İfritə

İfritə

(Nağıl)

        Biri vardı, biri yoxdu, isti bir diyar var idi. Danışacağım nağıl keçmişdə böyük bir tayfanın başına gələn maraqlı bir hadisədəndir. Tayfanın məskən saldığı yerdə  günəşin istisi o qədər çox idi ki, adamlar istidən qap-qara idilər. Onların qış soyuğundan  heç xəbərləri də yox idi. Tayfalara bölünmüş bu adamların  hamısı qamışdan hörülmüş komalarda  yaşayırdılar. Yeməkləri isə meşədə bitən meyvə və tərəvəzlərdən yaxud da ov ətlərindən olurdu.

       Tayfaya çox ağıllı bir qoca başçılıq edirdi. Hamı onu çox istəyir, onun hər bir əmrini yerinə yetirirdilər.  Tayfa başçısının bir ögey qızı var idi. Onun tarixi isə belə olmuşdu. Bir gün tayfa başçısının arvadı meşədən göbələk yığanda görmüşdü ki, bir körpə qız uşağını atıblar kolluğa, yazığı gəlmişdi götürüb, gəlmişdi komalarına. Öz uşaqları olmadığından ər-arvad qərara gəlmişdilər ki, tapdıqları qızı saxlayıb böyütsünlər. Amma nə biləydilər ki, bu günahsız körpə, böyük günahlar sahibi olan, Cəngəlli meşədə yaşayan böyük ifrit və ifritənin doğma balalarıdır. Onlar haradan biləydilər ki, yazıqları gəldikləri bu körpə gələcəkdə onların başlarına  nə oyunlar gətirəcək.  

     Çox qara olduğundan uşağı hamı qara qız deyə çağırırdı. Hələ uşaqlıqdan çox  ərköyün və ziyankar olan Qara qız  beş yaşı olanda analığının ölümünə bais oldu.  Hadisə isə belə baş vermişdi.

      Tayfada yalnız qadınlar balıq ovuna gedərdilər. Analığı da qızı götürüb getmişdi çaya balıq tutmağa. Çayın qırağında meyvəsi olan kolluqlar var idi. Analığı qara qıza həmin bitkini göstərib dedi:

      - Birdən bilməsən bu bitkilərdən yesən, o saat ölərsən. Analığı  bir az dincəlmək üçün ağacın altında yuxuya gedəndə pis qız götürüb həmin bitkinin meyvəsindən bir-ikisini atmışdı analığının ağzına. Elə o vaxtdan da analığı həmişəlik  dünyasını dəyişmişdi. Qara qızdan başqa heç kəs də başa düşməmişdi ki, sağlam qadın birdən-birə nədən öldü. 

     O vaxtdan tayfa başçısı  qızı tək böyütmüşdü. Kiçik qız atasının tayfa başçısı olmağından istifadə edib get-gedə  ərköyünləşirdi. Heç kəs onun bir sözünü iki eləmir, nə istəsə o saat verirdilər.

            Dövran fırlanır, günlər keçir, Qara qız böyüyüb qəşəng bir qız olur. Amma onu tanıyanların hamısı ifritə xasiyyətlərinə görə ondan uzaq olmağa çalışırdılar. Tayfa başçısı isə daima tayfanın dərdi-səri ilə məşğul olduğundan qızının pis xasiyyətlərindən xəbərsiz idi. 

            Bir gün tayfada yarışma keçirirdilər. Tayfa başçısı qalib gələn cavana tayfanın ən gözəl və bahalı hədiyyəsini verdi. Oğlan çox çevik olduğundan onun adı Çevik idi. Tayfa başçısı  daha sonra isə Çevikə  öz qızı olan Qara qızla evlənməyi əmr etdi. Elə həmin anda toya başladılar. Adətə görə  tayfada toy  gün çıxanda başlayar, ta ki o biri gün, gün çıxana qədər davam eləyərdi. Həmin müddətdə təkcə lap qocalar yemək hazırlamaqla məşğul olar, qalanları isə dincəlmədən oynayardılar. Kim yorulsaydı, aparıb qaranlıq bir evdə əllərini, qollarını bağlayıb gələrdilər, təzədən oynamağa başlayardılar. Bir də cəza  verilənləri, toydan sonra azad edərdilər.

