Sehrli göz yaşı
(Nağıl)
Biri vardı biri yoxdu, uzaq bir diyarda kiçik bir oba vardı. Bu obanın cavanları çox igid , cəsarətli və güclü idilər. Öz güclərini yoxlamaq üçün onlar tez-tez yarışmalar keçirər, orada güclərini sınayardılar.
Bu gün də belə bir günlərdən biri idi. Bütün cavanlar yığışmışdılar ki, kimin ən güclü olmağını sübuta yetirsinlər.
Meydanda at oynadan, güləşən, nizə döyüşünə çıxan, hərə bir şeylə məşğul idi. Böyükdən kiçiyə qədər bütün oba yarışanlara tamaşa etmək üçün bura toplaşmışdı.
Nəhayət ki, cavanlar yürüşmək üçün cıdıra toplaşdılar. Yarış başlandı. Mərdan adlı bir cavan, enlikürək oğlan atını çaparaq bütün atlıları geridə qoydu. Bundan sonrakı güləşmədə də O, bütün pəhləvanları arxası üstə yerə çırpdı. Heç kəs ona qalib gələ bilmirdi.
Nəhayət ki, üç gün davam edən yarışmadan sonra Mərdan *Obanın cəngavəri* seçildi.
Mərdanın nişanlısı Simarə sevindiyindən yerə-göyə sığmırdı. Bütün qızlar həsədlə ona baxırdılar. Mərdan da altdan-altdan gizlincə tez-tez nişanlısına göz qoyurdu. Hər ikisi bir-birini çox istəyirdi.
Qızların arasında bir qız da var idi. Bu kənddə bayquş kimi tanınan eybəcər bir qız idi. O, çox vaxtı gedib meşədə təkcə qaldığına görə, onun adını obada Bayquş qoymuşdular. Və ona o qədər bayquş demişdilər ki, onun öz adı tamam yaddan çıxmışdı. Bayquş meşədə canavar, çaqqal, ilan tapıb onlarla dostluq edərdi. Özü də yalnız cadu-piti işləri ilə məşğul olardı. Elə ki, ona qurd yağı, çaqqal sümüyü və yaxud ilan dərisi lazım olar, onlardan hansını istəsə yanına çağırar, başlarını aldadıb öldürərdi. Obada hamı ondan çəkinərdi. Kimə bir söz desəydi qorxudan onun bir sözünü iki eləyən olmazdı.
Bu günkü yarışmada Mərdanın igidliyini görən Bayquş ona vurulur. Nə olursa-olsun Mərdanı Simarənin əlindən almağa söz verir.
Yaxınlaşır Mərdana ki, igid, bu gün mənim səndən çox xoşum gəldi. Mən sənə mənimlə evlənməyi təklif edirəm. Mərdanın gözünü bərəltməyini görüb dedi:
-Sən özün bilirsən ki, mənim bir sözümü iki eləyənin başına nə oyun açıram. Əgər bədbəxtliklərlə üzləşmək istəmirsənsə, mənim təklifimi qəbul etməlisən.
Mərdan heç bir ifritliyə, caduya-zada inanmırdı. Yalnız öz gücünü hər şeydən qüdrətli hesab edirdi. Ona görə də Bayquşa axıracan qulaq asdı. Onun çirkin fikirlərini öyrəndikdən sonra ona elə bir şillə çəkdi ki, Bayquş fırlanıb gedib düşdü çirkli gölməçəyə. Amma heç nə etmədi. Səssizcə durub üstü başını düzəltdi, sonra isə qəhqəhə çəkib gülə-gülə çəkilib meşəyə getdi.
Mərdan dilxor-dilxor dostlarının yanına qayıtdı. Onun ən yaxın dostu olan Fəhmin Mərdanın belə peşiman qayıtmasına təəcübləndi. Soruşdu ki, sən hamıya qalib gəlmisən sevinməkdən, bir az da dilxor olmusan. Mərdan əvvəlcə istədi deməsin, amma sonra Fəhminin çox ağıllı olduğunu yadına salıb hər şeyi ona açıb danışdı.
Fəhmin Bayquşun gücünə bələd idi. Dostunun dediklərini eşidən kimi tez ayağa durub Mərdanı da ayağa qaldırdı. Onlar tələsik qızlar olan çardağa qaçdılar. Fəhmin Mərdanın nişanlısına heç bir söz deməyib ona tez evə getməyi tapşırdı. Qız heç bir şey soruşmadan onların dediyini etdi. Amma dostların heç ağlına da gəlmədi ki, artıq Simarəyə olan olmuşdu.
