Qara divin nağılı

Qara divin nağılı

(Nağıl)

          Biri vardı, biri yoxdu  bir Dilqəm adında kəndli var idi. Dilqəmin üç qızı var idi. Qızların üçü də biri-birindən ağıllı, biri-birindən gözəl idi. Anaları olmadıqlarına baxmayaraq, Dilqəm onlara gözəl tərbiyə vermiş, hamısına sənət öyrətmişdi. Qızların zəhmətkeşliyi, ağıllı olmaqları və gözəllikləri hər yana yayılmışdı.

       Dilqəm artıq yaşa dolduğundan, qızları onu işləməyə qoymaz, hər işi özləri görərdilər.

      Bu gün də evdə odun qurtarıdığından qızlar  meşəyə odun yığmağa getməliydilər. Ona görə də tezdəndən durub, hazırlaşdılar, gün yolu qızdırmamış yola düzəldilər.  

       Qızlar günortaya qədər yol gedib meşəyə çatdılar. Günün qızmarında odunu  yığıb, eşşəyə yüklədilər. Özləri də bir az kölgədə oturdular ki, dinclərini alsınlar. Yeməklərini yeyib qurtarandan sonra dincələ-dincələ elə ağacın altındaca biri başladı yun corab toxumağa, o birisi başladı atalarının papağının  söküyünü  tikməyə, kiçik qız isə durub evlərinə aparmaq üçün  kəklik otu çiçəyi yığmağa başladı.

             Yetim qızların bəxtindən bu gün qara div də meşəyə ova gəlmişdi. O qızların səsini eşidib, başladı onları güdməyə ki, görsün onlar özləri  gəliblər, yoxsa yanlarında kişi xeylağı var. Görəndə ki, yox tək gəliblər, cürətləndi. Uzaqdan  qızlara gizli-gizli baxan qara divin  qızların işgüzarlığından çox xoşu gəldi. Fikirləşdi ki, qızları özünə qul eyləyər, bütün işləri görərlər. Hansı da qaçmaq istəsə onu bişirib, yeyər. Bu fikirlə yaxınlaşdı kəklik otu çiçəyi yığa-yığa bacılarından ayrı düşmüş kiçik qıza. Arxadan boğazından  elə tutdu ki, yazıq qız səsini çıxarmağa heç macal tapmadı. Gülçinin əlindəki kəklik otu çiçəklərini də əlindən  alıb yerə səpə-səpə yoluna düzəldi. Çoxbilmiş div bunu ona görə belə etdi ki, qızlar bacılarını axtarmağa gəlsələr tələyə düşsünlər. Özü də bir xeyli əyri-üyrü, gizli yollarla yol getdikdən sonra gəlib mağarasına çatdı. Qızı saçlarından asdı ki, qız qorxsun ,  divin bir sözünü iki eləməsin.  

         İndi sizə bacılardan danışım. Bacılar dincəlib, işlərini də qurtaran kimi, kiçik bacıları Gülçini çağırdılar. Amma nə faydası, nə qədər hayladılarsa da, bir xeyri olmadı. Bir xeyli bacılarını axtarandan sonra, böyük bacı  Nərmin fikir verib gördü ki, kim isə yerdəki cığıra  hər bir addımdan bir  kəklik otu çiçəyi səpib. Nərmin başa düşdü  ki, Gülçinin başına bir iş gəlib. O da bacılarını xəbərdar etmək üçün yol gedə-gedə çiçəkləri  səpib yerə. Çiçəklərin izinə düşüb gəlib çatdılar qara divin mağarasına. Sən demə qara div pusquda durub qızları gözləyirmiş. Qızlar çatan kimi qara div onları da tutub Gülçin kimi saçlarından asdı.

