Keçəlin qisası

Keçəlin qisası

(Nağıl)

Keçmiş zamanlarda hər yerdən uzaq, dağların əhatəsində bir kənd var idi. Kəndin cammatı çox avam idi. Kim nə deyərdisə, inanardılar. Kəndin qazısı da bundan istifadə edər, camaatı aldadar, onların var dövlətini əllərindən alardı. Camaat qazıya çox inanırdı və ona canlarını belə qurban verməyə hazır idilər.

Qazı hər gün bir xəbərlə camaatın başını aldadardı. Bir gün deyirdi ki, allahdan mənə xəbər gəlib ki, bu yaxınlarda bütün kəndlər selin, suyun altında qalacaq. Avam kənd camaatı belə bir xəbəri eşidən kimi vay-şivən qoparardılar. Başlardılar qazıya yalvarmağa ki, sən allah qazı ağa elə et ki, yazığıq, bizim kəndə heç bir şey olmasın.

Qazı əvvəlcə deyərdi ki , bu allahın işidir mən heç nə edə bilmərəm. Camaat bunu eşidib bir az da hay-küy qaldırardı. Hərə qazıya bir şey vəd edərdi. Biri həyətindəki axırıncı heyvanını,biri ağacının meyvəsini, biri toyuq-cücəsini ,biri şirni-filan, qərəz hərə nəyə gücü çatırdısa bir şey boyun olardı ki, qazı bu bəlanı qoymasın ki, kəndə gəlsin. Qazı da bir az naz-zad edəndən sonra birtəhər razılaşardı.

Ya da biri naxoşlayanda gətirərdilər onun yanına ki, qazı ağa dərdimizə bir çarə et. Qazı əvvəlcə yalandan bir quranı o tərəf bu tərəf çevirərdi ki, yox quran göstərir ki, sizin naxoş son günlərini yaşayır. Amma bir allah adamı istəsə buna çarə edə bilər. Naxoş yiyəsi də o saat başlayırdı qazıya yalvarmğa ki, elə o allah adamı sən özünsən. Bizim naxoşu sağalt, sonra da nə istəsən biz sənə verməyə razıyıq, deyərdilər.

Qazı da yavaş-yavaş naxoşun adamlarını soyardı. Məsələn birinə bir küp bal tapşırardı, birindən bir dolça yağ istəyərdi və ilaxır. Naxoş yiyələri də qazı nə istəsəydi, tapıb verərdilər. Naxoşlardan isə kim sağalsaydı qazı deyərdi mən sağaltdım, kimə bir şey olsaydı, deyərdi allahın işidir. Avam camaat isə nə olur-olsun qazıya dua edərdi. Beləcə qazı öz keyfində idi.

Həmin kənddə Səlmi xala adında bir dul qadın da yaşayırdı. Əri öləndən sonra on beş yaşlı oğlu ilə qalmışdı. Kasıbçılıqla birtəhər başlarını saxlayırdılar. Bir gün oğlanın dişi başlayır ağrımağa. Ağrıdan heç kəsi yaxına buraxmır. Ağız şişir olur nə boyda. Səlmi xala birtəhər oğlanı dilə tutub aparır qazının yanına. Qazı da başı çıxdı-çıxmadı hər işə əlini qoyur. Oğlanın dişlərinə nə qədər baxırsa başı çıxmır ki, hansı dişidir ağrıyan. Səlmi xala da qıraqdan hey deyir, qaza ağa başına dönüm bircə keçimiz var onu da verəcəyəm sənə, balama bir çarə et. Qazı da südlü keçidən keçə bilmədiyinə görə oğlanın bir–bir dişlərini çıxarmağa başladı. Hər dəfə dişin birin çıxarandan sonra soruşurdu? Nooldu ağrın artır yoxsa azalır?

Belə-belə yazıq oğlanın ağzında nə dişi var hamısın biri-bir çıxardır. Dişlər qurtaran kimi oğlanın dişinin ağrısı da qurtarır. Qazı oğlanın otuz iki dişini də verib əlinə yola salır evə ki, gedin mənim keçimi gətirin.

Oğlan nə qədər edirsə, anası keçini qazıya verməsin, Səlmi xala qulaq asmır. Oğlan deyir, o mənim bütün dişlərimi çıxardıb, anası deyir, yox o səni ölümdən qurtarıb. Çox mübahisədən sonra oğlan anasının dediyini edir. Amma ürəyində and içir ki, bu heyfi qazıda qoymayacaq.

Həyətlərindəki keçini isə deyinə-deyinə aparıb qazıya verir. Keçini qazıya aparanda dişinin birini bağlayır keçinin buynuzuna.

