Yalançı pəhləvanın nağılı

Yalançı pəhləvanın nağılı

(Nağıl)

 Biri var idi, biri yox idi, Şamil adlı gombul bir oğlan var idi. Şamilin ata-anası bütün günü sahədə işləyər, o, isə nənəsi ilə qalardı. Nənəsi də onu çox istədəyindən bütün günü yedirdərdi. Uşağın ağzı bekar dayanmaz, bütün günü işləyərdi. On dörd yaşı olmağına baxmayaraq, Şamil elə kökəlmişdi ki, qapıdan yana çevrilib keçirdi.

Ata-ana oğlanı çox yeməyə qoymurdular. Artıq nənə də Şamilə deyirdi ki, az ye, gör nə boyda olmusan. Görəndə ki, nəvəsi onu eşitmək istəmir, götürüb yeməyi gizlədirdi. Şamil bunu hiss etdikcə daha da acgözləşirdi. Gizlincə əlinə nə düşürdüsə, yeyirdi. Vay o gündən ki, təndirə çörək salınaydı. Şamil tez özünü verəcəkdi təndirə, bişən çörəkləri bir-bir ötürəcəkdi qarnına. Biri də deyəndə ki, çörəkləri yedin, qurtardın, and aman eləyəcəkdi ki, cəmi bircə dənə çörək yeyib. Ta ki, anası onu təndirin üstündən qovana qədər isti çörəkdən yeyəcəkdi. Hələ heç kəs bilmirdi ki, Şamil nə qədər çörək yesəydi, doyardı. Günlər beləcə keçir, Şamil isə günü- gündən şişir və ağırlaşırdı.

Bir gün şahın adamları car çəkdilər ki, hökmdarın əmri ilə yarışma keçiriləcək. Günortadan sonra on yaşından yuxarı bütün oğlanlar meydanda olmalıdırlar.

Bütün cavanlar meydana çıxdı. Qayda ilə hamı bir-biri ilə güləşdi, nizə atan kim, ox oynadan kim, hərə bir cür yarışırdı.

Şamil bilirdi ki, o, kəndin bütün uşaqlarından, hətta cavanlarından da kök olduğundan, uduzmaqdan başqa əlindən bir şey gəlməyəcək. Hamı da « kombul,gombul» deyib onu ələ salacaq. Buna görə də qərara gəldi ki, gizlənsin. O, evdə gizlənsəydi, tapacaqdılar və «qorxaq» deyə onu biabır edəcəkdilər. Ona görə də o, nənəsinin məsləhəti ilə getdi körpünün altında kolluqda gizləndi. Yarışın başlanmasına görə zurna-balaban səsini eşidən kimi bir az sakitləşdi ki, yaxşı oldu məni tapmadılar, canım qurtardı.

Elə azca oturmuşdu ki, gördü acından ölür. Özü ilə gətirdiyi yemək boğçasını açdı və nənəsi qoyan pendir çörəyi soğanla elə iştəha ilə yedi ki, elə bil dünyada ən ləziz yeməyi yeyirdi. Doymasa da, yeməyi qurtardı. Nənəsinin qarasınca deyinə-deyinə boğçasını bağladı. Yeməyin üstündən nənəsinin sıxıb qaba tökdüyü nar suyunu içmək istədi. Qabı əlinə alan kimi, gördü ayağının altında bir yoğun ilan fısıldaya-fısıldaya gəlir onun üstünə. Nar suyunu yerə qoymağa heyfi gəldi, qorxdu ki, ilan onu içər. Soxdu qoynuna və özünü atdı, körpünün altından sallanan ipdən yapışdı. Gombul adam ola, nazik ipdən asıla. Azca keçmişdi ki, ip qırıldı, Şamil gurulu-guppaz düşdü gur axan çayın içərisinə. Güclü axan çay Şamili üzü aşağı aparmağa başladı. Oğlan çayın içərisində özünü güclə daşlardan qoruyaraq, axır ki, çayın dayaz bir yerində, sudan çıxdı.