            Divin mağarasında bir  qara qul var idi. Qara qul Gülçini görəndə belə bir qızın divin qurbanı olduğuna çox heyfsiləndi.  Bacıları da tələyə düşəndə fikirləşdi ki, neyləsin, bu qızlara köməklik göstərsin. Amma onu da çox gözəl bilirdi ki, qızlara kömək etsə  qara, tilsimkar div onu heç bişirməmiş, diri-diri udacaqdı. Ona görə də gözlədi, elə ki, div yuxuya getdi, qızlara yavaşca dedi:

          -Mənim bacılarım Siz çox qorxulu,  cadugər bir məxluqa rast gəlmisiniz. Mənim Sizə yazığım gəlir, çünki qara divin mağarasından hələ bu vaxtacan heç kəs sağ çıxmayıb.  

            Qara qul bunu deyib için-için  ağladı. Qızlar da ona qoşuldular. Div yatmağında olsun, gəlin Sizə qoca atadan danışım.  

         Qızların atası Dilqəm kişi elə ki gördü qaranlıq düşdü, qızları meşədən qayıtmadı, bildi ki, qızların başında bir iş var. Səhəri diri gözlə  açıb düz yollandı meşəyə. Qoca ata qızlarını ağlaya-ağlaya xeyli axtarandan sonra o da böyük və ortancıl bacılar  kimi çiçəklərin  izi ilə gəlib qara divin mağarasına çatdı. Qızlarını saçlarından asılmış görəndə kişinin qışqırtısı mağaranı bürüdü. Səsə div yuxudan ayıldı. Ayılan kimi də başının üstündə onun milçəyini qovan qara qula möhkəm bir sillə ilişdirdi və dedi:

            -Sən məgər bilmirsən ki, mən yatanda səs eləmək olmaz?

            Birdən divin burnuna adam iyi gəldi:

            -Adam-badam iyi gəlir, yağlı adam iyi gəlir.

         Qızların yanında qocanı görəndə tez qara qula əmr etdi ki, qazanda su qoyub qocanı bişirsin. Qızlar bu sözü eşidəndə qışqırıb hay-küy saldılar. Böyük bacı Nərmin dedi:

        -Ey div, ya sən bizi də atamızla bərabər öldür, ya da atamızı  sağ-salamat evə burax. Əgər belə etməsən biz özümüz ac qalıb özümüzü öldürəcəyik.

      Qara div gördü ki, qızlar inadlarından dönənə oxşamırlar, qızlarla razılaşdı. Amma sandıqçasından bir qab çıxarıb qocaya verdi və dedi:

            -Al bunu iç, sənin qızlarıvı bu saat açım, buraxım. 

         Ata bunu eşidən kimi, suyun hamısını birnəfəsə içdi. Qoca suyu içən kimi bədəni buzladı, rəngi oldu ağappaq və heç kəsə də heç nə demədən düzəldi yola, gəldiyi yolla da geri qayıtdı. Qızlar bu işə  mat-məətəl qalsalar da başa düşdülər ki, ataları içən suda nə isə bir sirr var idi.

            Div qızları üç gün, üç gecə saçlarından asılı vəziyyətdə saxladı. Qızların diribaşı Gülçin idi. Gülçin fikir verib gördü ki, bir şüşə qab var, içində də bir quş var. Div hara gedirsə də həmin şüşəni özü ilə aparır. Ona görə də qız əl atdı çoxbilmişliyə və dedi:

            -Səni and verirəm o şüşədəki quşun canına! Bizi bu zülümdən qurtar, əvəzində nə qədər istəyirsən sənə qul olarıq. Özün də başımızın ağasısan, nə vaxt hansımızı istəsən bişirib, ya da elə çiy-çiy yeyə bilərsən.

            Divin öz qaydasına görə qızlar hələ yeddi gün bu vəziyyətdə qalmalı idilər ki, sözə baxan olsunlar. Amma kiçik qızın belə andı divi  fikrindən döndərdi. O qara qula əmr etdi ki, qızları açsın, amma kiçik qıza da tapşırdı ki, əgər bir də quşun canına and içsə elə oradaca qızı diri-diri qızardıb yeyəcək.

