İlan və göyərçin
(Nağıl)
Biri var idi, biri yox idi, ağ, gözəl bir göyərçin var idi. Göyərçin bütün günü göydə pərvazlanar, yorulmaq bilmədən uçar, hey uçardı. Hərdənbir isə ətir qoxumaq üçün yamyaşıl, güllü, çiçəkli çəmənlərin üstünə qonar, acanda moruqdan, giləmeyvədən yeyər, sonra isə yenə də göylərə qalxardı. Uçar, uçar, yorulmaq bilməzdi.
Günlərin bir günündə göyərçin yerə endi ki, dincəlsin, bir az da moruq yeyib, yenə də göyə qalxsın. Elə təzəcə moruq yeməyə başlamışdı ki, kolda qara, eybəcər bir ilan gördü. İlan göyərçini görcək dedi:
- Ey gözəllər gözəli! Tək-tənha gəzməkdən yorulmuşam. Yan-yörəmdə də ilandan, kərtənkələdən, tısbağadan başqa qeyrisi yoxdur. Lap cana doymuşam. Heç olmasa sən mənimlə dost ol, bircə xoş camal görmək mənə də qismət olsun. Dost ol mənimlə, ey gözəl göyərçin!
Göyərçin güldü:
- Sən yerdə, mən göydə, bizim dostluğumuz tutmaz.
İlan qaşqabağını tökdü, guya göyərçin onun xətrinə dəydi. Göyərçin onun qaşqabaqlı dayandığını görüb peşman oldu:
- Yaxşı, incimə, dost olaq!
İlan sevincək şirin dilini işə saldı:
- O qədər gözəlsən ki, sənə baxmaqdan doymaq olmur. Həm də bəxtiyarsan ki, göydə uçursan, mənim kimi bütün günü torpaqda sürünmürsən. Göydən hər şeyi görürsən.
Göyərçinin ürəyi çox yumşaq idi, ilanın halına acıdı:
- Zavallı ilan, mənim də sənə yazığım gəlir, bütün günü qara torpaqda sürünürsən, heç bir gözəlliyi görə bilmirsən. Ən dəhşətlisi isə odur ki, uça bilmirsən. Mən heç təsəvvür edə bilmirəm ki, uçmadan necə yaşamaq olar.
İlan göyərçinin sözlərindən lap kövrəldi, zülüm-zülüm ağlamağa başladı. Göyərçin onu sakitləşdirdi:
- Ağlama, mən sənə uçmaq öyrədərəm. Əvvəlcə gəl səni göyə qaldırım, bir dəfə göyə qalxsan, ondan sonra özün uçmaq istəyəcəksən.
İlan sevindi. Göyərçin onu caynaqları arasına alıb göyə qaldırdı. İlan baxdı ki, göy çox gözəldir. Onun həmişə təsəvvür elədiyindən qat-qat gözəldir. Dil töküb göyərçinə yalvardı ki, onu bir az çox gəzdirsin.
Göyərçin yorulana qədər ilanı gəzdirdi. Qanadları yorulanda isə yerə endirdi. İlan göyərçinə yalvardı ki, onu səhər yenə göyə qaldırsın.
Səhərisi göyərçin ilanla göydə uçanda ilan göyərçinə dedi:
- Mən yerdə sürünməkdən bezmişəm. Sən hər gün uçanda məni də özünlə aparmalısan.
Göyərçin çaşıb qaldı:
- Sən ağırsan, mən səni çox çətinliklə qaldırıram, bundan sonra uçmağı özün öyrənməlisən. Mənim qanadlarım zərifdir. Səni hər gün gəzdirməyə taqətim çatmaz.
Həmin gündən göyərçin ilanı hər gün özü ilə göyə qaldırdı. Göyə qalxmaq ilanın çox xoşuna gəldi. O, yerə enmək istəmirdi.
Amma göyərçin üçün hər gün ilanla göydə uçmaq çox çətin idi. O yorulurdu. İlan isə əl çəkmir, hər dəfə daha çox uçmaq istəyirdi.
Göyərçin günü-gündən gücdən düşürdü. İlan isə yenə də ondan əl çəkmirdi.
Bir gün yenə də göyərçin ilanla göydə uçanda ilan ona dedi:
- Mən daha yerdə sürünmək istəmirəm. Sən necə dostsan ki, mən sürünürəm, sən isə bütün günü uçursan? Bu haqsızlıqdır!
İlanın bu sözlərindən göyərçin çaşıb-qaldı. İlanı nə qədər başa salmaq istədi, ilan başa düşmədi ki, başa düşmədi. Bilmədi neyləsin.
Axırda iş o yerə gəlib çıxdı ki, ilan göyərçinin ayaqlarından tutub buraxmadı ki, birdən onu buraxıb uçub uzaqlara gedər. Göyərçinin qanadları yorğunluqdan sallanırdı. O, son qüvvəsini toplayıb axırıncı dəfə göyə qalxdı, uça-uça bir qayaya yaxınlaşdı, özünü qayaya elə çırpdı ki, ilan ayağından sürüşdü, yerə düşüb tikə-tikə oldu. Quşun qanadları yaralansa da canı eybəcər, qara ilandan qurtuldu.