Qəddar ovçu haqqında nağıl

Qəddar ovçu haqqında nağıl

(Nağıl)

Biri vardı, biri yoxdu, Rəcəb adında yoxsul bir kişi var idi. Rəcəb kişi külfəti ilə çayın qırağında komada yaşayırdı. Çaya sel gələndə onun koması dağılmış, arvadını sel aparmışdı. Rəcəb kişi isə çox çətinliklə, on beş yaşına təzəcə girmiş qızı Şahanəni selin ağzından güclə qurtara bilmişdi. Sonra o çox böyük çətinliklə çaydan bir az uzaqda, meşənin yanında təzədən koma da tikmişdi.

Şahanə meşədə təkcə gəzməyi xoşlayar, heyvanlarla dostluq edərdi. O hətta qorxulu canavardan belə, zəhmli ayıdan belə, həm də zəhərli ilandan belə qorxmurdu. Onlarla dil tapır, onların hərəkətləri ilə, onları sözsüz başa düşürdü.

Şahanənin anası sağ ikən qızını gözəl tərbiyə etmiş, zəhmətə alışdırmış, və qızına yaxşı xalça toxumaq öyrətmişdi. Onun atadan-babadan qalma bir köhnə xanası var idi. Həmin xanada Şahanə nə xalça toxuyurdusa, çox gözəl alınırdı. Şahanə xalçaların üzərində cürbəcür maral, ceyran, və başqa heyvanları əks etdirərək, xalçalara daha da gözəllik verirdi. O hətta xalça toxuyanda heyvanların tüklərindən də istifadə edirdi. Xalçada quzu əks etdirmək üçün Şahanə öz quzularının kəkilindən bir azca kəsib toxuyurdu quzunun kəkil yerinə. Uzaqdan xalçaya baxanda elə bilirdin xalçadan sənə canlı quzu baxır. Keçini əks etdirəndə isə öz keçilərinin saqqalını kəsib, toxuyurdu keçinin saqqal yerinə. Uzaqdan xalçaya baxan elə bilirdi ki, xalçanın üstündəki keçi saqqalını tərpədir. Atası isə Şahanəni heyvanlarının tükünü kəsdiyinə görə danlayanda qız bunu gizli edirdi.

Artıq Şahanə dörd dənə böyük xalça toxumuşdu. Axırıncı toxuduğu xalçada üç quzu əks olunmuşdu. Xalça iki göz istəyirdi ki, ona tamaşa etsin. Rəcəb kişi hazır olmuş xalçaları götürüb bazara apardı. Bazara çatan kimi bir dərviş xalçaların qiymətini soruşdu.

-On beş dinar,-deyə ata cavab verdi.

Dərviş təəcübünü gizlətmədi:

-Belə xalça on beş dinar ola bilməz, bu sehrli xalçadır. Bu xalçanın qiyməti on beş dinar yox, yüz dinardır.

Dərviş bunu deyib, elə bil ki, yox oldu. Rəcəb kişi onun sözlərinə fikir vermədi. Çünki bazarda ən yaxşı xalçanın qiyməti on beş dinar idi. Aradan bir az keçmədi ki, bir nəfər tacir xalçanı alıb apardı. Bir azdan o biri xalçalar da satıldı.

Tacir xalçanı alıb apardı evinə. Xalçanı alver üçün aldığı başqa şeylərlə birgə qoydu evin bir küncünə ki, səhər ertə dəvələrə yükləyib yola çıxsın. Gecə şirin-şirin yatdığı bir yerdə eşitdi ki, bükülü xalçadan quzu səsi gəlir. Durub xalçanı açdı, fikir verib gördü ki, xalçanın ortasındakı quzular düz onun gözünün içərisinə baxırlar. Elə bildi ki, gördüyü yuxudur.

Xalçanı yumruladı ki, gedib yatsın. Elə yerinə girməyini gördü ki, yenə quzular mələşməyə başladılar. Tacir bu sirrə lap məətəl qaldı. Xalçanı açan kimi quzuların mələşmə səsi kəsilirdi. Əlacı kəsildi, xalçanı açıq qoyub yatdı.