            Bundan sonra qara qul qızlara görəcəyi işlərini başa saldı. Bircə qızlara möhkəm tapşırdı ki, divin mağarasındakı üstü böyük daşla örtülü təndirə kimsə baxsa, özünü ölmüş bilsin. Div daşın üstünə torpaq tökərək elə işarə qoyur ki, kim cürət edib həmin təndirə baxsa, birinci gözlərini oyub, sonra bişirib yeyir.  Qara qulun dediyinə görə  təndirə baxan hələ kimsə sağ qalmayıb.

            Bacılar aralarında danışdılar ki, heç kəs təndirə yaxın getməsin. Amma hələ uşaqlıqdan dəcəlliyə öyrəşmiş Gülçin gecə gündüz fikirləşirdi ki, necə etsin ki, bu sirri öyrənsin.

             Nərmin Divin ancaq yemək işlərinə baxırdı. O gərək bir gündə səkkiz-doqquz qoyun bişirəydi ki, div doyaydı  Ortancıl bacı Pəri, divin töküb dağıtdıqlarını yığışdırırdı. Gülçin isə div yemək yeyəndə onun üçün rəqs edər, div yatanda isə onun milçəyini qovar, bir də divə mahnı oxuyardı ki, div yuxulasın. Qızlardan hansısa da öz işini yarıtmasaydı, mütləq bir-ya iki günlük saçlarından asılmalı idi. Nə isə, gəlin, bacıları divin yanında əsir qoyaq,  görək ataları div verən suyu içəndən sonra nələr baş verdi?           

        Dilqəm kişi div verən suyu içəndən sonra elə bil tamam dəyişdi. Vaxtilə canından artıq sevdiyi qızları elə bil atanı daha maraqlandırmırdı. Bir də elə bil ki, o qızlarını divin yanında yox, hansısa bir əziz adamının yanında qoyub gəlirdi. Özünü isə dərdsiz-qəmsiz hiss edirdi. Özü də yaxşı acmışdı. Amma ürəyi ömründə heç vaxt yemədiyi çiy, qanlı ət istəyirdi. Uzaqdan gözünə qurbağa gölü dəydi. Qurbağalaradan birini tutub palçıqlı-palçıqlı diricənə basıb ağzına yedi. Ləzzət elədi. Fikirləşdi ki, necə olub ki, bu vaxta qədər qurbağanın belə dadlı olduğunu  bilməyib.

            Meşədən təzə çıxmışdı ki, gördü bir çoban yatıb, yaxınlaşdı sürüyə. Çatan kimi bir quzu tutub, başladı quzunu mələdə-mələdə  yeməyə. Qoyunlar bunu görüb, qocanı canavara oxşadıb   qorxudan hərəsi  bir tərəfə qaçmağa başladı.           

            Səsə çoban yuxudan qalxıb, Dilqəm kişini görüb tanıdı. İstədi hal-əhval tutsun, gördü kişinin ağzı burnu qan içərisindədir və ağzı ilə  nə isə  dartışdırır. Gözləri bərələ qaldı. Dizləri qatlandı. Durduğu yerdəcə oturub Dilqəm kişinin çiy heyvanı necə yeməsinə tamaşa etməyə başladı. Qoca üç quzu yeyəndən sonra doyub çıxıb getdi.

        Çoban isə kəsə yolla kəndə qaçıb, camaata xəbər verdi ki, Dilqəm kişi deyəsən vəhşiləşib. Çoban hay-küylə gördüyünü camaata danışsa da, heç kəs ona inanmadı.  

              O gündən kənddən hər gün bir adam yoxa çıxırdı. Həmin adamı bir gündən sonra haradansa,  kimsəsiz bir yerdən qanı az qala tamam qurtarmış bir vəziyyətdə tapırdılar.

