İki qardaşın nağılı
(Nağıl)
Biri vardı, biri yoxdu, bir mahalda iki qardaş vardı. Böyük qardaşın adı Məhbub, kiçik qardaşın adı isə Kərim idi. Qardaşlar çox zəhmətkeş idilər. Onlar bütün günü torpaqda işləyər, əkib becərərdilər.
Qardaşların Səlbi adında qoca anaları var idi. Ana qocalmış, yaxşı iş-güc görə bilmirdi. Oğlanlar evdə analarına kömək edər, ev işi də görərdilər.
Bir gün qardaşlar əkinə getmişdilər. Onlar işləyəndə torpağın altından balaca bir sandıq tapdılar. Sevindilər ki, xəzinə tapıblar. Amma sandığı açanda sevincləri üzlərində qaldı. Sandıqda balaca yaşıl ilandan başqa heç nə yox idi. Məhbub ilanı sandıqdan yerə saldı ki, öldürsün. İlan girdi torpağın altına,öldürə bilmədi. Sandığı isə boş götürüb gəldilər evlərinə. Kərim sandığı anasına verib zarafatla dedi:
-Oğlanların sənə xəzinə tapıb, al gizlət.
-Bala, axı sandığın içərisi boşdur,- deyə arvad dilləndi.
Məhbub dedi:
-Eşitməmisən ay ana, «Hamı gedər quş gətirər, Şaqqulu bayquş gətirər»- deyiblər. İndi də biz, hamı xəzinə tapanda, sənin də oğlanların, içərisində ilan olan sandıq tapırlar.
Səlbi arvad uşaqlarını sakitləşdirdi:
-Bala naşükür olmayın, allaha şükür edin ki, böyük zəhərli ilana rast gəlməmisiz. Sizin birinizi allah eləməmiş ilan vursaydı, mən neylərdim?
Bunu deyib ana balalarını qucaqlayıb öpdü və onlara yemək gətirdi. Oğlanları getdilər dincəlməyə, qarı da süfrəni yığışdırıb getdi qonşusu Sənəm qarı ilə söhbət eləməyə.
Qarılar ordan-burdan söhbət eləyəndə Səlbi arvad uşaqlarının tapdığı sandıq haqda Sənəm qarıya danışdı. Bunu eşidən qarını elə bil ildırım vurdu. Həmişə yerindən güclə duran qarı, bu dəfə yerindən dik atıldı. Qocalıqdan balacalaşmış xırda gözlərini bərəldib dedi:
-Sənin oğlanların Kavuz ifritin qızını torpağın altından xilas ediblər. İndi bizi böyük fəlakətlər gözləyir. Atası, qızının elədiyi pis işlərə görə onu öldürməyə əli gəlməmiş, ilana döndərib, yerin altında basdırmışdı. Həmin qız neçə-neçə adamların gözlərini oyub, öldürüb. Neçə-neçə ölkələr, şəhərlər onun əlindən xarabalıqlara çevrilib. İfritə qız öz doğma dörd qardaşını məhv edəndən sonra atası qızını ilana döndərib, yerin altında basdırıb.
Sənin oğlanların bilməyiblər, onu xilas ediblər. Həmin o ifritənin atası bilsə ki, kim onun qızını xilas edib, onları mütləq tapıb öldürəcək.
Səlbi arvad qarının dediklərinə inanmadı. Durdu çox çətinliklə şəhərlərindəki dünyagörmüş, hər şeydən xəbərdar dərvişi axtarıb tapdı.
Dərviş qarıya diqqətlə qulaq asandan sonra dedi:
-Sənəm qarının dedikləri hamısı düzdür. Sənin oğlanların çox böyük qəbahət iş görüblər. Yüz ilə yaxın yerdə basdırılmış əfi, tilsimkar ilanı xilas ediblər. Onlar gərək ilanı tutub, öldürəydilər. Bunu etməyiblərsə, böyük müsibətlər ola bilər. O günü sabahdan başlayacaq əvvəlki kimi ifrit işlərə. Hər gördüyü dəhşət ona o qədər nəşə verir ki, ondan sonra qəhqəhə çəkib bərkdən gülür.
Oğlanların Məhbubla Kərimi göndər mənim yanıma, nə qədər ki, ifritə heç nə eləməyib, onu tapıb öldürsünlər.