            Toydan sonra tayfanın camaatı yığılıb hamı köməkli cavanlara qamışdan koma tikdilər. Bir neçə aydan sonra Qara qız ana olmağa hazırlaşdı. Bu vaxt onun ürəyi cürbəcür eybəcər şeylər istəyirdi, gah timsah yumurtası, gah ilan balası. Əri isə onun üçün bütün günü ya kərtənkələ tutar, gah timsahları güdərdi ki, yuvalarından aralı düşən kimi yumurtalarını oğurlasın və başqa buna oxşar eybəcər işlərlə məşğul olardı. Çevik bütün bunları eləsə də artıq cana doymuşdu.   

            Çevik Qara qızla evlənəndən sonra bütün gününü ovda keçirirdi. Çoxları bunun səbəbini gözəl başa düşürdülər. Çünki tayfa başçısının qızı çox ərköyün həm də pis qız idi deyən, Çevik onun nazından, qəmzəsindən, çox vaxt da ifritəliyindən bezmişdi.

            Bir gün Qara qız ərinə dedi ki, onu meşəyə aparsın. Oğlan naəlac qalıb onun dediyin elədi. Cavan ər-arvad meşədən  qayıdanda yolda fil balasına rast gəldilər. Qara qız balaca olanda ona bir nəfər odda qızarmış fil əti vermişdi. Bu balaca qızın çox xoşuna gəlmişdi və bu onun yadından çıxmamışdı. İndi də dünyaya uşaq gətirməyə hazırlaşan Qara qız bir az da acgözləşmişdi. Buna görə də o fil balasını Çevikə göstərib dedi:

            -Mən bu fil ətinin  odda qızarmışını yemək istəyirəm!

      Çevik əvvəl elə bildi ki, arvadı onunla zarafat edir. Sonra Qara qızın tamam ciddi dediyini görüb dedi:

            -Sən belə balaca filə necə qıyıb, onun ətini qızartmaq istəyirsən? Bu günahdır. Bir anlıq ərköyünlüyünü burax, allahını yadına sal.

            Çevik nə qədər arvadını başa saldısa da, Qara qız heç nə başa düşmək istəmədi və hönkür-hönkür ağlamağa başladı.

            Çevik qorxdu ki, tayfa başçısı eşidər ki, onun qızı arzulayan yeməyi yeməyə qoymurlar, acığı tutar. Buna görə naəlac qalıb  razılaşdı. Bu vaxt onların yanından ovçular keçirdi. Çevik onlara fili ovlayıb kəsməyi tapşırdı. Onlar fil balasını kəsdilər. Qara qız istədiyi qədər ətdən qızardıb  yedi.

            Bu ət Qara qıza beş-altı gün bəs elədi. Ət qurtaran kimi ərinə əmr etdi ki mən yenə fil əti istəyirəm.

            Çevik hirslənsə də bir söz deyə bilmədi. Ürəyində deyinə-deyinə getdi ova. Neçə dəfə fil balasına rast gəldisə də, onu vurmağa ürəyi gəlmədi. Kor-peşiman komaya qayıtdı. Qara qız həmin günü bütün gecəni yatmayıb deyindi. Çevik səhəri necə başa vurdu bilmədi. Sübh tezdən durub getdi yenə fil ovuna. Amma bu dəfə ovçuları da  özü ilə apardı deyə əliboş qayıtmadı.

            Qara qız ovçulara tapşırdı ki, fili tez kəssinlər. Ovçular fili  kəsib bir hissəsini qızartdılar. Qara qız acgözlüklə fil ətini yedi. Çevik isə ürəyində allahına yalvarırdı ki, doqquz ay tez başa çatsın.