Səhəri gün həmin tacir soraqlaşa-soraqlaşa gəlib Rəcəb kişigilin komalarını tapdı. Rəcəb kişidən bu sirri soruşdu. Məətəl qalmış kişi heç nə cavab verə bilmədi. Tacirin xalçadan çox xoşu gəldiyindən o Rəcəb kişiyə dedi:

-Səni and verirəm o bir olan allaha, qızın nə xalça toxusa, ancaq mənə sat. Sən neçə qiymətə desən mən o qimətə də onu səndən alacağam.

Bir gün Şahanə meşədə gəzəndə bir ceyrana rast gəlir, ceyranın yanında körpə balası da var idi. Ceyran tez-tez təzə anadan olmuş balasını yalayırdı. Şahanə dayanıb bir xeyli bu gözəlliyi seyr edəndən sonra qayıtdı komalarına, başladı xalça toxumağa ki, gördüyü gözəlliyi naxışlara köçürsün. Bir neçə gün xananın qabağından durmayaraq, gecəni gündüzünə qatıb yığcam bir xalça toxudu. Xalça həqiqətən də çox gözəl alınmışdı. Xalçada ceyranlar həqiqətdə olduğundan da gözəl görünürdülər.

Şahanə xalçasını ceyrana göstərib onu sevindirmək üçün meşəyə qaçdı. Nə qədər onu axtardısa tapa bilmədi. Elə bil ana, bala qeyb olmuşdular. Yorğun halda qamışlıqdan keçəndə gördü ki, ceyranın balası orada bikef oturub. Şahanə bundan bir şey başa düşmədi. Bircə onu anladı ki, balaca ceyran anasını itirib. Amma ananın başına nə gəlib, qız onu bilmək istəyirdi. Bir az yaxına gəldi. Gördü ki, qamışların arasından, bataqlıqdan ana ceyranın buynuzları görünür. O gücü çatmasa da çox çətinliklə dartıb, ananı bataqlıqdan çıxartdı. Bala ceyran gəlib anasının başının palçığını yalaya-yalaya, gözlərinin yaşını tökdü. Şahanə yaxınlaşıb, ölmüş ceyranın başını tumarladı. Onun gözlərinin yaşı dayanmadı.

Şahanə ceyranı bataqlıqdan çıxardandan sonra gördü ki, onu kim isə oxla düz ürəyindən vurub. Ox hələ də ceyranın ürəyində idi. Çox çətinliklə oxu onun ürəyindən çıxaran Şahanə, ceyranı toxuduğu xalçanın içinə qoydu. Sonra onu sürüyə-sürüyə meşənin hündür bir yerinə aparmağa başladı. Yolda Şahanə gördü ki, bala ceyran yeriyə bilmir. Çünki o, iki gün idi ac qalmışdı. Qız onu da xalçanın içinə qoydu. Bir də fikir verib gördü ki, bala ceyran başını qoyub anasının yaralı yerinə, göz yaşı tökür. Bunu görən Şahanə, bala ceyranı öpdü və ona söz verdi ki, onun anasını vuranı tapıb mütləq ondan qisas alacaq. Ana ceyranı basdırdı, balasını da və onun ürəyindən çıxan oxu da götürüb, gəldi komalarına.

Şahanə həmin gündən oxu bütün ovçulara göstərir ki, görsün ox kimin oxudur. Bir müddətdən sonra tapır ki, bu Kövsər adında qəddar bir ovçunun oxudur. Bu ovçunun əlindən meşədə heyvanlar günü-gündən azalırdı. Şahanəyə də elə bunu öyrənmək lazım idi. O axtarıb bir qudurmuş it tapır. Onun tükündən bir az toxuyur, xalçadakı ceyran əksinin üstünə. Oxu da qoyur toxuduğu xalçanın üstünə və üstündən rəngli saplarla onu hörür. Gözləyir, elə ki, Kövsər kişi onların komalarının yanından keçib, ova gedəndə, xalçanı çıxarır həyətə. Ovçu xalçanı görən kimi onun qiymətini soruşur:

-Mənim oxumu meşədən tapan qız, bu xalçanı neçəyə verərsən mənə?