Səlbi dərvişin dediklərini eşidəndə elə bil başına daş düşdü. Tez özünü evə çatdırdı. Eşitdiklərini Məhbubla Kərimə danışdı. Qardaşlar qoca analarına inanmadılar. Onlar yorulmuşdular deyən, yuxuya getdilər. Bir də ayıldılar ki, aləm dağılır. Baş açmadılar zəlzələdir, yoxsa tufandır. Durub baxdılar ki, anaları oturub bir küncdə tir-tir əsir.
Məhbub dedi:
-Ay ana, sən bizə toxtaqlıq verməkdən, bizdən çox qorxursan.
Kərim anasını sakitləşdirmək üçün zarafat elədi:
-Bəlkə anamız doxsan iki yaşında cavan ölmək istəmir?
Ana ağlaya-ağlaya dedi:
-Bala mən ölsəm, dünya dağılmaz, mən sizin üçün qorxuram. Bəlkə də elə bu ifritənin işidir. Əgər bu zəlzələ, tufandan sonra ifritin qəhqəhəsi eşidilsə, deməli bunu eləyən odur.
-Keçən il sel gəlmişdi, mal-qaranı aparmışdı. Onda ki, biz dediyin ifritəni yerin altından hələ çıxarmamışdıq. Bəs ona nə sözün,- deyə Kərim anası ilə höcətləşdi.
Onlar belə danışdığı yerdə araya sakitlik çökdü və bu vaxt, ifritənin dəhşətli, tükürpədici qəhqəhəsi hər yanı bürüdü.
Səlbi arvad özünü döyməyə başladı və dedi:
-Bu saat durun gedin dərvişin yanına. Necə ifritəni azad eləmisiz, eləcə də onu tapıb məhv eləməlisiz.
Qardaşlar analarını sakitləşdirib getdilər dərvişin yanına. Dərvişin tufandan koması dağılmış, özü də ölümcül yaralanmışdı. Oğlanları görüb güclə danışmağa başladı:
-İfritəni tapıb öldürməsəniz, o hər yanı dağıdacaq, hamını da qıracaq.
Məhbub gördü ki, dərvişin boğazı quruyub, danışa bilmir, ona bir qurtum su verib dedi:
-Biz onu azad eləmişik, biz də onu məhv eləməliyik. Dərviş baba, sən bilirsənsə, bizə bir yol göstər, onu tapıb öldürək.
Dərviş zarıya-zarıya danışmağa başladı:
-Əvvəla tapdığınız sandığın ağzını heç vaxt örtülü saxlamayın. Sandığın ağzını örtülü saxlasanız, ifritənin atası bilməyəcək ki, onun qızıdır aləmi dağıdan. Sizə isə kömək eləsə, ancaq o kömək eləyə bilər. Əvvəlcə gərək onun atasını tapıb, qızı məhv eləməyin yolunu ondan öyrənəsiniz. Qızın atasını tapmaq üçün qaranlıq dünyaya gedib çıxmalısınız. Bu çox da asan deyil. Qaranlıq dünyaya gedib çıxa bilsəniz, bir gündən artıq orada qala bilməzsiniz. Yoxsa həmişəlik orada qalmalı olacaqsınız. Orada isə başa düşmədiyiniz işlərə qarışmayın.
Əvvəlcə siz, qaranlıq dünyaya getməkdən ötrü yeri qazıyıb, girməlisiniz yerin altına və üç gün ac-susuz qalmalısınız orada. Danışa bilmirəm. Sonrasını özünüz görəcəksiniz. Allah amanında.
Bunu deyib dərviş canını tapşırdı. Məhbubla Kərim özlərini dərvişin ölümünə bais saydılar və özlərinə söz verdilər ki, ifritə qızı tapmamış, onu öldürməmiş, işıqlı dünyada yaşamayacaqlar.
Qardaşlar evə qayıdıb anaları ilə öpüşüb, görüşdülər. Elə bağlarındaca bir dərin, çala kimi bir yer qazdılar. Hər ikisi girdilər həmin çalaya, analarına da dedilər ki, çalanın üstünü torpaqla örtsün.
Səlbi arvad başladı çalaya torpaq tökməyə, nə qədər tökdüsə də, çala torpaqla dolmadı ki, dolmadı. Qarı yorulub, əldən düşdü. Köməyə qonşularındakı Sənəm qarını çağırdı. İki qarı qoşuldu bir-birinə, axır ki, birtəhər çalanı torpaqla doldurdular.
Sizə kimdən deyək, kimdən danışaq torpağın altındakı qardaşlardan. Elə ki, quyu torpaqla doldu, qardaşlar başladılar güclə nəfəs almağa. Beləcə onlar üç gün, üç gecə torpağın altında qaldılar. Kərim qardaşına dedi:
-Məhbub, mənim daha halım qalmayıb, ölürəm. Amma mən ölməyimə heyfsilənmirəm. Çünki, biz ki, elə ifritəni azadlığa buraxmışıq, bizə ölüm yaraşır. Amma camaata yazığım gəlir. İfritə onların başına yəqin ki, müsibət açacaq.