            İllər, aylar keçdi. Doqquz ay, doqquz gün, doqquz gecənin tamamında Qara qızın bir qızı oldu. Ən dəhşətlisi isə bu idi ki, qızcığazın burnunun yerində fil xortumu var idi.  Çevik körpəni görən kimi işin nə yerdə olduğunu başa düşdü. O başa düşdü ki, Qara qız yalnız fil balası yediyinə görə körpənin burun yerində fil xortumu əmələ gəlib.   Qara qız isə öz ərköyünlüyündən qalmırdı. Balaca körpələrinin belə görkəmdə olmasına öz ərini günahlandırırdı. Deyirdi ki, sən mənə istədiyim  qədər fil əti verməmisən qız ona görə də belə doğulub.

       Çevik artıq bütün bunlara dözə bilmirdi. Tayfa başçısına da Qara qızın ərköyünlüklərindən heç nə demirdi. Qorxurdu ki, başçı qızına qəzəblənər, nurani qocaya nə isə olar. Tayfa başsız qalar. Ona görə də gücü yalnız özünə çatdı. Qara qıza dedi ki, hava istidir, gedir dağ şəlaləsində çimməyə.

            Gecədən keçməsinə  baxmayaraq  Çevik komaya qayıtmadı. Gecə yarı da olsa tayfanın camaatı  şəlaləyə gedib, tonqal yandıraraq Çeviki axtarmağa başlayırlar. Amma səhərə qədər axtarmaqlarına baxmayaraq, Çevikdən bir səs soraq ala bilməyib geri qayıtdılar. Şəlalə  dərin olduğundan hamı elə bildi ki, Çevik ya  orada batıb, ya onu timsah yeyib.

     Tayfa başçısı hamını başına yığıb, yas mərasiminə başlamağı əmr etdi. Tayfanın çox qəribə adəti var idi. Adətə görə ölən adam üçün ağlamaq olmazdı. Onlar belə fikirləşirdilər ki, adam öləndə ağlamaq, onların bütün allahlarına qarşı etiraz etmək deməkdir. Bu da allahların qəzəbinə səbəb ola bilərdi.

            Yas mərasimi başlandı. Qadınlar, kişilər, qoca- cavan hamı yarımçılpaq  halda tonqalın başında rəqs edə-edə səhərə qədər fırlandılar. Tonqalın başında kim oynayacaqdısa, həmin adam  əvvəlcədən  diz qapaqlarını bir neçə yerdən elə deşirdi ki, oynayanda az-az qan tökülsün. Yalnız bu şəkildə onlar ölənin xatirəsini yad edirdilər.    

            Ərinin şəlalədə batması və qızının fil xortumlu olması Qara qızı lap kobudlaşdırmışdı. O fikirləşdi ki, belə eybəcər qız ona lazım deyil. Sübh tezdən hələ heç kəs yuxudan oyanmamış o körpə qızını da götürüb gəldi şəlalənin üstünə. O yan bu yana boylanıb, dəqiqləşdirəndən sonra ki,  heç kəs yoxdur, körpəni atdı suyun dərin yerinə.                        

            İndi sizə kimdən deyim, kimdən danışım, Çevikdən. Qara qızın tərs xasiyyətlərindən bezmiş Çevik  gizlənmişdi ki, onu heç kəs tapmasın. Şəlalənin yaxınlığında gizli bir mağara var idi. Gecə yarı camaat onu axtaranda o həmin mağarada şirin-şirin yatmışdı. Bu gecə də Qara qız öz balasını qəddarcasına şəlaləyə atmağa gələndə Çevik yatmışdı. Bir də səsdən, hürküb ağacların başından uçan quşların səsinə oyandı.  Mağaradan çıxıb nə görsə yaxşıdır?

            Qara qız öz köməksiz körpəsini qaldırıb başı üstündən  suya atdı. Onun qəzəbli üzündə rəhmdən əsər-əlamət yox idi.

