Yaxşı yoldaş

 (hekayə)

    Aynur və Günay yaxın rəfiqə idilər. Onlar bir yerdə gəzir, bir yerdə oynayır, bir yerdə bağçaya gedirdilər. Hərdən Aynur Günayı, hərdən isə Günay Aynuru çağırır, onlar bir yerdə bağçaya yollanırdılar. Bir dəfə qızlar bağçaya gedəndə möhkəm yağış başladı. Aynurun əlində çətir, əynində isə enli və qalın plaş var idi. Amma Günay nazik gödəkçədə idi. Qızlar qaçmağa başladılar. Yolu qaça-qaça Günay dedi:

-Aynur, çətirini mənim də başıma tut, islanmayım!

 Aynur buna razı olmadı:

-Yox, onda çox islanaram! Sən gərək özünlə çətir götürəydin!

  Günay çox pərt olsa da bir söz demədi. Bir azdan qızlar bağçaya çatdılar. Bağçanın qapısında tərbiyəçi uşaqları qarşılayırdı. Qızları görəndə təəccüblənqdi:

- Qızlar, çox qəribədir, bir yerdə gəlirsiz, amma Günay, sən islanmısan, Aynur, sən isə quru qalmısan!

  Günay bunda özünü günahkar saydı:

 - Axı Aynurun əlində çətir var. Mən isə çətir götürməyi yaddan çıxartmışam.

  Tərbiyəçi Aynura baxıb başını buladı:  

 - Aynur, axı siz rəfiqəsiz, ona görə belə bir yağışda gərək çətiri rəfiqənin başına tutaydın. Görünür ki, sizin dostluğunuz elə yağış yağana qədərmiş!

   Hər iki qız qızarıb başını aşağı saldı. Aynur elədiyi səhvə görə, Günay isə rəfiqəsinin hərəkətinə görə!       

 

     Müəllif: Gülzar İbrahimova