Məhbub qardaşını qucaqlayıb, başı ilə onun sözlərini təsdiq elədi. Qardaşların hər ikisi acından və susuzluqdan huşlarını itirdilər. Hannan-gecdən özlərinə gəlib gördülər ki, quyudan bir dar yol açılıb. Başladılar həmin yolla getməyə. Qardaşlar getdikcə yol genişlənirdi. Bir xeyli getdikdən sonra onlar böyük bir şəhərə çıxdılar. Hər tərəfin qaranlıq olmasından qardaşlar başa düşdülər ki, bura qaranlıq dünyadır. Bircə buraları işıqlandıranlar gecə böcəkləri idi. Onların gözləri işıq saçırdı. İşıqlı böcəklər yol boyu elə düzülmüşdülər ki, onların gözlərindən saçan gur işıq yolu işıqlandırırdı.
Qaranlıq dünyanın öz adamları var idi. Amma onlardan söz soruşanda dinmir, yalnız gözlərini bərəldib, adama baxırdılar. Burada hər şey qəribə idi. Bir də görürdün bir neçə nəfər başı aşağı, ayaqları yuxarı dayanıb, eləcə də durublar. Bundan sonra bir az da yol gedəndən sonra gördülər ki, üç qız saçlarından asılı vəziyyətdə xalça toxuyurlar. Xalçanı da əllərində saxlayıblar. Bu qardaşlara çox qəribə göründü. Kərim istədi qızları xilas eləsin, qardaşı onu saxladı. Dərvişin sözlərini onun yadına saldı. Dərviş oğlanlara demişdi ki, başınız çıxmayan işə qarışmayın. Kərim bir az sakitləşdi.
Qardaşlar bir az da getmişdilər, gördülər ki, bir adamın boynunda zəncir var, bir ayı da pəncəsində o zənciri saxlayıb. Burda artıq Kərim dözə bilməyib irəli yeridi və dedi:
-Qardaş, daha bu lap ağ oldu. Harada görünüb ki, adamı zəncirdə ayı gəzdirsin. Mən onu xilas edəcəyəm.
Məhbub qardaşına dedi:
-Kərim, dözmüsən bir az da döz, görək bunların axırı necə olacaq. Tələsmək lazım deyil.
Kərim sözə qulaq asmadı. Adamın zəncirini açdı bağladı ayının başına, zənciri verdi adamın əlinə.
Bu vaxt bütün işıq böcəkləri gözlərini yumdular və hər yanı zülmət qaranlıq bürüdü. Bir azdan işıq böcəkləri gözlərini açanda, yenə hər yan azca işıqlandı və qardaşlar gördülər ki, özlərinin başları zəncirə keçirilib və zəncirlərin hərəsinin də ucu verilib bir ayının pəncəsinə.
Məhbub istədi qardaşını danlasın, səsi çıxmadı. Hər iki qardaşın yenə də dərvişin dediyi sözlər yadlarına düşdü. Dərviş onlara demişdi ki, siz qaranlıq dünyada yalnız bir gün qala bilərsiniz, yoxsa həmişəlik orada qalmalı olacaqsınız. Qardaşlar bikef-bikef zəncir də boyunlarında qaldılar qaranlıq dünyada.
Qardaşlar zəncirlənmiş halda qalsınlar qaranlıq dünyada, sizə kimdən deyim, kimdən danışım Səlbi qarıdan. Səlbi qarı Sənəm qarı ilə oğlanlarının üstünü torpaqla örtəndən sonra özünə yer tapa bilmir, bütün günü oğlanları girən çalanın başında oturub onları gözləyirdi.
Bir gün ötdü. Səlbi arvad bir də gördü ki, Sənəm qarı tummanını yellədə-yellədə gəlir. Qarı evlərində Səlbini tapmayıb, gəlmişdi onların bağına. Gördü Səlbi oturub çalanın yanında, ağlamaqdan da gözləri şişib, Başa düşdü ki, oğlanları hələ qayıtmayıb, dedi:
-Səlbi dur ayağa, gedək oğlanlarıvı axtaraq. Onların başında bir iş var ki, onlar qaranlıq dünyadan qayıtmadılar. Qaranlıq dünyadan bir günə qayıtmayan, həmişəlik orada qalır. Biz onların dalınca gedib, onları qurtarmalıyıq.