            Çevik əvvəlcə istədi buna mane olsun, amma qorxdu ki, Qara qız sonra ondan əl-çəkməyə, apara evə. Səsini çıxarmadı. Qatil ana uşağını suya atıb gedən kimi tez tullandı suya. Ay işığı suyu işıqlandırdığından  su aydın görünürdü. Çevik birdən gördü ki, suyun içərisi al qana boyandı. Elə bildi ki, timsah balasını yedi. Bulanıq suyun içərisində timsahı tapa bilmədi. Timsah üzüb getmişdi. Əvvəl elə bildi timsah onun balasını yeyib. Başqa vaxt olsaydı qaçıb canını timsahdan qurtarardı. Amma bala şirin olduğundan suyun altında timsahı axtardı ki, gücü çatdığı qədər timsahdan qisas alsın. Elə bu axtarışla suyun altında balasını tapdı. Tez qızını  bağrına basıb, üzə-üzə sudan çıxartdı. Qızı sudan çıxarıb baxıb gördü ki, qızın üzü al qan içərisindədir, amma  sağdır. Körpənin ağzının üst hissəsində timsahın diş yerləri var idi. Timsah uşağın ətli xortumunu qopardıb yemiş, sonra  isə üzüb getmişdi. Körpənin eybəcər xortumundan əsər-əlamət qalmamışdı.

            Bir neçə gün atası qızın yaralarına cürbəcür otlardan məlhəm düzəldib qoydu. Körpənin yarası sağalandan sonra atası gördü ki, balasının başqa körpələrdə olduğu kimi  balaca burnu var. Çevik sevindiyindən qızına Gözəl adı qoydu. Ata-bala başladılar meşədə yaşamağa.

            Aradan neçə illər keçdi. Qız da böyüyüb qəşəng bir qız olmuşdu. Bir müddət meşədə  yaşayandan sonra ata-bala gördülər ki, obalarından bir neçə nəfər köçdü  gəldi  meşəyə və başladılar orada yaşamağa. Heç kəs onların yerini bilməsin deyə Çevik qızını da götürüb çəkildi meşənin dərin yerinə.

         Çevik bir dəfə qiyafəsini dəyişib, üzünə başqa tayfanın rənglərini çəkib, gəldi meşədə yaşamağa gələnlərin yanına ki, görsün nə var nə yox?  Öz tayfasının  adamları onu tanımadılar. Çevik onlardan soruşdu:

            -Nə sizi vadar edir ki, Siz meşədə qalırsınız?

            Onlardan ən yaşlısı dedi:

            -Bizim tayfanın çox ağıllı və tədbirli bir başçısı var idi. O öləndən sonra onun ifritə  qızı oldu tayfa başçısı. Həmin gündən günümüz qaradır. Hamımıza qan uddurur. Heç kəs ona bata bilmir. Obada tayfadan çox az  adam qalıb. Onlar da naxoşlar bir də qocalardı.

       Çevik bunu eşidən kimi öz başına gələnləri onlara danışdı hamı «çoxdan şəlalədə batmış oğlanı» tanıdı.  Çevik   yığışdı ki, gedib ifritədən qisas alsın, amma qoca onu bu fikrindən döndərib dedi:

            -Qara qız indi sən gördüyün kimi yox, ondan qat-qat betərdi. Qarşısına çıxanı rəhmsizcəsinə məhv edir. Onun  ən qorxulu tilsimi istədiyi adamı qıc eləməkdi. Ona qarşı çıxan adamı bir anda  ovsunlayıb elə günə qoyur ki, həmin adam nə danışa bilir, nə də yeriyə bilir. Elə yerindəcə quruyub, bir iki günə ölür.

            Çevik  bir çıxış yolu araya-araya gəldi ki, qızı ilə də məsləhətləşsin. 

            Nə qədər hayladısa da Gözəl cavab vermədi. Bütün meşəni ələk-fələk elədi qızdan bir xəbər bilə bilmədi. Bikef oturdu bir daşın üstündə fikrə getdi.

