İpəkqurdu ilə Hörümçəyin nağılı (7-dən 77-yə hər yaş üçün)

İpəkqurdu ilə Hörümçəyin nağılı

(Nağıl)

 Biri vardı, biri yoxdu, meşənin sıx yerində iki qonşu var idi. İpəkqurdu və Hörümçək.

 Qonşulardan biri tənbəl, paxıl və eybəcər, o birisi isə işlək və gözəl idi.

 Meşədəki heyvanların Hörümçəkdən zəhlələri gedərdi. O, bütün günü veyillənər, ağacdan-ağaca ip sallayıb yellənərdi.

 İpəkqurdunu isə hamı sevərdi. İpəkqurdu səhərdən-axşama qədər işləyərdi. O, gözəl saplar toxuyar, toxuduğu sapları yan-yana düzər, ondan ipək parça düzəldərdi. Toxuduğu parçaları bütün heyvanlar, quşlar, hətta adamlar da xoşlardılar. İpək qurdunun zəhmətkeşliyinin sorağı aləmə yayılmışdı.

 Hörümçək qonşusunun bu şöhrətinə çox paxıllıq eləyirdi. Bütün heyvanların yanında deyirdi:

 - İpəkqurdunun toxuduğu ipək heç nəyə gərək deyil, çox nazikdir, amma mənim qurduğum torlar naxışlıdır, qalındır. Bilmirəm onun nazik parçalarının nəyini bəyənirlər?

 Bir dəfə İpəkqurdunu çox bəyənən və həmişə onun al-qırmızı ipəklərinə bürünən Tovuz quşu Hörümçəyə belə cavab verdi:

 - Hörümçək! Özün heç nəyə yaramaya-yaramaya hələ başqasına lağ da edirsən. Tozdan toxuduğun torlar özündən başqa kimsəyə xoş gəlmir. Kimin rastına çıxırsa, ona mane olur. Hər kəs yuvasından sənin torlarını təmizləyir. Kəs səsini, bir də İpəkqurdunun pisinə danışma!

 Hörümçək bunu eşitcək çox hirsləndi. Öz-özünə söz verdi ki, İpəkqurdunun başına bir oyun açsın ki, bir də onu heç kəs tərifləməsin. Hiyləyə əl atdı. Hər gün İpəkqurdunun yuvasına getdi. Toxumağı ondan da yaxşı öyrənmək üçün əllərinə fikir verdi.

 İpəkqurdunun Hörümçəyin paxıllığından xəbəri yox idi. O, qonşusunu çox yaxşı qarşıladı. Eşidəndə ki, toxumağı öyrənmək istəyir, çox sevindi. Başladı Hörümçəyə bildiklərini öyrətməyə.

 Amma paxıl qonşu heç vaxt toxumağı öyrənə bilmədi.

 Aradan neçə gün keçdi. Hörümçək isə əvvəlki kimi yenə də eybəcər, heç nəyə yaramayan bir şey toxudu. Hörümçəyin qəlbi qaraydı deyə, nə toxuyurdu qara rəngdə alınırdı.

 Pis qonşu içində qəzəblənsə də hirsini büruzə vermədi. Əl atdı hiyləyə. Gəlib sakit-sakit durdu İpəkqurdunun yanında.

 İpəkqurdu Hörümçəyin birdən-birə dəyişməsinə məəttəl qaldı. Onun hiyləsini başa düşməyib soruşdu:

 - Hörümçək! Biz neçə illərdir, qonşuyuq, amma mən səni heç vaxt belə sakit, yazıq görməmişəm. Nə olub sənə? Niyə qəmginsən?

 Hörümsçək bikef-bikef dedi:

 - İpəkqurdu, gözəllər gözəli! Bu gün ürəyimi açmaq istəyirəm sənə. Daha dözə bilmirəm. Sevirəm səni, qonşu qızı, sənsiz qala bilmirəm, gəl evlənək!

 İpəkqurdu çaşdı:

 - Nə danışırsan? Bu heç mənim ağlıma da gəlməyib! Sən hörümçək, mən ipəkqurdu, bizim uşaqlarımız nə olacaq?

 Hörümçək İpəkqurdunun ürəyinin nazik olduğunu bilirdi. Ona görə də ağlaya-ağlaya dedi:

 - Mənim hər gün sənin yanına gəlməyimdə məqsədim səndən iş öyrənmək yox, səni görmək olub. Sənsiz yaşaya bilmirəm. Mənə –«yox»- desən, toxuduğum toru boğazıma dolayıb özümü öldürəcəyəm! Sonra özün peşman olacaqsan.

 İpəkqurdu Hörümçəyə inandı. Necə böyük bir məhəbbətlə onu sevdiyinə qəlbi ağrıdı:

 - Yox, yox, özünü niyə öldürürsən? Dəli olubsan, məgər? Sənə ərə gələrəm. Bir yerdə yaşayarıq, sənə də ipək sap toxumağı öyrədərəm!

