib quşun tilsimini sındırdı. Durna quşu yenə də əvvəlki kimi anaya çevrildi.

Uşaqlar analarının boynunu qucaqlayıb, onu öpməkdən doymurdular. Onlar söz verdilər ki, ömürlərinin axırına kimi heç bir vaxt ananın xətrinə dəyməyəcəklər.

Nağılımız da sona çatdı, göydən səkkiz alma düşdü. Almalardan biri mənim, biri sənin, üçü ana ilə balalarının, üçü də Leylək ilə balalarının.