Sizə gəlin danışım Bayquşdan. Bayquş gölməçədən qalxan kimi üz tutdu meşəyə qaçmağa. Hikkəsindən qəh-qəhəsi meşəni bürüdü.
Komasına çatıb qurd yağı və zəhərli bihuşdarıdan tilsimli su düzəldir. Həmin suyu götürüb, düz yollanır qızlar olan alaçığa. İgidlərin şərəfinə obanın arvadları yığılıb yemək bişirirdilər. Onlar hazırlayan şərbətdən bir kuzə və hərəyə bir piyalə götürür. Piyalə götürəndə ayrı bir piyaləyə götürdüyü tilsimli sudan tökür. İçəri girib hərəyə bir piyalə şərbət paylayır. Deyir ki, əhd eləmişdim, Mərdan qardaşım birinci olsun, mən də hamıya şərbət paylayım. Qızlar ona afərin deyib payladığı şərbətdən içirlər. Tilsimli su olan piyalə isə yazıq Simarəyə çatır. Elə dəhşətli günlər də o vaxtdan başlayır.
Təzəcə Simarə şərbəti başına çəkmişdi ki, Fəhmin başını alaçıqdan içəri salıb onu bayıra çağırdı və evə getməsini tapşırdı. Simarə nişanlısının və onun dostunun xahişinə o saat əməl edib, heç bir şey soruşmadan evə getdi.
Həmin gecəni Simarə çox narahat yatdı. Səhər anası onu görəndə qışqırıb, qəşş elədi. Simarə bilmədi ki, anası niyə qışqırdı. Bunun səbəbini bilmək üçün həyətdəki su ləyəninə yaxınlaşdı ki, öz əksini görsün. Özünü heç görməsə idi ondan yaxşı olardı. Bütün üzü, bədəni qap-qara yara tökmüşdü. Hələ bundan da başqa üzünü çox eybəcər şəkildə tük də basmışdı. Elə öz əksini görən kimi Simarənin özü də qəşş edib yıxılır yerə.
Simarə özünə gələndə gördüyünə inanmadı. Bir də suda əksinə baxdı. Çox eybəcər bir vücudla rastlaşdı. Nişanlısını yadına saldı. O, belə eybəcərliklə onun gözünə görünə bilməzdi. Ona görə də tez anasının çadrasına bürünüb evdən çıxdı. Hara getdiyini bilməsə də üz tutdu kəndin qırağına, kimsəsiz bir köhnə dəyirmanda oturub, ağlamağa başladı.
Simarənin anası yavaş-yavaş özünə gəldi. Ayağa durdu. Qızını səslədi. Qızdan cavab çıxmadı. Fikirləşdi ki, yəqin sifəti yara töküb deyə çəkilib bir küncə. Nə qədər qızını səslədi, axtardı tapa bilmədi. Tez qonşuları köməyə çağırdı. Hər yanı axtardılar, Simarəni tapa bilmədilər.
Mərdan sevgilisinin itməsini eşidən kimi dostu Fəhminlə gəlir onlara. Ana ağlaya-ağlaya olanları cavanlara danışır. Fəhmin o saat başa düşür ki, bu Bayquşun işidir. Onlar vaxt itirmədən Bayquşun yanına yollanırlar. Fəhmin çatan kimi yapışır Bayquşun boğazından ki, bu saat Simarənin üzünü əvvəlki halına salmasan, səni öz əllərimlə boğacağam.
Bayquş çox hiyləgər idi. Tez hiyləyə əl atdı. Bir ləyən su gətirdi. İçinə çoxlu cürbəcür nələrsə qatdı. Sonra ağzını tutub ləyənə nə isə dua oxudu. Üzünü çevirib Mərdana ondan soruşdu:
-Əgər sən öz sevgilini həqiqətən sevirsənsə, sən mənim təklifimlə razılaşmalısan. Mənimlə evlənməlisən. Ondan sonra tilsim sınacaq, Simarə də əvvəlki kimi gözəl olub evinə qayıdacaq. Fəhmin dostunu razı salıb ona dedi:
-Sən Bayquş deyən təkliflə razılaş, sonra biz özümüz onun cəzasını verərik.
Hər ikisi bir ağızdan Bayquşun təklifi ilə razılaşırlar.
Bayquş axırıncı dəfə ləyənə nəsə tökür, ləyəndən od qalxır.
-İndi isə durun, gedin Simarəgilə Siz gedənə qədər, o da evə çatacaq–Bayquş dedi.