Qazı keçini görəndə çox sevindi. Buynuzuna bağlanmış dişi görəndə isə əsəbiləşdi və oğlana qışqırdı:

-Həpənd oğlu həpənd. Sənin dişlərini allah töküb burda bəndənin nə günahı? Bir də mənnən belə zarafat etsən, başını üzərəm, rədd ol burdan.

Oğlan keçini qoyub kor peşiman geri qayıtdı. Özünün də dişlərinin hamısını qazı çəkən kimi, saçları da töküldü, qaldı keçəl. Həmin gündən də hamı ona keçəl deməyə başladı.

Keçi əllərindən çıxan kimi Səlmi xala ilə keçəl ac qalmağa başladı. Keçəl anasından izn alıb, meşəyə odun dalınca getdi ki, gətirib satıb çörək pulu düzəltsin. Ana keçəlin yoluna bir tikə çörək bağlayıb onu yola saldı. Meşə kənddən çox uzaq olduğuna görə keçəl xeyli yol getdi, nəhayət ki, gəlib meşəyə çatdı. Başladı odun yığmağa.

Bir xeyli odun yığmışdı ki, gördü beli bükülmüş bir qarı odun yığmağa gəlib. Amma nə qədər çalışsa da baltanı güclə qalxızıb-endirir. Keçəlin ürəyi çox yumşaq idi. Qarıya yazığı galdi. Yığdığı odunların hamısını yüklədi qarının eşşəyinə. Qarı yükünü tutandan sonra oturdu bir ağacın altında. Keçəl soruşanda niyə getmirsən, dedi ki acından ölürəm, dizlərimdə qüvvət yoxdur. Oğlan özü ac da olsa gətirdiyi bir tikə çörəyi verdi qarıya. Qarı yeməyi yeyib, keçələ dua etdi.

Keçəllə halallaşıb ayrılanda ona iki sehrli çubuq bağışladı və dedi:

- hər kəs səni incitsə, çubuqlara bir kəlmə əmr edirsən, çubuqlarım, filankəsə ağıl ver. Elə sən bunu deyən kimi çubuqlar düşəcək həmin adamın üstünə başlayacaqlar,döyməyə. Sən çubuqlara bəsdir deyənə qədər, çubuqlar həmin adamı çırpacaqlar.

Keçəl qarının xətrinə dəyməsin deyə çubuqları alsa da qarıya inanmadı dedi yəqin qoca arvaddır, ağlına gələni danışır. Oturdu ağacın altında bir az uzanıb dincini alsın, iri qara milçəklər aman vermədilər.

Hirsindən durub qarı verən çubuqlardan birini götürdü başladı əlinə keçən milçəkləri çırpmağa və milçəklərdən bir ikisini öldürəndə dodağının altında qarı deyən sözləri təkrar etdi: *- Çubuqlarım milçəklərə ağıl ver.*

Bunu deyən kimi çubuq keçəlin əlindən çıxdı və yerdəki çubuq da qalxdı qoşuldu o biri çubuğa, başladılar yaxınlıqdakı bütün milçəkləri öldürməyə və qovmağa.

Keçəl gördüyünə lap mat qalmışdı. O çubuqları yoxlamaq üçün əmr etdi ki, dayansınlar, amma onlar dayanmadılar. Sonra yadına düşdü ki, axı qarı demişdi ki, onları dayandırmaq üçün bəsdir demək lazımdır. Keçəl bir kəlmə bəsdir deyən kimi, çubuqlar dayandılar.

Keçəl çubuqları götürüb sevincək evlərinə qayıtdı. Anası gördü ki, keçəl odun yığmamış qayıdıb, bikef oldu. Keçəl çubuqlardan danışsa da, keçələ inanmadı.

Keçəl çubuqları götürüb gəldi qazının yanına və keçilərini geri istədi. Qazı əmr etdi ki, keçəli qovub bayıra salsınlar. Elə əmr etməyi görmüşdü. Keçəl çubuqları ağzına aparıb dedi ki, qazıya ağıl vermək lazımdır. Çubuqlar bir göz qırpımında düşdülər qazının üstünə başladılar qazının başına–başına çırpmağa. Qazı başladı yalvarmağa ki, keçəl başına dönüm öldüm mənə bir çarə et. Keçəl əmr etdi çubuqlara ki, bəsdirin. Çubuqlar dayandılar. Keçəl keçilərini də götürüb gəldi evlərinə. Anası buna çox sevindi.

İndi gəlin sizə qazıdan deyək. Qazı başa düşdü ki, bütün güc və sirr çubuqlardadı. Keçəl gedən kimi öz qoçularını yığdı başına və əmr etdi ki, nə olur-olsun keçəlin çubuqlarını alıb mənə gətirməlisiniz.