Səlbi arvad dizlərinə döyüb, ağlamağa başladı. Sənəm onun üstünə qışqırıb dedi:
-Biz torpağın altında üç gün qalmalıyıq ki, gedib qaranlıq dünyaya çataq. Bax orada bekar olacağıq, nə qədər istəsən ağlayarsan. İndi dur get, kənkan tap gətir, çala qazsın. Biz girək çalaya, üstümüzü torpaqla örtsün. Razılaşmasa qiymət danış, razı sal.
Qarılar kənkan tapıb çala qazdırdılar, torpağın altına girdilər. Orada oturub, qaranlıq dünyaya düşməklərini gözlədilər. Səlbi arvad özü ilə sandıqçanı da götürmüşdü. Onu ağzı açıq qoymuşdu.
Üç günün tamamında qarılar qaranlıq dünyaya düşdülər. Sənəm qarı yol getdikcə işıq böcəklərinin dimdiklərinə darı qoyurdu. Bir xe yli gedəndən sonra, onların qabaqlarına başı aşağı dayanmış adamlar çıxdı. Sənəm qarı onların yanlarına qoyduqları papaqlarını götürüb ayaqlarına qoydu. Onlar bunu görüb, tez çevrildilər, düz dayandılar.
Bir az keçmişdi ki, gəlib saçlarından asılmış qızlara çatdılar. Sənəm qarı qızların xalçalarını əllərindən dartdı aldı və onu divardan asdı. O saat qızlar özləri saçlarını açıb yerə düşdülər və xalçalarını oturmuş yerdə toxumağa başladılar.
Nəhayət ki, qarılar oğlanları gördülər. Səlbi arvad oğlanlarını zəncirdə görəndə, özünü döyməyə başladı. Sənəm qarı isə öz işində idi. Yaxınlaşdı oğlanları tutub zəncirə bağlayan kişiyə. Əlindəki sandıqçanı ona göstərdi və dedi:
-Bu oğlanlar ifritəni tapıb öldürməyə gəliblər, burax onları.
Kişi dedi:
-İfritəni öldürməyə gələnlərə canım da qurban,- deyib oğlanları açıb buraxdı.
Səlbi oğlanlarını qucaqlayıb öpdü.
Sənəm qarı isə hələ bunun vaxtı deyil, deyib, oğlanları qaranlıq dünyada ifritənin atasını tapmağa yola saldı.
Özləri isə buradaca onları gözləməyə başladılar.
Qardaşlar azca getmişdilər ki, qarşılarına dörd eybəcər div çıxdı. Onlar oğlanları görən kimi, adam badam iyi gəlir, yağlı adam iyi gəlir, deyib cumdular oğlanların üstünə ki, onları yesinlər. Divlər çox güclü idilər deyən, elə bir az vuruşandan sonra oğlanları yordular. Qarılar divlərin səsinə gəlib elə vaxt yetişdilər ki, az qalırdı divlər oğlanları yesin. Sənəm qarı irəli çıxıb divləri aldadıb dedi:
-Onlar mənim südümü yeyiblər, mən də göylərdən gəlmişəm.
Divlər həmişə göydə yaşayan məxluqlardan qorxurlar deyə, qarının yalanına inanıb oğlanları buraxdılar. Sonra gəlib qarıya baş əydilər və dedilər:
-Ey göylər qarısı, nə əmrin var de, biz nə əmr etsən onu yerinə yetirməyə hazırıq.
Sənəm qarı dedi:
-İfritə qızı necə məhv eləmək olar, deyin, ondan sonra mənim sizinlə işim yoxdur.
Divlərin ən yekəpəri dedi:
-Bunu ancaq onun atası edə bilər. Onu tapmaq üçün isə yeddi gün, yeddi gecə yol getməlisiniz. Gedəndə arxanıza baxmayın. Arxaya baxsaz, daşa dönərsiniz. Çatan kimi sandığın boşunu ona göstərsəniz, özü sizə gömək eləyəcək.
Qarılar və oğlanlar divlərdən ayrılıb, divlər deyən kimi yeddi gün, yeddi gecə arxaya dönmədən, qaranlıq dünyada yol getdilər. Qarılar yeriyə bilmirdilər deyən, oğlanlar onları bellərinə almışdılar. Axır ki, gəlib Kavuz ifritin məkanına çatdılar.
