Ayı ilə hiyləgər tülkünün nağılı
(Nağıl)
Biri var idi, biri yox idi, bir ayı var idi. Qara, kobud bir ayı. Ayı bütün günü meşədə tək-tənha dolaşır, darıxırdı. Heyvan dostları ona məsləhət gördülər ki, evlənsin, ondan sonra darıxmayacaq.
Ayı özünə yaraşan birini tapa bilmirdi. Özü kimi ayı ilə də evlənmək fikri yox idi. Ona görə də başqa başqa tayfadan çox gözəl birisini axtarırdı.
Ceyranı bəyənmirdi ki, buynuzları xoşuna gəlmir, maralı bəyənmirdi ki, çox fağırdı, zürafəni bəyənmirdi ki, boynu çox uzundu, meymunu bəyənmirdi ki, çox çirkindi, pələngi bəyənmirdi ki, çox həyasızdı, şiri bəyənmirdi ki, yırtıcıdı, hərədə bir eyib görürdü.
Bir dəfə Ayı meşədə gəzəndə rastına ağ tülkü çıxdı. Tülkü həqiqətən də çox gözəl idi. Ağappaq qar kimi tükü, şəvə quyruğu, iri badamı gözləri ayını heyran elədi. Ayı tülküyə dedi:
-Gözəllər gözəli, səni gördüm, heyran oldum. Səndən gözəli yoxdur. De görüm, səni özümə yar seçsəm razı olarsanmıi?
Tülkü hiyləgərcəsinə gülümsəyib nazlandı, pəncəsi ilə ayını yavaşca vurdu:
- Çəkil yolumdan, ayının biri ayı! Kobudsan. Sənnən mənimki tutmaz!
Bunu deyib tülkü qaçıb girdi yuvasına.
Bundan sonra ayı hər gün gəlib tülkünün yuvası qarşısında dayanır, heç olmasa bircə dəfə də olsun tülkünü görmək üçün saatlarla yuvanın həndəvərində gəzişirdi. Tülkü isə yuvanın oyuğundan boylanır, ayını yaxınlıqda görəndə badamı gözlərini süzdürüb, başını içəri çəkirdi.
Bir gün belə, beş gün belə ayı tülkünün həsrətinə dözə bilməyib ona elçi göndərdi. Meşə adətini pozub özü də elçilərə qoşulub gəldi.
Tülkünün atası ayının onun qızına elçi düşməyinə sevincini gizlətmədi:
-Bizim üçün çox böyük şərəfdir ki, ayı kimi mötəbər, güclü bir adam bizim qızımıza elçi gəlib. Qızın anası da bu işə razıdır. Amma gərək qızımızla danışaq. Qızım, Ayıya getməyə razısan?
Qız əsəbi halda dilləndi:
-Ayılar çox kobud olurlar. Mən isə çox incəyəm. Xətrimə dəysə dözə bilmərəm. Özü də bilmirəm, onun yuvası var, yoxsa yox? Mən bu görkəmimlə meşədə yuvasız qala bilmərəm. Ağappaq tüklərim korlanar. Həm də mən bilmirəm, ayı yemək tapa bilir, yoxsa yox? Bəlkə məni ac saxlayacaq? Bütün bunlar mənim üçün əsasdır.
Burda ayı ayağa qalxdı:
- Heç mən qıyaram sən yuvasız qalasan? Bizim böyük mağaramız var, - o qara, tüklü pəncəsi ilə ata-anasını göstərdi, - biz bir yerdə qalacağıq. Yeməyə də hər şeyimiz var. Çəlləklərdə balımız, armudla dolu səbətlərimiz var, özü də nə istəsən taparam sənin üçün, təki sən razılıq ver!
Tülkü hökmlü səslə danışmağa başladı:
- Ata-ananın yanında deyirəm, mən mağarada tək yaşamalıyam. Səndən başqa mən heç kəslə bir yerdə qala bilmərəm. Bir də mən təkcə bal, armudla keçinə bilmərəm, toyuq olmasa acından ölərəm. Gündə üç kərə də mənə toyuq tapmalısan. Şərtlərimə razısansa, «hə» deyirəm.
Hamı bir-birinin üzünə baxdı. Tülkü ayının doğrudan da ağlını başından çıxartmışdı. Ayı heç nə düşünmədən, yazıq-yazıq ata-anasına baxıb dedi:
- Təki sən razı olasan, nə şərt desən razıyam. Dur gedək yuvamıza!
- Nə deyirəm, gedək deyirsən, gedək!
Bunu deyib tülkü işvə ilə ayağa durdu. Nazlana-nazlana ayının qoluna girib yola düzəldi.
Elə təzəcə yuvadan çıxmışdılar ki, meşədə leysan yağış başladı. Onlar canlarını yağışdan qurtarmiaq üçün özlərini güclə mağaraya çatdırdılar. Mağaraya çatana qədər hamı islanmışdı.
Mağaraya girəndə hər üçü, ata-ana və ayının özü tülküyə baxanda gölərinə inanmadılar. Tülkünün rəngi bomboz olmuşdu. Onun tükləri seyrək, həm də cod idi. Gözləri balacalaşmış, və alabəzək olmuşdu. Ayı bunun səbəbini soruşdu:
-Tülkü, sənə nə oldu? Niyə bu hala düşdün? Rəngin niyə bozardı? Gözlərin nədən soldu, saraldı? Gözəlliyin harda qaldı?
Tülkü qəhqəhə ilə güldü:
-Yağış rəngimi apardı, gözlərimin qarasını da. Üstümə saldığım keçi dərisi də meşədə kola ilişib qaldı. Get dərini axtar tap, sonra gözəlliyim də qayıdar. Sən şərtinə əməl elə, ata-anana «çıx get», söylə!
Ayı yağışla gedib keçi dərisini tapıb gətirdi. Tülkü dərini üstünə saldı. Sonra isə çantasından çoxlu un çıxardıb üz-gözünə yaxdı. Kömür tapıb qaş-gözünə çəkdi. Oldu yenə də gözəllər gözəli.
Ayı buna mat qaldı. Amma daha əvvəlki kimi tülküyə heyran olmadı. Yalançı gözəli ürəyindən çıxartdı. Ağlı başına gəldi.
Tülkünü aparıb gətirdiyi yerə də qoydu. «Mənə yalançı gözəl lazım deyil!» - dedi. Sonra isə özü kimi boz bir ayı ilə evləndi.
Onlar xoşbəxt yaşadılar, biz də xoşbəxt olaq! Yaxşını pisdən, yalanı gerçəkdən ayırmağı bacaraq!