Evə çatdılar, amma Simarədən bir xəbər yox idi. Heç bir az keçməmişdi ki, Simarə sevinə-sevinə içəri girdi. Çox eybəcər olduğuna görə gizləndiyini, hamıya bildirdi. Anası sevindiyindən bilmirdi, neyləsin. Cavanlara dedi ki, oturun sizə bu saat dadlı bir aş bişirim. Amma Mərdangil dedilər ki, ana sən aşını hazırla biz Bayquşun dədəsinə od vurub qayıdırıq.
İndi Sizə kimdən deyim, kimdən xəöər verim Bayquşdan. Bayquş onlar gedən kimi rəml atdı və elə o saatca da Mərdanla Fəhminin fikrindən keçənləri oxudu. O bildi ki, cavanlar gələn kimi onu saçlarından asacaqlar. Tez bütün hazırlıq işlərini görüb qurtardı ki, cavanların istəyi həyata keçməsin.
Onlar isə yenicə komaya girmişdilər ki, Bayquş əlində hazırladığı tilsimli suyu atdı Fəhminin üstünə. Fəhmin bir göz qırpımında döndü oldu kök bir quzu. Mərdan istədi cumsun Bayquşun üstünə Bayquş əlindəki uydurucu tənbəkinin tüstüsünü üfürdü Mərdanın üzünə. Mərdan öz yerindəcə dayanıb durdu.
Heç Bayquşun tükürpədici, dəlisayağı qəh-qəhəsi də Mərdanı özünə gətirə bilmədi. Sonra isə tənbəkinin təsirindən özünə gəlməmiş , Mərdana ruh suyu deyilən bir tilsimli su vardı ondan içirtdi. Bundan sonra Bayquş Mərdana nə deyirdi razılaşır, heç bir şeyə etirazını bildirmirdi.
Mərdanın bu halından arxayın olan Bayquş tutur Mərdanın əlindən düz gedirlər məhəllənin mollasının yanına ki, kəbin kəsdirsinlər.
Molla onları ədəb-ərkanla qarşıladı. Diqqətlə Bayquşa qulaq asandan sonra ona dedi ki, bu nə məsələdir, adəti üzrə kəbin kəsdirməyə gələndə oğlan adamı ya da oğlan danışar. Sən heç aman vermirsən ki, sənin gələcək ərin bir kəlmə danışsın.
Söhbət bu yerə çatanda Bayquş hirsləndi:
-Sən elə bilirsən mən onu kəbin kəsdirməyə zorla gətirmişəm. Mənə inanmırsan onun özündən soruşaq. Mərdan biz evlənmək istəyirik, düzdür?
Mərdan da ona deyilən axırıncı sözü təkrar etməkdən başqa heç bir şey deyə bilmirdi. Ona görə də Bayquşun axırıncı kəlməsini təkrar etdi:
-Biz evlənmək istəyirik, düzdür.
Bunu eşidən kimi, Bayquş mollanın üstünə elə qışqırdı ki, mollanın qorxudan səsi batdı.
Molla yaxşı adam idi. Mərdanın igidliyi haqqında da çox eşitmişdi. Ona görə də Mərdanın belə həya-abır bilməyən bir qızla evlənməsi onun xoşuna gəlmədi. Bir təhər bu kəbinə mane olmağa çalışdı. Üzünü bayquşa tutub dedi:
Bəs kəbinin allah-tala tərəfindən qəbul olmağı üçün nə gətirmisən?
Bayquş qışqırdı:
-Allah-tala siz mollaların kökünü kəssin, nə istəyyirsən de.
Molla dedi:
-Nə istəyəcəyəm, cammat özü bilir, bir danadan, qoyundan, quzudan, kimin gücü nəyə çatır, kəbin haqqı verir. Onda kəbin lap yaxşı tutur.
Bayquş dodağının altında nəsə donquldana-donquldana dedi:
-Yaxşı, gözlə bu saat gətirirəm.
Sonra da amiranə səslə Mərdana dedi:
-Mən gəlincə buradacana otur heç yerə tərpənmə.
Molla Bayquş gedən kimi nə qədər Mərdanı dilə tutdu ki, bu həyasızın nəyi ilə evlənirsən. Daşdan səs çıxdı Mərdandan yox. Axırda molla hirslənib Mərdana qışqırdı:
Mən səninlə danışıram, sən məni eşidirsən ya yox? Sən mənim kimi ağsaqqalın dediklərini qulaqardına vurduğun üçün mən sənə daha heç nə deyən deyiləm. Dur çıx bayırda dayan, kimi gözləyirsən, gözlə.