Bura elə qaranlıq idi ki, göz-gözü görmürdü. Soyuqdan hər yan buz bağlamışdı. İfrit onları görən kimi dedi:
-Siz nə cürətlə mənim dünyama gəlmisiniz. İndi mən sizi buza döndərərəm, siz də burda gördüklərinizi heç yerdə danışa bilməzsiniz.
Sənəm qarı yenə də özünü irəli verdi. Bu dəfə o heç nə danışmadı, yalnız ağzı açıq sandıqçanı ona göstərdi. Bunu görən ifrit qəzəblənib dedi:
-Kim mənim qızımı xilas edib?
Səlbi dedi:
-Mənim oğlanlarım onu bilməyib xilas ediblər, indi gəliblər, onu tapıb öldürsünlər.
İfrit bir az sakitləşdi. O yanındakı qullarına əmr etdi:
Tez ifritəni tapıb mənim yanıma gətirin.
Qullar hərəsi bir tütək çıxarıb, eybəcər səslə, hamısı eyni cür çalmağa başladı. Heç bir az keçməmişdi ki, balaca yaşıl ilan fısıldaya-fısıldaya gəlib atasının qarşısında dayandı. Kavuz ifrit ona əmr etdi:
-Mən sənə deməmişdimmi ki, sən həmişəlik yerin altında qalmalısan, niyə məni eşitməmisən, oradan çıxmısan?
İlan qız atasına dedi:
-Yalvarıram ata, məni daha sandığa salma.
Sonra o sürünə-sürünə güya yalvarmaq üçün atasının boynuna sarıldı və birdən onu boğmağa başladı. İfritin rəngi qaraldı. Məhbub tez özünü atdı, ilanı ifritin boynundan ayırmaq istədi. İlan onu sancıb zəhərlədi. Bu vaxt Kərim qulların birinin əlindən tütəyi alıb onunla ilanın başını əzdi. İfritin qaralmış rəngi açıldı, o özünə gəldi. Tez yanındakı qabı götürüb, ilanın üstünə nəsə tökdü. İlan tüstüləndi-tüstüləndi və yoxa çıxdı.
Kavuz ifrit Məhbubun canından ilan zəhərini çəkdi. Rəngi ağappaq olmuş oğlan özünə gəldi.
Sonra ifrit onun canını ifritə qızının əlindən qurtardıqlarına görə Sənəm qarıya da, Səlbi qarıya da, Məhbuba da, Kərimə də , hərəsinə bir işıq böcəyi bağışladı. Bundan sonra qullarına əmr etdi ki, onları gəldikləri yol ilə də geri qaytarsınlar. Qarılarla oğlanlar az getdilər, çox getdilər gəlib çala qazdıqları yerə çatdılar. Səlbi qarı və otlanları elə oradaca işıq böcəklərini atdılar yerə ki, bizim işıqlı dünyada bu böcəklərə ehtiyacımız yoxdur. Amma Sənəm qarı böcəyi qoynunda gizlətdi ki, ifritin hədiyyəsi pis şey olmaz. Bu vaxt çala aralandı, onlar çaladan işıqlı dünyaya çıxdılar.
Qorxulu səfərdən qayıdanlar sağ qaldıqlarına və ifritədən canlarını qurtardıqlarına görə tanrıya şükür oxudular. Hərə sevincək öz evinə getdi.
Səhər tezdən Sənəm qarı sevincək durub gəldi Səlbi qarının yanına ki, ay qız, gözün aydın olsun işıq böcəyim yumurtlayıb, özü də qızıl. Səsə oğlanlar da yuxudan oyandılar. Sənəm qarıya gözaydınlığı verdilər. Özləri də çox peşiman oldular ki, işıq böcəklərini niyə qaranlıq dünyada qoyub gəldilər.
O gündən oğlanlara qızıl lazım olan kimi onlar Sənəm qarının yanına gedər, utana-utana deyərdilər:
-Nə olar Sənəm qarı, bir günlüyə işıq böcəyini ver bizdə qalsın.
Sənəm qarı da «ay şeytanlar», deyib böcəyi onlara verərdi. İşıq böcəyi kimin evində qalsaydı, bir qızıl yumurta ilə onu sevindirərdi. Belə-belə iki qonşu varlanıb, hamıdan varlı oldular və şad-xürrəm yaşayaraq, bütün arzularına çatdılar.
Nağılımız da burda qurtardı. Bu vaxt haradansa bir işıq böcəyi uçub gəldi, mənim yanımda yerə qondu. Baxdım ki, böcək üç yumurta yumurtlayıb, üçü də qızıldan. Əlbəttə ki, iki yumurtanı özüm götürdüm, birini də yaxşı, küsmə sənə verərəm.