Evin kişisi

Evin kişisi

(Hekayə)

Hər tərəf ağappaq qar idi. Qar yağır, hey yağırdı. Nağıllardakı kimi. Yalın ayaqla qarın üstündə yeriyirdik. Yox, bu yuxu deyildi. Biz doğrudan da qarın üstə ayaqyalın gedirdik. Bəzən isə yüyüyürdük. Anamla mən. Körpə bacım da anamın qucağındaydı. Şaxta onun yanaqlarını qızartmış, o lap gözəlləşmişdi. Amma elə ürəkdən ağlayırdı ki, onu heç vaxt belə ağlayan görməmişdim. Anam isə elə hey, - can - deyirdi, gah bacıma, gah da mənə.

 Qar yalın ayağımın altında xırçıldadıqca ayaqlarımın altını yandırırdı. Heç qar da adamı yandırar? Amma mənim ayağımı yandırırdı.

 Mən lap balaca olanda qarda oynayanda əllərim donardı. Tez qaçıb əllərimi sobada qızdırardım. Ya da anam onları nəfəsilə qızdırardı. Amma indi yandırırdı ayaqlarımı qar. Bir də baxdım ki, ayaqlarımın altından qan gəlir, qorxdum. Anama dedim. Anam başındakı yaylığını götürüb iki yerə böldü. Yaylığın hər parçasını bir ayağıma bağladı. Qan dayanmırdı. Anam da ayaqyalındı. Amma onun ayaqlarından qan gəlmirdi. O mənə dedi:

 - Bax, heç mənim ayaqlarımdan qan gəlmir.

- O, ayağını qaldırıb mənə göstərəndə gördük ki, onun da ayaqlarının altı qanayır. Dedi:

 - Mənim ayağım ağrımır. Az qalıb, bir az da getsək, çatacağıq.

 Mən dözürdüm. Atam ermənilərlə döyüşdə qəhrəman kimi öləndən sonra anam həmişə deyirdi ki, mən evin kişisiyəm. Mən doğrudan da böyümüşdüm. Altı yaşım tamam olmuşdu. Bir az da böyüsəm, məktəbə gedəcəyəm, bir az da böyüsəm anam qoymasa da gizlincə gedəcəyəm atamın əsgər dostlarının yanına. Mənə də avtomat verəcəklər, erməniləri qıracağam, - gedə-gedə fikirləşirdim.

 Bunları yadıma salıb dözürdüm. Amma ayqlarım elə yanırdı. Bacım anamın qucağında olmasaydı, mən anamın qucağında gedərdim, ayaqlarımın bir az ağrısı azalardı.

 Bir azdan bacımın səsi kəsildi. Anam ağlaya-ağlaya qarı qazıb onu qarın altına basdırdı. Mən soruşanda ağlaya-ağlaya dedi:

 - Bacını burda gizlədək ki, ermənilər onu görməsin. Bir də Xocalıya qayıdanda götürərik.

 - Düz deyirsən, ana, möhkəm gizlət, qoy ermənilər onu tapmasınlar, -dedim.

 Sonralar, lap sonralar başa düşdüm ki, bacım ölmüşdü. Anam belə deyirdi ki, mən ağlamayım. Çünki bacımı çox istəyirdim.

 Bacımı gizlədəndən sonra anam məni qucağına aldı.Sonra ayaqlarım daha heç vaxt ağrımadı. Bakıda, xəstəxanada ayaqlarımı dizə qədər kəsəndə də, sonralar da ağlamadım. Çünki mən evin kişisiydim.