Molla dediklərini neçə dəfə təkrar etdisə də, Mərdan təkcə bunu dedi ki, mən burada gözləməliyəm.
Molla burda barmağını dişlədi ki, ey dadi-bidad bu cavan başdan-ayağa tilsimlidir. Mollanın qonşu kənddə bir dərviş dostu yaşayırdı. Həmin dərviş tilsimə düşmüş adamın canından çıxan tərini öz əlinə sürtüb, onun haqqında hər şeyi deyirdi. Buna görə də molla Mərdanın alnının tərini dəsmalına silib, atını çapıb özünü dərvişgilə çatdırdı.
Dərviş molla dostunun belə tələsik gəlişinin səbəbini öyrənəndən sonra, dəsmalı əlinə sürtdü. O saat dəsmalın yeri göm-göy oldu. Dərviş peşiman-peşiman başını buladı. Mərdanı tanıdığına görə onun belə ağır tilsimə düşdüyünə çox pis oldu. Dərviş fikrə daldı ki, necə etsin Mərdana kömək etsin. Molla onu silkələyib, fikirdən ayıltdı. Tələsdirdi ki, tez elə məni evimdə gözləyirlər.
Dərviş fikirdən ayılıb, belə bir ağır tilsimi açmaqda gücsüz olduğunu bildirdi. Mollaya isə dedi ki, sən birtəhər ifritə qızın başını aldat, güya onların həqiqi kəbinini kəsdin. Bundan sonra gələrsən yanıma, müqəddəs kitabları açarıq, bu tilsimin necə sınmağına çarə axtararıq.
Molla dərvişin dediklərini eşidən kimi, tez atını minib evinə çapdı. Gəlib gördü evlənmək istəyənlər səbirsizliklə onu gözləyirlər. Bayquş gətirdiyi quzunu mollaya verdi. Molla kəbin kağızında nə isə yazıb, dua oxudu və kağızı büküb Bayquşa verdi.
Onlar gedən kimi molla soraqlaşıb getdi oğlanın nişanlısı Simarəgilə. Simarə anası ilə aş başirib, süfrə açıb Mərdanla Fəhmini gözləyirdilər. Mollanı görüb çaşıb qaldılar. Molla bütün ola nları onlara danışdı.
Simarə Mərdanın vəziyyətini özü-öz gözü ilə görmək üçün sevgilisinin yanına qaçdı. Amma Bayquşdan, onun əməllərindən qorxduğu üçün komaya girmədi. Bir gizlin yer tapıb, komanın içərisinə baxmağa başladı. Gördü ki, sevgilisi sakitcə oturub, Bayquş da kəbin kəsdirdiyinə görə sevindiyindən əl götürüb bir oynayır ki, gəl görəsən. Bir azdan ifritə qız Mərdana amiranə səslə dedi:
-Mən gəlincə oturursan yerində, məndən başqa kim sənə bir söz desə, heç kəsi eşitmirsən. Mən gedirəm kəndə, toyumuza hazırlıq görməyə.
Bunu deyib, Bayquş yola düşür kəndə. Simarə isə Bayquşun bütün dediklərini eşitdiyinə görə qorxudan sevgilisinə yaxın gedə bilmir. Oturub gizləndiyi yerdən ona baxır.
Bayquş kəndə çatan kimi gördü ki, hamı onu görən kimi qaçıb gizlənir. O saat işin nə yerdə olduğunu bilir. Əmin oldu ki, əgər toy eləsə də, heç kəs onun toyuna gəlməyəcək. Qorxudan tez gəlir komaya. Mərdanı aparıb gizli bir mağarada gizlədir. Simarə də gecə düşdüyündən qayıdır gəlir evlərinə. Molla da ana ilə bərabər onun yolunu gözləyirdilər. Molla Simarəni də götürüb, yola düşürlər dərviş olan kəndə. Dərviş rəml atır, fala bayır və deyir:
-Simarənin yalnız Fəhmin tilsimini sındıra bilər. Çünki kənddə Bayquşun qorxduğu yalnız Fəhmindir.
Simarə sual dolu gözlərlə dərvişə baxdı:
-Fəhmin Mərdanla gedəndən sonra ondan heç bir xəbər yoxdur.