Şamil təzəcə sudan çıxıb, çay yuxarı gəlirdi ki, şahın adamları onu «əhsən» deyə alqışlayaraq, qolları üstünə aldılar. Çayın aşağısından meydana qədər qolları üstündə aparıb, şahın hüzurunda yerə qoydular və dedilər:

-Şah sağ olsun, bu oğlan gombul olmağına baxmayaraq, çay enişə qaçıb və hamıdan qabaq dəyirmana çatıb.

Şah da ona «afərin» deyərək, əmr etdi ki, pəhləvanlar sonrakı yarışmaya başlasınlar.

Şamil çox çətinliklə başa düşür ki, yarışmalardan qalib çıxan pəhləvanlar dəyirmana qədər qaçıb ötüşməliymişlər. Şah adamları, özünü çaydan güclə çıxardan Şamili də, elə bilirlər ki, hamıdan tez qaçıb dəyirmana birinci çatan odur. Onu qolları üstünə alıb gətirirlər şahın hüzuruna.

Axırıncı yarışmaya görə, dəyirmana ən tez çatan iki pəhləvan da axırda bir-birləri ilə güləşməliymiş. Yarış bununla bitmirdi. Lap sonda bütün sınaqlardan qalib çıxmış pəhləvan, şahın ən qızğın öküzü ilə döyüşməliymiş. Oradan da qalib çıxarsa, «şahlığın pəhləvanı» elan olunacaqmış və şah xüsusən həmin pəhləvana tikdirdiyi imarəti ona bəxşiş verəcəymiş.

Bütün bunları eşidən Şamil çəkildi bir qırağa, «haradasan ay nənə, gəl köməyimə» deyib, hönkür-hönkür ağlamağa başladı. Bu vaxt yarışmanın ən güclü pəhləvanı - hündür boylu, enli kürəkli bir pəhləvan Şamilə yaxınlaşıb dedi:

-Bizi güləşməyə çağırırlar, sən də burada hönkür-hönkür ağlayırsan. Ağlamağının səbəbini bəlkə mənə deyəsən?

Şamil pəhləvanı görən kimi özünü itirdi. Qorxusundan ağzına gələn yalanları danışmağa başladı:

-Mənim müəllimim dünyada bütün pəhləvanların arxasını yerə vuran Xərəz pəhləvan olub. İndi isə o dünyasını dəyişib. O, həmişə mənə deyərdi ki, kiminlə döyüşürsən, döyüş, amma həmin adamı mütləq öldürməlisən, yoxsa o dünyada mənim yanıma üzü qara gələcəksən. Sən də çox cavansan, ona görə sənə yazığım gəlir, sənin kimi yaraşıqlı cavanı torpağa basdırmağa əlim gəlmir. Ona görə də ağlayıram.

Bu sözləri eşidəndə, pəhləvan da kövrəldi, fikirləşdi ki, düzdü, o hələ nə yaşayıb ki, indidən qara torpağa köçsün. Tez əl-ayağa düşüb Şamildən soruşdu:

-Düz deyirsən qardaş, mən heç özüm də ölmək istəmirəm. Bəs onda neyləyim?

Şamil cavabında dedi:

-Mənim gözüm qızanda heç kəs məni sakitləşdirə bilmir. Ona görə də mən sənin üstünə gələn kimi, sən özünü elə göstər ki, güya vuruşursan, amma əslində mənə heç bir şey eləmə. Birdən bilməzsən mənə toxunarsan, gözlərimi qan tutar, heç nə görmərəm. Sonra demə ki, mən səni xəbərdar eləməmişdim. Mən isə səni yalandan vurub atdan salacağam yerə. Bundan sonra sən sağ qalacaqsan.

Pəhləvanlar danışdıqları kimi elədilər. Şamil elə birinci zərbədən pəhləvanı atdan yıxıb yerə sərdi. Onu hamı alqışladı.

Nənə də camaatın arasında idi. O, nəvəsinin meydanda olduğunu eşidən kimi, durub saçlarını yola-yola meydana gəlmişdi. İndi də eşidəndə ki, nəvəsi vəhşi öküzlə döyüşmək üçün meydana çıxacaq, yazıq arvad elə oradaca huşunu itirdi.