        Tilsimli suyu içəndən sonra Dilqəm kişi divin bütün əmrlərini  sözsüz yerinə yetirirdi. Əmrləri isə ona divin təndirinin içərisindəki yeraltı gizli yolla hər gün kəndə-gedib gələn başqa bir qara qul çatdırırdı.  Div Dilqəm kişiyə xəbər göndərmişdi ki, hər gün O divə bir iri bardaq adam qanı göndərməlidir. Dilqəm kişi də hər gün camaatın yatmağını gözləyir, gecə ilə kimi isə yatdığı yerdən oğurlayırdı. Sonra isə həmin adamın damarını kəsib, qanından bardağa yığıb qara qulla divə göndərirdi.  Kənd camaatı heç şübhələnmirdilər də ki, bunu edən əvvəllər yaxşı adam, ağsaqqal  kimi tanınmış üç qız atası Dilqəm kişidir.

            Bu minvalla on gün keçdi. Axırda kəndin cavanları pusub, bu adamın  Dilqəm kişi olduğunu bildilər və tutub zirzəmiyə saldılar. Hamı elə bilirdi ki, qızları itəndən sonra kişinin başına hava gəlib, qan içir. Ona görə də başqa çıxış yolu tapa bilmədilər.  Əgər Dilqəm kişini tutub zirzəmiyə salmasaydılar, yenə də gündə bir adam itəcəkdi.

      Dilqəm kişi zirzəmidə qalmaqda olsun, gəlin biz  görək  biçarə bacılar nə etdilər. Neçə gün idi ki, qızlar burada idilər, Gülçin  rahatlıq tapa bilmirdi ki, təndirdə axı nə ola bilər?

            Bir dəfə Gülçin çox qəmgin mahnı oxudu. Qara qul  mahnının təsirindən kövrəlib ağladı. Gülçin qulun ürəyinin yumşalmağından istifadə edib, yalvardı ki, divin təndirdəki sirrini açsın, Qara qul qorxudan heç nə demədi.  Bircə onu dedi ki, təndirin qapağı gündə bir dəfə açılır. Əgər sirri bilmək istəyirsənsə, gecə-gündüz təndirin həndəvərində ol, onda təndirin sirrini bilərsən.  Qız həmin gündən sonra təndirdən gözünü çəkmirdi. Amma elə ki, səhərin açılmasına bir az qalırdı, Gülçini yuxu tutur və səhərə yaxın  yuxuya getdiyinə görə  yaman dilxor olurdu.

         Bir gün belə, iki gün belə, axırda Gülçin yatmamışdan qabaq yuxulamasın deyə bir-iki dənə zəhər kimi acı bibər yeyir. Bundan sonra ağzının acısından yuxusu tamam qaçır. Amma əvəzində divin təndirinin  sirrini öyrənir. Gecəni oyaq qalıb,  səhərə yaxın görür ki, təndiri içəri tərəfdən kim isə döyəcləyir. Div yuxudan qalxır, təndirin ağzındakı daşı qaldırıb qoyur qırağa. Qız qaranlıqdan boylanıb görür ki, bu təndir deyil, yeraltı yoldur. Bir başqa qara qul əlindəki bardağı divə verərək deyir:

            -Bardaqdakı qanı Dilqəm kişi tapıb sənə göndərib. Amma kənd cammatı onun vəhşiləşməyindən duyuq düşüblər, onu zirzəmiyə salıblar. Gərək başqa bir adam tapaq, tilsimli su içirdək ki, sənin əmrlərini yerinə yetirsin. Div dedi: 

         -Yaxşı, səhər Dilqəmin qızlarından birini vəhşiləşdirib  göndərəcəyəm kəndə, atasının gördüyü işi o görsün.

            Div bunu deyib, bardağı çəkdi başına. Qara qulu yola salıb daşı qaldırıb qoydu təndirin üstünə. Qara qul isə necə təndirin içərisi ilə gəlmişdi,eləcə də qayıdıb getdi.