      Ata qəmgin-qəmgin daşın üstündə otumaqda olsun, sizə kimdən deyim, kimdən xəbər verim, Gözəldən. Gözəl qaldıqları mağaranın ətrafını otlardan təmizləyirdi. Bir də gördü Sahuhi tayfasının geyimində bir neçə adam diqqətlə ona baxıb nə isə danışırlar. Qız qorxudan qaçıb girdi mağaraya. Bir də gördü ki, bir göz qırpımında onun əl qolunu bağlayıb, gətirdilər  Səhuhilərin tayfa başçılarının yanına. Tayfa başçısı Gözəli başdan ayağa süzüb dedi:

            -Gör ifritənin necə də gözəl qızı varmış. Amma gözəl də olsa onu mütləq tonqalda yandırmaq lazımdır ki, yaşadığımız dünyada ifritələrdən biri azalsın.

            -Biz meşədə yaşayırıq. Mənim anamın əməllərindən heç bir xəbərim yoxdur. Məni yandırmayın, mənim heç bir günahım yoxdur - deyə qız ağlayıb yalvarmağa başladı.

            Amma Səhuhilər ifritənin əlindən elə yanıqlı idilər ki, heç nə eşitmək istəmirdilər. Tez tonqal qalandı, Gecənin aranlığında tonqalıq işığı  meşəni bürüdü. Gözəlin əl qolunu bağlayıb tonqalın yanına gətirdilər ki, onu tonqala atsınlar. Bu vaxt  elə bir yağış başladı ki, tonqal bircə anda söndü.

            Səhuhilər buna möcüzə kimi baxdılar. Çünki bu yerlərdə yağış onların hesabına görə on-iyirmi bahardan bir yağırdı. (Yəni on il - iyirmi ildən bir yağırdı)

            Səhuhilərin yandırdığı tonqalı ikinci və üçüncü dəfə də yağışın söndürməyi onlara sehrli göründü. Tayfa başçısı işi belə görüb, camaata  dedi:

            -Görünür bizim allahlarımız bu qızın ölümünə razı deyillər. Biz onu yandırsaq, onlar bizə qəzəblənərlər. Gəlin  bu qızı biz qul kimi saxlayaq və ən ağır işlərimizi ona gördürək.

            Beləliklə də Gözəl sağ qaldı.          

      Gözəlin atası isə fikirli oturmuşdu daşın üstündə bir də gördü ki, Səhuhi  tayfasının dəliqanlıları onu dövrəyə alıb, «ifritəyə lənət» deyə-deyə onu daşa basmağa başladılar. Çevik onların atdıqları daşlardan özünü qoruya-qoruya soruşdu:

-Axı siz nə səbəbə məni daşlayırsınız? Mənim ki, sizə heç bir ziyanım dəyməyib.

 Sahuhilər hamısı bir ağızdan dedilər:

-Sən ifritə Qara qızın ərisən. Biz onun bütün yaxın qohumlarını yox etməliyik. Çünki o bizim tayfanın ən güclü adamlarını öldürüb. Sənin qızın isə  bizim qulumuz olacaq.

Qızı Gözəl haqqında eşidəndə Çevik  and verdi Sahuhilərin allahlarına ki, bir anlığa dayansınlar. Sahuhilər bu and qarşısında aciz idilər. Hamı bir anda yerindəcə dayandı. Çevik başlarına gələnləri onlara danışdı. Tayfanın dəliqanlıları ona inandılar. Onu obalarına apardılar. Hələ üstəlik Çeviklə qızına qalmağa koma da düzəltdilər.    

Gecə yarı hamı yatmışdı. Bir də səsə oyandılar ki, Çevikgilin obaları  tərəfdən haray-qışqırıq səsi gəlir. Çevik çox nigaran qaldı. Ürəyinə damdı ki, bu Qara qızın növbəti qəddarlığıdı. Tez yola düşdü ki, gəlsin obalarına. Gözəl onu tək buraxmadı, özü də onunla gəldi.

Gəlib gördülər obada hamı ağlaşır. Qara qız onun əmrini yerinə yetirməyib ona fil əti tapmadıqlarına görə qəzəblənmiş, altı ovçunu əfsun oxuyub qıc eləmişdi. Hələ bu azmış kimi bütün komalara od vurub yandırmışdı.