Vaxt yetişdi, şeypur çalındı. Lap axırıncı yarışmanın vədəsi gəlib yetişdi. Vəhşi öküzə isti köz basıb bir az da vəhşiləşdirdilər və buraxdılar dörd bir tərəfi bağlı meydana. Nə qədər elədilər Şamil meydana çıxmadı.

Şamil adamı dillə aldadıb bir təhər başa saldı. İndi allahın bu dilbilməyən öküzünə necə başa salsın ki, yazıq Şamilin heç balaca pişiyə də gücü çatmaz, qaldı ki, bu boyda vəhşi öküzə. Bunları fikirləşib, istədi aradan çıxsın.

Şah adamları gördülər ki, Şamil meydana çıxmır, şahın qəzəblənməyindən qorxub, onu zorla itələyib meydana saldılar. Şamil titrəyə-titrəyə meydana çıxdı. Qorxudan çatan kimi tutdu öküzün buynuzlarından, buraxmadı. Öküz başını elə silkələdi ki, buynuzu dəydi Şamilin qoynunda gizlətdiyi nar suyu olan şüşəyə. Şüşə sındı və nar suyu dağıldı öküzün başına. Hamı elə bildi ki, öküzü qan götürdü.

Öküzün sən demə soğan iyindən zəndeyi-zəhləsi gedirmiş. Şamil də o qədər soğan yemişdi ki, aləmi soğan iyi bürümüşdü. Öküz bu iydən canını qurtarmağa çalışaraq, Şamildən qaçırdı. Amma heç kəs, hətta Şamilin özü də öküzün niyə ondan qaçdığının səbəbini başa düşmədi. Öküzün qaçıb bir tərəfdə dayandığını görən Şamil əllərini qalib kimi göyə qaldırdı. Hamı onu alqışladı. Beləliklə də yarışma sona çatdı.

Şah Şamildən soruşdu:

-Ey pəhləvan, gəl sən bu sirrdən bizi agah elə. Necə etdin ki, sən öküzə yaxınlaşan kimi öküzü al-qanına boyadın? O səndən niyə belə tez qorxub qaçdı? Belə vəhşi öküz niyə sənə heç nə eləyə bilmədi? Düzünü de.

Şamil özünü bir az da öyüb dedi:

-Şah sağ olsun, mən bir neçə dəfə bu öküzlə döyüşmüşəm və onun buynuzlarından tutub yerə çırpmışam. İndi də mən onun buynuzundan tutan kimi, öküzün yadına düşdü ki, onu neçə dəfə buynuzundan tutub yerə çırpan pəhləvan mənəm. Buna görə də o qorxudan çəkildi qırağa. Yoxsa burda elə bir sirr yoxdur.

Şah Şamilə «afərin» dedi və ona çoxlu bəxşişlər verərək, ölkəsinin «baş pəhləvanı» elan elədi. Sarayın yanında tikdirdiyi böyük bir imarəti də ona hədiyyə verdi.

Nənə bir də ayılıb gördü ki, camaat onun gombul nəvəsini çiyinlərində gəzdirir. Bu məsələdən heç nə başa düşmədi. Amma yemək boğçasını açıb, tutduğu tikəni camaata verdi ki, ötürsünlər nəvəsinə. Şamil əlində yekə bir soğanla pendir tikəsi yeyə-yeyə, camaatın çiynində bütün şəhəri fırlandı.

Sonra da şah böyük bir nişan mərasimi keçirib, öz yeganə, dünyalar gözəli qızını bu pəhləvana nişanladı. Məni də nişana çağırmışdılar. Şamilin yanında oturmuşdum. Mənə yeməyə nə verdilər, məndən qabaq götürdü, yedi. Ağzımın suyu axa-axa qaldı. İşdi sizlərdən birinizi toya-zada çağırsalar, məbadə bəyin yanında oturasınız. Sizin payınızı sizdən qabaq yeyəcək. Siz də ac qalacaqsınız.

Nağılımız da burada qurtardı. Bu vaxt üzümü tutdum göydən bizə alma atana və dedim ey sehrli məxluq, göydən o qədər alma tök ki, gombul Şamil doyunca yesin, bəlkə onda gözü doya.