            Div gəlib yenə də yerində uzanıb yatdı. Gülçin tez gedib eşitdiklərini bacılarına danışdı. Bacılar divin vəhşiliyinə son qoymaq üçün söz verdilər ki, əllərindən gələni edəcəklər.

            Div səhər tezdən hələ oyanmamış, Gülçin qara qulun başının üstünü kəsdirib dedi:

            -Mən gecə yuxuda görmüşəm ki, mən səndən divin tilsimli suyunun yerini soruşuram, sən də mənə demək istəmirsən və daşa dönürsən.

         Bunu eşidən qorxaq qara qul tilsimli suyun yerini Gülçinə dedi. Bir də qorxa-qorxa Gülçinə divin başqa bir sirrini də açaraq  dedi:

       -Gülçin, bil və agah ol ki, divin şüşəsində olan quş ölməyincə heç vaxt div ölə bilməz.

         Gülçin tələsik  tilsimli suyu  boşaldıb, yerinə adi bulaq suyu tökdü. Sonra gedib, yenə də oturdu divin başının üstündə, güya ki, onun milçəyini qovur.

            Div yuxudan ayılan kimi qızlardan ən diribaş saydığı üçün  Gülçinə dedi:

            -Sən get evinizə, mən səni azad edirəm. Amma burda gördüklərin haqda kimsəyə bir söz desən, başını üzərəm. Al, bu suyu da iç ki, mənə  həmişə sadiq qalasan.

            Qız suyu aldı, qabı özü su ilə doldurduğu üçün qorxub çəkinmədən başına çəkdi. Sonra atası kimi heç kəsə bir söz də demədən durub yola düzəldi. Div elə başa düşdü ki, tilsim öz işini görüb. Amma bilmədi ki, Gülçin bilə-bilə  belə edir.  Gülçin isə qaça-qaça birnəfəsə özünü o vaxt kəndə çatdırdı ki, atası artıq zirzəmidə idi.

Soraqlaşıb atasını tapdı. Atasının soyuq baxışlarından başa düşdü ki, tilsim hələ sınmayıb. Gülçin başlarına gələnləri olduğu kimi camaata danışdı. Bütün kənd camaatının  kimisi yabı, kimisi balta, kimin nəyə gümanı gəlirdisə, hərə bir şey götürüb divi öldürməyə getdilər.

Div heç çatdıra da bilmədi ki, tilsim-cadu oxuyub, gələnlərə nə isə eləsin. Hərə bir tərəfdən nizəni divin qarnına soxdu. Div ağır yaralanmışdı. Amma yenə də bununla belə beş-altı nəfəri yaralamağa gücü çatdı. Bir də Gülçinin yadına düşdü ki, axı divin canı  şüşənin içərisindəki quşdadır. Tez axtarıb şüşəni tapıb yerə çırpdı. Şüşə çilik-çilik oldu. Onun içərisindən çıxan quşu tutub başını üzdü. Bundan sonra div cəhənnəmə vasil oldu. Qızlar  qara  qulu da xilas edib, gətirdilər kəndə.

Qara qul zirzəmiyə girib  Dilqəm kişiyə tilsimi sındıran su içirtmək istədi. Əvvəl Dilqəm kişi razılaşmadı, sonra qara qul yalandan deyəndə ki,bunu div əmr edib, kişi o saat həmin suyu içdi. Tilsim sındı, Dilqəm kişinin rəngi özünə gəldi. Qoca ata qızlarını görüb hönkür-hönkür ağladı. Qızlar bundan bildilər ki, atalarının tilsimi sınıb.   

Həmin gündən bacılar və ata  mehriban, dərdsiz-sərsiz yaşadılar. Onlar öz arzularına çatdılar, nağıla qulaq asan da ürəyindəki bütün arzularına çatsın.