 Hörümçək hiyləsinin baş tutduğuna sevindi. İpəkqurdu durdu ayağa ki, yığışsın, getsin Hörümçəyin yuvasına. İstəyini Hörümçəyə də bildirdi. Hörümçək razı olmadı. Dedi:

 - Mənim yuvam çox tozludur. Sənin yuvan isə səliqəlidir. Hələlik sənin yuvanda qalarıq, mən yuvamı təmizləyərəm, sonra yığışıb bizə gedərik.

 İpəkqurdu Hörümçəyin belə qayğıkeşliyinə çox sevindi. Onun dediyi ilə razılaşdı. Onlar evləndilər. Hörümçək özü də köçüb İpəkqurdunun yuvasına gəldi. Amma o, öz yuvasını təmizləmək adı ilə hərdən yuvasına gedir, İpəkqurdudan oğurladığı ipək sapları yuvasına daşıyırdı.

 Onun tez-tez yuvasına getməsi İpəkqurdunun ürəyindən deyildi. O elə bilirdi ki, Hörümçək hər gün gedib öz yuvasında toratan təmizləyir, o isə öz yuvasında ipək saplar toxuyur, yuvasını ipək saplarla bəzəyir.

 Hörümçək hər dəfə yuvadan çıxanda İpəkqurduna tapşırırdı ki, çoxlu ipək sap toxusun. İpəkqurdu az toxuyanda Hörümçək hirslənirdi. İpəkqurdu isə yorulub haldan düşənə qədər toxuyurdu. Amma bədhax Hörümçəyin gözü doymurdu ki, doymurdu. Hər dəfə gəlib İpəkqurdunu az sap toxuduğuna görə döyürdü.

 Bir gün Hörümçək göl kənarına gəzməyə getmişdi. İpəkqurdu gedib girdi onun yuvasına ki, özü orada yır-yığış eləyib qurtarsın.

       Gördü yuvanın içərisi ipək saplarla doludur. İpəkqurdu toxuduğu sapları tanıdı. Onun əziyyətlə toxuduğu sapları Hörümçək oğurlayıb yuvasına daşımışdı. Amma hər dəfə də onu incidirdi ki, sən çox az sap toxuyursan.

 İpəkqurdu gördüklərindən çox məyus oldu. Ağlaya-ağlaya yuvasına gəldi. O qədər ağladı ki, qarnındakı balası düşdü. Bala tərpənmədiyindən İpəkqurdu elə bildi o ölüb. Ağladı, sızladı.

 Sonra dərdli-dərdli ipək toxumağa başladı ki, Hörümçək gəlib onu döyməsin. Fikirli-fikirli toxudu, toxudu, bir də baxdı baramasından çıxmağa yer qoymayıb. Ürəyi partladı, elə baramanın içərisindəcənə də öldü.

 Hörümçək gəlib çıxdı. Bundan sonra daha ipək sata bilməyəcəyinə, varlana bilməyəcəyinə heyfsiləndi. Yuvadakı bütün ipəkləri daşıyıb öz yuvasına apardı. Yerdəki balaca balaya baxıb ağzını büzdü. Bu vaxt huşunu itirmiş balaca bala ayılıb ağlamağa başladı. Hörümçək onu ağlaya-ağlaya qoyub getdi.

 Bir neçə gündən sonra meşəyə adam gəldi. İpəkqurdunun balasını görüb yazığı gəldi, onu götürüb komasına apardı.

 Bir müddət ona qulluq edib böyütdü. O da anası kimi gözəl və yaraşıqlı oldu. Əli iş tutan kimi ipək saplar toxumağa başladı.

 Adamlar onun qədrini bildilər. İpək qurdu üçün ən rahat yer düzəltdilər. İpəkqurduna ən çox xoşladığı yemi - tut yarpağı yedirtdilər.

 İpəkqurdu anası kimi əvvəlcə bala qoydu. Lap sonda isə baramanın içərisinə girib onu başacan toxuyub qurtardı. Baramanın ağzı bağlanana qədər onu ipək saplarla hördü. Axırda o da baramadan çıxmağa yer qoymayıb anası kimi boğulub öldü.

 Elə o vaxtdan da adamların Hörümçəkdən xoşları gəlməz. Harda Hörümçəyin qurduğu torlara rast gələrlərsə, onu dağıdarlar. Kimin evində hörümçək tor qurarsa, ona «pinti» deyərlər.

 Hörümçək dayanmadan

Hər gün yeni tor qurur

Həmin tor ondan başqa

Heç kəsə lazım olmur.

  İpəkqurdunu isə qoruyar, o bala qoyan kimi balasını əzizləyib böyüdərlər. Bu zəhmətkeş böcəyin qədrini bilərlər.

 Axı, İpəkqurdu dünyada ən qiymətli ipək sap toxuyur. Adamlar da bu sapdan ən qiymətli parça düzəldirlər. Ən ağıllı adamlar ipək yorğan-döşəyi xoşlayırlar, ən gözəl xanımlar isə ipək geyim geyinirlər.

 Qoy pis adamlar həmişə hörümçəkli, tozlu yorğan döşəkdə, yaxşı adamlar isə ipək yorğan-döşəkdə yatsınlar.

 Mənim gül balam, sənə də arzu edirəm ki, həyatında heç bir vaxt hörümçək toruna rast gəlməyəsən. Günün ağappaq olsun, ağ ipək kimi.