Bunlardan xəbər tutan kimi qan vurdu Çeviyin başına. Düz getdi evlərinə ki, bütün bunlara son qoysun. O Gözəli özü ilə götürmək istəmədi. Amma Gözəl onun sözünü eşitmədi, onunla gəldi.

Ata-bala gəldilər öz doğma komalarına.  Qara qız qarşısına bir ləyən qoymuşdu. Ləyənin içərisində  xırda-xırda balıqlar var idi. Vəhşi qadın ləyəndəki balıqları qovalayır, tutanda diri-diri atırdı ağzına çeynəyirdi. Bu mənzərəni görən Çeviyin Qara qızdan lap zəhləsi getdi. Qara qız oğlanı gözləyirmiş kimi qışqıra-qışqıra onun üstünə gəldi:

-Sən elə bilirdin məndən qaçmaq asandır? Mən çoxdan bilirdim ki, sən şəlalədə boğulmamısan, məndən qaçıb canını qurtarmaq istəmisən. Məndən qaçmaq istəyənin aqibəti bu balıqlar kimi olar.  Yaxşı ki, mən sən gedən kimi sənin fil xortumlu qızını atıb şəlalədə boğdum, yoxsa indi sənə ancaq o kömək edə bilərdi.  Səni  indi mən elə bir tilsimə salacağam ki, sən qıc olub qalacaqsan. Bu tilsimi isə yalnız mənim qanımdan olan qızım azca barmağının qanından sürtsəydi sağala bilərdin.  Sən və sənin tayfan ancaq  ölümə layiqsiniz.

Çevik heç səsini çıxarmağa belə imkan tapmadı.

İfritə qız sözünü qurtaran kimi  əllərini bir-birinə çırpıb əcayib sözlər deyib qışqırmağa başladı. Elə ki, o səsini kəsdi, Çevik yumaq kimi yumrulandı, büzüşdü, dili tutuldu və bir küncdəcə qaldı.             

Bayaqdan bu dəhşətlərə baxan Gözəl yalnız Qara qızın səsinə ayıldı. İfritə heç vaxt inanmazdı ki bu gözəl qız onun öz qızı ola bilər. 

-Sən bu qıc olmuşla gəlmişdin bura?

Gözəl özünü itirmədi, dili topuq vura-vura dedi:

-Xeyr hörmətli tayfa başçısı! Məni bura Sahuhilər tayfasının başçısı sizə hədiyyə olaraq qul göndərib. Özləri də tapşırdılar ki, sən məni bəyənməsən qayıdıb gedim.  

            İfritə bu sözlərdən xoşhal oldu. Ona elə bir köməkçi lazım idi. Amma öz şərtini kəsməyi də yaddan çıxarmadı:

            Əvvəla sənə nə əmr etsələr onu da etməlisən. Yoxsa,  bax mənim bu ərim kimi axırın belə olacaq. İndi isə tez  get meşənin içərisində ilanlar yaşayan murdar gölməçədən üzüvə palçıq yax, sonra gəl bura. Məndən gözəl heç kəs olmamalıdır.  Qalan görəcəyin işləri də sonra sənə deyərəm.

            Gözəl ifritənin bütün əmrlərini yerinə yetirməyə hazır idi, təki atasına kömək edə biləydi. Bu məqsədlə də qaça-qaça gölməçəyə getdi. Axtarıb ifritə  deyən gölməçəni tapdı. Gölməçənin palçığından  ovcunu doldurub sürtdü üzünə. Getmək istəyirdi  ki, palçığın içərisindən bir ağ ilan baş qaldırıb insan kimi danışmağa başlayıb dedi:

            -Ey gözəl qız, sən niyə ilahinin  sənə verdiyi  gözəlliyə qəsd edirsən? Niyə bu gözəlliyi bu zəhərli palçıqla məhv edirsən?