Qoçular gecə yarısı gedirlər keçəlgilin evlərinə. Yatdığı yerdə qəfildən girib keçəlin əl-qolunu bağlayırlar, özünü də, çubuqlarını da götürüb gətirirlər qazının yanına. Qazı keçəldən çubuqların sehrini soruşur, keçəl isə heç nə demir. Onda qazı əmr edir ki, keçəlin anasını gətirib döyün və sonra da salın zindana. Ondan sonra keçəl çubuqların sirrini elə deyəcək ki.

Gedirlər keçəlin anasını gətirməyə.

İndi gəlin sizə keçəlin anasından deyim. Keçəli qazının qoçuları tutub aparandan sonra, Səlmi xala nə qədər ağlayıb-çığırsa da köməyinə çatan olmadı. Axşamdan bir az xəmir yoğurmuşdu, durub çar-naçar başladı çörək bişirməyə. Elə təzəcə çörəyini bişirib qurtarmışdı ki, keçəlin meşədə rastlaşdığı qarı özünü yorğun saldı həyətə:

- Ay ev yiyəsi, acından ölürəm mənə bir tikə çörək ver.

Keçəlin anası nə bişirmişdisə gətirib qoydu qarının qabağına. Qarı Səlmi xaladan bikef olmasının səbəbini soruşdu. Ana başlarına gələnləri qarıya danışdı. Qarı diqqətlə ona qulaq asandan sonra dedi:

-Mən bunların hamısından xəbərdaram, sənin oğlunla da meşədə rastlaşmışam. Mən bunları bildiyimdən keçələ köməyə gəlmişəm. Qazının cavabını vermək üçün də keçələ dəyənək gətirmişəm.

Qarı bunu deyib torbasındakı iri dəyənəkləri çıxarıb anaya verir və deyir:

-Apar bu dəyənəkləri ver oğluva. Deynən ki, dəyənəyə əmr etsə ki, dəyənəklər mən istəyən adamı kötəkləyin. Ondan sonra dəyənəklər başlayacaqlar öz işlərinə. Dalısı ilə işin yoxdur. Gördün ki, qazının adamları səni incidirlər, özün dəyənəklərə əmr elə.

Qarı bunu deyib çörəyini yeyib, getdi. Elə qarı təzəcə getmişdi ki, qazının adamları gəlib çıxdılar. Heç bir söz demədən keçəlin anasını qatdılar qabaqlarına. Ana gördü ki, işlər şuluqdur, dəyənəkləri götürə bilməyəcək, əl atdı fırıldağa. O dedi:

-Keçəl evdə bir dənə də sehrli dəyənək qoyub gedib. İcazə verin həmin dəyənəkləri qazıya pay aparım ki, oğlumu buraxsın.

Pay adı eşidən kimi qoçular keçəlin anasının əllərini açdılar. Ana dəyənəkləri də götürüb düşdü qoçuların qabağına. Gəlib çatan kimi qazının yanına,qazı əmr etdi ,keçəli gətirdilər. Keçəl anasını görən kimi çubuğun sirrini qazıya dedi. Qazı da o saat çubuqlara əmr etdi ki, çubuqlar keçəli ağıllandırsınlar. Çubuqlar əmri eşidən kimi, keçəli döyməyə başladılar. Ana qazıya nə qədər yalvardısa da, qazı qulaq asmadı ki, asmadı. Keçəlin anası bilirdi ki, qazıda insaf–zad yoxdur. Keçəli öləncə döydürəcək. Ona görə də elə o saatca torbada gətirdiyi dəyənəkləri çıxarıb onlara əmr etdi:

-Dəyənəklər çubuqları dayandırın, mən istəyən adamı da kötəkləyin.

Ana bunu qorxa-qorxa dedi. Çünki bilmirdi ki, dəyənəklər çubuqları saxlaya biləcək yoxsa yox.

Amma dəyənəklər ananın əmrini eşidən kimi, elə də etdilər. Qazını isə qazı huşunu itirənə qədər çırpdılar. Elə ki qazı huşunu itirdi, o saat dayandılar.

Qazı ayılan kimi, keçəlin qorxusundan həmin yurddan köçdü. Camaatın canı onun fırıldaqlarından qurtardı. Qarı isə keçəlin başına nə sürtdüsə, keçəlin dişləri də düzəldi hələ desən başına tük də gəldi. Kəndin camaatı yığılıb onu kəndin qazısı seçdilər. Həmin gündən kənd camaatı şad və xürrəm yaşamağa başladılar. Nağıl da burada qurtardı, göydən çoxlu alma yağdı. Biz də qaçıb gizləndik ki, başımıza alma düşməsin.