Dərviş qızı sakitləşdirdi:
-Tələsmə qızım, mən hələ hər şeyi deyib qurtarmamışam. Fəhmini Bayquş quzuya döndərib verib mollaya. Sehrli dağ deyilən bir dağ var, onun da başında sehrli bir bulaq var. Həmin quzu bulaqdan su içərsə tilsim sınar və ona bir daha tilsim təsir etməz. Yalnız bundan sonra O, Bayquşa qalib gələ bilər. Həmin tilsim sınandan sonra Mərdanın tilsimini Simarə özü açacaq. İndi isə vaxtı itirməyin, gedin quzunun dalınca.
Molla ilə Simarə getdilər quzunu gətirməyə. Quzu o qədər mələmişdi ki, daha mələməyə halı da qalmamışdı. Simarəni görən kimi onun gözünün yaşı dayanmadı. Simarə də qoşuldu ona.
Molla Simarəni tək buraxmadı. Onunla bərabər Sehrli dağı axtarıb tapdılar. Çox böyük əziyyətlə onun başına çıxdılar. Quzu bulağı görən kimi özü qaçıb oradan doyunca su içdi. Suyu içib qurtaran kimi düzəldilər yola. Molla qabaqda, Simarə onun arxasınca, quzu da boğazında ip, ipi də Simarənin əlində başladılar dağdan düşməyə. Birdən Simarə ilə Molla arxadan bir səs eşitdilər:
- İpi burax, qoy özüm düşüm.
Hər ikisi çevrilib arxaya baxdı. Gördülər ki, quzu dönüb olub yenə də Fəhmin. Sevincək oldular.
Fəhmin Simarədən baş verənləri, Mərdanın yerini öyrəndi. Sonra isə düz meşəyə Bayquşun komasına yollandılar. Bayquş öz işini yaxşı bilirdi. Ona görə bütün dua tilsimlərini əvvəlcədən hazırlayıb hazır qoymuşdu. Fəhmin içəri girən kimi, onu daşa döndərmək üçün tilsimli suyu onun üstünə töküb tilsim oxudu ki, Fəhmin daşa dönsün. Gördü ki, Fəhminə heç nə olmadı, başa düşdü ki, Fəhmin sehrli dağdakı bulaqdan su içib, ona heç bir tilsim bata bilməyəcək.
Əli hər şeydən üzüldü, düşdü Fəhminin ayaqlarına başladı yalvarmağa. Fəhminin bir az ürəyi yumşaldı. Amma Bayquşu cəzasız da buraxmaq olmazdı. Ona görə də götürdü Bayquşun hazırladığı nə ki, tilsimli sular, cürbəcür dərmanlar, hamısını tökdü Bayquşun öz üstünə. Bayquş özgəyə qazdığı quyuya özü düşdü. Əvvəlcə onun bütün bədəni qara yara tökdü, sonra isə yaraların üstünü uzun-uzun tüklər örtdü. Hələ bu azmış kimi birdən-birə başladı tüstülənməyə. Tüstü qurtarandan sonra Bayquş özü də tüstü ilə qarışıq məhv olub, yoxa çıxdı.
Bayquşu məhv etdikdən sonra yollandılar mağaraya Mərdanı xilas etməyə. Mərdan isə oturduğu yerdəcə qalmışdı. Fəhmin ona yaxınlaşdı ki, onu dilə tutub evinə aparsın. Amma Mərdan tilsimdəydi deyən, Fəhminə qulaq asmadı. Hətta onu vurmaq istədi, Fəhmin tez qırağa çəkildi. Mərdan onun dalınca qaça bilmədi, çünki Bayquşun tilsiminə görə Mərdana yerindən tərpənmək olmazdı.
Simarə Mərdanın bu vəziyyətinə dözə bilmədi. Qaçıb onu qucaqlayıb hönkür-hönkür ağlamağa başladı. Simarənin gözlərindən axan göz yaşından bir neçə damla Mərdanın üzünə töküldü. Vəfalı sevgilisinin isti göz yaşları Mərdanın üstünə tökülən kimi tilsim sındı. O, bircə anda özünə gəldi. Dostunu, sevgilisini bağrına basdı. Mollanın xeyirxahlığını eşidib ona minnətdarlıq bildirdi.
Mərdan üç gün, üç gecə toy eyləyib Simarəni evinə gəlin gətirdi. Elə toy elədilər ki, hələ həmin mahalda belə toy olmamışdı. Məni də toya çağırmışdılar, amma qorxudan getmədim. Dedim Bayquşa nə var, birdən dirilər, məni də qoyundan, quzudan bir heyvana döndərər. Sonra yazıq canım bütün günü qalaram mələyə-mələyə.