            Qız başına gələnləri ağ ilana danışdı. Ağ ilan fısıldayıb palçığın içərisindən qara ilanı çağırdı. Sən demə bu ilan da insan kimi danışa bilirmiş və ağ ilandan fərqli olaraq, o qıza baxan kimi onun başına gələnləri özü olduğu kimi qıza dedi. Qara ilan  ifritə qızı məhv eləməyin yollarını Gözələ öyrətdi. Bundan başqa qıza tapşırdı ki, ifritəni məhv edən kimi yenə də qayıdıb bu gölməçəyə gələr.     

            Gözəl üzünə palçıq sürtən kimi çox eybəcər və çirkin bir sifət aldı. Qızcığaz əlini üzünə çəkəndə  sifətinin necə çopur-çopur olduğunu  hiss etdi. Amma o nəyin bahasına olursa olsun,  atasını xilas etməli idi. O vaxtı itirmədən qayıdıb Qara qızın yanına gəldi.  Gözəl qızın birdən-birə belə eybəcərləşməsi  ifritənin çox  xoşuna gəldi.

      İfritə  yanmış komalara baxmaq üçün, həm də tilsimləyib qıc elədiyi  adamların ölüb-ölmədiklərini yəqin etmək üçün  meydana  getdi. Gözələ də tapşırdı ki,  o gələnə qədər komadan qıc olmuş ərini sürüdüb salsın həyətdəki quyuya. 

            Gözəl elə bil bunu gözləyirdi. İfritədən öyrənmişdi ki, qanını atasının bədəninə sürtsə atası sağalar. Qara qız gedən kimi tez bir qalın tikan tapıb batırdı əlinə. Amma heç inanmırdı ki, balaca yumağa dönmüş o boyda kişi yenə də əvvəlki halına qayıda bilər. Elə belə şübhələrlə əlindən süzən qanı sürtürdü atasının bədəninə.  Bir də gördü ki, atasının  yavaş-yavaş dili açılır. Qız çirkinləşdiyinə görə Çevik onu tanımadı   və soruşdu:

        -Bəs mənim qızım Gözəl haradadır?

Gözəl danışan kimi atası onun səsindən tanıdı ki, bu onun balasıdı. Ata-bala bir-birlərinə çatdıqlarına görə sevindilər. Gözəl atasına tapşırdı ki, istəmirsə ifritə onları məhv etsin, o həyətdəki quyuya düşməlidir. Atası onunla razılaşıb düşdü quyuya və yenə əvvəlki kimi yumrulanıb uzandı.

     Ağıllı Gözəl  isə ifritəyə tələ qurdu. İfritə qayıdan kimi  quyuya baxmaq istədi ki,   görsün əri ölüb yoxsa yox, əyildi başı aşağı quyuya. Arxadan Gözəl ona karlı bir təpik ilişdirib quyuya saldı. Ata da quyunun dibində  ifritənin ənginə elə bir yumruq ilişdirdi ki, ifritə heç macal tapmadı ki, tilsim oxusun. Əng şişdi, dil tutuldu. Eləcə də uzanılı qaldı quyunun  içərisində. Özü də qızını da götürüb getdi tilsimə düşənlərə kömək etməyə. Gözəl onları tapıb əlinin qanından bədənlərinə sürtüb sağaltdı. Bundan sonra Gözəl ilanlara söz verdiyinə  görə palçıqlı gölməçəyə getdi. Nə qədər hayladısa, ilanlardan səs çıxmadı.   

     Ata-bala qayıtdılar ki, quyuya baxsınlar görsünlər ifritə necə oldu, nə görsələr yaxşıdır, Qara və ağ ilanlar hər ikisi sarılıb ifritənin boğazına onu boğub öldürüblər. Gözəli görən kimi Ağ ilan gəlib çıxdı Gözəlin qucağına, quyruğunu da çəkdi qızın üzünə. Bir anda qızın üzündən bütün eybəcərliklər yox olub getdi.

            Beləliklə, bütün tayfanın canı ifritənin əlindən qurtardı. Nağılımız da axıra  çatdı. Göydən beş alma düşdü, biri almaları göydən yerə düşəndə tutanın, biri mənim, biri nağıl qoşanın, biri nağıl danışanın, biri  də ürəyində mənə görməmiş deyənin.