Şahanə xalçaya qiymət deyir:

-Sən çox yaxşı ovçusan deyə, mən xalçanı sənə ucuz qiymətə deyərəm, iyirmi qızıl.

Kövsər sevincək xalçanı aparıb evin divarından asır. Həmin gecəni səhərə qədər vəhşi it hürüşməsinin səsindən yata bilmir. Sehrli xalçadan gələn səs onu yatmağa qoymur. Neçə dəfə çıxır bayıra ki, itləri qovsun, görür bayırda it-zad yoxdur. Durub arvad-uşağı oyadır ki, bu it səsi haradan gəlir? Hamı diqqətlə qulaq asır, heç bir səs eşitmirlər. Arvad kişisinin üzünə şübhəli-şübhəli baxır. Ovçu səhəri diri gözlü açıb, hazırlaşır ki, tezdənnən ova getsin.

Meşəyə yol Şahanəgilin komasının yanından keçdiyinə görə, qız ova gedənlərin hamısını görürdü. İndi isə erkən durub yuxulu-yuxulu ova gedən bu qəddar ovçunu da Şahanə gördü. Qızın atası meşəyə getmişdi, deyə ovçudan qisas almağın əsl məqamı idi. O ovçunu uzaqdan çağırıb dedi:

-Kövsər əmi, ceyran balasının ürəyini qızartmışam, gəlsənə bir tikə yeyəsən.

Kövsər kişi gecəni yatmamışdı deyən, kefi yox idi. Bir istədi desin, yemirəm, amma fikrini dəyişdi. Gəlib süfrənin başında oturdu. Şirin-şirin yeməyə başladı. İndi görək Şahanə Kövsər kişiyə nə bişirmişdi?

Nə vaxtdan bəri idi ki, Şahanə bir yol axtarırdı ki, meşədəki heyvanları Kövsərin əlindən xilas etsin. Amma çıxış yolu tapa bilmirdi. Nəhayət ki, bir gün qız bir çıxış yolu tapdı. Necə tapdı, qulaq asın, danışım.

Bir gün uzaq çaylı tayfasının qadınları onların meşəsinə göbələk yığmağa gəlirlər. Qadınların torbalarla çoxlu göbələk yığmağını görən Şahanə, onlardan soruşmuşdu:

-Siz bu qədər göbələyi neyləyirsiniz yığıb?

Onlardan ən yaşlısı cavab vermişdi:

-Biz heç vaxt ət yemirik, bunu günah sayırıq. Ona görə də biz çoxlu göbələk yığırıq ki, onu qurudub, qışa da saxlayaq.

-Əgər sizin aranızda kim isə ət yesə, yaxud ət yemək istəsə onda neyləyirsiniz? –deyə Şahanə maraqla soruşmuşdu.

Onda da həmin qadın belə cavab vermişdi:

-Biz həmin adama yarasa əti yedirdirik, onda həmin adam həmişəlik ətdən iyrənir.

Bunu Şahanə yadında saxlamış və indi də qəddar ovçu üçün yarasa ətindən yaxşı bir çığırtma bişirmişdi.

Ləzzətlə yeməyini yeyib qurtarandan sonra ovçu qıza dedi:

-Mən hələ ömrümdə belə dadlı yemək yeməmişdim.

Ovdan qayıdan ovçu axırıncı dəfə ət yeməyini Şahanəgildə yeyir. Ondan sonra heç vaxt, heç bir yerdə ət deyilən bir şey ağzına vurmur. Həmin gündən ova getməyi də tərgidir. Gecələri də vəhşi it hürüşməsinin səsindən doyunca yata bilməyən Kövsər kişi, köçüb həmin diyardan başqa yerə gedir. Beləliklə də, Şahanə heyvanların canını qəddar ovçunun əlindən qurtarır.

Nağılımız da burada qurtardı. Göydən bircə alma düşdü. Bircə almanın üstündə bir dava-dalaş başladı ki, gəl görəsən. Heç cürə onu bölüşdürə bilmədik. Araya düşmənçilik düşməsin deyə, onu da aparıb verdik, balaca ceyran balasına.